Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-78/2024 10.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı, vəkili-nümayəndəsi Nümayəndə1, Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil Çərkəz oğlunun, X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC tərəfindən sağlamlığına dəymiş zərərə görə 30.000 (otuz min) manat miqdarında pulun müştərək qaydada alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Ələkbər qızı xx.xx.1941-ci ildə Azərbaycan Respublikasında anadan olmuşdur, şərəf ordeni ilə təltif olunmuş, 1992-ci ildən müstəqil Azərbaycan dövlətinin ilk xalq artistidir. Əvvəllər tanımadığı Cavabdeh1 ilə kanalların birində veriliş əsnasında tanış olmuşdur. O, özünü peşəkar, plastik cərrah həkim kimi təqdim edərək, “İnternational Klinikası”nda çalışdığını bildirmişdir və peşəsi barəsində geniş təbliğat aparmışdır. Verilişdə gözlərinin plastik cərrahiyyə əməliyyatlarına ehtiyacının olmasına onu inandırıb əməliyyat etməyi təklif etmiş və zəhməti üçün qarşılıq olaraq ödəyəcəyi məbləğdən könüllü imtina etmişdir. Göründüyü kimi, əməliyyat onun iş karyerasına böyük təkan olacağına, daha geniş auditoriyada tamınmasına, reklam və özünü təbliğ etmə hədəfi ilə reallaşdı. 2021-ci ildə Bakı şəhəri, B.Səfəroğlu, 183 ünvanında yerləşən Cavabdeh2 klinikasında cavabdeh (sonradan bilindi ki, ixtisasca cərrah olmayan əsl peşəsi fizioloq olan Cavabdeh1) tərəfindən iddiaçının hər iki göz nahiyəsində plastik cərrahiyyə əməliyyatı aparılmışdır. Uğursuz işin nəticəsi də göz qabağındadır. Nəticədə göz qapaqları ptoz (göz qapağının sallanması, deformasiyası, gözləri tez yorulur və iltihablanır) olmuşdur, göz nahiyəsi eybəcərləşdirilmiş və kiprikləri tökülmüşdür. Belə ki, şəkillərdən aydın göründüyü kimi, göz ətrafları əyilmiş, gərək olmayan halda kənarları tikilmiş, onunla da gözləri kiçilmiş, forması dəyişilmiş, gözləri bir-birindən fərqli məsafələrdə və formalarda (asimmetriya) olmuş və eybəcərləşmişdir. Elədiyi uğursuzluğa etiraza isə yenidən əməliyyata ehtiyacının olmasını etiraf edib, onun özü tərəfindən təkrar əməliyyat edilməsini təklif etmişdir. Üzündə, gözətraflarında və gözündə yaranmış, cavabeh Cavabdeh1 tərəfindən edilən qüsurların təkrar aradan qaldırılması üçün xarici ölkədə reallaşdırıla biləcək əməliyyat üçün böyük məbləğdə - 30.000 manat miqdarında pul lazımdır. Aktiv fəliyyətdə olan sənətkar kimi gündəlik həyatında tamaşaçı qarşısına çıxarkən, iddiaçı yaranmış qüsurlara görə hər yerdə, xüsusən də efirlərdə fiziki və mənəvi stress keçirir. Gözünün eybəcərliyinin görünməməsi üçün qara eynəkdə, ya da hər dəfə professional qrimm ustasına müraciət etməli olur. Bununla da, özünü peşəkar cərrah kimi təqdim edən, Cavabdeh1 və digər Cavabdeh2 MMC tərəfindən iddiaçının sağlamlığına zərər vurulmuşdur. Hüquqlarını müdafiə etmək üçün o, məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil Çərkəz oğlu iddianı qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2 MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və ekspert rəylərini nəzərdən keçirib, iş üzrə tərəflərin izahatlarına və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan: BB-İ seriyalı 011610 nömrəli diplomdan görünür ki, X3 2003-cü ildə Azərbaycan Tibb Universitetinə daxil olmuş və 2009-cu ildə universitetin “Müalicə işi” ixtisası üzrə tam kursu bitirmiş, həkim andı qəbul olunaraq Dövlət attestasiya komissiyasının xx.xx.2009-cu il tarixli qərarı ilə ona həkim ixtisası verilmişdir. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən xx.xx.2021-ci il tarixli AH seriyalı 040407 nömrəli sertifikasiya şəhadətnaməsindən görünür ki, X3 xx.xx.2021-ci il tarixində həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. Şəhadətnamənin xx.xx.2026-cı il tarixinədək etibarlı olacağı qeyd edilmişdir. Cavabdeh1 ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsindən görünür ki, tərəflər Cavabdeh1 həmin tarixdən plastik cərrah kimi işləməsi barədə razılığa gəlmişlər. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixdə Cavabdeh2 MMC-də həkimnevropatoloq kimi işə başlamış (müddətsiz), dəyişiklik edildiyi tarixdən həkim plastik cərrah kimi fəaliyyətinə davam etmişdir. Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş ambulator xəstənin tibbi kartasından görünür ki, İddiaçı xx.xx.2021-ci ildə klinikaya daxil olmuş, ona “hər iki gözün lateral dəri qapağının yerli keyitmə ilə ləğv edilməsi” diaqnozu qoyulmuş, həmin tarixdə klinikadan çıxmışdır. Həkimin ilk müayinəsi barədə qeydlərdən görünür ki, xx.xx.2021-ci ildə iddiaçının şikayətləri aşağı göz qapaqlarının sallanması, gözün ağlı qişasının həddindən artıq görünməsi, üst göz qapağının məhdudluğu, “yumru göz” simptomu olmuşdur. Anamnez qrafasında “Göz qapaqlarının estetik əməliyyatlarından sonra sonuncu vəziyyət. Bir neçə dəfə müxtəlif həkimlərdə göz qapağı əməliyyatları olub, əməliyyat sonrası fəsadların aradan qaldırılması məqsədilə klinikaya müraciət etmişdir” qeydi aparılmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5 həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X8” X11 xx.xx.2023-cü il tarixli KEŞ-305 nömrəli rəyindən görünür ki, 1941-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, məhkəmə tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərardadda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlmişdir:
1. Cavabdeh1 adına verilmiş AH 040407 nömrəli sertifikasiya şəhadətnaməsindən görünür ki, onun plastik cərrahiyyə əməliyyatını icra etmək səlahiyyəti vardır. 2-4.7.8. “X6 1” Klinikasında İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdən göründüyü kimi, “Keçirilmiş göz qapağı əməliyyatlarından sonrakı vəziyyət” diaqnozu ilə klinikaya daxil olmuş və onun üzərində “Hər iki gözün lateral dəri çapığının yerli keyitmə ilə ləğv edilməsi” cərrahiyyə əməliyyatı aparılmışdır. İddiaçı mütəxəssis müayinəsi zamanı ona aparılmış göz qapaqlarında cərrahiyyə əməliyyatından sonra çapıq toxumasının, alt göz qapaqlarında dəri defektinin, üz nahiyəsində, gözlərdə asimmetriyanın olduğu müəyyən edilmişdir. Həmçinin, göz və göz qapaqları keçirilmiş əməliyyatlardan sonra mediala doğru daralmışdır. Bununla əlaqədar onun təkrar əməliyyata ehtiyacı vardır. İş materiallarına əlavə edilmiş məlumatlardan göründüyü kimi, İddiaçı hər iki göz qapaqlarında təkrar cərrahiyyə əməliyyatları aparıldığından hansı əməliyyatın düzgün icra edilməməsi barədə dəqiq fikir söylənilməsi mümkün olmadı.
5. Cərrahiyyə əməliyyatına sərf olunacaq vəsaitin miqdarının təyini məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətinə aid deyil.
6. İddiaçı aparılacaq cərrahiyyə əməliyyatının Azərbaycan Respublikasında fəaliyyət göstərən dövlət və özəl tibb müəssisələrində həyata keçirilməsi mümkündür. “X12 Medilux” tərəfindən verilmiş xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli arayışlarından görünür ki, İddiaçı, həqiqətən də, başqa tibb mərkəzində keçirdiyi iki əməliyyatdan sonra, sol alt göz qapağının tamamilə çevrilməsindən, bu fonda göz yaşının qeyri-adekvat axması, göz quruluğu, ağrıların olmaası və estetik baxımdan narahatlığından, sağ alt göz qapağının yalnız bayır bucağında açılma və sallanma şikayətləri ilə xx.xx.2009-cu il tarixində "xxxx" QSC klinikasında həkim-cərraha müraciət etmişdir. Həkim tərəfindən xəstəyə “İkincili blefaroplastika əməliyyatından sonrakı sol alt göz qapağının 3-cü dərəcəli, sağ alt qapağının 1-ci dərəcəli ektropionu” diaqnozu qoyulmuşdur. Xəstəyə həmin tarixdə “Sol ektropionun dəri qrefti ilə bərpası, sağ tərəfli miokantopeksiya” əməliyyatı icra olunmuşdur. Ümumi vəziyyətin yaxşı olduğu nəzərə alınaraq, xəstə xx.xx.2009-cu il tarixində cərrah və yaşadığı rayon poliklinikasında həkim nəzarəti şərti ilə evə yazılmışdır. İddiaçı həmin əməliyyatdan sonrakı nəticəsi qənaətbəxş olmuş, 13 il müddətində sağ tərəflə yanaşı, sol alt gözün çevrilməsi tamamilə bərpa olunmuş və ona qədər (3 il müddətində) daşıdığı rəngli eynəkdən və şikayətlərindən azad olmuşdur. Əməliyyatdan əvvəlki (2009) fotolar məhkəməyə göndərilmişdir, əməliyyatdan sonrakı foto və video görüntüləri, çəkdirdiyi kliplər, TV verilişləri, sosial şəbəkələrdə kifayət qədər var. Bu 13 il ərzində gözlə bağlı heç bir müraciəti olmamış və tanıdığı insanlardan həmin klinikaya bu tip əməliyyatlarla bağlı bir neçə pasient də göndərmişdir. xx.xx.2023-cü il tarixində İddiaçı klinikaya yenidən 2022-ci ildə “X6” klinikasında alt göz qapaqlarının və göz küncünün bayır kənarının dəri qırışlarını aradan qaldırmaq üçün keçirdiyi əməliyyatdan sonrakı şikayətləri ilə yenidən müraciət etmişdir. 2009-cu ildəki problem sol alt göz qapağını əhatə etdiyi halda, indiki (2023) görüntüdə (tam əksi) sağ alt göz qapağının daha çox açıq qaldığı izlənilir. Əməliyyata məxsus lateral (kənara) uzanan çapıq izləri müşahidə edilir. 2022-ci ildə keçirdiyi əməliyyatdan sonra qısa zaman fotolarında problem daha çox görünür. Zamana bağlı son halını qiymətləndirərək, “Təkrari alt blefaroplastikadan sonrakı vəziyyət, sağ alt göz qapağının İİ dərəcəli ektropionu, sol tərəfin skleral şousu” diaqnozu təsdiqlənir. Bu, cərrahi əməliyyatla bərpa oluna biləcək haldır. “TƏBİB” PHŞ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatda olmasına baxmayaraq, ərazi üzrə xidmət göstərən 3 nömrəli şəhər poliklinikasına müraciəti qeydə alınmamışdır. Eyni zamanda, İddiaçı xx.xx.2021-ci il tarixində “Sinovac” doza 1 və xx.xx.2021-ci il tarixində “Sinovac” doza 2 Bakı şəhəri Binəqədi rayonu 35 nömrəli şəhər poliklinikasında “COVİD-19” virus infeksiyası əleyhinə peyvənd vurulmuşdur. Bakı şəhəri Nəsimi rayon prokurorluğu tərəfindən xx.xx.2023-cü il tarixli məktubla İddiaçı müraciəti əsasında prokurorluqda toplanmış material üzrə təyin olunmuş komisyon məhkəmə-tibbi ekspertizasının rəylərinin surətləri məhkəməyə göndərilmişdir. Məktuba əlavə edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X8” X11 xx.xx.2023-cü il tarixli, KEŞ-242 nömrəli ekspert rəyindən görünür ki, 1941-ci il təvəllüdlü İddiaçı Əİəkbərovnanın adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlmişdir: 1.4.5. “X6 1” Klinikasında İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdən göründüyü kimi, “keçirilmiş göz qapağı əməliyyatlarından sonrakı vəziyyət” diaqnozu ilə klinikaya daxil olmuş və onun üzərində “hər iki gözün lateral dəri çapığının yerli keyitmə ilə ləğv edilməsi” cərrahiyyə əməliyyatı aparılmışdır. İddiaçı mütəxəssis müayinəsi zamanı ona aparılmış göz qapaqlarında cərrahiyyə əməliyyatından sonra çapıq toxumasının, alt göz qapaqlarında dəri defektinin, üz nahiyəsində, gözlərdə asimmetriyanın olduğu müəyyən edilmişdir. Həmçinin, göz və göz qapaqları keçirilmiş əməliyyatdan sonra mediala doğru daralmışdır. Qeyd olunanları nəzərə alaraq, onun üzərində aparılmış cərrahiyyə əməliyyatı qüsurlu icra edilmişdir və bu da onun səhhətinin ağırlaşmasına səbəb olmuşdur. Bununla əlaqədar onun təkrar əməliyyata ehtiyacı vardır. Səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq göstərişi pozulmuşdur və buna məsul şəxs plastik cərrah Cavabdeh1dır. 2.3. Tibbi manipulyasiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərə alınmır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X8” X11 xx.xx.2023-cü il tarixli, KEŞ-443 nömrəli ekspert rəyindən görünür ki, 1941-ci il təvəllüdlü İddiaçı Əİəkbərovnanın adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlmişdir:
1. “X6-1” Klinikasında İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdən göründüyü kimi, “keçirilmiş göz qapağı əməliyyatlarından sonrakı vəziyyət” diaqnozu ilə klinikaya daxil olmuş və onun üzərində “hər iki gözün lateral dəri çapığının yerli keyitmə ilə ləğv edilməsi” cərrahiyyə əməliyyatı aparılmışdır. 2-6. İddiaçı mütəxəssis müayinəsi zamanı ona aparılmış göz qapaqlarında cərrahiyyə əməliyyatından sonra çapıq toxumasının, alt göz qapaqlarında dəri defektinin, üz nahiyəsində, gözlərdə asimmetriyanın olduğu müəyyən edilmişdir. Həmçinin, göz və göz qapaqları keçirilmiş əməliyyatdan sonra mediala doğru daralmışdır. İş materiallarına əlavə edilmiş məlumatlardan göründüyü kimi, İddiaçı hər iki göz qapağında təkrar cərrahiyyə əməliyyatları aparıldığından, hansı əməliyyatın düzgün icra edilməməsi barədə fikir söylənilməsi mümkün olmadı. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X8” X11 xx.xx.2023-cü il tarixli, KEŞ-639 nömrəli ekspert rəyindən görünür ki, 1941-ci il təvəllüdlü İddiaçı Əİəkbərovnanın adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlmişdir: 1.2. “X6-1” Klinikasında İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdən göründüyü kimi, “keçirilmiş göz qapağı əməliyyatlarından sonrakı vəziyyət” diaqnozu ilə klinikaya daxil olmuş və onun üzərində “hər iki gözün lateral dəri çapığının yerli keyitmə ilə ləğv edilməsi” cərrahiyyə əməliyyatı aparılmışdır. İddiaçı mütəxəssis müayinəsi zamanı ona aparılmış göz qapaqlarında cərrahiyyə əməliyyatından sonra çapıq toxumasının, alt göz qapaqlarında dəri defektinin, üz nahiyəsində, gözlərdə asimmetriyanın olduğu müəyyən edilmişdir. Həmçinin, göz və göz qapaqları keçirilmiş əməliyyatdan sonra mediala doğru daralmışdır. İş materiallarına əlavə edilmiş məlumatlardan göründüyü kimi, İddiaçı hər iki göz qapağında təkrar cərrahiyyə əməliyyatları aparıldığından, hansı əməliyyatın düzgün icra edilməməsi barədə fikir söylənilməsi mümkün olmadı.
3. İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə iki qaş arasına və göz üstünə botoks olunması barədə qeydiyyat yoxdur və onun mütəxəssis müayinəsi zamanı qeyd olunan nahiyələrdə hər hansı bir patoloji dəyişiklik müəyyən edilməmişdir.
4. Eybəcərləşmə məhkəmə-tibbi məfhumu deyildir. Tibbi manipulyasiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərə alınmır. Mülki işin obyektiv və ədalətli baxılmasını təmin etmək məqsədilə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə komission məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və X5, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə və X10 həvalə edilmişdir. “X12 Medilux” tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı "xxxx" QSC klinikasına daxil olması ilə bağlı heç bir qeydiyyat aşkarlanmamışdır. "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda xx.xx.2023-cü il tarixli qərardadın onlar tərəfindən icrasının mümkün olmaması qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X8” X11 xx.xx.2024-cü il tarixli KEŞ-57 nömrəli rəyindən görünür ki, 1941-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, özünün məhkəmə tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir:
1. İş materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyinin AH 040407 nömrəli sertifikasiya şəhadətnaməsindən görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixdən plastik cərrahiyyə üzrə Azərbaycan Respublikasının ərazisində praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. Cavabdeh1 plastik cərrahiyyə əməliyyatlarını icra etmək səlahiyyətindədir. 2.7. İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2021-ci il tarixdə “X6”ə aşağı göz qapaqlarının sallanması, gözün ağlı qişasının həddindən artıq görünməsi, üst göz qapağının məhdudluğu və “yumru göz” simptomu şikayətləri ilə tibb müəssisəsinə müraciət etmişdir. Aparılmış müvafiq müayinələrdən sonra İddiaçı “Keçirilmiş göz qapağı əməliyyatlarından sonrakı vəziyyət” diaqnozu təyin edilmiş və təyin edilmiş diaqnoza uyğun olaraq “Hər iki gözün lateral dəri çapığının yerli keyitmə ilə ləğv edilməsi” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyat protokolunda əməliyyatın texniki icrası düzgün qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş məlumatlara əsasən, İddiaçı 2022-ci ildə yenidən göz ətrafı nahiyələrində təkrar cərrahiyyə əməliyyatının aparılması qeyd edilmişdir. Hazırda göz qapaqlarında cərrahiyyə əməliyyatından sonra çapıq toxumasının, alt göz qapaqlarında dəri defektinin, üz nahiyəsində, gözlərdə asimmetriyanın olduğu müəyyən edilmişdir. Pasiyentin yaşını, dəri turqorluğunu, dəri elastikliyini, dəfələrlə cərrahiyyə əməliyyatlarına məruz qalmasını nəzərə alaraq, hazırda texniki qüsurun məhz hansı cərrahiyyə əməliyyatından sonra baş verməsi haqqında fikir söylənilməsi mümkün deyil.
3. İddiaçı qeyd olunan dəyişikliklər tibbi manipulyasiya ilə əlaqədar olduğundan sağlamlığa zərərvurmanın dərəcəsinin təyinində nəzərə alınmır. 4.8.9. İddiaçı xx.xx.2021-ci il tarixdə keçirdiyi cərrahiyyə əməliyyatının texniki gedişi (əməliyyatın icra texnikası) düzgün olmuş, lakin təkrar əməliyyatın aparılmasını və pasientin fərdi xüsusiyyətlərini nəzərə alaraq, hazırda qeyd olunan dəyişiklikləri əməliyyatın qüsuru ilə əlaqələndirmək mümkün deyil. Eybəcərləşmə məhkəmə-tibbi məfhumu deyildir.
5. İddiaçı üzərində hazırda təkrar plastik və estetik cərrahiyyə əməliyyatı keçirilə bilər, lakin əməliyyatın nəticəsi barədə əvvəlcədən proqnoz verilməsi mümkün deyildir. Həmin əməliyyat üçün vəsaitin miqdarının təyini məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətinə aid deyil.
6. İddiaçı üzərində gələcəkdə icra oluna biləcək cərrahiyyə əməliyyatının ölkə daxili və ya ölkə xaricində olmasının təyini məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyil.
10. İddiaçı 2009-cu ildən əvvəlki dövrlərdə cərrahiyyə əməliyyatları keçirməsi haqqında hər hansı tibbi sənəd mövcud deyil. İddiaçı xx.xx.2021-ci il tarixdə “X6”ə müraciət etmiş və Cavabdeh1 obyektiv müayinəsi zamanı onda hər iki gözdə əvvəllər keçirilmiş əməliyyatların çapıq izləri, alt və üst göz qapaqlarının sallanması, gözün ağlı qişasının həddindən artıq görünməsi - retraksiyası, göz qapaqlarının anatomik qurluşunun pozlulması və “yumru göz” simptomunun olduğu müəyyən edilmişdir. Həmin tarixdə rekonstruktiv cərrahi əməliyyatı icra edilmişdir. Daha sonra 2022-ci il tarixdə təkrar əməliyyat aparılmış və hal-hazırda onda göz qapaqlarında cərrahi əməliyyatlarından sonra çapıq toxumalarının, alt göz qapaqlarında dəri effektinin, üz nahiyəsində, gözlərdə asimmetriyanın olduğu müəyyən edilmişdir. İş materiallarına, həmçinin, İddiaçı gözlərinin fotoşəkilləri əlavə edilmişdir. Beləliklə, tərəflərin izahatları, iş materialları və çoxsaylı ekspert rəyləri əsasında məhkəmə tərəfindən müəyyən edildi ki, xx.xx.2021-ci ildə Cavabdeh2 MMC-yə “aşağı göz qapaqlarının sallanması, gözün ağlı qişasının həddindən artıq görünməsi, üst göz qapağının məhdudluğu, “yumru göz” simptomu” şikayətləri ilə müraciət edən İddiaçı klinikanın plastik cərrahı – digər Cavabdeh1 tərəfindən “göz qapaqlarının estetik əməliyyatlarından sonrakı sonuncu vəziyyət” diaqnozu qoyulmaqla “hər iki gözün lateral dəri qapağının yerli keyitmə ilə ləğv edilməsi” cərrahiyyə əməliyyatı icra edilmiş, anamnezində “Bir neçə dəfə müxtəlif həkimlərdə göz qapağı əməliyyatları olub, əməliyyat sonrası fəsadların aradan qaldırılması məqsədilə klinikaya müraciət etmişdir” qeydi aparılmışdır. Hazırda iddiaçı cavabdeh həkimin cərrah olmadığı, yəni cərrahiyyə əməliyyatı etmək səlahiyyətinə malik olmadığı halda, onun gözləri ilə bağlı qüsurlu plastik cərrahiyyə əməliyyatı apardığını, bunun nəticəsində iddiaçının sağlamlığına zərər dəydiyini, yüksək nüfuza malik xalq artisti olduğu halda, bu əməliyyatdan sonra gözlərində yaranmış problemlər səbəbindən görünüşü ilə bağlı kompleks yaşadığına görə efirə çıxa bilmədiyini və yenidən əməliyyata ehtiyacı olduğunu, bu əməliyyatın xaricdə icra edilməli olduğunu bildirərək, ona 30.000 manat məbləğində maddi zərər dəydiyini iddia edir və bu məbləğin cavabdehlərdən – həkimdən və onun işlədiyi (əməliyyatın icra edildiyi) klinikadan tutularaq iddiaçıya verilməsini; cavabdehlər isə iddiaçının iddiasının əsassız olduğundan və sübuta yetməməsi səbəbindən rədd edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə iddia tələbinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəf Cavabdeh1 plastik cərrahiyyə əməliyyatını icra etməyə səlahiyyətinin olmamasını mübahisələndirsə də, bu barədə heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, onun bu dəlili formal şifahi mülahizədən ibarət olmuşdur. Halbuki, cavabdehin plastik cərrah ixtisasına yiyələnməsi, iddiaçını əməliyyat etdiyi klinikada əmək müqaviləsi üzrə məhz həmin vəzifədə işləməsi, bir sözlə, mübahisələndirilən əməliyyatı icra etməyə səlahiyyətinin olması məhkəmə araşdırmasına təqdim edilmiş mötəbər sübutlarla (sertifikasiya şəhadətnaməsi, əmək müqaviləsi, bildiriş, ekspert rəyi və s.) öz təsdiqini tapmışdır. İddiaçı tərəf əməliyyatın qüsurlu icra edildiyini, müvafiq tibbi göstərişlərin yerinə yetirilmədiyini iddia etsə də, məhkəmə araşdırması zamanı təyin edilmiş ekspertiza nəticəsində verilmiş ekspert rəyləri ilə əməliyyatın düzgün icra olunması, qüsurlu olmaması müəyyən edilmiş, bu səbəbdən iddiaçının bu dəlilinin də heç bir mötəbər sübutla öz təsdiqini tapmaması müəyyən edilmişdir. İddiaçının şikayəti əsasında prokurorluqda aparılan araşdırma zamanı təyin edilmiş ilkin ekspertizanın rəyində iddiaçının səhhətində yaranmış problemin səbəbinin Cavabdeh1 olması qeyd edilsə də, həmin araşdırma zamanı sonradan təyin edilmiş daha iki ekspertizanın nəticəsində, həmçinin, məhkəmə tərəfindən təyin edilmiş ekspertizaların nəticəsində cavabdehin əməliyyatı düzgün icra etməsi və iddiaçının sağlamlığında olan qüsurların cavabdeh tərəfindən edilmiş əməliyyatla birbaşa əlaqəli olmaması müəyyən edilmişdir. Prokurorluqda aparılan araşdırma üzrə təyin edilmiş ilkin ekspertiza tədqiqatı zamanı iddiaçının 2009-cu ildə də göz əməliyyatı keçirməsi barədə məlumat müvafiq ekspertlərə verilmədiyindən (sonrakı rəylərdə “X12 Medilux” tərəfindən verilmiş arayışlara istinad edilsə də, ilkin rəydə belə bir məlumat qeyd edilməmişdir), həmin ekspert rəyinin sonrakı rəylərlə ziddiyyət təşkil etməsinin səbəbi aydın olur və məhkəmənin qənaətinə görə, bu səbəbdən həmin rəy mötəbər sübut kimi qiymətləndirilə bilməz. İddiaçı tərəfin “iddiaçının yenidən əməliyyata ehtiyacının olması, bu əməliyyatın icra edilməsi üçün 30.000 manat məbləğində pulun tələb olunması və əməliyyatın xaricdə həyata keçiriləcəyi” dəlili ilə bağlı qeyd edilməlidir ki, iddiaçının göz qapaqlarında cərrahiyyə əməliyyatından sonra çapıq toxumasının, alt göz qapaqlarında dəri defektinin, üz nahiyəsində, gözlərdə asimmetriyanın müəyyən edilməsi səbəbindən onun daha bir əməliyyata ehtiyacının olması işdə olan ekspert rəyləri ilə də təsdiqlənsə də, bu ehtiyacın məhz həkim Cavabdeh1 tərəfindən edilmiş əməliyyata görə meydana gəlməsi sübut olunmur. Belə ki, məhkəməyə təqdim edilmiş müvafiq ekspert rəyində “pasiyentin yaşını, dəri turqorluğunu, dəri elastikliyini, dəfələrlə cərrahiyyə əməliyyatlarına məruz qalmasını nəzərə alaraq, hazırda texniki qüsurun məhz hansı cərrahiyyə əməliyyatından sonra baş verməsi haqqında fikir söylənilməsi mümkün deyil”; “İddiaçı xx.xx.2021-ci il tarixdə keçirdiyi əməliyyatın təkrar əməliyyat olmasını və pasientin fərdi xüsusiyyətlərini nəzərə alaraq, hazırda qeyd olunan dəyişiklikləri əməliyyatın qüsuru ilə əlaqələndirmək mümkün deyil” nəticəsinə gəlinmişdir. Deməli, iddiaçıda qüsurlar olması və bu səbəbdən onun təkrar əməliyyata ehtiyacının olması faktı mübahisəsiz olsa da, bu faktın cavabdeh həkim tərəfindən edilmiş əməliyyatla səbəbli əlaqəsi və həkimin hər hansı təqsirli hərəkəti (hərəkətsizliyi) müəyyən edilmir. İddiaçının ehtiyacı olduğu əməliyyatın ölkə daxilində həm dövlət, həm də özəl tibb müəssisələrində həyata keçirilməsinin mümkünlüyü də müvafiq ekspert rəyi ilə təsdiqlənir. Məhkəmə tərəfindən iddiaçı tərəfə təkrar əməliyyat üçün tələb edilən vəsaitin məbləğinə dair sübutların təqdim edilməsinin təklif edilməsinə baxmayaraq, iddiaçı tərəfindən bu məbləğin nəyə əsasən cavabdehlərdən tələb edilməsinə dair heç bir sübut təqdim edilməmiş, məhkəmə araşdırması zamanı təyin edilmiş ekspertiza nəticəsində verilmiş ekspert rəylərində isə təkrar əməliyyat üçün nə qədər vəsaitin tələb olunmasının müəyyən edilməsinin həmin komissiyanın səlahiyyətinə aid olmadığı qeyd edilmişdir. İddia tələbinin əsasını təşkil edən halların sübut edilməsi vəzifəsi iddiaçının üzərində olsa da, göründüyü kimi, o, həmin sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, cavabdehlərin təqsirli hərəkətləri (hərəkətsizlikləri), həmçinin, iddiaçının sağlamlığına dəymiş zərərlə onların hərəkətləri arasında səbəbli əlaqə müəyyən edilmədiyindən, habelə tələb edilən məbləğə dair sübutlar iddiaçı tərəfindən təqdim edilmədiyindən, hazırki işin faktiki hallarının iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı məlum olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tələb əsassız olduğundan və iddiaçının dəlilləri sübuta yetmədiyindən, iddia təmin edilməməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa, rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096-cı maddəsinə müvafiq olaraq, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. 1099-cu maddəsinə görə, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Qanunun bu normalarının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə müvafiq olaraq, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova