Məhkəmə qərarları › İş №e-2(006)-800/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-800/2024

05.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-800/2024 05.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nəcəf-X4 iştirakı ilə İddiaçı cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «kredit müqaviləsinin əhəmiyyətsizliyinin müəyyən edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit müqaviləsinin əhəmiyyətsizliyinin müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu tarixli kredit müqaviləsinin əhəmiyyətsizliyi halının təsbit edilməsi və ona dair kredit tarixçəsinə aid olan məlumatlara düzəliş edilməsi – yəni, xx.xx.2023-cü il tarixə olan 5.694,91 manat borc məbləğinin silinməsi üçün "xxxx" MMC-yə məlumat verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, hazırda ləğvetmə prosesində olan Cavabdeh ASC İqrarsoy (Məlikov) İqbal İqrar oğlu və qeyrilərinə qarşı Laçın Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 222/S saylı, xx.xx.2010-cu tarixli kredit müqaviləsi üzrə borcun tutulmasını məhkəmədən xahiş etmişdir. Qeyd edilən iş üzrə Laçın Rayon Məhkəməsinin 2(047)-73/2013 saylı, 17 aprel 2013-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmişdir. 7573 saylı, 22 may 2013-cü il tarixli ekspertiza rəyinə əsasən «təqdim edilmiş xx.xx.2010-cu tarixli kredit müqaviləsinin arxa tərəfində «Borcalan» qrafasında olan imza İqrarsoy (Məlikov) İqbal İqrar oğluna aid deyil». Daha sonra tərəflər məhkəmə iclasında iştirak etmədiyindən iş məhkəmə tərəfindən baxılmamış saxlanılmışdır. Bugünədək qeyd edilən borc məbləği kredit reyestri məlumatlarında iddiaçının adında borc öhdəliyi və neqativ məlumat olaraq qalmaqdadır ki, bu da iddiaçının haqlı mənfəətinə ziddir. Yuxarıda qeyd edilən borc öhdəliyinə dair məlumatlara düzəliş edilməsi ilə bağlı tərəfimizdən cavabdehə müraciət edilsə də kredit məbləğinin güya iddiaçıya verildiyi və xx.xx.2023-cü il tarixə 5.694,91 manat borc məbləği olduğundan iddiaçıya aid kredit məlumatlarının "xxxx" MMC-dən və Mərkəzləşdirilmiş Kredit Reyestri sistemindən silinməsinin mümkün olmamasına dair həqiqəti əks etdirməyən 28 fevral 2023-cü il tarixli məktub təqdim edilmişdir. Qeyd olunmuşdur ki, iddiaçı tərəfindən kreditlə bağlı hazırda ləğv prosesində olan Cavabdeh ASC-yə hər hansı müraciət edilməmiş və kredit məbləğinin iddiaçı tərəfindən hazırda ləğv prosesində olan Cavabdeh ASC-dən məxaric edilməsinə dair hər hansı təsdiqedici sənəd mövcud deyil. Digər tərəfdən yuxarıda qeyd edilən ekspertiza rəyinin də iddiaçının imzasının olmadığını müəyyən etməsi həqiqətən də iddiaçı tərəfindən kredit götürülmədiyini deməyə əsas verir. Qeyd edilən ekspertiza rəyi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)- 5202/2023 saylı qətnaməsi ilə sübut kimi qiymətləndirilmiş və həmin rəyin şübhə altına alınmasına əsas verən hər hansı halın olmadığı qənaətinə gəlinmişdir. İddiaçı tərəfindən hazırda məlumat təchizatçısı hesab edilən cavabdehə kredit tarixçəsi barədə məlumatlara düzəliş edilməsi üçün cavabdehə müraciət edilsə də, cavabdeh əsassız olaraq borcun olmasına istinad edərək müvafiq iddiaçının kredit tarixçəsi subyekti olaraq kredit tarixçəsinə düzəliş edilməsi üçün bu günədək "xxxx" MMC-yə məlumat təqdim etməkdən yayınmaqdadır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X5 oğlu məhkəmə iclasında iddianı qəbul etmədi, iddianın əsassız olduğunu bildirdi, iddianın rədd edilməsi barədə qətnamə, eləcə də məhkəməyə təqdim etdiyi ərizədə qeyd olunanlara əsasən xüsusi qərardad çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMCyə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, adın, ata adının və soyadın dəyişdirilməsi haqqında 02 fevral 2016-cı il tarixli AZ-İ seriyalı 011389 saylı şəhadətnamədən göründüyü kimi, xx xxxxxx 1987-ci il tarixdə Laçın rayonu Güləbird kəndində doğulmuş X1 dəyişərək İqrarsoy soyadı götürmüşdür və Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən bu barədə müvafiq akt qeydləri kitabında 02 fevral 2016-cı il tarixdə 02 saylı akt qeydi aparılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)- 5202/2023 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-2130/2023 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit müqaviləsinin bağlanmamış hesab edilməsi və kredit tarixçəsi məlumatlarına düzəliş edilməsi üçün məlumat vermə öhdəliyinin qoyulması» tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 oktyabr 2023-cü il tarixli 2(103)-5202/2023 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli e- 2(006)-2130/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Əmanətlərin Sığortalanması Fonduna qarşı kredit müqaviləsinin bağlanmamış hesab edilməsi və kredit tarixçəsi məlumatlarına düzəliş edilməsi üçün məlumat vermə öhdəliyinin qoyulması tələbinə dair iddiası rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi nəticəsinə gəlməsinə əsas verən halları və qanun normalarını ətraflı şəkildə qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İş materiallarına əlavə olunmuş 01 sentyabr 2010-cu il tarixdə Cavabdeh ASC ilə X3 arasında bağlanması qeyd olunan İ.K № 222/S saylı kredit müqaviləsində göstərilmişdir ki, X3 Cavabdeh ASC-nin Biznes filialından 12 ay müddətinə illik 30 % dərəcəsi ilə 2.200 manat istehlak krediti almışdır. Müqavilədən göründüyü kimi, iddiaçının atasının adı səhv qeyd edilmişdir. İddiaçının atasının adı İqrar olmaqla, şəxsiyyətini təsdiq edən sənədlərdə təsbit olunmuşdur. Laçın Rayon Məhkəməsinin 17 aprel 2013-cü il tarixli 2(047)-73/2013 saylı qərardadı ilə Cavabdeh ASC-nin İqbal Məlikova və digərlərinə qarşı «kreditin, faizlərin və cərimənin ödənilməsi» tələbinə dair mülki işə üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş və ekspert qarşısında cavablandırılması zəruri olan suallar qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 may 2013-cü il tarixli 7573 saylı rəyindən görünür ki, tədqiqat olunan imza, ekspertizaya təqdim olunmuş Cavabdeh ASC-nin Biznes filialı ilə X2 arasında bağlanmış 01 sentyabr 2010-cu il tarixli 222/S nömrəli istehlak krediti verilməsi üçün kredit müqaviləsinin arxa tərəfində «Borc alan» hissəsində «Məlikov İ.İ» yazılarının qarşısındakı imza - X2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı qeyd olunan məsələ ilə əlaqədar Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna rəsmi şəkildə müraciət etmişdir. Əmanətlərin Sığortalanması Fondu iddiaçının müraciətinə cavab olaraq sonuncuya ünvanladığı 28 fevral 2023-cü il tarixli **********758 saylı məktubunda bildirmişdir ki, Cavabdeh ASC ilə İqrarsoy (Məlikov) İqbal İqrar oğlu arasında bağlanmış 01 sentyabr 2010-cu il tarixli 222/S nömrəli kredit müqaviləsi üzrə 12 ay müddətinə 2200 manat məbləğində kredit verilmişdir. 21 fevral 2023-cü il tarixə, bank əməliyyat sistemində ümumilikdə 5694,91 manat məbləğdə borc öhdəliyi mövcuddur. 22 may 2013-cü il tarixli, 7573 nömrəli ekspertizanın rəyi İqrarsoy (Məlikov) İqbal İqrar oğlunun adına olan kredit məlumatlarının "xxxx" MMC və Mərkəzləşdirilmiş Kredit Reyestri Sistemindən silinməsi üçün əsas deyildir. İddiaçı bu səbəbdən, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə yuxarıda qeyd edilənlərə məcmu halda hüquqi qiymət verərək vurğulayır ki, iddiaçının adına borcun yazılmasına əsas kimi çıxış edən 01 sentyabr 2010-cu il tarixli İ.K № 222/S saylı istehlak kredit müqaviləsi İddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən imzalanmışdır. Qeyd edilməlidir ki, əhəmiyyətsiz əqdlər forma və məzmun etibarilə məcburi hüquq qaydalarına zidd olduqları üçün hər hansı əlavə qayda və ya şərtdən, yəni müddətin keçməsindən, mübahisələndirilməsindən və ya müvafiq məhkəmə qərarından asılı olmayaraq bağlandığı andan özü-özlüyündə etibarsızdır (Mülki Məcəllə, maddə 337.3). Belə əqdlərin etibarsızlığı (əhəmiyyətsizliyi) bir qayda olaraq qanunda birbaşa nəzərdə tutulur (Mülki Məcəllə, maddə 329.1, 340.1, 340.2 və s.). Əhəmiyyətsiz əqdlər mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair) xüsusi olaraq vurğulanmışdır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin qanunla müəyyən edilmiş müddətlər çərçivəsində mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsinin bəyan edilməsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Göründüyü kimi, 01 sentyabr 2010-cu il tarixli İ.K № 222/S saylı istehlak kredit müqaviləsi İddiaçı tərəfindən imzalanmamışdır, digər sözlə ifadə etdikdə - əqd mövcud deyildir, mahiyyət etibarı ilə əhəmiyyətsiz əqddir. Bu səbəbdən, məhkəmə iddianı tam şəkildə əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2010-cu il tarixli 222/S saylı istehlak krediti verilməsi üçün kredit müqaviləsi mövcud olmayan hesab edilməklə əhəmiyyətsiz sayılmalı; İddiaçı xx.xx.2010-cu il tarixli 222/S saylı istehlak krediti verilməsi üçün kredit müqaviləsi üzrə borcunun olmaması barədə Mərkəzi Kredit Reyestri Xidmətinə məlumat verilməsi öhdəliyi LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulmalıdır. Bu qətnamə mərkəzləşdirilmiş kredit reyestrindən xx.xx.2010-cu il tarixli 222/S saylı istehlak krediti verilməsi üçün kredit müqaviləsi üzrə İddiaçı borcunun olmasına dair qeydin silinməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2010-cu il tarixli 222/S saylı istehlak krediti verilməsi üçün kredit müqaviləsi mövcud olmayan hesab edilməklə əhəmiyyətsiz sayılsın. İddiaçı xx.xx.2010-cu il tarixli 222/S saylı istehlak krediti verilməsi üçün kredit müqaviləsi üzrə borcunun olmaması barədə Mərkəzi Kredit Reyestri Xidmətinə məlumat verilməsi öhdəliyi LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulsun. Bu qətnamə mərkəzləşdirilmiş kredit reyestrindən xx.xx.2010-cu il tarixli 222/S saylı istehlak krediti verilməsi üçün kredit müqaviləsi üzrə İddiaçı borcunun olmasına dair qeydin silinməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar