Məhkəmə qərarları › İş №e-2(006)-792/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-792/2021

26.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-792/2021 26.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh1 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "sığorta ödənişinin ödənilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1245,65 manat məbləğində sığorta ödənişinin, məhkəmədə iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 qəpik bank xidməti daxil olmaqla, cəmi 1275,40 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq “xxxx” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, “xxxx” ASC ilə «xxxx» MMC arasında xx.xx.2017-ci il tarixli sığorta müqaviləsi bağlanmış və Mİ-009072 nömrəli sığorta şəhadətnaməsi üzrə «Renault Logan» markalı ** PL *** dövlət qeydiyyat nişanlı avtomobil 3 il müddətinə 23300 manat məbləğində sığortalanmışdır. Sığortalanmış avtomobil xx.xx.2020-ci il tarixdə Nəsimi rayonu ərazisində hərəkət edərkən Cavabdeh2 məxsus olan və Cavabdeh1 tərəfindən idarə olunan «X2» markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə sığortalanmış avtomobilə zərər dəyərək sığorta hadisəsi baş vermişdir. Bakı şəhər DYPİ əməkdaşı tərəfindən tərtib edilmiş TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs kimi Cavabdeh1 göstərilmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində zərərə uğramış sığortalı avtomobilin təmiri müştərinin müraciətinə əsasən “xxxx” MMC-nin servis məntəqəsində həyata keçirilmiş və tərtib edilən NL_1506 nömrəli “Qüsur aktı”na əsasən avtomobilə dəymiş zərər 1780 manat müəyyən olunmuşdur. Sığorta şəhadətnaməsinə əsasən həmin məbləğdən 500 manat azadolma məbləği, 34,35 köhnəlmə əmsalı çıxılmaqla qalan 1245,65 manat həcmində sığorta ödənişi tərəflərindən sığortalı avtomobilin təmiri üçün “xxxx” MMC-yə ödənilmiş və bu ödəniş xx xxx 2020-ci il tarixli 534 nömrəli və 536 nömrəli ödəniş tapşırığında və təmir xərclərinin silinməsinə dair 6 nömrəli aktda öz əksini tapmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul edərək izahatında bildirdi ki, o, sığorta ödənişinin əvəzini iddiaçıya ödəməyə hazırdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə barədə məhkəmə bildirişi göndərilməklə məlumat verilmişdir, lakin o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan AD seriyalı 574301 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «X2» markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 məxsusdur. İş materiallarında olan ƏN-İV seriyalı 974438 nömrəli, xx.xx.2019-cu il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh2 özünə məxsus «X2» markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyi xx.xx.2029-cu il tarixədək Cavabdeh1 etibar etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Mİ-009072 nömrəli nəqliyyat vasitələrinin (kasko) sığortası şəhadətnaməsinin təsdiq olunmuş surətindən görünür ki, «Renault Logan» minik markalı ** PL *** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” ASC tərəfindən 23300 manat həcmində sığortalanmışdır. İş materiallarında olan inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərarının surətindən görünür ki, Cavabdeh1 «X2» minik markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, yol hərəkəti qaydalarını pozmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinmiş və 60 manat inzibati cərimə edilmişdir. İş materiallarında olan sığorta hadisəsi nəticəsində sığortalı avtomobilə dəymiş maddi ziyanın aradan qaldırılması üçün həyata keçiriləcək sığorta ödənişinə dair xx.xx.2020-cu il tarixli, KSN2662/20 nömrəli sığorta aktının təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 xx.xx.2020ci il tarixdə törətdiyi yol nəqliyyat hadisəsi zamanı X1 idarə etdiyi «Renault Logan» markalı ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilə 1780 manat miqdarında maddi zərər vurmuşdur. İş materiallarında olan “xxxx” MMC-nin tərtib etdiyi NL_1506 №-li, xx.xx.2020-ci il tarixli qüsur aktının surətindən görünür ki, «Renault Logan» markalı ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 1780 manat təşkil edir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 534 və 536 nömrəli ödəniş tapşırıqlarının və təmir xərcinin avansdan silinməsinə dair 6 №-li aktın təsdiq olunmuş surətlərindən görünür ki, “xxxx” ASC tərəfindən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərərin məbləği sığortalı avtomobilin təmiri üçün 1245,65 manat “xxxx” MMC-yə ödənilmişdir. İş materiallarında olan qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat məbləğində dövlət rüsumu və 40 qəpik məbləğində bank xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 21.1-ci zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər; 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh2 məxsus, Cavabdeh1 etibarnamə əsasında idarə etdiyi «X2» markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “xxxx” ASC ilə “xxxx”MMC arasında xx.xx.2017-ci il tarixli sığorta müqaviləsi üzrə sığortalanmış «Renault Logan» markalı ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuş, həmin yol nəqliyyat hadisəsi zamanı Cavabdeh1 təqsirli bilinmiş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 60 manat məbləğində cərimə olunmuşdur. Dəymiş zərər 1780 manat müəyyən edilmiş və həmin məbləğdən 500 manat azadolma məbləği, 34,35 köhnəlmə əmsalı çıxılmaqla qalan 1245,65 manat “xxxx” ASC tərəfindən sığortalı avtomobilin təmiri üçün “xxxx” MMC-yə ödənilmişdir. Hazırda iddiaçı cavabdehlərdən ödənilmiş 1245,65 manatı tələb edir. Göründüyü kimi, dəymiş zərər iddiaçı tərəfindən ödənildiyi üçün iddiaçının həmin məbləği (sığorta ödənişi məbləğində) subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, sığortalı avtomobilə dəymiş zərərin məbləği 1780 manat məbləğində müəyyən edildiyindən və həmin məbləğdən 500 manat azadolma məbləği, 34,35 köhnəlmə əmsalı çıxılmaqla qalan 1245,65 manat iddiaçı tərəfindən ödənildiyindən, sığorta ödənişi kimi ödənilmiş 1245,65 manat Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh1 Cavabdeh2 məxsus «X2» markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etdiyindən iddia Cavabdeh2 qarşı hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı “xxxx” ASC tərəfindən sığorta ödənişi olaraq ödənilmiş 1245,65 manat məbləğində pul vəsaiti, dövlət rüsumuna ödənilmiş 30 manat və bank xidməti xərci olaraq 0,40 manat məbləğində pul Cavabdeh1 alınaraq iddiaçı “xxxx” ASC-yə ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 sığorta ödənişi kimi ödənilmiş 1245,65 (min iki yüz qırx beş manat, altmış beş qəpik) manat məbləğində pul vəsaiti, dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul vəsaiti və 0,40 (qırx qəpik) manat bank xidmət xərci tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar