Məhkəmə qərarları › İş №e-2(006)-693/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-693/2025

13.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-693/2025 13.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Resöublikası Maliyyə Nazirliyinə qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində İddiaçı vurulmuş ziyanın: müdafiəçiyə hüquqi yаrdımlа əlаqədаr ödənilmiş 1470 manat pul məbləği, iddiaçının istintaq orqanları tərəfindən həbs edilməzdən əvvəl Azərbaycan Dövlət Pedaqoji Universitetinin qazanxanasında təsərrüfat işləri üzrə operator vəzifəsində çalışması ilə əlaqədar hər ay 318 manat əmək haqqının, həbs olunduğdan sonra işdən kənarlaşdırılması, həmin əmək haqqını ala bilməməsi və bunun onun ailəsinin yaşam tərzinə göstərdiyi mənfi təsirə görə 1 il 11 ay 28 gün qanunsuz həbsi ilə əlaqədar olaraq ona 7632 manat maddi ziyanın, iddiaçının CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə dair hökmün icrası ilə əlaqədar 1 il 11 ay 28 gün qanunsuz həbsdə qalması ilə bağlı vurulmuş mənəvi ziyana görə 72000 manat məbləğində kompensasiyanın Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsinin vəsaiti hesabına iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılsın. barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-735/2022 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəli 13 oktyabr 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-158/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, İddiaçı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 iyul 2022-ci iltarixli, 1(101)-735/2022 saylı hökmü ləğv edilərək, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməsi və dərhal məhkəmə iclas zalından həbsdən azad olunması hökm edilmişdir. Daha sonra, dövlət ittihamçısının apellyasiya hökmündən verdiyi kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-546/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-158/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli hökmü kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qanunun tələbinə əsasən cinayət işi üzrə apellyasiya instansiya məhkəməsinin qərarı dərhal qüvvəyə mindiyinə görə, hazırkı iddia qaldırılır. İddiaçı barəsində qaldırılmış cinayət işi ilə bağlı əsassız olaraq cinayət məsuliyyətinə cəlb edildiyindən və 48 yaşında həbs edildiyindən o, uzun müddət gərginlik şəraitində, mənəvi iztirab və əziyyət içərisində yaşamış, ailəsi və övladı onun iki il müddətində bu ağır vəziyyətini və acısını yaşamışlаr. Lakin, ona vurulan ziyanın ödənilməsi ilə bağlı heç bir addım atılmamışdır. Belə ki, Xəzər RPİ-nin İŞ-nin müstəntiqinin səhlənkarlığı nəticəsində onun barəsində əsassız olaraq ittiham aktı tərtib edilmiş, prokurorluq tərəfindən ittiham aktı təsdiq edilmiş və məhkəmə məsuliyyətinə cəlb edilmiş, 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, onun məhkəmə zalından həbs edilməsi qərara alınmışdır. İddiaçı təqsirləndirilən şəxs qismində cəlb olunduğu andan onun hüquqları cinayət prosesi həyata keçirən orqanlar tərəfındən pozulmuşdur. Xüsusilə qeyd etmək lazımdır ki, həmin müddətdə İddiaçı mənəvi sarsıntı keçirmiş, depresiyaya düşmüş, bu isə öz növbəsində onun səhhətinə pis təsir göstərib. Hazırda barəsində bəraət hökmünun olmasına baxmayaraq, bəzi dost, tanış, qohumlar ondan uzaqlaşıblar. Həbsdə olarkən ailəsi maddi-mənəvi məhrumiyyətlərlə üzləşmiş, ona dövlət orqanlarının səhvi nəticəsində yapışdırılmış “narko tacir” damğası ilə yaşamaq məcburiyyətində qalmışdır. Qanunsuz həbs edildiyindən şəxsiyyətinə və mənliyinə elə zərbə vurmuşdur ki, bu günə qədər də, bəzi dost və qohumları ondan qaçmağa çalışır. Həyatın istənilən sferasında bunu hiss edir. Hətta əvvəllər hər gün bir yerdə işlədiyi adamların yanında hörmətdən düşmüşdür. Belə ki, həmin işçilərin bir qismi ona cinayətkar kimi yanaşmışlar. O, uzun müddət ərzində istintaq orqanının əsassız ittihamının əziyyətini çəkmişdir. Bakı Apellyasiya Məhkəməsi müəyyən etmişdir ki, cinayət işi açıq-aşkar əsassız, qanunsuz və qərəzlidir və bunun nəticəsində ona bəraət hökmü çıxarmışdır. Məhkəmənin çıxardığı hökm tam əsaslı və qanuni olmuşdur. Cinayət prosesini həyata keçirən orqanların bu hərəkətləri nəticəsində İddiaçı hüquqları pozulmuş, ona küllü miqdarda maddi zərər dəymiş və mənəvi istirablar çəkmiş, işgüzar nüfuzuna xələl gətirilmişdir. Ona görə də, hesab edir ki, İddiaçı dəymiş maddi və mənəvi ziyan adiyyəti orqanlar tərəfındən ödənilməlidir. Birinci instansiya məhkəməsinin İddiaçı barəsində yürütdüyü ədalətsiz mövqeyə görə, İddiaçı haqqı və ədaləti yuxarı instansiya məhkəmələrində axtarmışdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsində, Azərbaycan Respublikası Ali Məhkəməsində uzun sürən məhkəmə prosesləri keçirilmişdir. Bu cinayət işinə görə onun müdafiəsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdə onun hüquqlarını Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində müdafiə etmək üçün 1194 №-li vəkil müqaviləsi üzrə 250 manat, xx.xx.2022-ci il tarixdə onun hüquqlarını Xəzər Rayon Prokurorluğunda müdafiə etmək üçün 209 №-li vəkil müqaviləsi üzrə 110 manat, xx.xx.2022-ci il tarixdə onun hüquqlarını Bakı Ağır Cinayətlər Məhkəməsində müdafiə etmək üçün 190 №-li vəkil müqaviləsi üzrə 170 manat, xx.xx.2022-ci il tarixdə hüquqlarını Bakı Apellyasiya Məhkəməsində müdafiəsi üçün 985 №-li vəkil müqaviləsi üzrə 499.48 manat və xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Ali Məhkəməsində hüquqlarını müdafiə etmək üçün 1230 №-li müqavilə üzrə 120.60 manat vəkilə pul ödənilmişdir və onların hər birinin qəbzi iddia ərizəsinə əlavə olunur. İddiaçı hüquqi yаrdımlа əlаqədаr hazırkı müdafiəçiyə 677 nömrəli vəkil müqavilə əsasında məhkəmə icraatına görə 320 mаnаt ödəniş etmişdir. Ona görə də, hesab edir ki, onun hüquqlarının müdafiəsi ilə bağlı müdafiəçiyə ödənilmiş həmin 1470 manat pul məbləği kompensasiya şəklində İddiaçı ödənilməlidir. İddiaçı əsassız olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunması və məhkəmə zalından həbs edilməsi nəticəsində o, tam 1 il, 11 ay, 28 gün ərzində ailəsini dolandırmaq, zəruri təlabatları ödəmək üçün əmək fəaliyyəti ilə məşğul ola bilməmişdir. O, həbs olunmazdan əvvəl, yəni 2019-cu ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin qazanxanasında təsərrüfat işləri üzrə operator vəzifəsində çalışmış hər ay rəsmi olaraq 318 manat məbləğində əmək haqqı almışdır. Bu isə o deməkdir ki, həbs olunduğu müddət ərzində onun əldən çıxan fayda olaraq 7632 manat ziyan dəymişdir. Onun vəkili və nümayəndəsi olaraq tərəfindən Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəhbərliyinə sorğu göndərilərək İddiaçı həbs olunmazdan əvvəl aldığı əmək haqqının məbləğinin nə qədər olmasını təsdiq edəcək rəsmi sənədlərin ona göndərilməsi xahiş edilmişdir. Bundan başqa, digər hal ondan ibarətdir ki, İddiaçı əsassız olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunması və məhkəmə zalından həbs olunması nəticəsində, o, ittiham olunanlara xas şəkildə davranışa məruz qalmış, üzərində məcburi müayinələr aparılmış, barəsində əsassız məhkəmə qərarları çıxarılaraq cəzaya məruz qalmış, cəza məcburi qaydada icra edilmiş, аiləsi və uşaqları bu təsirin əsarətini yaşamışlаr. Mənəvi zərərin miqdarını müəyyən edilməsi ilə bağlı hesab edir ki, hazırkı iş üzrə məhkəmə mənəvi zərərin miqdarını müəyyən edərkən iddiaçının keçirdiyi mənəvi sarsıntı və iztirabların ağırlığını, bu sarsıntı və iztirabların kifayət qədər uzun bir müddət ərzində, yəni 2 il müddət ərzində davam etməsi nəzərə alınmalı, mənəvi zərərin miqdarını ən azı hər ay üçün 3000 manat müəyyən edilməlidir. Ona görə də hesab edir ki, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi kimi müəyyən ediləcək pulun məbləği ən azı 72000 manat müəyyən edilə bilər. Göstərilənlərə əsasən hesab edir ki, mənəvi ziyan olaraq 72000 manаt pul kompensasiya şəklində İddiaçı ödənilməlidir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində İddiaçı vurulmuş ziyanın müdafiəçiyə hüquqi yardımla əlaqədar olaraq ödənilmiş 1470 manat pul məbləği, iddiaçının istintaq orqanları tərəfindən həbs edilməzdən əvvəl Azərbaycan Dövlət Pedaqoji Universitetinin qazanxanasında təsərrüffat işləri üzrə ocaqçı vəzifəsində çalışması ilə əlaqədar həbsdə olduğu 2 il müddət ərzində əldən çıxan fayda olaraq 4602.68 manat və qeyd olunan məbləğin iddiaçıya vaxtında verilməməsinə görə bank uçot dərəcəsinə uyğun olaraq illik o dövrün məzənnəsinə uyğun olaraq ortalama 8 faizlə hesablanaraq ona 368.21 manat faiz borcu olmaqla ümumilikdə 4970.89 manat maddi ziyanın, iddiaçının CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə dair hökmün icrası ilə əlaqədar 1 il 11 ay 28 gün qanunsuz həbsdə qalması ilə bağlı vurulmuş mənəvi ziyana görə 72000 manat məbləğində kompensasiyanın Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsinin vəsaiti hesabına iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş etirazla məhkəməyə müraciət edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışıdır ki, İddiaçı hüquq-mühafizə orqanlarının hərəkətləri və çıxarılan hökm ilə əlaqədar maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ərizəsində qeyd etdiyi kimi hüquq pozuntusunu törədən ibtidai istintaq orqanına deyil, Maliyyə Nazirliyinə yönəltmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edirik ki, həmin iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2009cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə”də Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 63-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Mülki mühakimə icraatı qaydasında qaldırılan bu cür iddiaların hüquqi əsasını təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı həmin orqanların (vəzifəli şəxslərin) qanunsuz hərəkətləri təşkil etsə də, fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə cavabdeh qismində qanunsuz hərəkəti törətmiş qurumlar deyil, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb olunur. Halbuki sözügedən qanunda “müvafiq icra hakimiyyəti”, yəni Maliyyə Nazirliyi qeyd olunmamışdır, bu isə o deməkdir ki, ziyanın ödənilməsi buna cavabdeh olan, yəni hüquq pozunutusunu törətmiş aidiyyəti dövlət orqanı və ya müvafiq bələdiyyə orqanı tərəfindən ödənilməlidir. Eyni zamanda Azərbaycan Respublikasında ali hüquqi qüvvəyə malik olan AR Konstitusiyasının 68-ci və 146-cı maddəsinin tələblərinə müvafiq olaraq dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar. Burdan da bir daha aydın olur ki, dövlətin adından Maliyyə Nazirliyi deyil, hüquq pozuntusuna yol vermiş aidiyyəti dövlət orqanı və ya bələdiyyələr çıxış edir. Həmçinin AR Konstitusiyasının 127-ci və 129-cu maddələrinin tələblərinə görə isə hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» AR Qanunun 6-cı maddəsində fiziki şəxslərə vurulmuş ziyanının ödənilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulsa da, bu hal sözügedən iddia tələbləri üzrə Maliyyə Nazirliyinin cavadeh kimi tanınmasına əsas yarada bilməz. Belə ki, Maliyyə Nazirliyi dövlət büdcəsinin sərəncamçısı olmadığından, bununla bağlı müstəqil çıxış etmək hüququna malik deyildir. Nazirlik öz əsasnaməsinə uyğun olaraq dövlət büdcəsindən maliyyələşən təşkilatların, o cümlədən təhqiqat və ibtidai istintaq orqanlarının sifarişinə əsasən yalnız onların maliyyələşdirilməsini həyata keçirir. Təsadüfi deyildir ki, analoji olaraq sosial və infrastruktur təyinatlı layihələrin icrası zamanı mülkiyyətçilərə vurulmuş zərərin maliyyələşmə mənbəyi dövlət büdcəsi olsa da, həmin məhkəmə işlərinə cavabdeh qismində müvafiq layihəni həyata keçirən və pozuntuya yol vermiş dövlət orqanı, 3-cü şəxs qismində isə Maliyyə Nazirliyi cəlb olunur. Təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı fiziki şəxslərə vurulmuş ziyanın da dövlət büdcəsindən ödənildiyini nəzərə alaraq, bu tipli işlərə də eyni praktika tətbiq edilməlidir. Həmçinin sözügedən məhkəmə proseslərinə cavabdeh qismində müvafiq təhqiqat və ibtidai istintaq orqanlarının cəlb olunması aidiyyəti vəzifəli şəxslərin məsuliyyətliliyinin gücləndirilməsinə, eləcə də bu sahədə yol verilən pozuntuların azaldılmasına, nəticədə vətəndaşların hüquq və azadlıqlarının qorunmasına və məhkəmələrin iş yükünün azaldılmasına səbəb olacaqdır. Eyni zamanda Maliyyə Nazirliyinin sözügedən məhkəmə işlərinə cavabdeh qismində cəlb edilməsi və sonrakı prosessual hərəkətlərin (vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi və s.) onun tərəfindən həyata keçirilməsi cəmiyyətdə və mediada Nazirliyin fiziki şəxslərə zərər vurulmasında təqsirli olması imicini yaratmaqla, Mülki Məcəllənin 23-cü maddəsində qeyd olunan işgüzar nüfuzuna xələl gətirməkdədir. Fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunmasının hər hansı konkret hüquq normasına söykənmədiyini nəzərə alaraq, habelə məhkəmə proseslərinin obyektiv tədqiq edilməsi, qanun pozuntusuna yol vermiş təqsirkar qurumların məsuliyyətinin artırılması və qanunvericilin müddəalarının düzgün tətbiq edilməsi üçün bu tipli məhkəmə işlərinə cavabdeh qismində müvafiq cinayət işləri üzrə təhqiqat və ibtidai istintaq aparmış orqanların cəlb olunması zəruridir. Həmçinin Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Sözügedən maddənin məzmunundan belə anlaşılır ki, hüquq pozuntusu dövlət orqanları və ya onların vəzifəli şəxsi tərəfindən törədildikdə Azərbaycan Respublikası, digər halda isə müvafiq bələdiyyə ödəyir. Həmin Məcəllənin 1101-ci maddəsinə görə isə qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Lakin, yuxarıda göstərilən 2 maddənin məzmununda qeyd edilən orqan dedikdə Maliyyə Nazirliyi nəzərdə tutulmur. Belə ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Maddələrin məzmunundan da göründüyü kimi “Azərbaycan Respublikası” dedikdə təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyil, digər dövlət orqanları da nəzərdə tutulur. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Bundan başqa, iddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin məhz Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən vurulması ilə bağlı heç bir sübut göstərməmişdir. Avropa məhkəməsinin qərarında vurğulanmışdır ki, mənəvi zərərin dəqiq məbləğinin qiymətləndirilməsində yerli səviyyədə verilən pul kompensasiyasının sözügedən ölkənin sosial faktorlarının, habelə ərizəçinin həbsdə saxlanma müddəti kimi işin faktiki elementlərinin nəzərə alınması ilə qiymətləndirilməlidir. Həmçinin, iddiaçının işsiz qaldığı dövr ilə əlaqədar olaraq hansı həcmdə gəlir əldə etdiyini, cinayət məsuliyyətinə cəlb olunduğuna görə gəlirinin hansı həcmindən məhrum olmasına dair mötəbər sübutlar işə əlavə edilmiş sənədlərdə mövcud deyildir. Bu baxımdan iddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsində maddi və mənəvi ziyana məruz qalmasını əsaslandırdığı hallarla bağlı sənədlər təqdim edilmədiyindən iddia əsassız hesab olunmalıdır. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatını dinləyib, cavabdehin etirazını, məhkəmə iclasında araşdırılmış sübutları, iş materiallarında olan və təqdim edilən sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(101)-735/2022 saylı hökmünün surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməklə 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(101)-735/2022 saylı hökmü ləğv edilməklə, İddiaçı CM-nin 234.4.3-cü maddəsi ilə təqsiri sübuta yetirilmədiyindən təqsirsiz hesab edilməklə ona CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1(102)-546/2024 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli hökmü ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə bəraət verilmişdir. Məhkəmə İddiaçı qanunsuz olaraq məhkum olunduğuna görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası Dövlət Büdcəsindən iddiaçının ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyrimaddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər. İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz». Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində ona mənəvi zərər vurulmuşdur. Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məsələsini aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. İşin mübahisəsiz halıdır ki, iddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək (01 il 11 ay 27 gün) müddətində qanunsuz azadlıqdan məhrum edilmişdir. O, həmin müddət ərzində ailəsindən və cəmiyyətdən təcrid olunmaqla ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. Hazırda formalaşmış məhkəmə təcrübəsinə görə, baxılan işlərin hallarına uyğun olaraq təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində bir ay azadlıqdan məhrumetmə yerində cəza çəkmiş şəxsə ödənilən mənəvi zərərin miqdarı təqribən 1.000 manat müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3095/2023 xx.xx.2023-cü il tarixli qərarı). Məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş mənəvi zərərin məbləğinin ağlabatan və ədalətli sayılması üçün hər ayı üçün 1000 manat hesablanmaqla 24000 manat məbləğində müəyyən olunmalıdır. Məhkəmə iddianın “həbs edilməzdən əvvəl Azərbaycan Dövlət Pedaqoji Universitetinin qazanxanasında təsərrüffat işləri üzrə ocaqçı vəzifəsində çalışması ilə əlaqədar həbsdə olduğu 2 il müddət ərzində əldən çıxan fayda olaraq 4602.68 manat və qeyd olunan məbləğin iddiaçıya vaxtında verilməməsinə görə bank uçot dərəcəsinə uyğun olaraq illik o dövrün məzənnəsinə uyğun olaraq ortalama 8 faizlə hesablanaraq ona 368.21 manat faiz borcu olmaqla ümumilikdə 4970.89 manat maddi ziyanın ödənilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfindən məhkəmə xx.xx.2025-ci il tarixdə təqdim edilmiş məlumata əsasən, Azərbaycan Dövlət Pedaqoji Universitetinin sabiq mövsümi işçisi İddiaçı sonuncu dəfə xx.xx.2020-ci il tarixdə xx.xx.2021-ci il tarixinədək ocaqçı vəzifəsinə təyin olunmuşdur. Göründüyü kimi, iddiaçı həbs edilərkən (xx.xx.2021-ci il) onunla işəgötürən arasında qüvvədə olan əmək müqaviləsi mövcud olmamışdır. Odur ki, iddiaçının qanunsuz həbsdə qaldığı müddətdə vurulmuş maddi ziyana dair mötəbər sübutlar təqdim edilmədiyindən iddia bu hissədə təmin edilməməlidir. Müəyyən edilmiş mənəvi zərərin məbləğinin hansı mənbədən ödənilməsinə dair məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli, 48 nömrəlin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Beləliklə, hazırkı iş üzrə iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də Dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan Dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin “hüquqi xidmət göstərilməsi üçün ümumilikdə ödənilmiş 1470 manat”ın tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan qəbzlərdən müəyyən olunur ki, iddiaçı tərəfindən hüquqi yardıma görə 1470 manat ödəniş edilmişdir. Hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunsa da, iddiaçının hüquqi yardımla bağlı vəkilə ödənilən pula görə onun xeyrinə cavabdehdən 1470 manat məbləğində pul tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 24000 manat məbləğində mənəvi zərərin əvəzi və hüquqi xidmətlərə görə sərf edilmiş 1470 manatın əvəzi ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 24000 manat məbləğində mənəvi zərərin və hüquqi xidmətlərə görə sərf edilmiş 1470 manatın əvəzi ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar