Məhkəmə qərarları › İş №e-2(006)-80/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-80/2023

28.02.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-80/2023 28.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı nümayəndələri Nümayəndə və X3 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 2 üzərində sahiblik, istifadə və digər hüquqlarına xitam verilməsi, onların həmin evdən çıxarılmaqla, evin boşaldılması və sökülməsi, İddiaçı MMC tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 122 kvadrat metr ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh1 mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən Cavabdeh1 hər ay 500 manat məbləğində kirayə haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 04 mart 2020-ci il tarixli 51 saylı Sərəncamına əsasən Nəsimi rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktubları nəzərə alınaraq Bakı şəhəri, Nəsimi rayonu, Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4,2258 ha torpaq sahəsinin icarə əsasında iddiaçı "xxxx" MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Sərəncamın 1.1-ci bəndinə əsasən ərazidə yerləşən mövcud yaşayış və qeyriyaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi "xxxx" MMC-yə həvalə edilmişdir. Fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 300-350 manat miqdarında kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən 100-ə yaxın ailə köçürülmüşdür. Həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. Lakin Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi ev 154 B ünvanındakı ümumi sahəsi 102 kvadrat metr olan fərdi yaşayış evinin mülkiyyətçisi Cavabdeh1 və istifadəçiləri digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 kirayə haqlarını iddiaçıdan almaqla müvəqqəti başqa yaşayış yerinə köçməmiş, yeni inşa ediləcək binadan mövcud yaşayış sahəsindən 20% artıq təmirli mənzili qəbul etməkdə tərəflər arasında razılıq əldə etmək mümkün olmamışdır. Tikintisinə müvafiq icazə alınmış tikinti sahəsinə düşən ərazidəki sakinlərlə qarşılıqlı razılığa gəlinmişdir. Fərdi yaşayış evləri sökülmüş sakinlərə tikiləcək binada müasir tələblərə uyğun və tam şəraitli mənzillərlə təmin ediləcəkləri barəsində iddiaçı öhdəlik götürmüşdür. Evlərinin sökülməsi ilə razılıq əldə edilmiş sakinlər tezliklə binanın tikilməsi və yeni mənzillərinə köçmələrini gözləyirlər. Lakin cavabdehlərlə razılıq əldə etmək mümkün olmaması həmin sakinlərin haqlı mənafeyi və mülkiyyət hüquqlarını kobud surətdə pozur. İddiaçı Bakı şəhərinin görkəminə uyğun olmayan tikililərin sökülərək yerində müasir tələblərə cavab verən yüksək mərtəbəli binaların tikilməsi, şəhərin abadlaşdırılması və yaşıllaşdırılması barəsindəki sərəncama uyğun olaraq tələbləri yerinə yetirir. Müasir binaların tikilməsi eyni zamanda yüzlərlə insanların işlə təmin edilməsi və hər tikilən yeni binaya görə dövlətə birbaşa milyonlarla vergi ödənilməsi deməkdir. Göründüyü kimi, sərəncamın İddiaçı MMC tərəfindən icra edilməsi həm iqtisadi cəhətdən səmərəli olmaqla yanaşı, həm də insanların müasir tələblərinə cavab verən evlərlə təmin olunması və eyni zamanda, Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılması, gözəlləşdirilməsi deməkdir. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin üzərində sahiblik və istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin həmin evdən çıxarılmaqla, evin boşaldılması və sökülməsi, İddiaçı MMC tərəfindən ünvan 2 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasında 89 kvadrat metr ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh1 mülkiyyətinə verilməsi, iddiaçı tərəfindən ünvan 2 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasında qarajın Cavabdeh1 qızının mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən Cavabdeh1 hər ay 500 manat məbləğində kirayə haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, iddia ərizəsinin və dəqiqləşdirmə barədə ərizənin məzmununa uyğun izahat verib, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X6 iddianı müdafiə edib, iddia ərizəsinin və dəqiqləşdirmə barədə ərizənin məzmununa uyğun izahat verib, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndələrinin izahatını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin Bakı şəhər İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2019-cu il tarixli **********46 saylı məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə H.Əliyev, Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin kəsişməsində yerləşən 4.50 hektar torpaq sahəsinin çoxmərtəbəli yaşayış binalarının və qeyriyaşayış obyektlərinin tikintisi məqsədilə İddiaçınə ayrılmasına rəy bildirilməsi barədə məktuba Agentlikdə baxılarkən, ərazidə çox sayda dövlət qeydiyyatına alınmış yaşayış və qeyri-yaşayış təyinatlı obyektlərin olduğu müəyyən edilmişdir. Həmin obyektlərlə bağlı məsələnin mövcud qanunvercilikdə nəzərdə tutulmuş qaydada həll edilməsi şərti ilə göstərilən koordinatlar daxilində yerləşən 4,2258 hektar torpaq sahəsinin çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisi məqsədilə İddiaçınə ayrılmasına etiraz edilməmişdir. Mülki işin materiallarında olan xx.xx.2020-ci il tarixli, 1576 nömrəli “torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilədən görünür ki, icarəyə verən Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 04 mart 2020-ci il tarixli 51 saylı Sərəncamı və xx.xx.2020-ci il tarixli 20/18 saylı cizgiyə əsasən müasir tipli yeni yaşayış binalarının və qeyriyaşayış sahələrinin tikintisi üçün Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev, Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidə yerləşən torpaq sahəsi icarəçi İddiaçı MMC-yə 49 il müddətinə icarəyə verilmişdir. Mülki işin materiallarında olan Bakı şəhər İcra Hakimiyyətinin Başçısının “yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün torpaq sahəsinin İddiaçı istifadəsinə verilməsi haqqında” 04 mart 2020-ci il tarixli 51 saylı Sərəncamında qeyd edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev, Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış üçün yararsız vəziyyətdə olan şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4,2258 ha torpaq sahəsinin icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilməsi, ərazidə qeydə alınmış hüquqlarla bağlı məsələlərin sahədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsinin müvafiq qanunvericiliyə əsasən İddiaçı MMC tərəfindən həll edilməsi qərara alınmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin “Şəhərsalma əsaslandırılmalarının təsdiq edilməsi haqqında” xx.xx.2020-ci il tarixli 19 nömrəli Sərəncamından çıxarışdan və məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırılma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nın 3.2-ci bəndinə uyğun olaraq Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə, X7, Novruzov qardaşları və Həsən Əliyev küçələrinin əhatə etdiyi ərazidə İddiaçı MMC-nin istifadəsində olan torpaq sahəsində layihələndirilən yaşayış kompleksinə (Sifarişçi - İddiaçı MMC, layihəçi – Bakı Dövlət Layihə İnstitutu) dair tərtib olunmuş şəhərsalma əsaslandırılmaları təsdiq edilmiş və Sərəncamdan çıxarış İddiaçı MMC-yə göndərilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli 02/767 nömrəli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə, X7, Novruzov qardaşları və Həsən Əliyev küçələrinin əhatə etdiyi ərazidə İddiaçı tərəfindən tikintisi nəzərdə tutulan yaşayış kompleksinə dair təqdim olunmuş tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılması barədə məktuba baxılarkən müəyyən edilmişdir ki, tikintisi nəzərdə tutulan yaşayış kompleksinə dair təqdim edilmiş tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli 19 nömrəli Sərəncamının 1.4-cü bəndi ilə təsdiq edilmiş şəhərsalma əsaslandırılmasına uyğundur. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixdə verilmiş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS Şöbəsinin arayışlarından görünür ki, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ünvan 2 ünvanında qeydiyyatdadırlar. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, C.Məmmədquluzadə küçəsi, ev 154 B ünvanı Cavabdeh1 məxsus özbaşına tikintidir. Cavabdeh2, Cavabdeh1 və X4 xx.xx.2002-ci il tarixdən həmin ünvanda qeydiyyatdadırlar. Mülki işin materiallarında olan Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, İddiaçı MMC-nin nizamnamə kapitalının miqdarı 10 manatdır. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 100 (bir yüz) manat məbləğində rüsum ödənilmişdir. Mülki işin materiallarında olan İddiaçı Nəsimi Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2022ci il tarixli 15 nömrəli məktubdan görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 04 mart 2020-ci il tarixli 51 saylı Sərəncamının icrası ilə əlaqədar hal-hazırda köçürülmə işləri aparılmaqla bu günə qədər 244 ailədən 210-u ilə razılıqlar əldə edilərək müqavilələr bağlanılmışdır və bu istiqamətdə "xxxx" MMC tərəfindən işlər davam etdirilir. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/3108 saylı ekspert rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələbləri nəzərə alınmaqla ünvan 6 ünvanında yerləşən 3 (üç) yaşayış otağından ibarət fərdi yaşayış evinin ümumi sahəsinin 73.1 kv.metr, zirzəmi tikilisinin sahəsinin isə 25.3 kv.metr olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin mütəxəssisləri tərəfindən tərtib edilmiş rəy Mərkəzə təqdim edilmədiyindən ünvan 6 ünvanında yerləşən 3 (üç) yaşayış otağından ibarət fərdi yaşayış evinin qəzalı vəziyyətdə olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Mülki işin materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 50 manatdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/8138 saylı ekspert rəyində qeyd edilmişdir ki, ünvan 6 nömrəli evin faktiki sahəsinin 73.1 kv.metr, zirzəmi tikilisinin sahəsinin isə 25.3 kv.metr olduğu müəyyən edilmişdir. ünvan 6 nömrəli evin tikintialtı sahəsinin 118.2 kv.metr olduğu müəyyən edilmişdir. Mülki işin materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 50 manatdır. Beləliklə, məhkəmə müəyyən etdi ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2020ci il tarixli 51 saylı Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev, Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış üçün yararsız vəziyyətdə olan şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4,2258 ha torpaq sahəsinin icarə əsasında iddiaçı "xxxx" MMC-nin istifadəsinə verilməsi, ərazidə qeydə alınmış hüquqlarla bağlı məsələlərin sahədə yerləşən mövcud yaşayış və qeyriyaşayış tikililərinin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsinin müvafiq qanunvericiliyə əsasən iddiaçı tərəfindən həll edilməsi qərara alınmışdır. Bakı şəhəri İcra Hakimiyyəti ilə iddiaçı arasında xx.xx.2020-ci il tarixdə 1576 nömrəli “torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə bağlanmış və müqaviləyə əsasən, Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 04 mart 2020-ci il tarixli 51 saylı Sərəncamı və xx.xx.2020-ci il tarixli 20/18 saylı cizgiyə əsasən müasir tipli yeni yaşayış binalarının və qeyriyaşayış sahələrinin tikintisi üçün Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev, Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidə yerləşən torpaq sahəsi 49 il müddətinə iddiaçıya icarəyə verilmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 isə ünvan 2 ünvanında qeydiyyatdadırlar. Hazırda iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin üzərində sahiblik və istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin həmin evdən çıxarılmaqla, evin boşaldılması və sökülməsi, İddiaçı MMC tərəfindən ünvan 2 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasında 89 kvadrat metr ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh1 mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən Cavabdeh1 hər ay 500 manat məbləğində kirayə haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, göründüyü kimi, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının Sərəncamı və onun icrası məqsədilə bağlanmış müqavilə ilə Nəsimi rayonunun ərazisində yerləşən Həsən Əliyev, X7 və Novruzov qardaşları küçələrinin əhatə etdiyi 4,2258 hektar torpaq sahəsi yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə iddiaçının istifadəsinə verilmişdir. Lakin cavabdehlərin mülkiyyətində və istifadəsində olan evin yerləşdiyi Cəlil Məmmədquluzadə küçəsi həmin Sərəncamın təsir dairəsinə düşməmiş və müqavilədə də bu barədə razılıq olmamışdır. Buna görə də məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur. Belə ki, iddiaçının Cəlil Məmmədquluzadə küçəsində yerləşən evə dair iddia tələbi ilə məhkəməyə müraciət etməyə qanuni əsas və ya müqavilə əsası mövcud deyil. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Komitənin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən yazılmış müxtəlif məzmunlu cavab məktublarının mətnində digər küçələrlə yanaşı, Sərəncamın təsir dairəsinə düşməyən Cəlil Məmmədquluzadə küçəsinin də adının qeyd edilməsi iddiaçıya həmin küçədə olan evləri söküb yerində müasir tipli tikililər inşa etmək hüququ vermir. Həmin məktubların məzmunundan belə aydın olur ki, Komitə və Mərkəzə ərazi ilə bağlı deyil, sadəcə layihənin təsdiqi və uyğunluğun müəyyən edilməsi məqsədilə müraciət edilmiş, onlar da müvafiq cavab məktublarını təqdim etmişlər. İddiaçının cavabdehlərin sahibliyində və istifadəsində olan Cəlil Məmmədquluzadə küçəsində yerləşən fərdi yaşayış evini müvafiq Sərəncama əsaslanmaqla onlardan məhkəmə qaydasında tələb etməsi əsassızdır. X5 küçəsinin Sərəncamın təsir dairəsinə düşməməsi işin mübahisəsiz halını təşkil edir. İddiaçının cavabdehlərin qonşuluğunda olan ailələrlə razılığa gəlməsini əsas gətirərək cavabdehlərdən də onun təklif etdiyi şərtlərlə razılaşmasını tələb etməsi mülki qanunvericiliyin tərəflərin bərabərliyi, iradə sərbəstliyi və müqavilələr azadlığı prinsipləri ilə bir araya sığmır. Digər şəxslərin iddiaçı ilə razılığa gəlməsi işin mübahisəli halını təşkil etməklə yanaşı, razılığa gəlmişlərsə belə, həmin razılıq onların iradə ifadəsinin sərbəstliyi kimi qəbul edilməlidir. Eyni hal cavabdehlərə münasibətdə də keçərlidir. Cavabdehlərin iddiaçı ilə razılığa gəlməyərək, evlərini boşaldıb iddiaçıya təhvil verməmələri onların hüququ, şəxsi seçimi, sərbəst iradə ifadələridir. Onları müqavilə bağlamağa, evi boşaltmağa, iddiaçının verdiyi kompensasiya formasına və məbləğinə razı olmağa məcbur etmək hüququn və mülki dövriyyənin prinsiplərinə, qanunvericiliyə və hüquq qaydasına ziddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin faktiki hallarının qanuni əsası tapılmadığından, yəni tələb qanuni əsasın dispozisiya əlamətləri ilə uzlaşmadığından İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi və s.” tələbinə dair iddiası təmin edilməməlidir. Əlavə olaraq qeyd edilməlidir ki, hazırki mübahisənin predmetini təşkil edən fərdi yaşayış evi cavabdehlərin faktiki sahibliyində və istifadəsindədir. Həmin yaşayış evinin xüsusi mülkiyyətdə olması ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmiş, iş materiallarında olan sənədlər əsasında müəyyən edilmişdir ki, ev özbaşına tikilidir. Bununla bağlı qeyd edilir ki, həmin ev yeni tikili deyil, uzun illər əvvəl qeyd edilən ünvanda tikilmişdir və arayış əsasında müəyyən edilir ki, cavabdehlər xx.xx.2002-ci il tarixdən həmin ünvanda qeydiyyatdadırlar. Deməli, sözügedən fərdi yaşayış evinin həmin ünvanda mövcud olması dövlət tərəfindən 20 ildən artıqdır ki, qəbul edilmiş və mübahisələndirilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.5-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bununla bağlı məhkəmə qeyd edir ki, mübahisə predmeti olan evə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış məhkəməyə təqdim edilməsə də, cavabdehlərin həmin evə gözlənilən mülkiyyət hüququ vardır. Cavabdehlərin yaşadığı evin yerləşdiyi torpaq sahəsi dövlətin mülkiyyətində olsa da, həmin evə cavabdehlərin gözlənilən mülkiyyət hüququ mövcud olduğundan, hazırki iş üzrə iddiaçı yalnız mülkiyətçilərlə razılıq əldə etməklə tikilinin sökülməsini həyata keçirə bilər. Hazırki işdən isə görünür ki, iddiaçı cavabdehlərlə bu cür razılıq əldə etməmişdir. Cavabdehlərin iddiaçı ilə iddiaçının təklif etdiyi formada razılıq əldə etməməsi mülkiyyət hüquqlarından sui-istifadə kimi qiymətləndirilə bilməz. Bunun əksinin düşünülməsi isə cavabdehlərin mülkiyyət və mülkiyyətdən irəli gələn digər hüquqlarının pozulması ilə nəticələnmiş olar. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası»nın 1 saylı Protokolunun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir, birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır; buna görə də birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallığa qarşı). Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbinin əsasını təşkil edən müvafiq Sərəncam və onun icrası məqsədilə bağlanmış müqavilə iddiaçıya yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən, köhnə tipli tikililərin sökülməsi və yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikilməsi hüquqlarını vermiş, iddiaçının üzərinə ərazidə qeydə alınmış hüquqlarla bağlı məsələlərin, sahədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi ilə əlaqədar vəsaitin ödənilməsi və sakinlərin köçürülməsinin müvafiq qanunvericiliyə əsasən həll edilməsi öhdəliklərini qoymuşdur. İddiaçının kommersiya hüquqi şəxsi olması və həyata keçirdiyi fəaliyyətdən gəlir əldə etməsi işin mübahisəsiz halını təşkil edir. Göründüyü kimi, icarə əsasında iddiaçının istifadəsinə verilən torpaq sahəsinin ərazisində olan əmlaklara dair hüquqlarını həyata keçirməkdə iddiaçının əsas məqsədi gördüyü işdən mənfəət əldə etməkdir. Buna görə də burada torpaqların dövlət ehtiyacları üçün alınması və qəzalı vəziyyətdə olan tikililərin əhalinin mənafeyi naminə sökülərək yerində yeni tipli binaların tikilməsindən söhbət gedə bilməz. Qəzalı vəziyyətdə olan binaların sökülməsi üçün müvafiq iddia tələbi ilə müraciət etmək səlahiyyəti də qanunvericiliklə müəyyən edilmiş aidiyyəti dövlət orqanına məxsusdur, iddiaçının buna subyektiv hüququ yoxdur. İddiaçının nizamnamə kapitalının 10 manat miqdarında olmasını nəzərə alsaq, onun mülkiyyətçilərlə bağladığı müqavilələr üzrə öz öhdəliklərini pozduğu və ya lazımınca yerinə yetirmədiyi təqdirdə mülkiyyətçilərin mülkiyyət hüquqlarının təminatı məsələsi də sual yaradır. Azərbaycan Respublikasının Konstitusiyasının (bundan sonra – Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 13-cü maddəsinin İ, İİİ hissələrinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 24-cü maddəsinin İİİ hissəsinə görə, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan suiistifadəyə yol verilmir. Konstitusiyanın 43-cü maddəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Konstitusiyanın 71-ci maddəsinin İ-İİ, Vİ-Vİİ, İX hissələrinə görə, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllənin) 5.3-cü maddəsinə görə, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Mülki Məcəllənin 6.1, 6.1.1-6.1.2, 6.1.4-6.1.5, 6.1.7-6.1.9, 6.2-6.3-cü maddələrinə əsasən, mülki hüquq subyektlərinin bərabərliyi, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülkiyyətin toxunulmazlığı, müqavilələr azadlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi, mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsipləridir. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Mülki Məcəllənin 14.1, 14.2, 14.2.1-14.2.2-ci maddələrində qeyd edilmişdir ki, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Məcəllənin 16.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 152.6-cı maddəsinə görə hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Mülki Məcəllənin 324.1-324.2, 324.4-cü maddələrinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Mülki Məcəllənin 390.1, 390.3-cü maddələrinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Həmin Məcəllənin 560.1-560.2, 560.3, 560.3.1, 560.3.3-cü maddələrində qeyd edilmişdir ki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi, müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi hüquqdan sui-istifadənin xüsusi növləridir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 76.1-76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). İstinad edilən hüquq normalarının hazırki mülki işə tətbiqi nəticəsində məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi və s.” tələbinə dair iddiası təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə əsasən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçınə aid edilməli, iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan 100 (bir yüz) manat pul İddiaçındən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi və s.” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçınə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan 100 (bir yüz) manat pul İddiaçındən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar