Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-886/2025 01.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, ilk iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «tikilinin sökülməsi» tələbinə dair ilk iddiası və qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh (ilk iddia üzrə iddiaçı) İddiaçı qarşı «qanunsuz tikilinin sökülməsi» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «tikilinin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 70 ünvandakı 4 mərtəbəli, çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsinin qarşısında cavabdehlər tərəfindən qanunsuz 2,5 m. uzunluğunda tikilmiş pilləkən və səkinin cavabdehlərin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 70 ünvandakı 4 mərtəbəli, çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsi ona məxsusdur. Həmin əmlak əvvəl yaşayış sahəsi olmuşdur və sonradan müraciəti əsasında konstruktiv dəyişikliklər edilməklə qeyri-yaşayış səhəsinə dəyişdirilmişdir. Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 70 ünvandakı 4 mərtəbəli, çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsinə dair ******* nömrəli çıxarışa əsasən onun mülkiyyətinə verilmişdir. Cavabdehlər tərəfindən onun əmlakının qarşısında qanunsuz və icazəsiz pilləkən və səki tikilmişdir. Həmin səki və pilləkən onun mülkiyyət hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Həmin pilləkən və səkinin tikilməsi onun mülkiyyət hüququnun pozulması ilə yanaşı, kommersiya fəaliyyətinə də maneələr yaradır. Cavabdehlər tərəfindən pilləkənin tikilməsi onun əmlakına giriş-çıxışın məhdudlaşdırılmasına səbəb olmuşdur. İddia ərizəsinə əlavə etdiyi fotoşəkillərdən də açıq-aşkar görünür ki, həmin pilləkən onun obyektinin qapısının açılmasına və kommersiya fəaliyyəti dövründə şəxslərin obyektə daxil olmasına fiziki maneələr yaradır. İşin faktiki hallarından görünür ki, cavabdehin hərəkətləri nəticəsində onun obyektindən istifadəsinə kifayət qədər maneələr yaranır. Cavabdehlərin hərəkətləri onun mülkiyyət hüququnun verdiyi istifadə səlahiyyətindən heç cür istifadə edə bilmir. Bununla bağlı Nəsimi MKTB-yə müraciət etmiş və sonuncular tərəfindən 16 saylı MKİS-ə araşdırılıb məlumat verilməsi tapşırılmışdır. Lakin bunlara baxmayaraq cavabdehlər tərəfindən qanunsuz əməllərdən imtina edilməmişdir. Ona görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh2 İddiaçı qarşı «qanunsuz tikilinin sökülməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia üzrə iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı tərəfindən binanın fasad hissəsinə bitişik tikilmiş qanunsuz və əsassız tikilinin öz hesabına sökülərək maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ilk iddia ərizəsində sözügedən tikilinin İddiaçı məxsus qeyri-yaşayış sahəsinə maneələr yaradacaq heç bir əsas və səbəb olmadığından onun tikilinin sökülməsi tələbinə dair iddiasını qəbul etmir. Belə ki, İddiaçı məhkəməyə təqdim etdiyi çıxarışdan görünür ki, ümumi sahəsi 25,4 m2 olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. Lakin iddiaçı özbaşına olaraq sözügedən binanın layihə quruluşunda dəyişikliklər edərək, ona heç bir məlumat vermədən, icazə almadan, ona məxsus obyektin pəncərəsinin önünü kəsərək qanunsuz və icazəsiz əlavə tikinti işləri aparmışdır. Bununla da, nəinki onun obyektinin fəaliyyətinə, hətta bina sakinlərinin, eyni zamanda həmin ərazidən keçən digər vətəndaşların gediş-gəlişi üçün nəzərdə tutulmuş səkini zəbt etmişdir. Hələ bu azmış kimi, hətta obyektində tikinti işləri ilə məşğul olan ustalara iş zamanı istifadə olunan çəkic vasitəsi ilə ciddi şəkildə xəsarət yetirmiş, eləcə də tikinti materiallarını zədələyərək ziyan vurmuşdur. Hesab edir ki, İddiaçı tərəfindən qanunsuz və icazəsiz tikilmiş tikili tamamilə sökülərək yaranmış maneə aradan qaldırılmalıdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmə iclasında ilk iddianı müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi və izahatında bildirdi ki, qarşı tərəf qanunlara riayət etmir. Cavabdeh ona demişdir ki, qapını açmağa 35.000 manat pul verib və ona rişxənd etmişdir ki, 1 ildir obyekti işləmir. Kirayədə yaşayır və həmin kirayə pulu ilə dolanışını təmin edir. Cavabdehin dediyi sözlər bir-birini tutmur. Cavabdeh qapını bağlamağa pulunun olmadığını bildirmişdir. Çünki cavabdeh həmin yeri kiçiltmək istəmir, gələcəkdə şüşə ilə bağlamaq istəyir. Əgər elə olsa, yol kəsilir və əşya belə çıxarmaq mümkün olmayacaqdır. Qeyd olunanların nəzərə alınaraq, məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə iclasında ilk iddianı müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi və izahatında bildirdi ki, barışıq üçün dəfələrlə cəhd edilmişdir. Bu görüşlərdə özü də iştirak etmişdir. Lakin, barışıq üçün qarşı tərəfdən heç bir addım atılmayıb. Ekspert rəyi də iş materiallarına əlavə edilmişdir. Həmin obyektin ümumiyyətlə rəsmi sənədləri yoxdur. Qarşılıqlı iddia əsassızdır. İddiaçı xəstədir, əlilliyə görə sənədləri var,həmin obyekti kirayə verir və həmin qazancla dolanır. İddiaçının obyektləri rəsmi sənədlərə malikdir. Cavabdehin tikilisi iddiaçının qapısının normal açılmasına belə mane olur. Qeyd olunanlara əsasən, məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, ilk iddia üzrə cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli MA seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 70 ünvanda yerləşən 25,4 m2 ümumi sahəsi olan qeyri-yaşayış sahəsi (zirzəmi) xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 70 ünvanda yerləşən 27,90 m2 ümumi sahəsi olan 27A nömrəli mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli texniki pasportdan görünür ki, İddiaçı adına ünvan 1 evin 27 saylı mənzilinə dair zəruri məlumatlar qeyd edilməklə texniki pasport tərtib edilmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli texniki pasportdan görünür ki, İddiaçı adına ünvan 1 ünvanda yerləşən zirzəmiyə dair zəruri məlumatlar qeyd edilməklə texniki pasport tərtib edilmişdir. 16 saylı MKİS tərəfindən tərtib edilmiş sxemdən görünür ki, İddiaçı məxsus mənzilin sxematik quruluşu çəkilmiş, mənzilə giriş, ümumi dəhliz və s. qeyd olunmuşdur. Bakı şəhəri Azadlıq prospekti 70 mənzil 27-də yaşayan İddiaçı Sarabski küçəsinə baxan pəncərəsinin açılacaq qapı ilə əvəz olunması və pəncərənin önündəki mövcud giriş keçidinin yenidən qurulması və planlaşdırılması, həyət tərəfə tualet tikmək və mövcud keçidin önə çəkilərək yenidən qurulması və planlaşdırılmasının eskiz layihəsindən görünür ki, layihə Layihəçi - M.A. MMC tərəfindən tərtib edilmiş və Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmişdir (razılaşdırma dərkənarı: 18/03-8/782, xx.xx.2013). Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli sərəncamından görünür ki, vətəndaş İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ev 70, mənzil 27-nin Sarabski küçəsi istiqamətindəki pəncərəsinin qapı ilə əvəz olunması və giriş keçidinin yenidən qurulmasına icazə verilmişdir. Azərbaycan Respublikası ƏMDX DƏDK və Reyestri PHŞ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 evin 27 saylı mənzilinin 1/2 hissəsi (9,8 m2) paylı mülkiyyət hüququ üzrə Cavabdeh2, 1/2 hissəsi (9,8 m2) paylı mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan fotoşəkillərdən görünür ki, ilk iddia üzrə iddiaçının mülkiyyətində olan daşınmaz əmlakın küçəyə açılan qapısına yaxın məsafədə ilk iddia üzrə cavabdehlərə məxsus sahədən artırmalar (yenidənqurmalar) edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyun 2025-ci il tarixli 10/1027 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh2 və Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən 70 saylı evin 27 saylı mənzilinin (qeyri-yaşayış sahəsinin) faktiki olaraq ümumi sahəsinin 36,5 m2 təşkil etdiyini nəzərə alaraq, sözügedən mənzilin (qeyri-yaşayış sahəsinin) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********76-05101-093010 reyestr nömrəli çıxarış sənədi ilə eynilik təşkil etmədiyi müəyyən edilmişdir (1-ci sual üzrə). Mülki iş materiallarında Cavabdeh2 və Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospektində yerləşən 70 saylı evin 27 saylı mənzilinə (qeyri-yaşayış sahəsinə) dair Texniki Pasport və ya layihə sənədi olmadığından qərardadın ikinci sualı üzrə tədqiqat aparılmadı. 3, 4, 7 və 8-ci sualların həlli «tikinti-texniki obyektlərinin tədqiqi» ixtisası üzrə ekspertin səlahiyyətlərinə aid olmadığından tədqiqat aparılmadı. İddiaçı mülkiyyətində olan 27A saylı mənzilin faktiki vəziyyətinin mülki iş materiallarında olan «Layihəçi-M.A.» tərəfindən tərtib edilmiş və Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmiş layihə sənədlərinin göstəriciləri ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir (5 və 6-cı suallar üzrə). Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. xx.xx.2024-cü il tarixli **********00 saylı ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2024-cü il tarixli ********** saylı ödəniş qəbzindən görünür ki, Cavabdeh2 tərəfindən məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin olan mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Şəhərsalma və Tikinti Məcəlləsinin: 14.3-cü maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyətinin həyata keçirilməsi zamanı şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl edilməlidir. 69.1-ci maddəsinə əsasən binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Aşağıdakı şərtlərin mövcud olduğu hallarda torpaq sahələrinin sərhədlərindəki xarici divarların önündə ara məsafəsi sahəsinin saxlanılması zəruri deyil: 69.1.1-c maddəsinə əsasən tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsi müfəssəl planda nəzərdə tutulduqda (mövcud tikintinin ara məsafəsi sahəsinin saxlanılmasını tələb etdiyi hallar istisna olmaqla); 69.1.2-ci maddəsinə əsasən tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsinə yol verilməsi müfəssəl planda nəzərdə tutulduqda və qonşu torpaq sahəsində də tikintinin müvafiq torpaq sahəsinin sərhədində tikilməsi şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri baxımından mümkündürsə. 69.3-cü maddəsinə əsasən ara məsafəsi sahələrinin kəsişməsinə yol verilmir. Bu qayda, biri-birinə münasibətdə 75 dərəcədən çox bucaq altında yerləşən xarici divarlar arasındakı məsafələrə şamil olunmur. 69.4-cü maddəsin ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bundan əlavə, «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında qeyd edilir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinin 2-ci hissəsinə əsasən, qanunla müəyyən edilmiş halla və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı» insan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və insan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən konvensiya və onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiyyətini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi: İşin faktiki hallarından göründüyü kimi, ilk iddia üzrə İddiaçı mülkiyyətində olan Azadlıq prospekti 70 ünvanında yerləşən 27 saylı mənzildə aparılmış yenidənqurmalar «Layihəçi-M.A.» tərəfindən tərtib edilərək Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış layihə sənədlərinin göstəriciləri ilə eynilik təşkil edir, həmçinin qeyd edilən layihə üzrə tikilinin aparılmasına Bakı şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı əsasında icazə verilmişdir. Müəyyən edildiyi kimi ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə iddiaçının və digər şəxslərin hər hansı hüququnu pozmamaqla, qanunsuz tikinti işləri aparmamışdır. Əksinə, Cavabdeh2 və Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospektində yerləşən 70 saylı evin 27 saylı mənzilinin (qeyri-yaşayış sahəsinin) faktiki olaraq ümumi sahəsi 36,5 m2 təşkil etməklə, sözügedən mənzilin (qeyri-yaşayış sahəsinin) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********76-05101-093010 reyestr nömrəli çıxarış sənədi ilə eynilik təşkil etmir. İlk iddia üzrə cavabdehlər tərəfindən ərazidə - Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 70 ünvandakı 4 mərtəbəli, çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsindəki, ilk iddia üzrə iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin qarşısında qanunsuz olaraq 2,5 m2 uzunluğunda pilləkən və səki tikilmişdir ki, bu da ilk iddia üzrə iddiaçının hüquqlarını pozur. Belə ki, qeyd edilən tikili qanunsuz tikili olmaqla, ilk iddia üzrə iddiaçının öz sahəsindən sərbəst istifadəsinə mane olur. Əlbəttə hər iki şəxs öz mülkiyyətlərindən sərbəst istifadə hüququna malikdirlər, lakin işin araşdırılmış hallarından müəyyən edilən hal ondan ibarətdir ki, ilk iddia üzrə cavabdehlər öz sahələrinin qarşısında olsa belə, ilk iddia üzrə iddiaçının mülkiyyətində olan əmlakın giriş qapısının qarşısında zəruri keçid məsafəsi saxlamadan pilləkən inşa etmişlər. Bu hal isə ilk iddia üzrə iddiaçının öz mülkiyyətindən sərbəst istifadəsinə aşkar mane olur. Bu səbəbdən, məhkəmə hesab edir ki, ilk iddia əsaslı olduğundan təmin, qarşılıqlı iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, ilk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «tikilinin sökülməsi» tələbinə dair ilk iddiası təmin edilməli, İddiaçı məxsus Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 70 ünvandakı 4 mərtəbəli, çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsinin qarşısında cavabdehlər tərəfindən qanunsuz olaraq tikilmiş 2,5 m2 uzunluğunda pilləkən və səki cavabdehlərin hesabına sökülməlidir. İlk iddia üzrə ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən ilk iddia üzrə iddiaçıya aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «qanunsuz tikilinin sökülməsi» tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «tikilinin sökülməsi» tələbinə dair ilk iddiası təmin edilsin. İlk iddia üzrə İddiaçı məxsus Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 70 ünvandakı 4 mərtəbəli, çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsi kimi istifadə olunan sahənin qarşısında cavabdehlər tərəfindən qanunsuz olaraq tikilmiş 2,5 m2 uzunluğunda pilləkən və səki cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesabına sökülsün. İlk iddia üzrə ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən ilk iddia üzrə iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində pul ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba (X1, Kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «qanunsuz tikilinin sökülməsi» tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi şəkildə təqdim edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-886/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-886/2025
01.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver