Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-693/2023 20.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X15 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində X10 hüquqi varisi kimi, İddiaçı vurulmuş 1.000.000 (bir milyon) manat məbləğində mənəvi ziyanın cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı hüquqi varisi olduğu mərhum əri, X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 05 mart 2011-ci il tarixdən 05 avqust 2011-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 05 (beş) ay müddət təyin olunmuş cəzaya daxil edilməklə üzərində qəti olaraq 06 (altı) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının 14 iyun 2018-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilməməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 dekabr 2019-cu il tarixli qərarı ilə məhkum X17 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyun 2019-cu il tarixli, 1(101)-429/2019 saylı hökmü dəyişdirilmişdir. X10 törətdiyi bir epizodzərər çəkmiş şəxs X5 2005-ci ilin fevral ayının 08-də 147.120 manat məbləğində ziyan vurmaqla dələduzluq etməsi epizodu üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən X12 həmin epizod üzrə cəza təyin edilməmişdir. X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyun 2019-cu il tarixli, 1(101)-429/2019 saylı hökmün qalan hissələrdə dəyişdirilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 18 iyun 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş X10 barəsində Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 09 dekabr 2019-cu il tarixli qərarı ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 aprel 2022-ci il tarixli hökmü ilə məhkum X10 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmişdir. X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(101)-429/2019 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə ləğv edilmişdir. X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə əməlində cinayət tərkibi olmadığı və təqsirliliyi sübuta yetirilmədiyi üçün ona bəraət verilmişdir. X10 tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası X10 hüquqi varisi İddiaçı izah edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qərarına dövlət ittihamçısı tərəfindən protest verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(102)- 1535/2022 saylı qərarında qeyd edilmişdir ki, məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 aprel 2022-ci il tarixli bəraət hökmündə müəyyən olunan hallar əsasında gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək X10 təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələrin təqsirləndirilən şəxslərin xeyrinə təfsir edilməsi və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan olunan ittiham üzrə təqsirlilikləri sübuta yetirilmədiyi və əməllərində cinayət tərkibi olmadığı üçün bəraət verilməsi barədə düzgün nəticəyə gəlmişdir. Bəraət hökmünün qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(102)-1535/2022 saylı qərarı ilə X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bəraət verilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 aprel 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İbtidai istintaq orqanın elan edilmiş əssasız ittihamına və məhkəmənin qanunsuz hökmünə və qərarına əsasən şəxs 05 mart 2011-ci il tarixdən 05 avqust 2011-ci il tarixədək 5 ay, 14 iyun 2018-ci il tarixdən 06 aprel 2020-ci il tarixədək ümumilikdə 2 il 2 ay 20 gün ümumi rejimli cəzaçəkmə müəssisəsində saxlanılmışdır. X17 bu ağır ittihamlara dözməmiş və keçirdiyi ağır psixoloji və fiziki iztirablara dözməyərək həyatını itirmişdir. X17 həbsdə olduğu müddətdə ailəsinin həyatında iştirak edə, onların pis günlərində yanında ola bilməmiş, özü isə ağır iztirablara düçar olmuşdur. Yəni ibtidai istintaq orqanının elan edilmiş əssasız ittihamı və məhkəmənin qanunsuz hökm və qərarı mərhum X13 bir çox mənəvi şeylərdən məhrum etmişdir. X10 hüquqi varisinə dəymiş mənəvi ziyanın həcmi pulla belə ölçülə bilməz. Həyatın ən sərt üzünü görmüş, ailə himayəsindən və qayğısından məhrum olmuş, 2 ildən artıq müddətdə əsassız olaraq azadlıqdan məhrum edilmiş, həbsdə olarkən həyatını itirmiş bir şəxsin hüquqi varisində yaranan mənəvi sarsıntını diqqətinizə çatdırmaq belə çox çətindir. X17 barəsində çıxarılmış qanunsuz və ədalətsiz ittiham nəticəsində və bu qanunsuz hərəkətlərin sonunda şəxsin həyatını itirməsi ilə hüquqi varisi İddiaçı maddi və mənəvi ziyan dəymişdir. X2 barəsində çıxarılmış qanunsuz ittiham hökmü əsasında şərəf və ləyaqəti ləkələnmiş, ailəsi çətin vəziyyətdə qalmış, yəni ibtidai istintaq orqanının əsassız ittihamı nəticəsində şəxsin hüquqi varisinə həm maddi, həm də mənəvi ziyan dəyimişdir. Buna görə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində mərhum şəxsə vurulmuş 1.000.000 (bir milyon) manat məbləğində mənəvi ziyanın cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını, vəkilin çıxışını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan İ-ЖГ seriyalı 473136 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X17 ilə İddiaçı xx.xx.1978-ci ildə nikaha daxil olmuşlar. Mülki işin materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-429/2019 saylı 28 iyun 2019-cu il tarixli hökmündən görünür ki, X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, 05 mart 2011-ci il tarixdən 05 avqust 2011-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 05 (beş) ay müddət təyin olunmuş cəzaya daxil edilməklə üzərində qəti olaraq 06 (altı) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzəçəkmə müddətinin başlanğıcının 14 iyun 2018-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilməməsi hökm edilmişdir. Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1118/2019 saylı 09 dekabr 2019-cu il tarixli qərarından görünür ki, məhkum X10 müdafiəçisi X8 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Babayev İsa Rza oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyun 2019-cu il tarixli, 1(101)-429/2019 saylı hökmünün dəyişdirilməsi, X10 törətdiyi bir epizod-zərər çəkmiş şəxs X5 2005-ci ilin fevral ayının 08-də 147.120 manat məbləğində ziyan vurmaqla dələduzluq etməsi epizodu üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən X12 həmin epizod üzrə cəza təyin edilməməsi, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyun 2019-cu il tarixli, 1(101)-429/2019 saylı hökmünün qalan hissələrdə dəyişdirilməməsi qərara alınmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Prezidentinin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” 06 aprel 2020-ci il tarixli Sərəncamından görünür ki, 1955-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2019-cu il 28 iyun tarixli hökmü ilə məhkum edilmiş X17 cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir. Mülki işin materiallarında olan AZ-İİ seriyalı 117721 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X17 xx.xx.2020-ci ildə “insulindən asılı şək.diabet, böyrəklərin zədələnməsi ilə” səbəbindən ölmüşdür. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-90/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 dekabr 2019-cu il tarixli qərarından məhkum X10 müdafiəçisi X4 tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş X10 barəsində Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 09 dekabr 2019-cu il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi qərara alınmışdır. Mülki işin materiallarında olan sənədlərdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 aprel 2022-ci il tarixli hökmü ilə məhkum X10 müdafiəçisi X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(101)-429/2019 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə ləğv edilmiş, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə əməlində cinayət tərkibi olmadığı və təqsirliliyi sübuta yetirilmədiyi üçün ona bəraət verilmişdir. X10 tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası X10 hüquqi varisi İddiaçı izah edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-1535/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı Ağır Cinayətlər məhkəməsinin 28 iyun 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş X10 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 aprel 2022-ci il tarixli bəraət hökmündən dövlət ittihamçısı X6 tərəfindən verilmiş kassasiya protestinin təmin edilməməsi, X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bəraət verilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 aprel 2022-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanması qərara alınmışdır. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə X17 xx.xx.1978-ci ildə nikaha daxil olub ailə həyatı qurmuşlar. X17 Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 429/2019 saylı 28 iyun 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 05 mart 2011-ci il tarixdən 05 avqust 2011-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 05 (beş) ay müddət təyin olunmuş cəzaya daxil edilməklə üzərində qəti olaraq 06 (altı) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzəçəkmə müəssisəsində çəkməsi, cəzəçəkmə müddətinin başlanğıcının 14 iyun 2018-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1118/2019 saylı 09 dekabr 2019-cu il tarixli qərarına əsasən məhkum X10 müdafiəçisi X8 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Babayev İsa Rza oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyun 2019-cu il tarixli, 1(101)-429/2019 saylı hökmü dəyişdirilmiş, X10 törətdiyi bir epizod-zərər çəkmiş şəxs X5 2005-ci ilin fevral ayının 08-də 147.120 manat məbləğində ziyan vurmaqla dələduzluq etməsi epizodu üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən X12 həmin epizod üzrə cəza təyin edilməmiş, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyun 2019-cu il tarixli, 1(101)-429/2019 saylı hökmü qalan hissələrdə dəyişdirilməmiş, qərar qəbul edildiyi andan qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Prezidentinin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” 06 aprel 2020-ci il tarixli Sərəncamına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 2019-cu il 28 iyun tarixli hökmü ilə məhkum edilmiş X17 cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir. X17 xx.xx.2020-ci ildə vəfat etmişdir. Bundan sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)- 90/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 dekabr 2019-cu il tarixli qərarından məhkum X10 müdafiəçisi X1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş X10 barəsində Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 09 dekabr 2019-cu il tarixli qərarı ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 04 aprel 2022-ci il tarixli hökmü ilə məhkum X10 müdafiəçisi X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(101)-429/2019 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə ləğv edilmiş, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə əməlində cinayət tərkibi olmadığı və təqsirliliyi sübuta yetirilmədiyi üçün ona bəraət verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-1535/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 aprel 2022-ci il tarixli bəraət hökmündən dövlət ittihamçısı X6 tərəfindən verilmiş kassasiya protesti təmin edilməmiş, X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bəraət verilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 aprel 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, X17 14 iyun 2018-ci il tarixdən 06 aprel 2020-ci il tarixədək ümumilikdə 1 (bir) il 9 (doqquz) ay 23 (iyirmi üç) gün müddətinə qanunsuz olaraq həbsdə saxlanılmışdır. Bu müddət ərzində onun özünə və ailə üzvlərinə mənəvi zərər dəyməsi işin mübahisəsiz halını təşkil edir. Qeyd edilməlidir ki, əfv sərəncamı əsasında cəzasının çəkilməmiş hissəsindən azad olunduqdan qısa müddət sonra X17 vəfat etmiş, bəraət verilən zaman həyatda olmamış, hüquqi varisi – hazırki iş üzrə İddiaçı ziyanın əvəzinin ödənilməsinə olan hüququ və qaydası izah edilmişdir. Odur ki, bəraət verilmiş X2 arvadı İddiaçı qarşı mülki hüquq pozuntusunun törədilməsi və bunun nəticəsində ona mənəvi zərər dəyməsi işin mübahisəsiz halıdır. Belə ki, iş materiallarından aydın olur ki, iddiaçı mərhum əri ilə 1978-ci ildə ailə həyatı qurmuşdur. İddiaçının mərhum əri qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilərək həbsdə saxlanıldığı andan onların ailə birliyi pozulmuş, iddiaçı bir qadın olaraq mənəvi narahatlıq, emosional sarsıntı, stress keçirmiş, əzab-əziyyət çəkmiş, nəticədə ona mənəvi zərər vurulmuşdur. Məhkəmə İddiaçı mərhum əri X10 qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunması səbəbindən ona dəymiş mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyrimaddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Göstərilənlərlə yanaşı məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi nəinki onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi, həmçinin ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyrimaddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X3rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə mənəvi zərərin iddia edilən məbləğdə təmin edilməsini mümkün hesab etməyərək, iddianı qismən, yəni 22000 (iyirmi iki min) manat həcmində təmin olunmasını ədalətli hesab edir. Belə ki, X2 1 il 9 ay 23 gün müddətinə həbsdə saxlanılması arvadı İddiaçı narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən dəymiş mənəvi ziyana görə 1.000.000 (bir milyon) manat məbləğdə ödənilməsi ağlabatan deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı dəymiş mənəvi zərərin əvəzi olaraq 22000 (iyirmi iki min) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 22.000 (iyirmi iki min) manat məbləğində pul İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-693/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-693/2023
20.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver