Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-6663/2021 16.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əmək haqqından pulun tutulmasına son qoyulması və s. tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əmək haqqından pulun tutulmasına son qoyulması və s. tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 10.07.2019-cu il tarixdə Cavabdeh ASC ilə Z- GTKR0263356A116 saylı zaminlik müqaviləsi bağlayaraq 10.07.2019-cu il tarixli, GTKR0263356A116 nömrəli kredit müqaviləsi üzrə X2 cavabdehin qarşısında yaranmış öhdəliyinin icra edilməsi üçün zamin olmuşdur. Hər iki müqavilə (kredit və zaminlik) cavabdehin Şuşa filialında rəsmiləşdirilmişdir. Borcalan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün cavabdeh kredit borcu üzrə tutmaları iddiaçının Cavabdeh ASC-də olan bank hesabına (əmək haqqı kartına) yönəldir və onun əmək haqqının 100 faizini zamin durduğu kreditin və faizlərin ödənilməsinə silir. Bunun nəticəsində iddiaçı öz yaşayış ehtiyaclarını təmin etmək imkanlarından məhrum olmuşdur ki, bu da qanunvericiliyin tələblərinə tamamilə ziddir. Göstərilənlərə əsasən Cavabdeh ASC tərəfindən iddiaçı X1 əmək haqqı hesablarından 10.07.2019-cu il tarixli, ZGTKR0263356A116 saylı zaminlik müqaviləsi üzrə əmək haqqının 50 (əlli) faizindən çox pulun tutulmasına son qoyulması, bütün hallarda tutulmalardan sonra iddiaçı X1 əmək haqqı hesabında tutulmalardan sonra qalan məbləğin miqdarının yaşayış minimumu məbləğindən az olmamalı olduğunun müəyyən olunması, iddiaçı X1 əmək haqqı hesabları üzərində tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçı iddia ərizəsinə əlavə barədə ərizə təqdim edərək, bildirmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 24-cü maddəsinin 11-ci bəndinə asasan hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz va ayrılmaz huquqları va azadlıqları vardır. Belə toxunulmaz, pozulmaz və ayrılmaz hüquqlardan biri Konstitusiyanın 27-ci maddəsinin İ bəndində təsbit olunmuş yaşamaq hüququdur. 10.07.2019-cu il tarixli, Z-GTKR0263356A116 saylı zaminlik müqaviləsi üzrə tutmaların iddiaçının əmək haqqına yönəldilməklə onun əmək haqqının 100 faizinin kredit va faizlərin ödənilməsinə silinməsi iddiaçının yaşamaq hüququnu kobudcasına pozur, onu yaşamaq üçün vəsaitlərdən tam məhrum edir va bu səbəbdən Konstitusiyaya düzünə ziddir. Cavabdehin belə hərəkətləri iddiaçının hayat və sağlamlığına qəsd kimi qiymətləndirilməli və qəti qadağan olunmalıdır. Azərbaycan Respublikasının “İcra haqqında” Qanununun 65-ci maddəsinə əsasən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Bu müddəa məhkəmə qərarlarının icrasına aiddir, lakin analogiya olaraq hazırki işə də tətbiq oluna bilar. Belə ki, “İcra haqqında” Qanununda nəzərdə tutulan bu məhdudiyyət Konstitusiyanın 27-ci maddəsinin 1-ci bəndindən irəli gəlir və insanın yaşamaq hüququ ilə birbaşa bağlıdır. Belə ki, insan yaşamaq üçün zəruri olan vəsaitlərdən tam məhrum edilsə, onun yaşamaq hüququ pozulmuş olur. Qeyd olunanlar nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək, bildirdi ki, müştərinin Bank qarşısında öhdəliyinin icrasının təmin edilməsinin bir üsulu kimi Müştərinin Bankda olan hesablarından pul vəsaitlərinin müştərinin sərəncamı olmadan, akseptsiz qaydada silinməsi hüququ mülki qanunvericiliyin tələblərinə tam cavab verir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun 15.07.2015-ci il tarixli qərarına əsasən, mülki hüquq subyektləri mülki qanunvericiliyin tələblərinə zidd olmayan həmin Məcəllənin 460.1-ci maddəsində nəzərdə tutulmuş öhdəliyin icrasının təmin edilməsinin digər üsulunu öz aralarında iradə sərbəstliyi prinsipinə uyğun olaraq, əsas müqavilə ilə yanaşı ayrıca bağlanan müqavilədə müəyyən edə bilərlər. Digər üsullar sırasında bəzi nağdsız ödəmə vasitələrini - akkredetiv, inkasso, akseptsiz çıxarış, əvvəlcədən ödəmə və s. göstərmək olar. Göründüyü kimi, Konstitusiya Məhkəməsi akseptsiz qaydada silinməni digər təminat üsulları sırasına daxil etmişdir. 10 iyul 2019-cu il tarixli zaminlik müqaviləsinin 9-cu maddəsinə əsasən kredit müqaviləsi üzrə əsas və faiz borcları, habelə dəbbə pulu ilə bağlı borclar Zaminin sərəncamı olmadan, akseptsiz qaydada (əlavə razılığını almadan) onun istənilən bank hesabından Bank tərəfindən tutula (silinə) bilər. Akseptsiz qaydada tutulma (silinmə) barədə 10 iyul 2019-cu il tarixdə zamin “Razılıq ərizəsi” də imzalamışdır. Yəni, müqavilə bağlanılarkən zamin öz iradə ifadəsini bildirmişdir. Tərəflərin iradə ifadəsi müqavilənin bağlanmasının zəruri şərt olduğunu, habelə müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla nəzərdə tutulmuş hüququ olduğunu və müqavilənin bağlanılması məsələsini şəxs öz iradəsinə uyğun olaraq həll etdiyini nəzərə alaraq Bank öz üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işin materiallarında olan kreditor Cavabdeh ASC ilə borclu X4 arasında bağlanmış 10 iyul 2019-cu il tarixli, GTKR0263356A116 saylı kredit müqaviləsinin surətindən görünür ki, Bank borcluya 48 ay müddətinə illik 29,84% ödəmək şərti ilə 12500 manat məbləğində kredit vermişdir. İş materiallarındakı kreditor Cavabdeh ASC ilə zamin İddiaçı arasında bağlanmış 10 iyul 2019-cu il tarixli, GTKR0263356A116 saylı saylı zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh ASC ilə borclu X4 arasında bağlanmış eyni tarixli kredit müqaviləsi üzrə zamin İddiaçı borclu X2 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə, öhdəliklərin icrası üçün borclu ilə eyni həcmdə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşdür. Beləliklə, işin materiallarından da göründüyü kimi İddiaçı Cavabdeh ASC ilə 10 iyul 2019-cu il tarixdə zaminlik müqaviləsi bağlayaraq, həmin Bank ilə borclu İ.Şükürov arasında bağlanmış eyni tarixli kredit müqaviləsi üzrə zamin duraraq borclunun bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə, öhdəliklərin icrası üçün borclu ilə eyni həcmdə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşdür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Tərəflər arasında bağlanmış 10 iyul 2019-cu il tarixli zaminlik müqaviləsinin 9-cu bəndinə əsasən zamin bu müqaviləni imzalamaqla razılığını bildirir ki, kredit müqaviləsi üzrə əsas və faiz borcları, habelə dəbbə pulu ilə bağlı borclar zaminin sərəncamı olmadan, akseptsiz qaydada (əlavə razılığını almadan) onun istənilən bank hesabından Bank tərəfindən tutula (silinə) bilər. Yuxarıda qeyd olunduğu kimi İddiaçı zaminlik müqaviləsində göstərilən şərtlərlə razılaşaraq Cavabdeh ASC ilə həmin müqaviləni bağlamışdır. Borclu İ.Şükürov kredit müqaviləsi ilə öz üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyinə görə Bank zaminlik müqaviləsinin şərtlərini əsas götürərək iddiaçının əmək haqqı kartından tutmalar aparmağa başlamış və bu zaman Bank tərəfindən heç bir qanunun pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Eyni Məcəllənin 474.1 və 474.2-ci maddələrinə əsasən əgər zaminlik müqaviləsindən ayrı qayda irəli gəlmirsə, zamin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürə bilər. Zamin bu cür etirazlar irəli sürmək hüququnu hətta borclunun onlardan imtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda da itirmir. Zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. Göstərilən Məcəllənin 475.1 və 475.2-ci maddələrinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əmək haqqından pulun tutulmasına son qoyulması və s. tələbi”nə dair iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əmək haqqından pulun tutulmasına son qoyulması və s. tələbi”nə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Rəşid Səmədov
Məhkəmə qərarları › İş №e-2(006)-6663/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-6663/2021
16.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver