Məhkəmə qərarları › İş №e-2(006)-809/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-809/2023

05.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-809/2023 05.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının qohumudur. Onunla heç bir zaman aralarında narazılıq olmamış, əksinə bir-birlərinə qarşı hörmət və güvənləri olmuşdur. Belə ki, Cavabdeh aralarıdakı yaxından istifadə edərək iddiaçıya onunla birlikdə işləməsini təklif etmişlər. O, 2020-ci ilin sentyabr ayından 2021-ci ilin aprel ayına qədər olan müddət ərzində xarici ölkələrdən (Çin) tibbi ləvazimatların gətirilməsi adı ilə iddiaçıdan onun işinə pul qoyaraq daha artıq qazanc əldə etməsi üçün pul istəmişdir. İddiaçı isə Cavabdeh olan etibarından bu təklifini qəbul edərək hissə-hissə olmaqla, ümumilikdə 76000 manat məbləğində pul vermişdir. Onunla işlədiyi dövrdə qazanc olaraq iddiaçıya ümumilikdə 9750 manatını qaytarsa da, qalan 66250 manatın qaytarmaqdan imtina etmişdir. Bundan sonra cavabdehdən dəfələrlə qazancını və ona verdiyi 76000 manatı tələb etsə də, Cavabdeh hər dəfə müxtəlif bəhanələrlə pulunu və qazancını qaytarmamışdır. Onu hər dəfə aldadaraq bir neçə günə qaytaracağını bildirdiyindən bir müddət ona inansa da, sonradan onun əməllərindən Binəqədi rayon Polis İdarəsinə şikayət etmişdir. Həmin iş üzrə onun barəsində cinayət işi açılmamış və cinayət işinin rədd edilməsi barədə qərar qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan da göründüyü kimi cavabdeh ondan 75000 manat pul aldığını etiraf etmişdir. Polis İdarəsində olarkən iddiaçı onun hamilə olması səbəbindən iddiaçıya qaytardığı 9750 manat əsas pul olan 76000 manatdan çıxaraq yalnız 66250 manatını ödəməsini istəmişdir. İddiaçı qeyd edir ki, qərarda texniki səhv olaraq 9750 manat əvəzinə 16000 manat qeyd edilmişdir. Lakin xx.xx.2022-ci ildən bu günədək pulunu qaytarmadığından məhkəməyə müraciət etməli olmuşdur. İşlədiyindən və hüquqi savadının olmaması səbəbindən hüquqlarını müdafiə etməsi üçün vəkilə müqavilə bağlamalı və məhkəməyə dövlət rüsumu ödəməli olmuşdur. Bütün bu xərclər isə cavabdehin pulunu əsassız saxladığından həmin xərclər cavabdehdən tutulmalıdır. Cavabdehin qanunsuz əməlləri nəticəsində iddiaçı evini ipotekaya qoyaraq bankdan kredit götürmüş və xeyli faiz ödəməli olmuşdur.Göstərilənlərə əsasən Cavabdeh 66250 manat pul vəsaitinin, 289 manat dövlət rüsumunun və 110 manat vəkil xərcinin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmənin əvvəlki iclaslarında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili həmçinin izahatında göstərmişdir ki, Cavabdeh iddiaçının xalası qızı olmuşdur. Cavabdeh iddiaçıya onunla birlikdə işləməyini təklif etmişdir. O, 2020-ci ilin sentyabr ayından 2021-ci ilin aprel ayına qədər olan müddət ərzində xarici ölkələrdən tibbi ləvazimatların gətirilməsi adı ilə iddiaçıdan onun işinə pul qoyaraq daha artıq qazanc əldə etmələri üçün pul istəmişdir. İddiaçı isə bu təklifi qəbul edərək cavabdehə hissə-hissə olmaqla, ümumilikdə 76000 manat məbləğində pul vermişdir. Onunla cavabdeh işlədikləri dövrdə qazanc olaraq iddiaçıya ümumilikdə 9750 manat qaytarsa da, cavabdeh qalan 66250 manatı qaytarmaqdan imtina etmişdir. Bundan sonra iddiaçı cavabdehdən dəfələrlə qazancı və ona verdiyi 76000 manatı tələb etsə də, Cavabdeh hər dəfə müxtəlif bəhanələrlə pulu və qazancı qaytarmamışdır. Daha sonra iddiaçı cavabdehin əməlləri barədə Binəqədi rayon Polis idarəsinə şikayət etmişdir. Həmin iş üzrə onun barəsində cinayət işi açılmamış və cinayət işinin rədd edilməsi barədə qərar qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan da göründüyü kimi cavabdeh iddiaçıdan 75000 manat pul aldığını etiraf etmişdir.

4. Məhkəmənin əvvəlki iclaslarında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini qəbul etməyərək və iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edərək izahatında göstərmişdir ki, iddia tamamilə əsassızdır və qeyri-qanunidir. Cavabdhein iddiaçıya hər hansı borcu yoxdur. İddiaçı özünün iddiasının əsası kimi yalnız Binəqədi rayon Polis idarəsinin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarı əsas götürmüşdür ki, həmin qərarda cavabdehin iddiaçıya borcu olduğuna dair hər hansı nüans öz əksini tapmamışdır. Həmçinin iddiaçı özünün də bildiyi kimi Əfsanə adlı şəxsin atasının tikinti layihələrindən əlavə qazanc götürmək məqsədilə üçüncü şəxslərdən pul vəsaiti alaraq, bu layihələrə yönəltmişdir. Lakin cavabdehə həmin pulların özünə məxsus olmasını bildirmişdir. Həmin pulların digər şəxslərdən faizlə alınmasını cavabdehdən gizləmişdir. Bu onu göstərir ki, həmin pulların hamısı iddiaçıya məxsus olmadığından onun iddia irəli sürməkdə subyektiv hüququ yoxdur. Həmçinin həmin pulların alınıb verilməsində cavabdeh sadəcə vasitəçi olmuş və pulları iddiaçıdan alaraq Əfsanə xanıma vermişdir, yəni burada subyektiv cavabdeh də Jalə xanım deyildir. Bundan əlavə iddiaçı tərəfindən cavabdeh vasitəsi ilə təqdim edilən bütün vəsaitlər də onun özünə geri qaytarılmışdır. Bu halı təsdiq edən bütün faktlar iddiaçının özü ilə ona məxsus olan whatsapp mobil tətbiqi ilə aparılan yazışmalarda öz təsdiqini tapmışdır. İddiaçı tərəfindən tələb olunan pul məbləğinin 20.200 manat hissəsi bu layihəni icra edən Əfsanə Azaylı tərəfindən, 9000 manat məbləğində hissəsi digər bir şəxsin şahidliyi ilə 57 nömrəli məktəbin qarşısında ona qaytarılmışdır. Bu faktları məhkəmə qarşısında dindiriləcək şahidlər də təsdiq edə bilər. Həmçinin iddiaçı cavabdehin Aqil adlı şəxsdən almalı olduğu 6500 manat vəsaiti cavabdehin tapşırığı ilə ondan almışdır. Bunu məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili də etiraf etmişdir. Yekun olaraq cavabdeh ayrıayrı vaxtlarda iddiaçının kartına köçürməklə və ona əlbəəl olmaqla 87000 manat pul qaytarmışdır ki, bu da cavabdehin iddiaçıya borcu olmadığını sübut edir. Odur ki, bütün bu qeyd edilənlərə əsasən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə tərəflərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

6. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X12 öz ifadəsində göstərmişdir ki, o hazırki mübahisəli pul məsələsi ilə bağlı məsələlərdə yaxından iştirak etməmiş, iddiaçı tərəfindən onun atasının tikinti biznesinə pul yatırılmışdır. İddiaçı özü Jaləyə, Aydana və ona təklif etmişdir ki, atasının biznesinə pul qoysun və gəlir əldə etsin. O, həmin pulun özünəməxsus olduğunu bildirmişdir. Həmin pulların ayrı-ayrı adamlardan faizə götürdüyünü bildirməmişdir. Həmin pulların ayrı-ayrı adamlardan faizə götürdüyünü bildirməmişdir. Əgər bildirsə idi onlar həmin pulu qəbul etməzdilər. Mahirə xanım ayrı-ayrı vaxtlarda pul qoyurdu və həmin puldan gəlir götürürdü. Məsələn 10000 manat qoyurdusa bundan iki həftədən bir ***-**** manat arası gəlir əldə edirdi. Daha sonra bu biznes dayandıqdan sonra onlara bildirdi ki, yoldaşı da evini sataraq bu biznesə qoymaq istəyir. Yəni verilən bütün pullar borc məqsədi ilə deyil, sırf gəlir əldə etmək məqsədi ilə verilib və artıqlaması ilə iddiaçıya qaytarılıb.

7. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X9 öz ifadəsində göstərmişdir ki, o hazırki mübahisəli pul məsələsi ilə bağlı məsələlərdə yaxından iştirak etmişdir. Mahirə xanım Əfsanə xanımın atasının biznesinə qazanc əldəe tmək məqsədi ilə pul yatırırdı. Əfsanə xanım da hissə-hissə həmin pulu qazancı ilə birlikdə Mahirə xanıma qaytarırdı. Məsələn 2 həftədənbir 2000-3000 manat civarında pul ödəyirdi. Pulu bəzən kartla, bəzən isə Yunis adlı sürücü ilə göndərirdi. O özü də Mahirəyə 10000 manat pul vermişdir. Ayrı-ayrı vaxtlarda da 200-300 manat Mahirəyə aid kart hesabına göndərmişdir. O, 10000 manatı 57 saylı məktəbin yanında Mahirəgilin evinə gedən yolda Mahirəyə vermişdir. Həmin vaxt Jalə Mairə ilə görüşmək istəmirdi, çünki Mahirə Jaləni təhdid edib pul istəyirdi. Ona görə də Jalə 10000 manatı ona verərək Mahirəyə çatdırmağını istəmişdir. Həmçinin Jalə özü iki həftədənbir 2 ay davamlı olaraq Mahirəyə 5600 manat pul vermişdi. Bundan əlavə olaraq onun kart hesabına ***-**** manat arası pul göndərirdi. O bütün bunlara şahidlik etmişdir. Mahirə biznesə pul yatırarkən bütün pulun özünə aid olduğunu bildirmişdir. Onlar sonradan bildi ki, həmin pullar ayrı-ayrı adamlardan faizi ilə götürülmüşdür.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. İş materiallarında olan Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi Rövşən Cavadovun xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən İddiaçı şikayət ərizəsinə dair toplanmış material üzrə cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir.

9. Həmin material üzrə İddiaçı vermiş olduğu izahatında bildirmişdir ki, Cavabdeh Çin Respublikasından Bakı şəhərinə tibbi ləvazimatlar gətirib satışından gəlir əldə etmə adı ilə aldadaraq xx.xx.2020-ci il tarixdə 3300 ABŞ dolları, və 1400 manat, xx.xx.2020-ci il tarixdə Nərimanov rayonu, A.Nemətulla küçəsində yerləşən Nərimanov rayon məhkəmə binasının qarşısında 7500 manat, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu 57 saylı tam orta məktəbin yaxınlığında 2200 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə yaşadığı ünvan 1 ünvanda 10.000 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə yaşadığı ünvanda özünün göndərdiyi rəfiqəsi Ayanın vasitəsilə 10.000 manat, xx.xx.2021-ci il tarixdə yaşadığı ünvanda Jalənin özü tərəfindən 10.000 manat, xx.xx.2021-ci il tarixdə Jalənin özünün göndərdiyi və şəxsi taksi sürücüsü vasitəsilə ünvan 2 ünvanda yerləşən «Bernar- Cassiyer» lazer mərkəzindəki iş yerində 7.000 manat, ümumilikdə 15.500 ABŞ dolları, 39.900 manat olmaqla milli pul vahidi manata olan nisbətdə ümumilikdə 66.250 manat məbləğində külli miqdarda pulunu alaraq ələ keçirdiyini bildirmişdir.

10. Həmin material üzrə İddiaçı vermiş olduğu izahatında həmçinin bildirmişdir ki, Cavabdeh ona gəlir adı ilə pul verməyib, sadəcə evinin qızıllarını girova qoyub pul götürdüyünə görə lombard faizləri ödəyib və ona tanışlarından götürdüyü pullardan 10.000 və 6.000 manat, cəmi 16.000 manat pul qaytarıb və qalan pullarını qaytarmaq fikrində olmamışdır. Dəfələrlə ona zəng edib pullarını istəsə də, hər dəfə ona müxtəlif bəhanələr söyləyib, əksər hallarda görüşdən yayınıb və hazırda ona 60.250 manat maddi ziyan vurduğu halda onunla görüşə bilmir.

11. Həmin material üzrə Cavabdeh vermiş olduğu izahatında bildirmişdir ki, 2019-cu ilin dekabr ayından başlayaraq rəfiqəsi X9 ilə birlikdə tibbi ləvazimatları alıb satmaqla məşğul olmuş, müəyyən vaxt sonra 2020-ci ilin yanvar ayında Əfsanə adlı tanıdığı qız da onlara qoşulmuşdur. Əfsanənin atasının tikinti layihələrində tenden udub işlər gördüyünü deyərək bunun üçün vəsait qoymaq təklifi etmişdir. Bu məqsədlə bibisi qızı İddiaçı borc adı ilə əvvəl 5.000 manat alaraq sonradanözünə qaytarmış və 2020-ci ilin noyabr ayından başlayaraq özünün işlədiyi Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsindəki salona gedərək 6500 manat, 2020-ci ilin dekabr ayında Nərimanov rayonu ərazisində ondan 7500 manat, həmin ərəfələrdə Mahirədən yenə 5000 manat, xx.xx.2021-ci il tarixdə Nərimanov rayonu ərazisində Mahirədən 17.000 manat, müəyyən vaxt sonra 10.000 manat, ümumilikdə təxmini hesablamasına görə Mahirədən 75.000 manat pul almış, 2022-ci ilin yanvar ayına kimi ona həmin məbləği qaşı 86.194 manat pul qaytarmışdır.

12. İş materiallarında olan Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Vüqar Hadinin xx.xx.2022-ci il tarixli cinayət işi üzrə xitam verilməsi haqqında qərarına əsasən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi, zərərçəkmiş şəxslər X10, Cavabdeh, X9, X11 və X5 zərərçəkmiş şəxs qismində statusuna xitam verilməsi və həmin şəxslərə iqtisadi fəaliyyət zamanı onlara vurulmuş hər hansı maddi ziyanın ödənməsi, borcun qaytarılması məqsədilə mülki qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməsi, Cavabdeh, X9 və X12 tərəfindən "xxxx" MMC və "xxxx" MMC-nin əmlakının aldatma yolu ilə ələ keçirilməsi öz təsdiqini tapmadığından həmin xüsusat üzrə Cavabdeh, X9 və X6 barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi, "xxxx" MMC-nin təsisçisi və direktoru X2 və "xxxx" MMC-nin satış nümayəndəsi X1 iqtisadi fəaliyyət zamanı onlara vurulmuş hər hansı maddi ziyanın ödənilməsi, borcun qaytarılması məqsədilə mülki qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməsi, X8 X10 və ya hər hansı digər şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə zor tətbiq edilərək xəsarət yetirilməsi, həmçinin Əfsanə Azaylı və atası Ramin Əsgərovun hər hansı şəxs tərəfindən azadlığının məhdudlaşdırılması və ya onlardan hədə-qorxu ilə pul tələb edilməsi halları öz təsdiqini tapmadığından həmin xüsusatlar üzrə Azərbaycan Respublikası CM-nin 128,145 və 182-ci maddələri ilə cinayət işinin başlanması AR CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, X3 aldatma yolu ilə Əfsanə Azaylıya qarşı hər hansı maddi ziyan vurmaq və ya "xxxx" MMC-nin əmlakını ələ keçirmək niyyətinin olması öz təsdiqini tapmadığından həmin xüsusatla bağlı X4 barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət işinin başlanması AR CPM-nin 39.1.2-ci madddəsinə əsasən rədd etməklə X12 və ya "xxxx" MMC-nin iş üzrə zərər çəkmiş şəxs qismində tanınmasından imtina edilməsi və iqtisadi fəaliyyət zamanı onlara vurulmuş hər hansı maddi ziyanın ödənməsi, borcun qaytarılması məqsədilə mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməsi, X6 atasının dəmir ticarətinə yatırım etmək adı ilə aldatma yolu ilə Cavabdeh 98000 manat və Ayan Vəzirovadan 52000 manat pul alaraq ələ keçirməsi halının öz təsdiqini tapmadığından həmin xüsusatlarla bağlı X6 barəsində Azərbaycn Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət işinin başlanması AR CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, Cavabdeh və X7 iqtisadi fəaliyyəti zamanı onlara vurulmuş hər hansı maddi ziyanın ödənməsi, borcun qaytarılması məqsədilə mülki qaydada ailiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

13. Beləliklə də məhkəmə iclasında müəyyən olundu ki, iş üzrə cavabdeh iddiaçıya müraciət edərək 2020-ci ilin sentyabr ayından 2021-ci ili aprel ayına qədər olan müddət ərzində xarici ölkələrdən tibbi ləvazimatların gətirilməsi adı ilə borc pul istəmiş və iddiaçı tərəfindən cavabdehə hissə-hissə ümumilikdə 76000 manat məbləğində pul vermişdir. Cavabdeh tərəfindən iddiaçıya olan 76000 manat məbləğində borcun bir hissəsi – 9750 manat qaytarılmış, 66250 manat isə hal-hazırki vaxtadək qaytarılmamışdır. Bu səbəbdən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

14. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür. Digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır(maddə 740.2).

16. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

17. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

18. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında borc pulun verilməsinə dair borc münasibətləri (işin mübahisəsiz halı) mövcud olmuşdur.

19. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıdan götürdüyü borc pulun qaytarılmaması səbəbindən iddiaçı hüquq-mühafizə orqanlarına müraciət etmiş, onun şikayəti əsasında Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılmış, tərəflərin izahatı alınmış, mübahisə mülki xarakterli olduğundan toplanmış materialı cinayət işinin başlanması rədd edilmişdir.

20. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh iddiaçıdan borc qismində aldığı pulu ona tam şəkildə qaytarmamış və məhkəmə iclasında iddiaçı həmin pulun cavabdeh tərəfindən qaytarılmamasını iddia etsə də, cavabdeh iddiaçı qarşısında hər hansı öhdəliyinin olmadığını (borcu qaytardığı üçün) göstərmişdir.

21. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən götürülmüş pulun qaytarılması barədə isə heç bir yazılı (rəsmi) aktı, sənədi məhkəməyə təqdim edə bilməmişdir. Bu hal isə onu deməyə əsas verir ki, iddiaçı verilən pulları şifahi qaydada təqdim etsədə (cavabdeh bu halı mübahisələndirmir) , bu hal cavabdehi eyni şəkildə (yazılı olmadan) pulun qaytarılması üçün əsas verməməlidir.

22. Məhkəmə hesab edir ki, cavabdeh şifahi borc müqaviləsi üzrə üzərinə düşən öhdəliyi tam yerinə yetirmədiyindən, iddiaçı həmin pulun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

24. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir.

25. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

26. Məhkəmə bu halda qeyd edir ki, tərəflər arasında yazılı formaya riayət edilmədən verilən pulun hüquqi əsasında etibarsız hesab edilən əqd və onun hüquqi nəticəsini doğuran (bu halda) mülki hüquq pozuntusu olan delikt anlayışı durur.

27. Məhkəmə cavabdeh tərəfindən məhkəməyə dəvət edilən şahid ifadələrinə mübahisəli yanaşaraq həmin ifadələri sübut növü kimi qəbul etmir. Belə ki, verilmiş izahatlardan görünür ki, hər iki şahid müxtəlif vaxtlarda pulun iddiaçıya qaytarıldığını desədə yekun olaraq həmin pul nəticə etibarı ilə iddia tələbinin miqdarı (66250 manat) ilə uzlaşmır. Şahidlərdən tərəfindən pulun (10.000 manatın) verilməsini qeyd etsədə digər hissələrin harda , nə vaxt, hansı miqdarda, kimlərin şahidliyi ilə, hansı şəraitdə verilməsi təsdiqlənmir. Həmçinin telefon tətbiqi zamanı (whatsapp) edilmiş yazılarda belə iddiaçının qeyd olunan məbləğlərin əgər şahidlər tərəfindən pulun ona verilməsi halı olsaydı bunu cavabdehə bildirməli yaxud cavabdeh bu barədə iddiaçıya xatırlatmalı idi (şahidlər tərəfindən iddiaçıya verilən pulun onlar tərəfindən həqiqətən verilməsinin təsdiqi üçün). Lakin bu halın heç biri “whatsapp tətbiqi” vasitəsində aşkar edilməmişdir.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

29. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

30. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

31. Eyni Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

32. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

33. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 66250 (altmış altı min iki yüz əlli) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir.

34. Məhkəmə iddia tələbinin hüquqi yardım xərcinə görə “Arbitrium” Vəkil Bürosuna ödənilmiş 110 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, bu hissədə tələb təmin edilməlidir.

35. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

36. İş materiallarında olan ödəniş qəbzin surətindən görünür kimi, iddiaçı tərəfindən hüquqi yardıma görə 110 manat ödənilmişdir. Məhkəmə hesab edir ki, hüquqi xidmətə görə ödənilmiş 110 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

37. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

38. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi əsaslı hesab edildiyindən, ödənilmiş 243 manat dövlət rüsumunun da cavabdehdən tutulması hissəsində iddia tələbi təmin edilməlidir.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

41. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh 66250 (altmış altı min iki yüz əlli) manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 289 (iki yüz səksən doqquz) manat, hüquqi xidmətə görə ödənilmiş 110 (yüz on) manat, cəmi 66649 (altmış altı min altı yüz qırx doqquz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar