Məhkəmə qərarları › İş №e-2(006)-824/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-824/2023

01.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-824/2023 01.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmə orqanı və ibtidai araşdırma orqanı tərəfindən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın baş verməsini nəzərə alaraq, ona vurulmuş 9.700 manat məbləğində maddi ziyanın, əldən çıxmış faydaya görə 9.000 manat və mənəvi ziyana görə 100.000 manat kompensasiya olmaqla, ümumilkidə 118.700 manatın cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin hesabından tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-571/2022 saylı, 09 mart 2022-ci il tarixli hökmü ilə xx xxxxxxx 1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1-də qeydiyyatda olan və yaşamış, 06 sentyabr 2021-ci il tarixdən həbsdə olan İddiaçı elan edilmiş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin çıxarılması, onun Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 6 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 03 sentyabr 2021-ci il tarixdən 05 sentyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı hər günü azadlıqdan məhrum etmə cəzanın 1 gününə bərabər tutulmaqla, həmin günlər təyin edilmiş cəza müddətindən çıxılmaqla, qəti olaraq 6 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 06 sentyabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması, ondan ekspertiza xərcini təşkil edən 228 manatın alınaraq dövlət büdcəsinə keçirilməsi, iş üzrə maddi sübut olan və Binəqədi rayon Polis İdarəsində saxlanılan, İddiaçı üzərindən aşkar olunaraq götürülmüş qalıq 3,515 qram narkotik vasitə heroinin, qalıq 1,462 qram metamfetaminin, 01 ədəd üzərində heroinin izləri olan gümüşü rəngli elektron tərəzinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, onun üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti və baxış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılmasının nəzərə alınması hökm edilmişdir. Hökümdən apellyasiya şikayəti verilmişdir. İstintaq orqanı tərəfindən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə və külli miqdarda narkotik vasitə əldə edərək üstündə saxlamış və daşımışdır. Belə ki, İddiaçı istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən cinayət əlaqəsinə girərək, 2021-ci ilin avqust ayının sonlarında axşam saatlarında satış məqsədilə qanunsuz olaraq külli miqdarda ümumi çəkisi 3,755 qram narkotik vasitə heroin və təmiz çəkisi 1,562 qram psixotrop maddə metamfetamin əldə edib üstündə saxlayaraq daşımış, 03 sentyabr 2021-ci il tarixdə saat 17 radələrində ünvan 1 ünvanın yaxınlığında Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, Bakı şəhəri Binəqədi rayonu Sulu-təpə qəsəbəsində yerləşən 40-cı Polis Bölməsinə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki boz rəngli şalvarının sol yan cibindən 01 ədəd kiçik ölçülü şəffaf sellofan paketin içərisində - 04 ədəd gümüşü rəngli kağız bükümlərdə, hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,675 qr., 0,991 qr., 1,313 qr., 0,776 qram olmaqla, ümumi təmiz çəkisi külli miqdar hesab edilən 3,755 qram kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin, 01 ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 1,562 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və şalvarının eyni cibindən 01 ədəd üzərində heroin izləri olan gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüsdür. Birinci instansiya məhkəməsinin hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, 2021-ci ilin avqust ayının sonlarında axşam saatlarında satış məqsədilə qanunsuz olaraq külli miqdarda ümumi çəkisi 3,755 qram narkotik vasitə heroin və təmiz çəkisi 1,562 qram psixotrop maddə metamfetamin əldə edib üstündə saxlayaraq daşımış, 03 sentyabr 2021-ci il tarixdə saat 17 radələrində ünvan 1 ünvanın yaxınlığında Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən 40-cı Polis Bölməsinə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki boz rəngli şalvarının sol yan cibindən 01 ədəd kiçik ölçülü şəffaf sellofan paketin içərisində - 04 ədəd gümüşü rəngli kağız bükümlərdə, hər birinin ayrıayrılıqda təmiz çəkisi 0,675 qr., 0,991 qr., 1,313 qr., 0,776 qram olmaqla, ümumi təmiz çəkisi külli miqdar hesab edilən 3,755 qram kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin, 01 ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 1,562 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və şalvarının eyni cibindən 01 ədəd üzərində heroin izləri olan gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi İddiaçı elan edilmiş ittihamdan çıxarılmışdır ona görə ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ittiham olunan epizod üzrə əməlində cinayət tərkibi olması sübuta yetirilməmişdir. Belə ki, ibtidai araşdırma orqanı nəyə əsaslanaraq təqsirləndirilən şəxsin narkotik vasitəni qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsini heç cür əsaslandırmamışdır və iş materiallarından da görünür ki, belə nəticəyə gəlmək üçün hər hansı bir əsas da olmamışdır. İş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha hərtərəfli tədqiq edib həm onlara həm də yuxarıda sadalanan qanun normalarına əsaslanaraq məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, İddiaçı müdafiəçisi, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Nümayəndə apellyasiya şikayəti təmin edilməli, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-571/2022 saylı, 09 mart 2022-ci il tarixli hökmü, məhkum edilmiş şəxs İddiaçı müdafiəçisi Nümayəndə apellyasiya şikayətinə əsasən ləğv edilməli, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmalı, İddiaçı pozulmuş hesab etdiyi hüquqlarının bərpası, həmçinin vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikası CPM-nin 56-59-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilməli, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 228 manat dövlət büdcəsinə aid edilməli, İddiaçı üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti və baxış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə görə cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda, həmçinin təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.4-ci maddəsində göstərilmişdir ki, həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə məhkəmə bəraət hökmü çıxarır. Həmin Məcəllənin 55.1-ci maddısinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən haqqında məhkəmənin bəraət hökmü çıxarılmış və ya məhkəməyədək icraat zamanı cinayət təqibinə bəraətverici əsasla xitam verilmiş hər hansı şəxs təqsirsiz sayılır. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 399.1, 399.1.2-399.1.4-cü maddələrinə müvafiq olaraq məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi və cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar hesab edilir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPMnin 62.1-ci maddəsinə uyğun olaraq İddiaçı izah edilməlidir ki, barəsində bəraət hökmü çıxarıldığından onun pozulmuş hesab etdiyi hüquqlarının bərpası ilə əlaqədar olaraq, həmçinin vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə kollegiyası İddiaçı təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi qənaitinə gəldiyindən, yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinin tələbinə uyğun olaraq, 03 sentyabr 2021-ci il tarixdə saat 17 radələrində İddiaçı əynində olan boz rəngli şalvarının sol yan cibindən aşkar olunduğu qeyd edilən - iş üzrə maddi sübut olan və Binəqədi rayon Polis İdarəsində saxlanılan - 01 ədəd kiçik ölçülü şəffaf sellofan paketin içərisində - 04 ədəd gümüşü rəngli kağız bükümlərdə, hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,675 qr., 0,991 qr., 1,313 qr., 0,776 qram olmaqla, ümumi təmiz çəkisi külli miqdar hesab edilən 3,755 qram kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroinin, 01 ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 1,562 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin və 01 ədəd üzərində heroin izləri olan gümüşü rəngli elektron tərəzinin kimə məxsus olması, həmin narkotik vasitələrin İddiaçı üzərinə kim tərəfindən qoyulması və qeyd olunanlarla bağlı təqsirkar şəxsin müəyyən edilməsi məqsədi ilə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirkar şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Binəqədi rayon prokuroruna göndərilməsini əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsi bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 42.1.2, 62.1, 346, 347, 348, 350, 352, 353, 356, 357, 358, 394, 395, 397, 398, 399, 401, 402, 403, 405, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 1(103)-944/2022 nömrəli, xx.xx.2022-ci il tarixli aşağıdakı məzmunda bəraət hökmü vermişdir. Məhkum edilmiş şəxs İddiaçı müdafiəçisi, Bakı şəhəri 11 saylı Vəkilnun vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-571/2022 saylı, 09 mart 2022-ci il tarixli hökmü, məhkum edilmiş şəxs İddiaçı müdafiəçisi Nümayəndə apellyasiya şikayətinə əsasən ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilsin. İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun. İddiaçı pozulmuş hesab etdiyi hüquqlarının bərpası, həmçinin vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikası CPM-nin 56-59-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 228 manat dövlət büdcəsinə aid edilsin. İddiaçı üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti və baxış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinin tələbinə uyğun olaraq 03 sentyabr 2021-ci il tarixdə saat 17 radələrində İddiaçı əynində olan boz rəngli şalvarının sol yan cibindən aşkar olunduğu qeyd edilən - iş üzrə maddi sübut olan və Binəqədi rayon Polis İdarəsində saxlanılan - 01 ədəd kiçik ölçülü şəffaf sellofan paketin içərisində-04 ədəd gümüşü rəngli kağız bükümlərdə, hər birinin ayrıayrılıqda təmiz çəkisi 0,675 qr., 0,991 qr., 1,313 qr., 0,776 qram olmaqla, ümumi təmiz çəkisi külli miqdar hesab edilən 3,755 qram kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroinin, 01 ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 1,562 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin və 01 ədəd üzərində heroin izləri olan gümüşü rəngli elektron tərəzinin kimə məxsus olması, həmin narkotik vasitələrin İddiaçı üzərinə kim tərəfindən qoyulması və qeyd olunanlarla bağlı təqsirkar şəxsin müəyyən edilməsi məqsədi ilə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirkar şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Binəqədi rayon prokuroruna göndərilsin. Hökmdən kasassiya protesti verilmişdir. Ali Məhkəmənin Cinayət Kollegiyası 1(102)- 1551/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya protesti təmin edilmədən, höküm dəyişdirilmədən saxlanılmışdır. Nəticə etibarı ilə iddiaçı qanunsuz və əsasız olaraq 06 sentyabr 2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (9 ay müddətində) həbsdə qalmışdır. O cümlədən, onun ibtidai istintaq zamanı fiziki təzyiqlərə məruz qaldığı məhkəmə istintaqı zamanı öz təsdiqini tapmışdır. İddiaçının barəsində qanunsuz cinayət işinin aparılması və həbsi ona, ailə üvlərinə həm maddi, həm mənəvi cəhətdən böyük zərbə vurmuşdur. Anası iddiaçıya hər ay 150 manat məbləğində, hər həftə ərzaq və qeyriərzaq malları gətirmiş, iddiaçının saxlandığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına taksidən istifadə etməklə gediş-gəliş üçün 50 manat, yəni hər həftə 200 manat, 9 ay ərzində 7.700 manat pul xərclənmişdir. İddiaçı həbsdə olduğu dövrdə səhhəti pisləşmiş, ona 1.000 manat məbləğində dərman alınaraq müalicəsi üçün xərclənmişdir. İddiaçı barəsində məhkəmə prosesləri uzun müddət davam etmiş, anası məhkəməyə gedən gün hər dəfə 50 manat məbləğində ərzaq almış, gediş-gəliş üçün 10 manat, yəni hər dəfə 60 manat pul xərcləmişdir. Bununla bağlı məhkəməyə gediş-gəliş xərcləri 1.000 manat təşkil etmişdir. İddiaçı həbs edilməmişdən öncə fərdi işlə məşğul olmaqla hər ay 1.000 manat pul qazanmışdır. Həbsdə olduğu dövrdə 9.000 manat fayda onun əlindən çıxmışdır. Nəticə etibarı ilə ona 18.700 manat məbləğində maddi ziyan dəymişdir. İddiaçının həbsdə olması və barəsində aparılan cinayət işi ilə bağlı onun şərəf və ləyaqətinə sağalmaz zərbə vurulmuşdur. Ətrafda hamı iddiaçını cinayətkar, narkotik maddə alverçisi kimi qələmə verir. Buna görə də, mənəvi ziyan olaraq iddiaçıya 100.000 (yüz min) manat pulun ödənilməsi zəruridir. İddiaçının qeyri-qanuni olaraq azadlıqdan məhrum edilməklə həbsdə saxlanılması ilə əlaqədar onun səhhəti pisləşmiş, işgüzar nüfuzuna, şərəf və ləyaqətinə xələl gəlmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X4 tərəfindən məhkəməyə iddiaya etiraz göndərilmiş və etirazda göstərilmişdir ki, iddia tələbi əsaslı olmadığından rədd edilməlidir. Belə ki, İddiaçı təhqiqat və ibtidai istintaq orqanlarının qanunsuz hərəkətləri nəticəsində dəymiş maddi və mənəvi ziyana görə 118.700 manat kompensasiya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Maliyyə Nazirliyi bu prosesə cavabdeh kimi cəlb edilmişdir. İddiaçı ərizəsində fərdi əmək fəaliyyəti ilə məşğul olmasını, həbsdə olduğu müddətdə real qazancdan məhrum olduğunu əsas gətirərək əldən çıxmış fayda olaraq 9.000 manat pul tələb etmişdir, lakin hansı əmək fəaliyyəti ilə məşğul olması və aylıq gəliri ilə bağlı hər hansı təsdiqedici sübutlar təqdim etməmişdir. Belə ki, vergi ödəyicisi kimi qeydiyyatda olması və konkret ödənilən verginin miqdarı barədə, habelə ayda konkret qazancı barədə sənədlər işin materillarına əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2,-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçı isə həmin zərərin nədə ifadə olunmasını təsdiq edən sənədlər təqdim etmədən, ümumi ifadələrlə kifayətlənərək kompensasiya tələb edir. İddiaçı həbsdə olduğu zaman ailə üzvlərinin ona gətirdiyi ərzaq və qeyri-ərzaq məhsullarının gətirilməsinə və bu zaman çəkilən yol xərclərinə görə müəyyən məbləğdə kompensasiya tələb etmişdir. Bundan başqa həbsdə olduğu zaman səhhətində problemlər yarandığını və bu şəbədən müalicə üçün 1000 manat dəyərində dərman alındığını əsas gətirərək maddi zərərə görə 9700 manat kompensasiya ödənilməsini tələb etmişdir. Lakin iddia ərizəsində qeyd olunan bütün bu xərclərlə bağlı hər hansı təsdiqedici sənədlər, sübutlar təqdim edilməmişdir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində ödənilən ziyanın(məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və s) konkret növləri göstərilmişdir. Qeyd olunan Qanunda iddiaçının tələb etdiyi xərclərə görə hər hansı kompensasiya nəzərdə tutulmamışdır. İddiaçı həmçinin 100.000 manat məbləğində mənəvi zərərə görə kompensasiya tələb etmişdir. Bununla bağlı bildirmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Lakin iddiaçı ona maddi və mənəvi ziyanın dəyməsi hallarını təsdiq edən hər hansı bir sübut təqdim etmədən və ümumi ifadələrlə kifayətlənərək ziyanın ödənilməsini tələb etmişdir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Hesab edirlər ki, iddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. Bundan başqa, mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir, (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği üç yüz otuz manatdır. Həmçinin «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində ödənilən ziyanın növləri konkret göstərilir və iddiaçıya müalicə xərclərinin ödənilməsi bu Qanunda nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə»nin 8.7-ci bəndinə əsasən Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını (kredit sərəncamçılarını) yalnız onların sifarişinə və məxaric cədvəllərinə əsasən onların xərc smetalarında nəzərdə tutulmuş vəsaitlər həddində maliyyələşməsini həyata keçirir. Maliyyə Nazirliyinin büdcə təşkilatları əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Eyni zamanda «Dövlət büdcəsi» ifadəsi də ümumi anlayışdır və burada hər bir büdcə təşkilatına (kredit sərəncamçılarına) müvafiq məqsədlər üçün xərc maddələri üzrə vəsait nəzərdə tutulur. Xərc maddələri isə Qanunla təsdiq olunduğundan Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ yoxdur. «Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin məqsədi ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının və problemlərinin həlli, dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, onun iddia ərizəsində bu zərəri sübut edəcək heç bir fakt mövcud deyildir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini rəhbər tutaraq iddia ərizəsinə etiraz bildirir və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, şahid X5 ifadəsində bildirdi ki, iddiaçı onun dayısı oğludur. O, Xocahəsən və Hökməli kəndlərində qardaşı və dayısı oğlu ilə tikinti işi ilə məşğul olur. Onun qardaşı X2 ustadır. Dayısı oğlu İddiaçı və o, fəhlə kimi qardaşının yanında işləyirlər. İddiaçı adətən şifer vurur. Həmçinin o, tavan döşəmə və suvaq işlərini də bilir. Aylıq gəlirləri hər biri üçün 1.200 manat və 1.000 manat arası dəyişir. Gördükləri işləri müqavilə olmadan görürlər və günəmuzd olaraq işləyirlər. Onun da, iddiaçının da əmək müqaviləsi yoxdur. X1 ifadəsində bildirdi ki, iddiaçı onun dayısı oğludur. Xocahəsən və Hökməli kəndlərində tikinti işləri ilə məğul olurlar. O, usta kimi, qardaşı və iddiaçı isə fəhlə kimi onun yanında işləyirlər. İddiaçı şifer vurur. Aylıq gəlirləri hər biri üçün 1.200 manat və 1.000 manat arası dəyişir. Gördükləri işlər rəsmi deyildir. Heç birinin əmək müqaviləsi yoxdur. Günəmuzd olaraq işləyirlər. Məhkəmə ilk öncə qeyd edir ki, şahid ifadələri mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki, nə iddiaçı, nə də şahidlər rəsmi şəkildə işləmirlər, təyin olunmuş əmək haqqı almırlar, gəlirləri qeyri-müəyyən və dəyişkəndir. Nə iddiaçı, nə də şahidlər məhkəməyə aylıq gəlirlərini təsdiq edən rəsmi sənədlər təqdim etməmişlər. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 mart 2022-ci il tarixli 1(101)-571/2022 saylı hökmü ilə İddiaçı elan edilmiş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi çıxarılmış, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən İddiaçı 03 sentyabr 2021-ci il tarixdən 05 sentyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı hər günü azadlıqdan məhrum etmə cəzanın 1 gününə bərabər tutulmaqla, həmin günlər təyin edilmiş cəza müddətindən çıxılmaqla, İddiaçı qəti olaraq 6 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 06 sentyabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən İddiaçı barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması, İddiaçı ekspertiza xərci təşkil edən 228 manatın alınaraq dövlət büdcəsinə keçirilməsi, iş üzrə maddi sübut olan və Binəqədi rayon Polis İdarəsində saxlanılan İddiaçı üzərindən aşkar olunaraq götürülmüş qalıq 3,515 qram narkotik vasitə heroin, qalıq 1,462 qram metamfetamin, 01 ədəd üzərində heroin izləri olan gümüşü rəngli elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, İddiaçı üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti və baxış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmasının nəzərə alınması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 07 iyun 2022-ci il tarixli 1(103)- 944/2022 saylı hökmü ilə məhkum edilmiş şəxs İddiaçı müdafiəçisi, vəkil Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-571/2022 saylı, 09 mart 2022-ci il tarixli hökmü, məhkum edilmiş şəxs İddiaçı müdafiəçisi Nümayəndə apellyasiya şikayətinə əsasən ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, İddiaçı barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmuş, İddiaçı pozulmuş hesab etdiyi hüquqlarının bərpası, həmçinin vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikası CPM-nin 56-59-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilmiş, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 228 manat dövlət büdcəsinə aid edilmiş, İddiaçı üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti və baxış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılması, Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinin tələbinə uyğun olaraq 03 sentyabr 2021-ci il tarixdə saat 17 radələrində İddiaçı əynində olan boz rəngli şalvarının sol yan cibindən aşkar olunduğu qeyd edilən - iş üzrə maddi sübut olan və Binəqədi rayon Polis İdarəsində saxlanılan - 01 ədəd kiçik ölçülü şəffaf sellofan paketin içərisində - 04 ədəd gümüşü rəngli kağız bükümlərdə, hər birinin ayrıayrılıqda təmiz çəkisi 0,675 qr., 0,991 qr., 1,313 qr., 0,776 qram olmaqla, ümumi təmiz çəkisi külli miqdar hesab edilən 3,755 qram kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroinin, 01 ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 1,562 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin və 01 ədəd üzərində heroin izləri olan gümüşü rəngli elektron tərəzinin kimə məxsus olması, həmin narkotik vasitələrin İddiaçı üzərinə kim tərəfindən qoyulması və qeyd olunanlarla bağlı təqsirkar şəxsin müəyyən edilməsi məqsədi ilə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirkar şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə materialların ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Binəqədi rayon prokuroruna göndərilməsi hökm edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli 1(102)- 1551/2022 saylı qərarı ilə kassasiya protesti təmin edilməmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi haqqında Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyun 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi kifayət qədər uzun müddət ərzində əsassız yerə cəza çəkmiş, həbsdə saxlanılmışdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Mülki Məcəllənin 1100-cü madəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Mülki Məcəllənin 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Mülki Məcəllənin 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. Həmin Qanunun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Qeyd edilən Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Məhkəmə, iddiaçının istintaq orqanının səhvi nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qeyd olunan hissədə qismən təmin edilməli və iddiaçının xeyrinə ədalətli həddə, yəni 10.000 (on min) manat məbləğində mənəvi ziyan tutulmalıdır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələbinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Həmin Qanunun 12-ci maddəsinin tələbinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X3rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini 10.000 manat müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı vurulmuş mənəvi zərərə görə 10.000 (on min) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı ona maddi ziyan vurulmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı vurulmuş mənəvi zərərə görə 10.000 (on min) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar