Məhkəmə qərarları › İş №e-2(006)-863/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-863/2024

08.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-863/2024 08.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi ilə İddiaçı "xxxx" X2 Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" X6 Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1980 manat mələğində verilmiş sığorta ödənişinin və 39.8 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" X2 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə "xxxx" X2 Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə iddia icraatında baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, LPO ASC "Standard İnsurance” Sığorta Şirkəti tərəfindən PST********** nömrəli sığorta şəhadətnaməsi əsasında "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə X4 adına sığortalanmış "KİA RİO” markalı, 99SC127 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 18 noyabr 2020-ci il tarixində Bakı şəhəri, Babək prospekti ünvanında Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkənin əmlakına maddi ziyan vurulmuşdur. Yuxarıda göstərilən hadisə ilə əlaqədar "İcbari Sığorta Bürosu” HŞİ tərəfindən zərərçəkənə dəymiş zərər üzrə 2053 nömrəli, xx.xx.2020-ci il tarixli ödəniş tapşırığına əsasən, aşağıdakı cədvəldə qeyd olunan məbləğdə sığorta (kompensasiya) ödənişi həyata keçirilmişdir. İş materiallarından aydın olur ki, Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini istifadə etməyə, idarə etməyə və ya digər qaydada istismar etməyə hüququ olmamışdır. Belə ki, sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli “inzibati tənbeh vermə haqqında” Qərardan məlum olur ki, yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh "KİA RİO” markalı, 99SC127 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini etibarnaməsiz istismar etmiş və bu səbəbə görə Azərbaycan Respublikasının İXM-nin 332.1-ci maddəsinə görə təqsirli bilinmişdir. Həmin maddənin dispozisiyasının məzmunundan görünür ki, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə həmin maddəyə əsasən məsuliyyətə cəlb edilir. Bu subroqasiya əsasıdır. İddiaçı "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməklə, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «KİA Rio» minik markalı, ** SC *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X1r. İş materiallarında olan LPO ASC "Standard İnsurance” Sığorta Şirkəti tərəfindən xx.xx.2020-ci il tarixdə bağlanmış və xx.xx.2021-ci ilə qədər qüvvədə olan PST********** nömrəli "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta şəhadətnaməsinin surətindən görünür ki, 99SC127 dövlət qeydiyyat nişanlı “KİA Rio” markalı nəqliyyat vasitəsini sığortalayan X7r. İş materiallarında olan AC seriyalı 066198 saylı Azərbaycan Respublikası sürücülük vəsiqəsinin surətindən görünür ki, həmin sürücülük vəsiqəsi “BC” kateqoriyalı olmaqla, Cavabdeh xx.xx.2017-ci il tarixdən xx.xx.2027-ci il tarixədək verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixdə tərtib edilmiş İnzibati xəta haqqında protokolun surətindən görünür ki, həmin Protokol «KİA Rio» minik markalı, ** SC *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında tərtib edilmişdir. İş materiallarında olan Bakı şəhəri DYPİ-nin Yol Patrul Xidməti tərəfindən xx.xx.2020ci il tarixdə tərtib edilmiş TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, həmin qərar Cavabdeh «KİA Rio» minik markalı, ** SC *** dövlət qeydiyyat nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi və 40 manat cərimə edilməsi haqqında tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli əmlaka dair qiymətləndirmə aktından görünür ki, «BMW 316» minik markalı, ** TR *** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş zərərin məbləği 2000 manat təşkil edir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «BMW 316» minik markalı, ** TR *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X8r. İş materiallarında olan nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında ƏN-V № 448499 saylı etibarnamənin surətindən görünür ki, həmin etibarnamə X10 tərəfindən «BMW 316» minik markalı, ** TR *** dövlət qeydiyyat nişanlı avtomobilindən istifadə edilməsi üçün X3 verilmişdir. İş materiallarında olan sığorta aktından müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində X3 2000 manat məbləğində dəymiş ziyanın ödənilməsi göstərilmişdir. İş materiallarında olan 2053 nömrəli xx.xx.2020-ci il tarixli ödəniş tapşırığının təsdiq olunmuş surətindən görünür ki, "xxxx" HŞİ X5 hesabına 1980 manat məbləğində sığorta ödənişi keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci və 922.2-ci maddəsinə əsasən, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Mülki Məcəllənin 926.1-ci maddəsinə görə, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 936.1–ci maddəsinə əsasən, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2- maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və ya müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.2-ci maddəsinə əsasən sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatı bu Qanunda nəzərdə tutulan icbari sığortaların əsas prinsiplərindəndir. Həmin qanunun 6.2-ci maddəsinin tələblərinə görə mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin qanunun 13.1-ci maddəsinə əsasən icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Həmin qanunun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi hallarında (bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır) sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin qanunun 53.1-ci maddəsinə əsasən, mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarəyə götürmüş və ya еtibarnamə əsasında idarə еdən, yaxud digər qanuni əsaslarla istismar еdən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hеsab olunurlar. “Yol hərəkəti haqqında” Qanunun 34-cü maddəsi ilə hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəd qismində sürücülük vəsiqəsi müəyyən edilmişdir. Qeyd olunan hüquq normaların tətbiqi ilə yanaşı, iddia tələbində qoyulan məsələnin həllinə dair məhkəmə təcrübəsini formalaşdıran yuxarı və ali instansiya məhkəmələrinin mövqeləri mövcuddur (Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-5304/2022 nömrəli iş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-528/2022 nömrəli iş). Beləliklə, Məhkəmə qeyd edir ki, qanunun tələblərinə əsasən «KİA Rio» minik markalı, ** SC *** dövlət qeydiyyat nişanlı avtomobilin icbari qaydada sığortlanmasına dair müqavilənin əsas məqsədi müqavilədə göstərilmiş əmlakın, yəni sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs tərəfindən istismarı nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi təşkil edir. Yalnız bu tələblərə riayət edilmədiyi halda zərəçəkmiş şəxsə ödənilmiş sığorta ödənişi reqres qaydada geri tələb edilə bilər. Yol nəqliyyat hadisəsi törədilən zaman cavabdehin müvafiq kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək səlahiyyətini müəyyən edən sürücülük vəsiqəsi olmaqla, avtomobili etibarnaməsi olmadan idarə etməsi işin halları ilə öz təsdiqini tapır. Bu hal isə, onun avtomobili istifadəyə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs kimi qəbul etməyə əsas vermir və buna görə də bu əsasla subroqasiya hüququ yarana bilməz. Çünki, “hüququ olmayan şəxs” dedikdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan, başqa sözlə sürücülük vəsiqəsi olmayan şəxs nəzərdə tutulur. Sürücülük hüququ olmadan avtomobili idarə etmə ilə etibarnamə olmadan avtomobili idarəetmə anlayışlarına qanunvericilikdə qoyulmuş fərqlərə diqqət yetirmək lazımdır. Etibarnamə olmadan avtomobilin idarə edilməsi daha çox inzibati hüququn məqsədlərinə xidmət edir. Buna görə də İnzibati Xətalar Məcəlləsində bu cür idarəetməyə görə məsuliyyət də müəyyən edilib. Bu məsuliyyəti müəyyən etməkdə inzibati xətalar qanunverciliyinin iki məqsədi vardır: birincisi, avtomobil mülkiyyətçilərinin mənafeyi müdafiə olunsun və başqa şəxslər mülkiyyətçinin iradəsi olmadan avtomobilə sahiblənə bilməsinlər; ikincisi, yol hərəkəti sahəsində hüquqpozmalara qarşı mübarizə imkanları gücləndirilsin, yəni qayda pozuntusu zamanı avtomobili idarə edən şəxsin (sürücünün) şəxsiyyətinin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması mümkün olsun. Göründüyü kimi, etibarnamənin olmamasının sığortaçıların mənafeyinin qorunması ilə bağlı əlaqəsi yoxdur. Belə olan halda, avtomobili idarə etmək üçün qanuni əsas qismində etibarlı sürücülük vəsiqəsinin olması yetərlidir, “etibarnamə olmadan” avtomobili idarə edən şəxs sürücülük hüququ olmayan şəxs demək deyil. Nəqliyyat vasitəsini idarə etmək “hüququ olmayan şəxs” dedikdə isə, avtomobilin idarə edilməsi ilə bağlı nəzəri və təcrübi biliklərə malik olmayan şəxsdir. Belə şəxsin avtomobili idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır. Sığorta hadisəsi baş verdikdə isə sığortaçı sığorta ödənişi verməli olur və son nəticədə sığortaçının əsaslı mənafeləri pozulmuş olur. Məhkəmə onu da vurğulamağı zəruri hesab edir ki, “hüququ olmayan şəxs” tərəfindən sığortalının və ya sığorta olunanın xəbəri olmadan nəqliyyat vasitəsini istismar etməsi halının sübutetmə yükü iddiaçının üzərindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı "xxxx" X2 Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar