Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-881/2023 16.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi -Tağıyev Adil Elçin oğlunun katibliyi, Cavabdeh - Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «inzibati xəta nəticəsində dəymiş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «inzibati xəta nəticəsində dəymiş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz hərəkətləri nəticəsində yəni Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsinin tələblərini pozması nəticəsində iddiaçının əmlakına dəymiş 3000 manat məbləğində maddi ziyanın, habelə cavabdehin inzibati xəta törətməsi nəticəsində iddiaçıya vurulmuş 2000 manat məbləğində mənəvi zərərin və ödənilmiş 70 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə saat 14:20də Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağ sahəsi, 42-ci dalanda ona məxsus olan torpaq sahəsinə baxış keçirmək məqsədi ilə gəldikdə məlum olmuşdur ki, torpaq sahəsinin mişar daşı ilə hörülmüş yan hasarın və içərisində olan 1 otaqlı yarımtikili evin söküldüyünü aşkar etmişdir. Kimin tərəfindən özbaşınalıq edilərək ona məxsus əmlakın traktor vasitəsi ilə sökülməsini və darmadığın edilərək ona maddi ziyan vurulması ilə maraqlandıqda məlum olmuşdur ki, Rüstəm adlı şəxs tərəfindən belə bir qanuna zidd hərəkət edilmişdir. Bununla bağlı ərazi üzrə hüquq mühafizə orqanlarından olan Sabunçu RP-nin 15-ci PB-nə ərizə ilə müraciət edərək 20 ilə yaxındır ki, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağları massivi, 42-ci dalanda 0.11 ha torpaq sahəsini bağ evi tikmək məqsədilə almışdır. Torpaq sahəsinə 2022-ci ilin mart ayında mişar daşı ilə 10 daş hündürlükdə daş hasar çəkərək girişinə dəmir darvaza qoydurmuşdur. Həyətin girişinin sağ tərəf yuxarı hissəsində təxminən 4 metrin - 5 metrə ölçüdə mişar daşı ilə hündürlüyü 2 metr olan 1 otaqlı dam hissəsi quraşdırılmayan fərdi yaşayış üçün tikili tikdirmişdir. Lakin, cavabdeh guya torpaq sahəsinin ona məxsus olması səbəbi ilə ona məxsus əmlakını özbaşınalıq edərək yarımtikilini dağıtmış, daş hasarı və darvazanı uçuraraq məhv etmiş və ona təxminən 3000 manat məbləğindən artıq maddi ziyan vurmuşdur. Sabunçu rayon 15ci PB-nin xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə məsuliyətə cəlb edilmişdir. Bununla da, əmlakını məhv etməsi yəni inzibati xətanı törətməsi sübuta yetmişdir. Belə ki, hadisədən sonra dəymiş ziyanın ödəməsini inzibati xəta törədən şəxs cavabdehdən tələb etsə də, ona dəymiş ziyanı ödəməkdən boyun qaçırmış və məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Əvvəl keçirilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkili) və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: xx.xx.2004-cü il tarixli, 24707 saylı Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimimyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı X1 inkişafı və istismarı Birliyinin Pirşağı ərazisindəki 209 Z/T nömrəli bağın istifadəyə verilməsi haqqında müqaviləsindən görünür ki, həmin bağ sahəsi Cavabdeh istifadəsinə verilmişdir. Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin 02 iyul 2022-ci il tarixli "cinayət işinin başlanmasınn rədd edilməsi haqqında" qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, araşdırma nəticəsində zərərçəkmiş İddiaçı 3000 (üç min )manat miqdarında ziyan dəyməsi müəyyən olunmuşdur. Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin sahə inspektoru polis baş leytenantı Elmir İslamov tərəfindən tərtib edilmiş MN ******* nömrəli, 28 sentyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində İddiaçı məxsus Sabunçu rayonu Kürdəxanı qəsəbəsi, Ləhiş bağları 42 dalanda torpaq sahəsindəki yarım tikli evi sökməsi nəticəsində 3000 manat ziyan vurmuşdur. Nəticədə Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(008)-5546/2022 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Bakı şəhər Sabunçu RPİ 15-ci PB-nin sahə inspektoru Elmir İsmayılov tərəfindən tərtib edilmiş MN ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokola əməldə inzibati xətanın tərkibi olmadığına görə xitam verilmişdir. Qərar xx.xx.2023-cü il tarixdə qüvvəsini almışdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, tərəflərin irəli sürdüyü faktiki hallar onların iddia tələblərinin qanuni əsaslarının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadırlar; çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər - hazırkı iş üzrə isə iddiaçının, qanuni sahibliylərində olduğunu iddia etdiyi mənzilin bu cür statusa malik olduğu, ümumiyyətlə sözügedən mənzilin hər hansı hüquqla iddiaçıya məxsusluğu müəyyən edilməmiş, eyni zamanda mənzilin Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin balansında olması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçını iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, mübahisəli yarımtikili ev və onun yerləşdiyi torpaq sahəsi üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, yaxud torpaq sahəsi, o cümlədən yarımtikili ev qanunla nəzərdə tutulmuş qaydada onun qanuni istifadəsinə verilməmişdir, əksinə məhkəmə tədqiqatı zamanı həmin torpaq sahəsinin Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamentinin Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinin Pirşağı ərazisindəki 209 Z/T nömrəli bağın istifadəyə verilməsi haqqında ÖT.12.2004-CÜ il tarixli, 24707 saylı müqaviləsi ilə Cavabdeh istifadəsinə verilməsi müəyyən olunmuşdur. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddia ərizəsinin digər dəlillərinə münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçının istinad etdiyi Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin 02 iyul 2022-ci il tarixli "cinayət işinin başlanmasınn rədd edilməsi haqqında" qərarı əsasında tərtib edilmiş MN ******* nömrəli, 28 sentyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokola əməldə inzibati xətanın tərkibi olmadığına görə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(008)-5546/2022 saylı qərarı ilə xitam verilmiş və həmin qərar qanuni qüvvəyə minmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia üzrə subyektiv hüquqa malik olmadığından iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №e-2(006)-881/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-881/2023
16.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver