Məhkəmə qərarları › İş №e-2(006)-901/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-901/2022

15.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-901/2022 15.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Ərizəçi İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə Ərizəçi İddiaçı maraqlı şəxs Nəsimi Rayon İH-nin Qəyyumluq və Himayəçilik Orqanına qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxs Nəsimi Rayon Qəyyumluq və Himayəçilik Orqanına qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 11.05.1978-ci il tarixdə Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş V-7KT seriyalı 477282 saylı doğum haqqında şəhadətnaməyə əsasən, ərizəçi xx.xx.1978-ci il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. Ərizəçinin atası X2, anası X3r. Ərizəçi 21.06.2017-ci il tarixdə ASAN 1 tərəfindən verilmiş Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinə əsasən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. 24.02.2004-cü il tarixdə Bakı-Nəsimi RPİ tərəfindən verilmiş Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 01872052 saylı şəxsiyyət vəsiqəsinə əsasən, ərizəçinin atası X2 01.01.1947-ci il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur və anası ilə birlikdə ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Psixi Sağlamlıq Mərkəzi" X6 04.11.2021-ci il tarixli, 9965 saylı arayışına əsasən atası X2 04.11.2021-ci il tarixdə tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə edilmiş və ona "Ağır dərəcədə ifadə olunmuş demensiya" diaqnozu qoyulmuş, kənar şəxslərin qulluğuna və nəzarətinə ehtiyacının olduğu göstərilmişdir. Ərizəçinin atası psixiatriya (psixonevroloji) müəssisəsinə yerləşdirilməmişdir. Lakin arayışda qeyd edilən psixi qüsuru nəticəsində o, artıq öz hərəkətlərinin mənasını anlaya və onları idarə edə bilmir. Bu səbəbdən, ərizəçinin atası X1 qəyyumu təyin oluna bilməkdən ötrü onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün hazırkı ərizə ilə məhkəməyə müracət etmək zərurəti yaranmışdır. Göstərilənlərə əsasən ərizəçinin atası X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında qətnamə qəbul edilməsi və üzərində qəyyumluq təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında ərizəçi İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə etdi və ərizədə göstərilənləri təsdiq edərək ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. İş materiallarında olan 11.05.1978-ci il tarixli, V-JQ № 477282 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, atası X2, anası X3r. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 27.01.2022-ci il tarixli, 193 saylı ekspert rəyindən görünür ki, X2 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, 01.01.1947-ci il tarixdə anadan olmuş X2 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyildir. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 01.01.1947-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 317-321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxs Nəsimi Rayon Qəyyumluq və Himayəçilik Orqanına qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi təmin edilsin. 01.01.1947-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırkı qətnamə X2 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar