Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-67/2024 23.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdehnə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki,burun görünüşü iddiaçını qane etmədiyi üçün 2018-ci ilin oktyabr ayında estetik əməliyyat etdirmək qərarına gəlmişdir. Kütləvi informasiya vasitələrində və internetdə Cavabdeh MMC-nin «Avrasiya Hospitalı» barəsində eşitmişdir. Eşitdiklərində əsasən «Avrasiya Hospital» diqqətini cəlb etmiş və o, da qərara gəlmişdir ki, əməliyyatı «Avrasiya Hospital»da etdirsin. Bu məqsədlə «Avrasiya Hospital»a yaxınlaşmışdır. Müayinə olunmuş və ona əməliyyat barədə ətraflı məlumat verilmişdir. Onu tam əmin etmişlər ki, burada yüksək ixtisaslaşmış həkimlər fəaliyyət göstərir və əməliyyatın tam uğurlu alınmasına zəmanət verilir. Razılaşmalara əsasən o, «Rinoseptoplastika» (burun əməliyyatı) tibbi xidməti üçün 2500 manat ödəniş edərək, xx.xx.2018-ci il tarixdə Hospitalın həkimləri Murat Türegün və Rövşən Babayev tərəfindən «Rinoseptoplastika» əməliyyatı olunmuşdur. Əməliyyatdan çıxandan sonra həkimlər uğurlu əməliyyat alındığını bildirmişlər. Bir gün xəstəxanada qaldıqdan sonra evə buraxılmışdır. 3 gün sonra iddiaçı «Avrasiya Hospital»a gəlmiş və burnundan qipsi çıxarılmışdır. Həkim onu əmin etmişdir ki, bir müddət sonra nəfəralma düzələcək və burnunda olan şişkinlik, eləcə də tikiş izləri keçəcək, lakin müddət keçsə də, burnunda olan şişkinlik, nəfəsalma və tikiş izləri keçməmişdir. O, hiss edirdi ki, əməliyyat düzgün aparılmayıb. Burun kökündə ərimə başlamışdır. O, «Avrasiya Hospital»a gəlib Rövşən Babayevlə görüşmüşdür. Sonuncu ona bildirmişdir ki, «X2yıtsın problemi həll edəcək». Bir müddət sonra o, «Avrasiya Hospital»a gəlmiş Murat Türegünün qəbulunda olmuşdur. O, iddiaçını müayinə etmişdir. Burun sümüyünü əli ilə yerinə salmağa çalışmışdır. Ona məlumat vermədən izin almadan burnuna vurmuşdur. Sonra ona demişdir ki, «Türkiyəyə gedib qayıdım gələrsən burnunun üstünü yerli keyirtmə ilə yonacam». İddiaçı dəfələrlə «Avrasiya Hospital»a getmişdir. Sonda anlamışdır ki, həkimlər «Rinosetoplastika» əməliyyatı zamanı səhvlərə yol vermiş və o səhvləri də aradan qaldıra bilmirlər. Sadəcə olaraq hər dəfə onu get-gələ salaraq vaxtı alırlar. Bundan sonra o, bir müddət də gözləmək qərara gəlmişdir ki, bəlkə burnunda olan problemlər keçər. Lakin əməliyyatdan uzun müddət keçməsinə baxmayaraq o, burunla nəfər ala bilmədiyini burnunda şişkinlik və tikiş izlərinin müşayiət olunmasını nəzərə alıb. xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-nin «Avrasiya Hospitalı»na pretenziya məktubu ilə müraciət etmiş, əməliyyat üçün ödədiyi 2500 manat pulunu geri tələb etmişdir. Lakin bu günə kimi o, Cavabdeh MMC-nin «Avrasiya Hospitalı» onun məktubuna heç bir cavab verməmişdir. «Avrasiya Hospitalı»n həkimlərinin «Rinoseptoplastika» əməliyyatı zamanı səhvlərə yol verməsi nəticəsində onun səhhətinə 2000 manat maddi zərər vurmuşdur. Belə ki, həkimlərin səhvi nəticəsində burnunda yaranan problem və qüsurları aradan qaldırmaq üçün o, yenidən burun əməliyyatı keçirməlidir ki, bunun da dəyəri 2000 manat edir. Bütün bu hadisələr onun sağlamlığa ciddi ziyan vurmuşdur. Keçirdiyi əsəb gərginliyi, mənəvi sarsıntı və iztirab işləməyinə də maneçilik törətmişdir. Beləliklə, Cavabdeh MMC-nin «Avrasiya Hospitalı» tərəfindən ona həm maddi, həm də mənəvi zərər vurulmuşdur. Qeyd olunanları nəzərə alaraq iddiaçı hesab edir ki, Cavabdeh MMC-nin «Avrasiya Hospitalı»nda «Rinoseptoplastika» əməliyyatı olunmaq üçün ödədiyi 2500 manat məbləğində pul vəsaiti, həmçinin «Rinoseptoplastika» əməliyyatı zamanı həkimlərin səhvləri nəticəsində sağlamlığına vurulan maddi zərərin əvəzi olaraq 2000 manat Cavabdeh MMC-dən tutularaq ona ödənilməlidir. Göstərilənlərə əsasən Cavabdeh MMC-nin «Avrasiya Hospitalı» tərəfindən «Rinoseptoplastika» əməliyyatının aparılması üçün ödədiyi 2500 manat, «Rinoseptoplastika» əməliyyatı zamanı həkimlərin səhvi nəticəsində sağlamlığına vurulan zərərin əvəzi olaraq 2000 manat, mənəvi zərərin əvəzi olaraq 1000 manat, vəkilə göstərdiyi hüquqi yardıma görə ödənilmiş 221 manat və iddia ərizəsinin verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi olaraq 78 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı burun görünüşü onu qəne etmədiyi üçün 2018-ci ilin oktyabr ayında estetik əməliyyat etdirmək qərarına gəlmiş və qərara gəlmişdir ki, əməliyyatı «Avrasiya Hospital»da etdirsin. Bu məqsədlə «Avrasiya Hospital»a yaxınlaşmış, müayinə olunmuş və ona əməliyyat barədə ətraflı məlumat verilmişdir. Ona əməliyyatın tam uğurlu alınmasına dair zəmanət verildiyi bildirilmişdir. Razılaşmaya əsasən iddiaçı «Rinoseptoplastika» tibbi xidməti üçun 2500 manat ödəniş edərək xx.xx.2018-ci il tarixdə Hospitalın həkimləri - Murat Türegün və Rövşən Babayev tərəfindən «Rinoseptoplastika» əməliyyatı olunmuşdur. Əməliyyatdan çıxandan sonra həkimlər uğurlu əməliyyat alındığını bildirmişlər. Bır gün xəstəxanada qaldıqdan sonra iddiaçı evə buraxılmış. 3 gün sonra isə burnundan gipsi çıxarılmışdır. Həkim iddiaçını əmin etmişdir ki, bir müddət sonra nəfəsalma düzələcək və burnunda olan şişkinlik, eləcə də tikiş izləri keçəcək. Lakin uzun müddət keçsə də iddiaçının burnunda olan şişkinlik, nəfəsalma və tikiş izləri keçməmişdir. Daha sonra isə onun burnuna icazəsiz dolğu vuıulmuşdur. Sonra isə iddiaçıya deyilmişdir ki, Türkiyədən qayıtdıqdan sonra onun burnu yonulacaqdır. İddiaçı dəfələrlə bununla bağlı «Avrasiya Hospıtal»a müraciət etmişdir. Lakin bır nəticəsi olmamışdır. İddiaçı daha sonra anlamışdır kı, həkimlər «Rinoseptoplastika» əməliyyatı zamanı səhvlərə yol verib və o səhvləri də aradan qaldıra bilmirlər. «Avrasiya Hospital»ın həkimlərinin «Rinoseptoplastika» əməliyyatı zamanı səhvlərə yol verməsi nəticəsində iddiaçının səhhətinə 2000 manat maddi zərər vurulmuşdur. Belə ki, həkimlərin səhvi nəticəsində iddiaçı burnunda yaranan problem və qüsurları aradan qaldırmaq üçün yenidən burun əməliyyatı keçirməlidir ki, bunun da dəyəri 2000 manat edir. Bütün bu hadisələr onun sağlamlığına ciddi ziyan vurmuşdur. Keçirdiyi əsəb gərginliyi, mənəvi sarsıntı və iztirab işləməyinə də maneçilik törətmişdir. Beləliklə Cavabdeh MMC-nın «Avrasiya Hospitalı» tərəfindən iddiaçıya həm maddi, həm də mənəvi zərər vurulmuşdur. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, Cavabdeh MMC-nin «Avrasiya Hospitalı»nda «Rinoseptoplastika» əməliyyatı olunmaq üçün ödənilmiş 2500 manat məbləğində pul vəsaiti, həmçinin «Rinoseptoplastika» əməliyyatı zamanı həkimlərin səhvləri nəticəsində sağlamlığına vurulan maddi zərərin əvəzi olaraq 2000 manat Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə nəzərinə çatdırmaq istəyir ki, məhkəmə tərəfindən ekspertiza təyin olunmuş və müəyyən olunmuşdur ki, iddiaçının əməliyyatı qüsurlu icra olunmuş və həmm qüsurların tibbi yolla aradan qaldırılmasına ehtiyac vardır. Həmin əməliyyatın məbləğinə gəlincə isa qeyd etmək istəyir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilədə əməliyyatın xərci kimi 2500 manat qeyd edilmişdir. Bu özlüyündə həmm əməliyyatın xərcini sübut edir ki, onlar bundan da aşağı məbləğ tələb edirlər. Göstərilənlərə əsasən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini onlara aid hissədə qəbul etməyərək izahatında göstərmişdir ki, əməliyyatı icra edən həkimlə hüquqlarını müdafiə etdiyi xəstəxana arasında xidməti müqavilə olub və həkim həmin xidməti müqavilə əsasında da, tam qanuni və əsaslı xidmətlər göstərib. Həyata keçirilmiş əməliyyatın risklərı ilə bağlı hesab edirlər ki, bütün riski əməliyyatı icra etmiş həkim daşıyır. Onlar buradan subyektiv cavabdehlik daşımırlar. Bundan başqa iddiaçı tərəf əməliyyatın keçirilməsi ilə bağlı xərcləri istəsə də, onlar həmin əməliyyatın keçirilib-keçirilməyəcəyini bilmirlər. Cavabdehin nümayəndəsi və vəkili iddia tələbinin onlara aid hissədə rədd olunmasını xahiş etmişdir.
5. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. Belə ki, iş materiallarında olan Nəsimi rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı xx.xx.1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, atası X7, anası X3r.
7. İş materiallarında olan "xxxx" ASC-nin hesabdan çıxarışının surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə X4 məxsus hesabından «Avrasiya Hospital»a 2500 manat pul vəsaiti köçürülmüşdür.
8. İş üzrə «Xəstəxana» qismində Cavabdeh MMC-nin «Avrasiya Hospitalı» ilə digər tərəfdən «Xəstə» qismində xəstə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli «Tibbi xidmət müqaviləsi»nin surətindən görünür ki, xəstəxana müvafiq tibbi xidməti həyata keçirir, «Xəstə» və ya «Xəstə Yaxını» isə göstərilən tibbi xidmətə görə «Qiymət cədvəli»nə əsasən fakturada müəyyənləşdirilən məbləği ödəyirlər və tərəflər aşağıdakı məlumatlardan xəbədar olduqlarını təsdiq edirlər: xəstə-İddiaçı, xidmətin adı – Rinoseptoplastika, Həkim-cərrah Murad Türegün (maddə 1). Bakı şəhəri, Həsən Əliyev 116 ünvanında yerləşən Cavabdeh MMC, peşəkar həkim və tibb heyyəti vasitəsi ilə nəzərdə tutulan tibbi xidmətləri həyata keçirir (maddə 2.1.1). «Xəstəxana» tibbi xidmətləri «Xəstə» və ya «Xəstə Yaxını»nın imzalamış olduğu və bu müqavilənin ayrılmaz hissəsini təşkil edən Əlavə 1-də təqdim olunan «Xəstə» və ya «Xəstə Yaxını» «Razılıq» formasına əsasən göstərir (maddə 2.1.2). «Xəstəxana»nın peşəkar həkim və tibb heyyəti istifadə olunan dərmanlar, qan və qan komponentləri və əməliyyat zamanı xəstənin səhhətinin və həyatının qarşılaşacağı (göstərilən tibbi xidmətin özünəməxsus xüsusiyyətindən meydana gələn) yüksək riskləri barədə «Xəstə» və ya «Xəstə Yaxını» lazımı şəkildə məlumatlandırır (maddə 2.1.3). «Xəstəxana» göstərmiş olduğu tibbi xidmətlərin qarşılığı olan məbləğin vaxtında və əksiksiz olaraq ödənilməsini tələb edir (maddə 2.1.7). «Xəstə» və ya «Xəstə Yaxını» göstərilən tibbi xidmətin qarşılığı olan 2500 manat məbləği və ya tələb olunan avans məbləğini (avans məbləği tibbi xidmətin dəyərini əvvəlcədən müəyyən etmək mümkün olmadıqda alınır) xidmətin nəticəsindən asılı olmayaraq ödəyir (maddə 3.1). Əməliyyat əsnasında və ya sonrasında istifadə edilən protez, implant, stent, balon, qreft kimi xüsusi tibbi şərtlər, qan, xüsusi dərman və preparatlar paketə daxil deyildir və xəstəxana tərəfindən təmin olunduğu hallarda xəstə və ya xəstə yaxını tərəfindən 3.1-də göstərilən qiymətlərə əlavə olaraq xəstəxana hesabına ödənilir (maddə 3.2). Müqavilə üzrə ödəniş, tibbi yardımın göstərilməsindən əvvəl, nəgd olaraq keçirilir (maddə 3.3).
9. İş üzrə «Xəstə/X8»nın surətindən görünür ki, xəstə İddiaçı bəyan edir ki, «Avrasiya Hospital»ın həkimləri tərəfindən keçiriləcək əməliyyatın həyatı riskləri, təhlükələri, meydana gələ biləcək fəsadları, həmçinin anesteoloji riskləri (anafilaksasiya, bədxassəli hipertermiya, intubasiya zamanı dişlərin qurulması və s.), eyni zamanda tibbi xidmətdən sonra müalicə həkiminin müəyyən səbəblərdən əməliyyatdan sonrakı mərhələdə xəstəni təqib edə bilməyəcəyi halda müayinə, müdaxilə və təqibin və digər «Avrasiya Hospitalı»n həkimləri tərəfindən aparılacağı barədə ona məlumat verilmişdir. O, azad iradəsi ilə bu əməliyyatın keçirilməsini tələb edir və əməliyyatın, göstərilən xidmətlərin müvəffəqiyyətsizliyinin (həkim səhvi istisna olmaqla) maddi və mənəvi məsuliyyətini öz üzərinə götürmüşdür. Əməliyatın və göstərilən xidmətlərin nəticələrindən asılı olmayaraq, xəstəxanaya ödənilən (ƏDV daxil) 2500 manat məbləğin ona geri ödənilməyəcəyini qəbul etmişdir. Müqavilədə nəzərdə tutulmamış xidmətlərin (fəsad, proqramda nəzərdə tutulan yatış günündən əlavə yatış və əlavə tibbi zərurətli cərrahı müdaxilə halları) qarşılığı olaraq, «Qiymət Cədvəli» əsasında fakturada müəyyənləşdirəcək məbləği xəstəxanaya ödəmək öhdəliyini öz üzərinə götürmüşdür.
10. Məhkəmənin sorğusuna cavab olaraq Cavabdeh MMC-nin «Avrasiya Hospital» tərəfindən təqdim edilmiş 4158/18 saylı xəstəlik tarixindən və ona əlavə edilmiş tibbi sənədlərdən görünür ki, 1999-cu il təvəllüdlü İddiaçı xx.xx.2018-ci il tarixdə «Burun çəpər əyriliyi. Xarici burun deformasiyası» diaqnozu ilə cərrahiyyə şöbəsinə daxil olmuşdur. Daxil olarkən şikayətləri burun tənəffüsünün pozulması, burun tıxanıqlığı, gecələr ağzı açıq yatma, xarici burun deformasiyasından olmuşdur. Xəstənin deməsinə görə özünü uzun müddətdir ki, xəstə hesab edir. Xəstəliyini uşaqlıqda burun nahiyyəsində aldığı zədə ilə əlaqələndirir. Şikayətləri keçmədiyindən və daha da artdığından klinikaya müraciət etmiş, müayinələrdən keçmiş, «Burun çəpərinin əyriliyi və xarici burun deformasiyası» diaqnozu qoyulmuş və cərrahi müalicə təklif olunmuşdur. Xəstə stasionar şöbəyə müayinə və müalicə üçün hospitalizasiya olunur. Anamnez vitae: İrsi, TBC, zöhrəvi, xroniki xəstəlikləri inkar edir. Status preasens: ümumi vəziyyəti qənaətbəxşdir.Fəaldır. Normal bədən quruluşuna malikdir. Dərialtı piy təbəqəsi kafi inkişaf etmişdir. Dəri və görünən selikli qişalar təmizdir. Periferik limfa düyünləri böyüməyib. Huşu aydındır. Auskultasiyada ağciyərlər üzərində sərt tənəffüs eşidilir. Nəbz dəqiqədə 80 dəqiqədə vurğu olub, ritmiki, kafi dolğunluqdadır. A/T-120/80 mm.cv.st. Qarın palpasiyada yumşaqdır. Qaraciyər əllənmir. Dalaq əllənmir. Status localis: vizual müayinədə xarici burun asimmetriyası və deviasion çəpər müşahidə olunur. İlkin diaqnoz: «Burun çəpərinin əyriliyi və xarici burununun deformasiyası». xx.xx.2018-ci il tarixdə ümumi anesteziya altında «Rinoseptoplastika» cərrahiyyə əməliyyatlarının icrasına başlanıldı. Əməliyyat zamanı burunun selikli qişası üzərində inrtpeprtiloginaz kəsik aparıldı. Burun deseksiya olundu, sefalik rezeksiya həyata keçirildi. Kəsik septimukoza üzərində davam etdirildi. Qığırdaq qığıqdaq üstlüyündən ayrıldı. Qığırdağın əyri olan alt hissəsi rezeksiya edildi. Nazal krestin əyri toxumaları osteotomla kəsilərək götürüldü. Burun donqarlığı ostetomla götürüldü. Lateralosteotomiya həyata keçərək burun çatısı yenidən bərpa edildi. Spreaderqreft qoyularaq 5.0 pedesente ilə tikildi. Selikli qişaya 4.0 vikril ilə tikiş qoyuldu. Nazal pasajlara tampona yerləşdirildi. Sarğı gips qoyuldu. Əməliyyatdan sonrakı diaqnoz: «Burun çəpərinin əyriliyi və burun deformasiyası». xx.xx.2018-ci il tarixdə xəstənin ümumi vəziyyəti kafidir. Şikayətləri aparılmış əməliyyata uyğundur. Əməliyyat və əməliyyatdan sonrakı dövr fəsadsız keçmişdir. Xəstə kafi vəziyyətdə ambulator müalicəyə evə yazıldı. Son klinik diaqnoz: «Burun çəpər əyriliyi. Xaricci burun deformasiyası».
11. İş materiallarında olan Cavabdeh MMC-nin «Avrasiya Hospital» tərəfindən veriliş xx.xx.2018-ci il tarixli, 609 nömrəli arayışın surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə Avrasiya Hospitalda «Rinoseptoplastika» əməliyyatı olmuşdur. Xəstə 14 gün həkim nəzarətində olmalıdır.
12. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh MMC-nin «Avrasiya Hospital»a ünvanlanmış pretenziya məktubunun surətindən görünür ki, o, burnunu estetik əməliyyat etdirmək üçün «Avrasiya Hospital»a müraciət etmişdir. xx.xx.2018-ci il tarixdə Hospitalın həkimləri – Murad Türegün və Rövşən Babayev tərəfindən burnunda rinoseptoplastika əməliyyatı aparıldı. Həmin vaxtdan indiyə kimi burnunda şişkinlik var. Nəfəs ala bilmir. Bu problemlər barədə dəfələrlə həkimlərlə görüşüb öz iradlarını bildirmişdir. Lakin bu iradlarının heç bir nəticəsi olmayıb. Həkimlər tərəfindən əməliyyat düzgün aparılmadığına görə o, hal-hazırda burnunla nəfəs ala bilmir, burnunda şişkinlik var. Yuxarıda qeyd olunanları nəzərə alaraq onun burnunda estetik əməliyyatın düzgün aparılmaması və həkim səhvi səbəbindən yaranan problemləri nəzərə alaraq əməliyyat üçün ödədiyi 2500 manat pulunu ona geri qaytarılmasını tələb etmişdir.
13. Məhkəmə tərəfindən təyin edilmiş 263/KEŞ saylı, xx.xx.2023-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, 1999-cu il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq ekspert komissiyası aşağıdakı nəticəyə gəlmişdir: - 1,2,3,5-ci sullar üzrə: «Avrasiya Hospital»da İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2018-ci il tarixdə hospitalın cərrahiyyə şöbəsinə daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona «Burun çəpərinin əyriliyi və xarici burunun deformasiyası» diaqnozu təyin edilmişdir. Həmin tarixdə xəstənin üzərində «Rinoseptoplastika» cərrahiyyə əməliyyatı icra edilmiş, əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş və xx.xx.2018-ci il tarixdə xəstə kafi vəziyyətdə evə yazılmışdır. İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onda burun nahiyəsində septum yerində olsa da, burunun ucunun yerdəyişməli olduğu, süni gel olduğu və inferior nazal konxanın bir qədər kobud vizualizə olunduğu müəyyən edilmişdir. Qeyd olunanlar cərrahiyyə əməliyyatının taktiki və texniki cəhətdən düzgün yerinə yetirilməməsi ilə əlaqədar olmuşdur. Bununla əlqədar İddiaçı hazırda təkrar cərrahiyyə əməliyyatına ehtiyacı vardır. - 4-cü sual üzrə: İddiaçı mütəxəssis müayinə zamanı hazırda onda burun vasitəsilə tənəffüsün sərbəst olduğu müəyyən edilmişdir. - 6-cı sual üzrə: Əməliyyata sərf olunacaq vəsaitin miqdarının təyini məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyil. - 7-ci sual üzrə: İddiaçı üzərində aparılacaq təkrar cərrahiyyə əməliyyatının icrası Azərbaycan Respublikasında fəaliyyət göstərən tibb müəssisələrində mümkündür.
14. Məhkəmənin sorğusuna cavab olaraq İcbari Sığorta Bürosu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubuna əsasən müraciətin Büronun səlahiyyətlərinə aid olmadığını diqqətə alaraq, aidiyyəti üzrə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə yönləndirilmişdir.
15. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubuna əsasən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Cavabdeh MMC arasında müqavilə xx.xx.2020-ci il tarixdə imzalanmışdır. Eyni zamanda bildirirlər ki, məktubda qeyd edilən «Rinoseptoplastika» adı cərrahi əməliyyat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli «İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi»nin təsdiq edilməsi haqqında Qərarında öz əksini tapmamışdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
16. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı burnunu estetik əməliyyat etdirməsi ilə əlaqədar xx.xx.2018-ci il tarixdə Cavabdeh MMC-nin «Avrasiya Hospital»a müraciət etmiş və müayinədən sonra ona «Burun çəpərinin əyriliyi və xarici burunun deformasiyası» diaqnozu qoyulmuşdur. Bununla əlaqədar xx.xx.2018-ci il tarixdə iddiaçı üzərində «Rinoseptoplastika» cərrahiyyə əməliyyatı aparılmış və xx.xx.2018-ci il tarixdə iddiaçı kafi vəziyyətdə evə buraxılmışdır. Lakin əməliyyatdan sonra iddiaçının səhhətində problemlər yaranmış, burnunda şişkinlik qalmış, burnunla nəfəs ala bilmir. xx.xx.2018-ci il tarixdə iddiaçı tərəfindən «Avrasiya Hospital»ın hesabına əməliyyatla bağlı 2500 manat məbləğində pul mədaxil edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, «Avrasiya Hospital»ın həkimlərinin «Rinoseptoplastika» cərrahiyə əməliyyatı zamanı səhvlərə yol verməsi nəticəsində onun sağlamlığına ciddi ziyan vurduğuna görə, o, klinikaya ödədiyi pulun geri qaytarılması, həmçinin maddi və mənəvi ziyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
17. Məhkəmə tərəfindən iş üzrə tam və obyektiv araşdırma aparılması məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və 263/KEŞ saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onda burun nahiyəsində septum yerində olsa da, burunun ucunun yerdəyişməli olduğu, süni gel olduğu və inferior nazal konxanın bir qədər kobud vizualizə olunduğu müəyyən edilmişdir. Qeyd olunanlar cərrahiyyə əməliyyatının taktiki və texniki cəhətdən düzgün yerinə yetirilməməsi ilə əlaqədar olmuşdur. Bununla əlqədar İddiaçı hazırda təkrar cərrahiyyə əməliyyatına ehtiyacı vardır.
18. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli Qərarı).
19. Beləliklə, sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır.
20. Konstitusiya Məhkəməsinin Plenumu S.Eyyubovanın şikayəti üzrə 2020-ci il 21 yanvar tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə qərarının ədalətliliyi onun əsaslandırılma dərəcəsindən asılı ola bilər.
21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında demokratik cəmiyyətdə ədalətli məhkəmə araşdırması hüququnun əhəmiyyətini vurğulayaraq “İnsan hüquqlarının və X1 haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyini də daxil etmişdir (Airey İrlandiyaya qarşı iş üzrə 1979-cu il 9 oktyabr, Hirvisaari Finlandiyaya qarşı iş üzrə 2001-ci il 27 sentyabr, Suominen Finlandiyaya qarşı iş üzrə 2003-cü il 1 iyul tarixli Qərarlar).
22. Ədalətli məhkəmə araşdırmasının tərkib hissəsi olaraq tərəflərin təqdim etdiyi təqdimatların, arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasının təmin edilməsi milli məhkəmələrin vəzifəsi olaraq müəyyən edilmişdir (Avropa Məhkəməsinin Van de Hurk Hollandiyaya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarı).
23. Tərəflərdən birinin təqdim etdiyi sübut prosesin nəticəsi üçün həlledici olduqda, məhkəmə ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verməlidir. Məhkəmələr tərəflərin təqdimatlarını, arqumentlərini, sübutlarını diqqətlə araşdırmalıdırlar (Avropa Məhkəməsinin X5rşı iş üzrə 1994-cü il 9 dekabr və Buzescu Rumıniyaya qarşı iş üzrə 2005-ci il 24 may tarixli Qərarları).
24. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
25. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir.
26. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
28. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir.
30. Həmin Məcəllənin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.
31. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini əsas tutaraq hesab edir ki, Cavabdeh MMC-nin «Avrasiya Hospital»da iddiaçı üzərində aparılmış cərrahiyyə əməliyyatın taktiki və texniki cəhətdən düzgün yerinə yetirilməməsi ilə əlaqədar iddiaçının səhhətinə zərər vurduğundan və hazırda təkrar cərrahiyyə əməliyyatına ehtiyacı olduğundan, bu fakt məhkəmə tərəfindən təyin edilmiş ekspertiza əsasında verilmiş rəylə də tam təsdiq olunduğundan, iddia tələbi «Rinoplastika» əməliyyatının aparılması üçün ödənilmiş 2500 (iki min beş yüz) manat pul məbləğinin geri qaytarılması hissəsində əsaslı hesab edilərək təmin edilməli, 2500 (iki min beş yüz) manat pul məbləği cavabdehdən tutulmalıdır.
32. Məhkəmə vurulmuş maddi ziyana görə 2.000 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir.
33. İddiaçı bu tələbini sonrakı cərahiyyə əməliyyatına çəkəcəyi xərc kimi dəyərləndirmişdir.
34. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təkrar əməliyyat olunacağı təqdirdə nə qədər xərc tələb olunmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmadığından, həmçinin qaytarılan ödənilmiş 2500 manat məbləğ ilkin əməliyyatın uğursuzluğu nəticəsində yarandığından və yenidən eyni əməliyyat icra olunacağı təqdirdə qaytarılmış vəsait təmin edildiyindən maddi ziyan kimi irəli sürülən tələb əsassızdır və təmin edilməməlidir.
35. İddia tələbinin 1000 manat mənəvi ziyanın ödənilməsi hissəsinə hüquqi qiymət verərək, məhkəmə aşağıdakıların qeyd olunmasını zəruri bilir.
36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.
37. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.
38. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
39. Ali Məhkəmənin Plenumu qeyd olunan Qərarda göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir.
40. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.
41. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
42. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən düzgün əməliyyatın aparılmaması nəticəsində iddiaçının keçirtdiyi stress və həyacanın, onun sağlamlığının pozulması nəticəsində çəkdiyi fiziki əzabının hər hansı pul vəsaiti ilə azaldılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala bilər. Məhkəmə hesab edir ki, vurulmuş mənəvi zərərin 500 (beş yüz) manat məbləğində pul vəsaiti ilə kompensasiya edilməsi ədalətli və ağlabatandır.
43. Məhkəmə iddia tələbinin hüquqi yardım xərcinə görə 221 (iki yüz iyirmi bir) manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, bu hissədə tələb təmin edilməlidir.
44. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
45. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hüquqi yardıma görə Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına 221 (iki yüz iyirmi bir) manat ödənilmişdir. Məhkəmə hesab edir ki, hüquqi xidmətə görə ödənilmiş 221 (iki yüz iyirmi bir) manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
46. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
47. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğu üçün, ödənilmiş dövlət rüsumunun əvəzi kimi cavabdehdən iddiaçının xeyrinə 50 (əlli) manat məbləğində pul tutulmalıdır.
48. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdehndən İddiaçı xeyrinə 2500 (iki min beş yüz) manat maddi ziyanın, 500 (beş yüz) manat mənəvi ziyanın, dövlət rüsumunun əvəzi kimi 50 (əlli) manat və hüquqi xidmətə görə ödənilmiş 221 (iki yüz iyirmi bir) manat, cəmi 3299 (üç min iki yüz doxsan doqquz) manat pul tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
49. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
51. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
52. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
53. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
54. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
55. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdehnə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdehndən İddiaçı xeyrinə 2500 (iki min beş yüz) manat maddi ziyanın, 500 (beş yüz) manat mənəvi ziyanın, dövlət rüsumunun əvəzi kimi 50 (əlli) manat və hüquqi xidmətə görə ödənilmiş 221 (iki yüz iyirmi bir) manat, cəmi 3299 (üç min iki yüz doxsan doqquz) manat pul tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.