Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-781/2025 02.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, Qusar rayonu, Gündüzqala bələdiyyə tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan göründüyü kimi Qusar rayonu Gündüzqala bələdiyyəsi ərazisində 0.12 ha həyətyanı torpaq sahəsi və Qusar rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il 29 oktyabr tarixli 15/1 nömrəli qərarı ilə verilmiş KOD 301070** JN ***7 saylı Torpaq mülkiyyətinə dair Dövlət Aktına əsasən 2.44 ha pay torpaq sahəsi iddiaçının adınadır. Yuxarıda qeyd olunan halları Qusar rayon Dövlət arxivinin xx.xx.2023cü il tarixli Arxiv çıxarışı da təsdiq edir. İddiaçı Qusar rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il 29 oktyabr tarixli 15/1 nömrəli qərarı ilə verilmiş KOD 301070** JN ***7 saylı Torpaq mülkiyyətinə dair Dövlət Aktının çıxarışla əvəz olunması üçün DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etdikdə ona müəyyən oldu ki, həmin torpaq sahəsinin 1.6046 ha hissəsi başqa şəxsin adına rəsmiləşmiş və daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. Sorğular və məhkəmə araşdırmaları nəticəsində müəyyən oldu ki, iddiaçının mülkiyyətində olan 2.44 ha pay torpağın 1.6046 ha hissəsi guya Qusar rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 1-158 saylı qətnaməsi əsasında Cavabdeh adına keçmiş, daha sonra o, həmin torpaq sahəsini başqa şəxslərə satmışdır. Qusar rayon Məhkəməsində Cavabdeh və DƏDRX 5 saylı Xaçmaz ərazi idarəsinə qarşı iddia qaldıraraq, 2.44 ha pay torpağın 1.6046 ha hissəsinin Cavabdeh adına verilmiş çıxarışın etibarsız sayılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. 2(029)-206/2019 saylı həmin iş üzrə müəyyən oldu ki, Qusar rayon Məhkəməsində ümumiyyətlə xx.xx.2006-cı il tarixli, 1-158 saylı qətnamə mövcud olmamışdır. Buna görə də məhkəmə iddiaçının iddiasını təmin etdi. İş üzrə tərəf olmayan, lakin maraqlarına toxunan şəxs X3 rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(029)- 206/2019 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin araşdırması zamanı müəyyən oldu ki, Cavabdeh mübahisə predmeti olan saxta məhkəmə qətnaməsi əsasında iddiaçının 2.44 ha pay torpaq sahəsindən adına rəsmiləşdirdiyi 1.6046 ha torpaq sahəsini 31 iyul 2018-ci il tarixdə X2. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-1243/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmadı və Qusar rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(029)-206/2019 saylı qətnaməsi qüvədə saxlanıldı. Əlbəttə, narazı qalan tərəf X7 həmin qətnamədən kassasiya şikayəti verdi. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-4950/2022 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-1243/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa o da müəyyən oldu ki, Cavabdeh 1.6046 ha torpaq sahəsini Kamilov Ruslana 69720 manata satmışdır. Bundan sonra iddiaçı Qusar rayon Məhkəməsində iddia qaldıraraq Cavabdeh ilə X7 arasında bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv olunmasını məhkəmədən xahiş etdi. Qusar rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(029)-713/2021 saylı qətnaməsinə əsasən iddia rədd olundu. Qətnamə onunla əsaslandırıldı ki, X7 vicdanlı alıcı olmuşdur. Təbii ki, həmin qətnamədən apellyasiya və kassasiya şikayətləri verdi və heç biri təmin olunmadı. Hazırda ortada olan hüquqi mənzərə ondan ibarətdir ki, iddiaçının halal, qanuni mülkiyyətində olan 2.44 ha torpaq sahəsini dələduzluq yolu ilə, yəni saxta məhkəmə qətnaməsi ilə (xx.xx.2006-cı il tarixli, 1-158 saylı) cavabdeh öz adına rəsmiləşdirərək iddiaçıya ziyan vurmuşdur. Hüquqlarının mümkün bərpası üçün məhkəməyə müraciət etsə də, iddiaçıya dəymiş ziyan qarşılanmamışdır. Qətnamələrlə sübut olunsa da ki, 1.6046 ha torpaq sahəsi iddiaçınındır, Kamilov Ruslan vicdanlı alıcıdır deyilərək göz görə-görə mülkiyyəti əlindən alınmışdır. Burda bir sual çıxır, Kamilov Ruslan vicdanlı alıcıdırsa bəs iddiaçı kimdir?! Hesab edir ki, Cavabdeh iddiaçının mülkiyyətində olan 1.6046 ha torpaq sahəsini saxta yolla əldə edərək, özgəninkiləşdirib 69720 manat gəlir əldə etmişdir və iddiaçıya ziyan vurmuşdur. Göstərilənlərə əsasən Cavabdeh iddiaçıya dəymiş ziyanın əvəzi olaraq 69.720 manat məbləğində pulun və 300 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə və iddia ərizəsinin surəti ona göndərilməklə iddiaya münasibəti (iddianın etirafı, rədd edilməsi və s.) xahiş edilsə də, bununla bağlı məhkəməyə heç bir məlumat daxil olmamışdır. 5.Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını və çıxışını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 6.Mülki işin materiallarında olan Qusar Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(029)-206/2019 saylı qətnaməsinə əsasən iddianın təmin edilməsi, KOD 30107038 JN- 0007 saylı, 16 iyul 1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən iddiaçı X6 və ailə üzvlərinə məxsus 2.44 hektar kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin 1.6046 hektar hissəsinə dair Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh adına verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MH № ******* saylı Çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. 7.Mülki işin materiallarında olan Qusar rayon İcra Hakimiyyəti Qusar rayon Dövlət Arxivi tərəfindən verilən xx.xx.2023-cü il tarixli arxiv çıxarışından görünür ki, Qusar rayonu Gündüzqala kolxozunda torpaq payı almaq hüququ olan subyektlərin siyahısı X8, X10, X5r. 8.Mülki işin materiallarında olan Qusar rayonu Gündüzqala Bələdiyyəsi tərəfindən verilən xx.xx.2021-ci il tarixli, 51 nömrəli Arayışdan görünür ki, İddiaçı ailə üzvlərinin Qusar rayonu Gündüzqala bələdiyyəsi ərazisində 0.12 hektar həyətyanı və Qusar rayonu Agrar islahat komissiyasının 1997-ci il 29 oktyabr tarixli 15/1 nömrəli qərarı ilə verilmiş Kod 301070** JN ***7 saylı torpaq mülkiyyətinə dair Dövlət aktına əsasən 2.44 hektar pay torpaq sahəsi mövcuddur və ailəsi tərəfindən istifadə olunur. 9.Mülki işin materiallarında olan Qusar Rayon Məhkəməsi tərəfindən İddiaçı ünvanlanan 28 dekabr 2021-ci il tarixli cavab məktubundan görünür ki, 16 dekabr 2021-ci il tarixdə Qusar Rayon Məhkəməsinə daxil olmuş ərizəyə əsasən araşdırılma aparılmış və müəyyən edilmişdir ki, Qusar Rayon Məhkəməsinin 2006-cı il üzrə arxivində mövcud olan 2-158 saylı mülki iş üzrə qəbul edilmiş 11 may 2006-cı il tarixli qərardad başqa şəxslər arasında olan tələb ilə əlaqədardır. Bu səbəbdən həmin iş üzrə qəbul edilmiş 11 aprel 2006-cı il tarixli qətnamə mövcud olmadığından hər hansı bir sənədin verilməsi qeyrimümkündür. 10.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-4950/2022 saylı qərarına əsasən İddiaçı cavabdehlər Cavabdeh və X4 (mütəqil tələblər irəli sürməyən üçüncü şəxslər Qusar rayon Notariat Ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi) qarşı “alqısatqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 may 2022-ci il tarixli, 2(105)-720/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 11.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli dövlət rüsumunun ödənilməsinə dair elektron qəbzdən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 300 manat məbləğində dövlət rüsumu ödənilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 12.Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Qusar rayonu Gündüzqala bələdiyyəsi ərazisində 0.12 ha həyətyanı torpaq sahəsi və Qusar rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il 29 oktyabr tarixli 15/1 nömrəli qərarı ilə verilmiş KOD 301070** JN ***7 saylı Torpaq mülkiyyətinə dair Dövlət Aktına əsasən 2.44 ha pay torpaq sahəsi iddiaçı və onun ailə üzvlərinin adına olmuşdur. Sonradan iddiaçıya məlum olmuşdur ki, ona məxsus 2.44 ha pay torpaq sahəsinin 1.6046 ha hissəsi Qusar Rayon Məhkəməsinin 11 aprel 2006-cı il tarixli, 2-158 nömrəli qətnaməsinə əsasən hazırki iş üzrə Cavabdeh adına rəsmiləşdirilmişdir. İddiaçı bununla bağlı Qusar Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsinin cavabdehin adına rəsmiləşdirilməsinə əsasən olan 11 aprel 2006-cı il tarixli, 2-158 nömrəli qətnaməsi mövcud deyildir, yəni torpaq sahəsi heç bir qanuni əsas olmadan cavabdehin adına rəsmiləşdirildiyindən Qusar Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında iddiaçının tələbi təmin edilmiş və KOD 30107038 JN-0007 saylı, 16 iyul 1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən iddiaçı X6 və ailə üzvlərinə məxsus 2.44 hektar kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin 1.6046 hektar hissəsinə dair Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh adına verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MH № ******* saylı Çıxarış etibarsız hesab edilmişdir. 13.Müəyyən edilmişdir ki, iddiaçıya məxsus torpaq sahəsi qeyri-qanuni yolla cavabdeh tərəfindən əldə edildikdən sonra cavabdeh tərəfindən alqı-satqı müqaviləsi əsasında üçüncü şəxs X1. Bundan sonra iddiaçı yenidən məhkəmədə iddia qaldıraraq həmin alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsini tələb etsə də, məhkəmənin qətnaməsinə əsasən iddia tələbi rədd edilmiş, həmin qətnamə sonda Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarına əsasən dəyişdirilmədən qüvvədə saxlanılmışdır. 14.Hazırda iddiaçı özünə məxsus olan torpaq sahəsinin üşüncü şəxslər tərəfindən özgəninkiləşdirilməsi nəticəsində ona dəymiş ziyanın və həmçinin, ödədiyi dövlət rüsumunun cavabdehdən tutulmasını tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 15.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. 16.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 17.Məhkəmə qeyd edir ki, iddiaçı hazırki tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, Qusar Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(029)- 206/2019 saylı qanuni qüvvəsini almış qətnaməsi ilə müəyyən edilmişdir ki, Cavabdeh adına hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MH № ******* saylı Çıxarış məhkəmənin xx.xx.2006-cı il tarixli, 2-158 saylı qətnaməsinə əsasən verilmişdir. Lakin məhkəmənin 2006-cı il arxivinin, həmçinin statistik kartoçkalarının qeydiyyatında iddiaçının tərəf olduğu mülki iş, həmçinin qeyd edilən qətnamə mövcud olmamışdır. Bununla da iddiaçı və onun ailə üzvləri heç bir qanuni əsas olmadan özlərinə məxsus torpaq sahələrinə dair mülkiyyət hüququndan məhrum olmuşlar. Həmin sözügedən qətnamə ilə iddiaçıya məxsus torpaq sahəsinə dair Cavabdeh adına verilmiş çıxarış etibarsız hesab edilmişdir. 18.Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-4950/2022 saylı qərarı ilə isə müəyyən edilmişdir ki, 31 iyul 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 1.6044 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən 1.6044 ha hissəsini 69.270 manat məbləğində X2. Məhkəmələr bu qənaətə gələrkən Cavabdeh adına rəsmiləşən Dövlət Reyestrindən Çıxarışı etibarsız hesab etsələrdə əmlak üçüncü şəxsə satıldığından və alan isə vicdanlı əldə edən olduğundan hazırki iddiaçı fiziki olaraq öz mülkiyyətini geri qaytara bilməmişdir. 19.Göründüyü kimi iddiaçıya məxsus torpaq sahəsinin qanunsuz və əsassız olaraq cavabdeh tərəfindən əldə edilməsi və torpağın üçüncü şəxsə tələb edilən həddə satılması müvafiq məhkəmə qətnamələri əsasında öz təsdiqini tapmışdır. Yəni iddiaçıya maddi ziyan dəyməsi faktı aşkardır. 20.Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 21.Hazırki işdə iddiaçı yuxarıda qeyd edilən qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını təqdim etməklə cavabeh tərəfindən ona ziyan dəydiyini sübut etmiş, lakin qarşı tərəf qeyd olunan dəlili təkzib edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin, müəyyən edilmişdir ki, cavabdeh barəsində dələduzluq cinayəti ilə bağlı cinayət işi başlanmışdır. 22.Odur ki, qeyd edilənlərə əsasən iddia tələbi vurulmuş 69.720 manat məbləğində ziyanın ödənilməsi hissəsində əsaslı hesab edilməklə təmin edilməlidir. 23.Tələbin ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, həmin hissədə də tələb əsaslı hesab edilməli, yalnız qismən təmin edilməlidir. 24.Belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 25.İş materiallarından müəyyən edilir ki, iddia ərizəsinin verilməsi ilə bağlı iddiaçı tərəfindən 300 manat məbləğində dövlət rüsumu ödənilmiş, buna görə də təmin edilən iddia tələbinə münasibətdə qanunvericiliyin tələbinə əsasən ödənilməli olan 299.16 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 26.Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, dəymiş ziyanın əvəzi olaraq 69.720 (altmış doqquz min yeddi yüz iyirmi) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 299.16 (iki yüz doxsan doqquz manat, on altı qəpik) manatı Cavabdeh alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. 27.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Dəymiş ziyanın əvəzi olaraq 69.720 (altmış doqquz min yeddi yüz iyirmi) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 299.16 (iki yüz doxsan doqquz manat, on altı qəpik) manatı Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-781/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-781/2025
02.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver