Məhkəmə qərarları › İş №e-2(006)-69/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-69/2024

04.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-69/2024 04.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə3, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30.000 manat məbləğində pulun Cavabdeh MMC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal rayonu A.Salamzadə küçəsi 1055-ci məhəllədə Cavabdeh MMC-nin inşa etdiyi yaşayış binasının zirzəmisinin 1-ci mərtəbəsində yerləşən 60 saylı avtomobil dayanacağının dəyərini təşkil edən 15.000 manat məbləğində pul onun tərəfindən Cavabdeh MMC-yə tam olaraq ödənilmiş və borcunun olmaması barədə MMC-nin direktoru Bəxtiyar Məmmədov tərəfindən imzalanmış «Maliyyə arayışı» verilmişdir. Avtomobil dayanacağı dəyərini ödədiyi gündən hazırki vaxtadək onun sahibliyində və istifadəsində olmuşdur, hazırda da istifadə edir. Lakin avtomobil dayanacağına dair ona «Maliyyə arayışı» verilməsinə baxmayaraq, müqavilə təqdim edilməmişdir və müqavilə ilə bağlı müraciət etsə də, müraciəti cavabsız qalmışdır. Dəfələrlə tələb etsə də, ona avtomobil dayanacağının müqaviləsini təqdim etməmişlər. Bu səbəbdən, hazırki vaxtadək aldığı əmlaka hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldıra bilməmişdir. Hər dəfə bununla bağlı müraciət etdikdə ona gözləməli olduğu, müəyyən hüquqi məsələlər həll edildikdən sonra bütün digər sakinlər kimi onun da avtomobil dayanacağına çıxarışının veriləcəyi bildirilmişdir. Sonda onunla müqavilə bağlanmayacağı, avtomobil dayanacağının yerləşdiyi qeyri-yaşayış sahəsinə dair başqa şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış olduğu bildirilmişdir. Belə olan halda, o, avtomobil dayanacağına görə ödədiyi pulu geri almaq qərarına gəlmişdir. Hesab edir ki, MMC tərəfindən ona vurulmuş ziyan ödənilməlidir. Belə ki, əgər MMC pulunu aldıqdan sonra avtomobil dayanacağını onun mülkiyyətinə vermiş olsaydı və o, həmin avtomobil dayanacağını başqa şəxsə özgəninkiləşdirsəydi, o halda həmin əmlakın dəyəri qədər fayda əldə etmiş olardı. Avtomobil dayanacağının hazırki real dəyəri 15.000 manat deyil, 30.000 manat təşkil edir. Odur ki, cavabdehdən onun xeyrinə 30.000 manat tutulmalıdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə3 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında iddianı qismən qəbul etdi və izahatında bildirdi ki, məhkəməyə təqdim edilmiş maliyyə arayışı hazırki iş üzrə şahid qismində çıxış edən X8 tərəfindən tərtib olunmuşdur. Şahid qismində dindirilmiş X2 ifadəsindən də aydın olmuşdur ki, o, hazırki işdə cavabdeh qismində iştirak edən şirkətin direktorunun oğludur və bu münasibətlərdə o da iştirak etmiş, iddiaçının həyat yoldaşı Ayaz Həsənova 15.000 manat pul müqabilində qaraj satmış və maliyyə arayışı təqdim etmişdir. X12 həmin arayışı Rafət adlı şəxsə təqdim etmişdir. Rafət isə sözügedən arayışı məhv etmiş və əvəzinə yeni maliyyə arayışı təqdim etmişdir. Bu səbəbdən iddianı həmin hissədə qəbul etmirlər. Lakin iddianın “iddiaçının həyat yoldaşı tərəfindən 15.000 manat məbləğində ödəniş edilməsi və iddiaçı tərəfə 60 saylı qarajın satılmasına dair” hissəsi ilə razıdırlar. Hazırda sözügedən qaraj iddiaçı tərəfindən maneəsiz olaraq istifadə olunur. Onlar tərəfindən də qarajın istifadəsi ilə bağlı hər hansı bir maneə yaradılmır. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Şahid1 əvvəlki məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, o, ünvan 1 ünvanda yaşayır. Bu işlə bağlı iddiaçı onun qonşusudur. Onun iki qarajı vardır və həmin qarajların pulunu ödəmişdir. Cavabdeh bildirir ki, qarajların pulu ödənilməmişdir. Amma o, bilir ki, qarajların pulu ödənilmişdir. O, on ilə yaxındır ki, həmin qarajlarda maşın saxlayır və kirayə pulu ödəmir. Orta blokda olan qarajların pulu ödənilmişdir. Qarajın sahibi Həsənov Ayazdır. O, 2012-ci ildən həmin binada yaşayır. Özünün qarajı yoxdur, o, kirayə saxlayır. O, Həsənov Ayazı qarajlar üçün kirayə verərkən görməmişdir. Həsənov Ayazın həyat yoldaşının İddiaçı olduğunu bilir. Qarajlar binanın altında - 1-də və - 2-də yerləşir. O, 10 ildir ki, qarajda maşın saxlayır. 2016-cı və 2017-ci illərdə ona heç kim deməyib ki, burada maşın saxlamayın bura qaraj deyildir. O, qarajın kirayə haqqını komendanta verir. Binanın komendantı Rafaeldir. Əvvəllər kirayə haqqını əvvəlki komendant olan Qəniyev Rafətə verirdilər, o da əvəzində çek verirdi. Həmin çeklər onda var. Mənzilin çıxarışı var. O, Rafəti tanıyır, Rafət üç il bundan öncəyədək, yəni tutulanadək binanın komendantı olmuşdur. O, öz mənzilini bina sahibindən almışdır. Binanın sahibi Bəxtiyar Məmmədovdur. O, hissə-hissə pulu Bəxtiyarın oğlu Sabirə ödəmişdir. Sabir ödənişlərin qarşılığında çek verirdi. Həmin sənədlərə Sabir imza edirdi və möhür vururdu. Ayazın binada iki qarajı var. Ayazın iki maşını var. Ayaz onun yanında pul verməmişdir. O, Sabirə zəng etmişdir və Sabir ona demişdir ki, pulu Rafətə versin. Ayazda maliyyə arayışına oxşar sənəd vardır. O, MTK-nın təsisçisi deyil, sakindir. Ayazda olan sənədə Sabir imza etmişdir. O, heç bir şeyə əsaslanmır, danışıqdan bilir ki, Ayaz pulu vermişdir. Həmin sənədə kimin qol çəkdiyini dəqiq bilmir. Həmin sənədə Bəxtiyar qol çəkməlidir. Maşın saxladığı qeyri-yaşayış sahəsinin kimin adına olduğunu bilmir. Qaraj üçün ödədiyi pulu komendanta ödəyir. Ayazın qarjlarla bağlı cavabdehlə müqavilə bağlaması barədə məlumatı yoxdur. Şahid2 əvvəlki məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, o, 11 ildir ki, həmin binada yaşayır. Onlar, qonşular bilir ki, həmin iki qaraj Ayaza məxsusdur. Ayaz deyirdi ki, 40.000 manat verib iki qarajı almışdır. Qaraj kirayədir. Mənzil ona məxsusdur. O, mənzili hissə-hissə ödəniş edərək almışdır. O, hissə-hissə pul ödəyərkən ona maliyyə arayşını Natiq və Sabir verirdi. 11 ildir oraya köçmüşdür. O, 2009-cu ildə müqavilə bağlamışdır və mənzili almışdır. Ayaz deyirdi ki, iki qarajı var. İddiada nə üçün 30.000 manat pul tələb edildiyini dəqiq bilmir. Həmin qarajların Ayaza məxsusluğu ilə bağlı onun yanında sənəd tərtib edilməmişdir. Ayaz onun yanında heç kimə pul verməmişdir. Şahid3 əvvəlki məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Ayaz bir neçə ildir ki, liftlə üzbəüz çıxarkən olan qarajlarda avtomobilini saxlayırdı. B və ya C blokudur. Özünün avtomobili var. O, avtomobili dostunun qarajında saxlayır. Avtomobilini saxladığı qaraj şəxsidir. Sənədlərini təqdim edə bilməz. Avtomobil saxladğı qaraj Rasimin adınadır. O, mənzili Bəxtiyar müəllimdən almışdır. O, Ayazı binaya köçəndən tanıyır. O, avtomobilini əvvəl başqa yerdə saxlayırdı. O, 13 saylı mənzildə yaşayır. Ayazın iki qarajı var. Eşitdiyinə görə Ayaz qarajı ya Rafət, ya da Sabirdən almışdır. Ayaz qarajı almaq üçün eşitdiyinə görə 40.000 pul ödəyib. Ayazın qaraj almaq üçün müqaviləni kimlə bağladığını dəqiq bilmir. Ayaz pulu onun yanında verməmişdir. Ayaz qarajları aldığı üçün kirayə ödəmir. Bilir ki, Ayaz almışdır. Onu oradan Rafət çıxarırdi ki, Sabir icazə vermir. O da, Ayaza demişdir ki, bunlar onu qarajdan çıxarırlar. Ayaz Rafətə yığmış və demişdir ki, qaraj onundur, Muradı ordan çıxarmasınlar. Rafət də bildirmişdir ki, onlar Ayazın icazə verməsini eşitmək istəyirdilər, artıq orada avtomobilini saxlaya bilər. Rafətin Sabirlə danışıb-danışmasından məlumatı yoxdur. Şahid4 Ağamahmud oğlu əvvəlki məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, o, 2014-cü ildə həmin binaya köçmüşdür və 3 il sonra Ayaz Həsənovu tanımışdır. O, Ayazın avtomobillərini həmişə orada saxladığını görmüşdür. Ayaz həmişə deyirdi ki, qarajları alıb. Hami deyirdi ki, Ayaz qarajları almışdır. Düzdür, pul verərkən yanında olmamışdır. Ayaz qarajı köhnə komendant olan Rafətdən almışdır. O, mənzilini köhnə sahibindən almışdır. O, Rafəti komendant kimi tanıyırdı. O, sonuncuya ödədikləri ilə bağlı Rafətdən qəbz almırdı. Sabir Bəxtiyar müəllimin oğludur. Ayazın iki qarajı var. Binada təxminən 240 mənzil olar. Binanın sakinlərinin bəziləri avtomobilləri bayırda saxlayır, bəziləri həmin yerdə saxlayır. Ayaz 7-8 il olar ki, avtomobilləri orada saxlayır. Ayaz qarajların pulunu onun yanında ödəməmişdir. Ayazın pulu kimə ödədiyini bilmir. Dəqiq bilmir, Ayazın dediyinə görə kreditlə almışdır. Ayazın qarajı alanda kimdən almalı olduğu barədə məlumatı yoxdur. Şahid X8 əvvəlki məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, o, əvvələr həmin şirkətdə 2005-2009-cu illərdə fəhlə kimi işləmiş, sonra isə 2009-cu ildən 2017-ci ilə kimi isə binanın komendatı olmuşdur. İddiaçı qarajı o yox, şirkət satmışdır. Qarajın satılması zamanı sənədləşmə işini X5 etmişdir. X5 qəbzlərdə atasının yerinə imza edirdi. Bütün işləri X5 edirdi. Ayaz binanın sakinidir. Ayaz Şəfa xanımın həyat yoldaşıdır. İddiaçı qarajda öz avtomobilini saxlayırdı. İddiaçının qarajı ikinci blok, liftin qabağında yerləşirdi. Qarajın nömrəsi yadında deyil. Maliyyə arayışlarında olan imza Məmmədov Sabirə məxsusdur, möhür isə şirkətin möhürüdür. Ümumilikdə 40-45 qaraj satılmışdır və hamısı da o formada satılmışdır, maliyyə arayışı var, müqavilə yoxdur. Ayazın orada üç qarajı vardı. Birini əvvəllər alıb, ikisini isə sonra almışdır. Ayaz qarajı alarkən pulu ona verirdi, o da pulu Məmmədov Sabirə verirdi. Qaraj satılarkən maliyyə arayışını Məmmədov Sabir verirdi. Yuxarıda qeyd etdiyi kimi, 40-50 dənə qaraj satılmışdır, hamısı bir vərəqdə yazılırdı. Qarajların olduğu qeyri-yaşayış sahəsi rəsmi qaydada Məmmədov Bəxtiyarın həyat yoldaşına məxsusdur. Çıxarışlı yerin çıxarışı ayırmadan necə satıldığını bilmir. Ayazın qarajları nə vaxt alması dəqiq yadında deyil. Maliyyə arayışlarını Məmmədov Sabir yazırdı. Onun cinayət işi üzrə olan mənzilləri özü satmışdır. Məmmədov Sabirin etdiyi hərəkətlərdən atasının xəbəri olub-olmaması barədə məlumatı yoxdur. Cinayət işi zamanı araşdırılan dəftəri özü yazmışdır, lakin yazılmalı olanları Məmmədov Sabir ona bildirirdi, o da yazırdı. Ayazın niyə qarajlarını sərbəst istifadə edə bilmədiyini dəqiq bilmir. MTK-nın öz möhürü vardır. MMC-nin verdiyi maliyyə arayışında onun nömrəsini Məmmədov Sabir yazmışdır. O, Mehmana, Pərvizə, Zahidə, Etibara və s. şəxslərə satdığı qarajların pulunu Sabirə vermişdir. Maliyyə arayışlarını Sabir tərtib edirdi, o da çıxarırdı. Onun kompüterdən başı çıxmırdı. Onun qarajlarla işi olmamışdır. O, Ayazdan aldığı pulları Sabirə vermişdir. Şahid X5 əvvəlki məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, o, 2014-cü ildə Həsənov Ayaza bir ədəd 15.000 manata qaraj satmışdır. O, Həsənov Ayaza qarajı satarkən qarajların nömrələri müəyyən edilməmişdir. Hal-hazırda da həmin qarajların nömrələri yoxdur. O, qarajları maliyyə arayışı ilə satırdı. Maliyyə arayışlarını özü tərtib edirdi və özü imza edirdi. O, maliyyə arayışlarını atası X3 adından imza edirdi. Həsənov Ayaza satdığı qaraj üçün maliyyə arayışı vermişdir. Həmin maliyyə arayışı Həsənov Ayazın həyat yoldaşının adına verilmişdir. O, Həsənov Ayaza daha sonra iki qaraj satmamışdır, həmin qarajları X1 Ayaza satmışdır. Özünün satdığı qaraja görə iddiaçıya sənədlər təqdim edə bilər. Lakin digər Rafətin satdığı iki qaraj üçün sənəd verə bilməz. Satdığı qarajla bağlı vermiş olduğu maliyyə arayışını məhkəməyə hal-hazırda təqdim edə bilmir, həmin sənəd hal-hazırda onda deyil, ofisdə sənədlərin arasındadır. Satdığı qarajın yeri girən kimi ikinci blok, liftin qabağındadır. X14 satdığı qaraj 20 kvadrat metr olar. İş materiallarında olan digər maliyyə arayışında olan imza ona məxsus deyil, lakin blankda olan möhür şirkətə məxsusdur. Şirkətin möhürü ofisdə olurdu. Ofisə də Rafət girib-çıxırdı. Onlar Rafətə etibar etmişlər. İddiaçıya satdıqları 60 saylı qarajla bağlı heç bir mübahisələri yoxdur, onlar qarajı Ayaza verirlər. Lakin digər iki qaraj onlar tərəfindən iddiaçıya satılmamışdır. Həmin qarajları X8 onların adından istifadə edərək, saxta yolla satmışdır. O, atasının işlərini görür, onun həmin şirkətdə rəsmi qaydada səlahiyyəti olmamışdır. Onun atasının yerinə imza etməsindən atasının xəbəri olmuşdur. Atası demiş, o da imza etmişdir. X8 10 nəfərə bu yolla qaraj satmışdır. X8 bu yolla qarajları Mehmana, Pərvizə, Zahidə, Etibara və s. şəxslərə satmışdır. X3 yalnız 2014-cü ildə satılan qarajdan xəbəri olmuşdur. 2014-cü ildə Ayaz Həsənova satdığı qarajdan atasının xəbəri olmuşdur. Həmin qaraj Ayaz Həsənovun həyat yoldaşının adına satılmışdır. Digər iki qarajın satılmasından isə nə onun, nə də atasının xəbəri olmamışdır. Ayaz 3 avtomobil saxlayırdı. Rafət də hər ay ona 80 manat pul verirdi ki, Ayaz kirayə saxlayır. Digər qaraj isə Qəhrəmanın qarajıydı ki, onu da Ayaz almışdır. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, İddiaçı sifariş müqaviləsinə əsasən zirzəminin 1-ci mərtəbəsinin 60 saylı avtomobil dayanacağının dəyərinin tam hissəsi olaraq 15.000 manat pulu Cavabdeh MMC-nin xəzinəsinə ödəmişdir, borcu yoxdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 07 iyul 2022-ci il tarixli məktubundan görünür ki, ünvan 2 Cavabdeh MMC-nin inşa etdiyi yaşayış binasının zirzəmisində yerləşən 60, 63 və 64 saylı avtomobil dayanacaqlarının qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 22 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanda inşa edilmiş binanın mənfi birinci və mənfi ikinci mərtəbələrində 5600 m2 olan yarımzirzəmi "xxxx" MMC-nin maliyyə arayışına, həmin MMC ilə X4 arasında bağlanmış müqaviləyə və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)-5052/17 nömrəli qərardadına əsasən xx.xx.2020-ci il tarixdə X4 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 iyun 2023-cü il tarixli 9/3313; 4/771 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş İddiaçı adına olan 15.000 manatın ödənilməsi və borcu olmaması barədə maliyyə arayışında Cavabdeh MMC-nin direktoru» qrafasındakı imza – X6 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertiza təyini haqqında qərardadda qeyd edilən ünvan 2 Cavabdeh MMC-nin inşa etdiyi yaşayış binasının zirzəmisində yerləşən 60, 63 və 64 saylı avtomobil dayanacaqlarının hazırki orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 75.000 (3 x 25.000) manat müəyyən edilir. Tələb və təklifdən, həmçinin tərəflərin qarşılıqlı razılaşmasından asılı olaraq müəyyən edilmiş qiymətlərdə qismən dəyişiklik olması istisna edilmir. Aparılmış tədqiqatın dəyəri 110 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinin tələbinə görə, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.7-ci maddəsinin tələbinə görə, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri qismində çıxış edir. Həmin Məcəllənin 1091.1-ci maddəsinin tələbinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinin tələbinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinin tələbinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi - bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Həmin Məcəllənin 1093.1-ci maddəsinin tələbinə görə, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Toplanmış və tədqiq olunmuş sübutları məcmusu ilə müəyyən olunur ki, iddiaçı cavabdehdən avtomobil dayanacağı almaq üçün 15.000 manat pulu cavabdehin xəzinəsinə ödəmişdir. Bunu həm maliyyə arayışı, həm də şahid X2 ifadəsi təsdiq edir. İddiaçı həmin dayanacaqdan uzun müddət ərzində təyinatı üzrə istifadə etmişdir. Lakin tərəflər arasında həmin dayanacağın alğı-satqısına dair müqavilə bağlanmamış, iddiaçı öz adına hüquqmüəyyənedici sənəd ala bilməmişdir. İddiaçı bununla bağlı cavabdehə pretenziya məktubu ilə müraciət etmiş, daha sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə qeyd edir ki, şahid X5 hazırda iddiaçının adına dayanacağa dair hüquqmüəyyənedici sənədi alması üçün zəruri sənədləri təqdim edə biləcəklərini göstərsə də, lakin həmin qarajın yerləşdiyi yerin mülkiyyətçisi cavabdeh deyil, başqa şəxsdir. Göründüyü kimi, tərəflər arasında öhdəlikləri və vəzifələri, həmin öhdəlik və vəzifələrdən irəli gələn məsuliyyəti və yaranacaq mübahisələrin həlli qaydasını, həmçinin fors-major halları təsbit edən müqavilə yoxdur. Bu müqaviləni nə iddiaçı tərəf, nə cavabdeh tərəf məhkəməyə təqdim edə bilməmişlər. Məhkəməyə təqdim edilmiş yeganə sənəd maliyyə arayışıdır. Həmin maliyyə arayışından göründüyü kimi, cavabdeh tərəf iddiaçıya avtomobil dayanacağı satmaq adı ilə 15.000 manat pul almış, lakin yuxarıda adı çəkilən avtomobil dayanacağını iddiaçıya satmamış, bununla bağlı müqavilə bağlamamış, digər sözlə ifadə etdikdə əsassız varlanmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, ödənilmiş 15.000 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, göründüyü kimi, iddiaçı dəymiş ziyanın əvəzi olaraq 30.000 manat məbləğində pul tələb edir. Halbuki, işdə olan sənədlərlə, eləcə də məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə müəyyən olunur ki, tərəflər arasında mülki hüquq münasibətlərinin yaranması zamanı mübahisəli qarajın qiyməti 15.000 manat təşkil etmişdir. Digər tərəfdən iddiaçı ona ziyanın dəydiyinə istinad etmiş olsa da, əksinə, göründüyü kimi mübahisə predmeti olmuş qaraj hazırki dövrə kimi iddiaçının faktiki istifadəsində olmaqla, avtomobilini orada saxlamaqla yararlanmış, həmçinin bununla bağlı cavabdeh tərəfindən qarajdan istifadə ilə bağlı hər hansı bir maneə yaradılmamışdır. Bütün bu halları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddiaçı ona vurulmuş zərərin nədən ibarət olduğunu sübuta yetirə bilmədiyindən, iddia tələbi sübuta yetirilmiş hissədə, yəni şirkətə ödədiyi 15.000 manat məbləğin cavabdehdən alınaraq iddiaçıya qaytarılması hissəsində təmin edilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 180 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 15.000 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 135 manatı Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulmalıdır. 110 manat ekspertiza xərci Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 15.000 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 135 manatı Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulsun. 110 manat ekspertiza xərci Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar