Məhkəmə qərarları › İş №e-2(006)-678/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-678/2023

02.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-678/2023 02.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «28 Mall» ticarət mərkəzindən maddi zərərə görə 5.000 manat, mənəvi zərərə görə 20.000 manat və ödənilmiş 100 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 09 avqust 2022-ci il tarixdə saat 15:30-da o, cavabdeh təşkilat olan «28 Mall» ticarət mərkəzindən evə qayıdan zaman Ticarət Mərkəzinin çıxış qapısından çıxanda elektron açılıb-bağlanan qapılar arasında qalmışdır. Qeyd edir ki, həmin hissədə qapıların yanında heç bir təhlükəsizlik tədbirləri ilə əlaqədar işarələr qoyulmamışdır, digər tədbirlər görülməmişdir. Qeyd edir ki, qapı ona dəydikdən sonra müvazinətini itirərək yıxılmışdır, bundan sonra 2 saylı təcili tibbi yardım stansiyasına zəng edilmişdir. Həmin hadisədən budunun yuxarı burma sümüyünün sınığı ilə nəticələnən xəsarət almışdır. Nəticədə əməliyyat olunub, ayağına protez taxılmışdır. Bu səbəbdən o, hələ də yataqda qalmışdır. Buna görə də, xüsusi qaydada ehtiyacları yaranmışdır. Bununla bağlı o, cavabdeh təşkilata lazımi təhlükəsizlik qaydalarına riayət olunmadığına görə, başına gəlmiş hadisə ilə bağlı ona maddi və mənəvi ziyanın ödənilməsinə dair müraciət etsə də, nəticəsi olmamışdır. Buna görə də, hesab edir ki, cavabdehin etinasızlığı və təhlükəsizlik tədbirlərinin həyata keçirməməsi səbəbindən, ona mənəvi və maddi zərər vurmuşlar. Bu səbəbdən, maddi zərərə görə 5.000 manat, eləcə də ona vurulmuş mənəvi ziyana görə 20.000 manat məbləğində, ümumilikdə 15.000 manat məbləğində pul cavabdehdən tutularaq ona verilməlidir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını tələb etdi. Məhkəmə qeyd olunanları nəzərə alaraq, mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, mülki iş üzrə məhkəməyə təqdim edilmiş sənədlər araşdırılmış və müəyyən olunmuşdur ki, iddiaçının iddia ərizəsində Cavabdeh MMC tərəfindən idarə olunan «28» Ticarət Mərkəzinin elektron çıxış qapılarının arasında qalması və qapıların ona dəydiyi vurğulansa da, hadisə zamanı iddiaçı Ticarət Mərkəzinin giriş qapısından çıxırdı və çıxış edərkən iddiaçının çantası elektron qapılara ilişdiyinə görə, iddiaçı müvazinətini itirərək yıxılıb. Ticarət Mərkəzinin işçiləri iddiaçıya dərhal yaxınlaşıb və lazımi köməkliyi göstərərək hadisə yerinə 2 saylı təcili tibbi yardımı çağırmışlar. İddiaçıya ilkin tibbi yardım göstərilən zaman iddiaçı işçilərə öz ehtiyatsızlığına görə yıxıldığını bildirmişdi. İddiaçının nümayəndəsi tərəfindən təqdim olunmuş sənədlərdə də, iddiaçının Nəsimi rayon Polis İdarəsinin 22-ci şöbəsinin polis sahə rəisi, polis kapitanı Ramiz Aslanova verdiyi məlumata görə öz ehtiyatsızlığı səbəbindən xəsarət aldığını və heç kimə şikayəti olmamasını bildirdiyini əks etdirən arayış əlavə olunmuşdur. İddiaçının Cavabdeh MMC-yə qarşı iddialarının olması Cavabdeh MMC-yə məhkəmədən bildiriş gəldikdə məlum olmuşdur. Bundan əlavə, iddiaçının nümayəndəsi tərəfindən təqdim olunmuş sənədlərdə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliynin «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» PHŞ «Bakı şəhər Təcili və X4 stansiyası» publik hüquqi şəxsi tərəfindən 10 oktyabr 2022-ci il tarixdə iddiaçının nümayəndəsinə verdiyi məlumata görə, hadisədən sonra iddiaçı X6 hospitalizasiya məqsədi ilə aparılmış və orada rentgen müayinəsindən sonra X1 Ortopediya İnstitutuna cərrahın konsultasiyasına göndərilmişdir. Lakin, iddiaçı X1 Ortopediya İnstitutuna getməkdək imtina edərək, özəl xəstəxanaya (Modern Hospitala) müraciət etmişdir. Mülki Məcəllənin 1118-ci maddəsinə əsasən sağlamlığı pozmaqla vurulmuş zərərin əvəzi o şərtlə ödənilir ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Qeyd olunanları nəzərə alaraq, iddiaçının iddia tələblərini qəbul etmirlər və hesab edirlər ki, hadisənin baş verməsində Cavabdeh MMC-nin heç bir məsuliyyəti yoxdur. İddiaçı ehtiyatsızlığına görə xəsarət alıb və müalicə olunub. Cavabdeh MMC tərəfindən iddiaçıya maddi və/və ya mənəvi ziyan vurulmayıb. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, İddiaçı məhkəməyə Modern Hospital tərəfindən verilmiş tibbi sənədləri təqdim etmişdir. Həmin sənədlər nəzərdən keçirilmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, iş materiallarına əlavə olunmuş «Bakı şəhər Təcili və X4 Stansiyası» PHŞnin 10 oktyabr 2022-ci il tarixli PHŞ/6.96-2-2022-15 saylı məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 16:13-də «103» xidmətinə Nəsimi rayonu 28 Mall ticarət mərkəzinin özünə bir nəfərin adına «halı pis» səbəbi ilə çağırış daxil olmuşdur. Çağırış 2 saylı bölmənin həkimi İlahə Daşdəmirova icra edərək, xəstə İddiaçı (78 yaş) «Sol budçanaq oynağının travması» diaqnozu qoymuş, müvafiq tibbi yardım göstərmiş və X6 hospitalizasiya məqsədi ilə aparmışdır. X2 sonra, xəstə X3 Ortopediya İnstitutuna cərrahın konsultasiyası üçün göndərilmişdir. Lakin xəstə imtina etmiş və qohumları tərəfindən özəl xəstəxanaya aparılmışdır. Hadisə barədə 22-ci polis bölməsinin əməkdaşı Rüstəmova məlumat verilmişdir. Nəsimi RPİ-nin 22-ci PB-nin polis sahə rəisi, polis kapitanı Ramiz Aslanovun 18 avqust 2022-ci il tarixli arayışından görünür ki, xx.xx.2022-ci il tarixdə saat 18.10 radələrində 2 saylı TTYS-dən xx.xx.1943-cü il təvəllüdlü İddiaçı qapı arasında qalaraq yıxılıb sol budun yuxarı burmasının, sınığı diaqnozu barədə MK-2 2473 nömrəli raporta baxılmışdır. Araşdırma ilə bağlı İddiaçı ilə əlaqə saxlanılmış və vətəndaş öz ehtiyatsızlığı səbəbindən xəsarət aldığını və heç kimdən şikayəti olmamasını bildirmişdir. X5 iddiaçının sözləri ilə yazılmış və Nəsimi RPİ-nin 22-ci PB-yə verdiyi izahatdan görünür ki, iddiaçı baş vermiş hadisə ilə bağlı şikayətçi olmadığını bildirmişdir. İş materiallarından göründüyü kimi, İddiaçı müvazinətini itirərək yıxılması halı ilə bağlı TM-nin (cavabdehin) hər hansı təqsirli hərəkət və yaxud hərəkətsizliyi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Ödəniş qəbzindən görünür ki, məkəmədə iddia qaldırılması üçün 165 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 165 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar