Məhkəmə qərarları › İş №e-2(006)-689/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-689/2025

20.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-689/2025 20.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi ilə, ilk iddia üzrə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilənin icrası və vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair ilk iddiası və qarşılqlı iddia üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçı qarşı “kompensasiya ödənilməklə müqavilənin ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddiasına əsasən mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilənin icrası və vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, ünvan 1ndə yerləşən Cavabdeh MMC tərəfindən tikilmiş yaşayış sahəsinin A binasının, 1-ci girişinin, 5-ci mərtəbəsində (qeyri-yaşayış sahəsinin mərtəbələri nəzərə alınmadan) olan 128 m2 (iç divardan divara hesablanmaqla) sahədən ibarət olan üçotaqlı təmirsiz mənzilin İddiaçı təhvil verilməsi, 120/2 nömrəli müqavilə öhdəliyi üzrə 126.720 manat pul məbləğinin və iddiaçıya vurulmuş maddi 5.000 manat, mənəvi 5.000 manat, ümumilikdə 10.000 manat məbləğində zərərin və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 427 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı qarşı “kompensasiya ödənilməklə müqavilənin ləğv olunması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilərək Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 120/2 saylı müqavilə ilə cavabdehə təhvil verilməli olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 128 m² olan üçotaqlı təmirsiz mənzilin bazar dəyəri məhkəmə qiymətləndirmə ekspertizası tərəfindən dəqiq müəyyənlədirilməklə həmin məbləğin iddiaçı tərəfindən cavabdehə ödənilərək tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliklərə xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) elektron kabinet vasitəsilə xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək tərəflərin bağladığı barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin cavabdehin nümayəndəsi (vəkili) elektron kabinet vasitəsilə müraciət edərək barışıq sazişinin təsdiq edilməsinə və iş üzrə icraata xitam verilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehlərin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, tərəflərin məhkəməyə təqdim etdiyi barışıq sazişi təsdiq edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 191.2, 231, 235, 261, 261.0.5, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İlk iddia üzrə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilənin icrası və vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair ilk iddiası və qarşılqlı iddia üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçı qarşı “kompensasiya ödənilməklə müqavilənin ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddiasına əsasən mülki iş üzrə tərəflər – bir tərəfdən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru R.M.Mirzəyev (bundan sonra Birinci Tərəf) və digər tərəfdən İddiaçı (bundan sonra İkinci Tərəf) arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlər daxilində təsdiq edilsin:

1. Müqavilənin 2.2-ci bəndində qeyd edilmiş: "... əvəzində tikiləcək yaşayış binasının A binasının, İ girişinin, 5 mərtəbəsindən güzəştli sahəni və təmir əvəzi sahəni əlavə etməklə ümumilikdə 128 m2 (iç divardan divara hesablanmaqla) sahədən ibarət olan, 3 otaqlı təmirsiz mənzil" sözləri çıxarılsın və sonrakı sözlər əlavə edilsin: “əvəzində tikiləcək yaşayış kompleksinin A binasının, İ girişinin, 4-cü mərtəbəsində, ümumi sahəsi 147 m2 (iç divardan divara hesablanmaqla, oxdan-oxa hesablanmaqla isə 165.3 m2) olan, 3 otaqlı təmirsiz 4 saylı mənzil”.

2. Tərəflər razılaşırlar ki, xx.xx.2021-ci il tarixli, 120/2 saylı müqavilə üzrə ilkin təhvil verilməli olan mənzilin əvəzinə təhvil verilməsi razılaşdırılan yaşayış kompleksinin A binasının, 1 girişinin, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 147 m2 (iç divardan divara hesablanmaqla, oxdan-oxa hesablanmaqla isə 165.3 m2) olan, 3 otaqlı təmirsiz 4 saylı mənzildə lahiyyə üzrə yaranmış 19 m2 (21 m2 oxdan-oxa) artıq sahəyə görə X1 Tərəfə 35000 (otuz beş min) AZN vəsait ödəyəcəkdir.

3. İkinci Tərəf 35000 (otuz beş min) AZN vəsaitin 10000 (on min) AZN-lik hissəsini 3 iş günü ərzində Birinci Tərəfə ödəməyi öhdəsinə götürür. Qalıq 25000 (iyirmi beş min) AZN vəsaiti isə Barışıq Sazişi imzalandığı tarixdən 12 ay ərzində Birinci Tərəfə ödəməyi öhdəsinə götürür.

4. Mənzilin təhvili tərəflər arasında bağlanacaq təhvil-təslim aktları ilə təsdiq olunacaqdır.

5. Tərəflər xx.xx.2021-ci il tarixli, 120/2 saylı müqavilə üzrə icra etməli olduqları digər öhdəlikləri bir daha qəbul və təsdiq edirlər. İcra olunmamış digər öhdəlikləri də icra etməyi qəbul edirlər.

6. Tərəflər razılığa gəlirlər ki, bu Sazişdə qeyd edilənlərlə Tərəflərin bir-birlərinə qarşı heç bir iddia və tələbləri olmayacaqdır. Hal-hazırda icraatda olan iddia tələblərindən isə tam şəkildə imtina edəcəklərdir.

7. Tərəflər hazırkı Barışıq Sazişinin şərtlərinin onların hüquqlarını pozmadığını təsdiq edirlər.

8. Tərəflərə məlumdur ki, hazırkı Barışıq Sazişində müəyyən edilən öhdəliklərin birinin və ya bir neçəsinin yerinə yetirilməməsi məhkəmə tərəfindən icra vərəqəsinin verilməsinə əsas olacaqdır.

9. Tərəflər bəyan və təsdiq edirlər ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinin məzmunu ilə tanışdırlar, bu saziş məhkəmə tərəfindən təsdiq edildikdən sonra bu sazişlə həll edilən məsələ üzrə gələcəkdə biri digərinə qarşı iddia qaldırmaq hüququnu itirirlər. Barışığın hüquqi nəticələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin məzmunu onlara tam aydındır.

10. Barışıq Sazişinin bağlanılması, imzalanması və icrası ilə əlaqədar bütün zəruri hərəkətlər Tərəflərin özləri və ya etibarnamə üzrə nümayəndələri həyata keçirə bilərlər.

11. Barışıq Sazişi məhkəmə tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir. İlk iddia üzrə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilənin icrası və vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair ilk iddiası və qarşılqlı iddia üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçı qarşı “kompensasiya ödənilməklə müqavilənin ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddiasına əsasən mülki işin icraatına xitam verilsin. İlk iddia ərizəsinin verilməsinə görə ödənilmiş 427 (dörd yüz iyirmi yeddi) manat məbləğində dövlət rüsumu ("AsanPay", qəbz nömrəsi: **********, tarix: xx.xx.2024, saat: 20:23:59) dövlət büdcəsindən nümayəndə (vəkil) Vəkil1, qarşılıqlı iddia ərizəsinin verilməsinə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu (“AsanPay”, qəbz nömrəsi: **********62, tarix: xx.xx.2025, saat: 23:07:24) dövlət büdcəsindən qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılsın. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar