Məhkəmə qərarları › İş №e-2(006)-903/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-903/2022

28.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-903/2022 28.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Müslüm oğlunun, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə İddiaçıevnanın cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 QSC-yə (X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «daşınmaz əmlak üzərində müvafiq mülkiyyət sənədlərini almaq üçün öhdəliyin qoyulması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçıevna cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 QSC-yə qarşı «daşınmaz əmlak üzərində müvafiq mülkiyyət sənədlərini almaq üçün öhdəliyin qoyulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci ildə atası X2 Cavabdeh1 MMC arasında bağlanmış müqavilədə dəyişikliklər edilərək mülkiyyətçi kimi «X7»-in deyil, onun soyad, ad, atasının adının qeyd olunması öhdəliyinin cavabdehlər Cavabdeh1 MMC-nin və Cavabdeh2 QSC-nin üzərinə qoyulması; cavabdehlər Cavabdeh1 MMC-nin və Cavabdeh2 QSC-nin üzərinə onun mülkiyyətində olan mənzilin sökülməsi nəticəsində ona verilməli olan mənzil üzərində müvafiq mülkiyyət sənədlərini almaq üçün hərəkətlərin edilməsi (sənədlərin verilməsi) öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil Müslüm oğlu məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, xx.xx.2006-cı il tarixdə nümayəndəsi və vəkili olduğu iddiaçının mərhum atası X7 həmin vaxt onun mülkiyyətində olan, iki otaqdan ibarət yaşayış sahəsi 28,5 m2, ümumi sahəsi 43,6 m2 olan ünvan 1 ünvanda yerləşən yaşayış evini xx.xx.2006-cı il tarixli 4Ə/3-507 nömrəli reyestrdə qeydiyyatdan keçmiş bağışlama müqaviləsi əsasında iddiaçıya bağışlamışdır. Sözügedən evin iddiaçının tam mülkiyyətində olması ilə bağlı xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən № ******* seriyalı çıxarış da əldə edilmişdir. Çıxarışın Reyestr nömrəsi: **********20-05101-093003; Qeydiyyat nömrəsi: 1********. Sonrakı dövrlərdə iddiaçının mülkiyyətində olan evin yerləşdiyi binanın Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, № 86 qərarı ilə təhlükəli olması müəyyən edilmiş və sökülməsi qərara alınmışdır. Həmin dövrdə iddiaçı Azərbaycan Respublikasında olmadığı üçün MTK qarşısında təmsil etməsi üçün atası X5 etibarnamə əsasında onu təmsil etmək səlahiyyəti vermişdir. Bundan sonra, xx.xx.2017-ci ildə iddiaçıya məlum olmayan səbəblərdən Cavabdeh1 MMC faktiki olaraq mülkiyyətçi olmayan, etibarnamə üzrə etibar edilən olan iddiaçının atası X2 «mülkiyyətçi» qismində birbaşa müqavilə bağlamışdır. Halbuki, iddiaçının məqsədi atasının onu müqavilə münasibətində təmsil etməsi və onun adından iddiaçının xeyrinə müqavilə bağlaması olmuşdur. Lakin müqaviləyə əsasən cavabdeh sökülməli olan evin yerində tikiləcək binadan «mülkiyyətçiyə» (iddiaçının atasına) təmirli, 2 otaqlı, 52,32 m2 mənzil verməyi öhdəliyinə götürmüşdür. Qeyd olunan müqavilədə iddiaçının verdiyi etibarnamə əsasında onun adından atasının iştirakı, əsl mülkiyyətçi barədə heç bir qeyd aparılmamış və bu hal müqavilə şərtlərində öz əksini tapmamışdır. Beləliklə, cavabdeh tərəfindən iddiaçının atası «mülkiyyətçi» kimi tanınmışdır. Qeyd olunan müqavilənin əsli və əlaqəli sənədlər iddiaçının atasında olmuş və atasının vəfatından sonra iddiaçının qardaşında qalmışdır və iddiaçı bu sənədlər ilə yaxın zamanlarda tanış edilmişdir. Bundan sonra xx.xx.2018-ci il tarixdə iddiaçının atası vəfat etmişdir. Sonradan iddiaçı yeni mənzilin tikintisinin başa çatması səbəbindən mənzilə yeni çıxarışın əldə edilməsi üçün sənədlərin təqdim edilməsi üçün cavabdehə vəkili vasitəsi ilə müraciət edərkən məlum olmuşdur ki, müqavilə iddiaçının atası ilə bağlandığı üçün cavabdeh sənədləri iddiaçıya təqdim edə bilmir və iddiaçının atası ilə bağlanmış müqavilədə dəyişiklik etmək tələbindən imtina edir. Həmçinin, müəyyən edilmişdir ki, müqavilə Cavabdeh1 MMC ilə bağlanılsa da, hazırda müvafiq yeni tikili binanın idarəetməsi və inzibati işləri ilə Cavabdeh2 QSC məşğul olur (https://dilerinshaat.az/layiheler) və qeyd olunan şirkətlər müqavilənin iddiaçının atası ilə bağlanılması səbəbindən bildirmişlər ki, yeni çıxarışın alınması üçün sənədləri iddiaçıya təqdim etmək iqtidarında deyil. Halbuki, faktiki olaraq qeyd olunan mənzil bu günədək müvafiq reyestr məlumatlarında iddiaçının mülkiyyətindədir və heç bir halda onu özgəninkiləşdirməmişdir. Nəticə olaraq, iddiaçı öz xüsusi mülkiyyətində olan mənzilin sökülüb, yerinə yeni mənzil tikildiyi təqdirdə mülkiyyətinə hüquqlarını rəşmiləşdirmək və həyata keçirmək imkanına malik deyildir. Mülkiyyət hüququ beynəlxalq və milli zəmində qorunan mütləq hüquqlardan biridir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsi, İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi və İnsan Hüquqları haqqında Avropa Konvensiyası da şəxsin mülkiyyət hüququnu tanıyır və onun mülkiyyətdən özbaşına, məhkəmə qərarı olmadan məhrum edilməsini qadağan edir. Qeyd olunan işin təsvirindən də məlum olur ki, iddiaçı faktiki olaraq heç bir məhkəmə qərarı olmadan və ya hər hansı bir etibarlı əqd olmadan öz mülkiyyət hüquqlarından məhrum edilmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Halbuki, iddiaçı evə (daşınmaz əşyaya) olan mülkiyyət hüququnu atasına ötürməklə bağlı heç bir müqavilə bağlamamış, belə müqavilənin tərəfi olmamış və belə bir müqavilə notarial qaydada təsdiq edilərək dövlət qeydiyyatına alınmamışdır. İddiaçının verdiyi etibarnaməyə əsasən heç bir halda niyyəti öz əmlakının etibar edilən olan atasına keçməsi olmamışdır. Belə ki, Mülki Məcəllənin 359.1ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. İddiaçının da məqsədi məhz belə bir təmsilçilik yolu ilə öz əmlakına dair cavabdehlə müqavilə münasibətinə girmək olub. Odur ki, qeyd olunan müqavilədə də məhz iddiaçı tərəf olmalı idi, baxmayaraq ki etibar edilən atası ilə təmsil olunurdu. Digər tərəfdən, Mülki Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Halbuki, qeyd olunan halda iddiaçının mərhum atası cavabdehlə etibarnamə əsasında müqavilə münasibətinə girərək şəxsən özü barəsində əqd bağlamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 6 fevral 2012ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 15 sentyabr 2014-cü il tarixli və «Q.İbadovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 16 iyul 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 7 mart 2016-cı il tarixli Plenum qərarlarında 359.3-cü maddə şərh edilir. Konstitusiya Məhkəməsi qeyd edir ki, göstərilən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. Qeyd olunan yanaşmanı işin hallarına tətbiq etdikdə belə qənaətə gəlinir ki, təmsil edən - X8, təmsil edilənin - X1 maraqlarını daha üstün tutmalı idi və məhz onu müqavilə münasibətində təmsil etməli idi, nəinki öz adına birbaşa müqavilə bağlanılmasını. Təəssüf ki, qanunvericiliyin tələbləri nə təmsil edən, nə də cavabdeh tərəfindən nəzərə alınmamış və nəticədə iddiaçının öz mülkiyyətindən məhrum olmaq təhlükəsi yaranmışdır. Mülki Məcəllənin 423-cü maddəsinə əsasən müqavilənin dəyişdirilməsi tələbini tərəf məhkəməyə müqaviləni dəyişdirmək təklifindən digər tərəfin imtinasını aldıqda irəli sürə bilər. Faktiki olaraq müqavilənin dəyişdirilməsi təklifi ilə Cavabdeh1 MMC, o cümlədən digər Cavabdeh2 QSC-yə iddiaçının nümayəndəsi vasitəsi ilə müraciət olunmuş və bunun mümkün olmadığı barədə cavab alınmışdır. Odur ki, iddiaçı tərəfindən etibar edilən olaraq müəyyənləşdirilmiş mərhum atası X2 xx.xx.2017-ci ildə cavabdeh arasında Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış müqavilə dəyişdirilməli olduğundan və faktiki olaraq iddiaçıya məxsus olan daşınmaz əmlak heç bir halda özgəninkiləşdirilmədiyindən, cavabdehlərin üzərinə iddiaçının mülkiyyətində olan mənzilin sökülməsi nəticəsində iddiaçıya verilməli olan mənzil üzərində müvafiq mülkiyyət sənədlərini almaq üçün hərəkətlərin edilməsi öhdəliyinin qoyulması zərurəti yaranmışdır. Bu səbəbdən, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, onlar tərəfindən texniki səhvə yol verildiyi doğrudur. Lakin buna baxmayaraq, həmin səhvin aradan qaldırılması üçün məhkəmə qətnaməsi tələb olunur. Qətnamə qəbul edilərsə icra etməyə hazır olduqlarını bildirmişdir. Göstərilənlərə əsasən iddiaya münasibət bildirərək məhkəmənin mülahizəsinə buraxdığını qeyd etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə2 elektron qaydada iddiaya etiraz göndərərək, etirazda qeyd etmişdir ki, iddiaçı (müdafiə etdiyi şəxsin bacısı) İddiaçıevna daşınmaz əmlak üzərində müvafiq mülkiyyət sənədlərini almaq üçün öhdəliyin qoyulması haqqında iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. Onun iddia tələbi həmin ərizədə göstərilmişdir. Sözügedən ərizə ilə tanış olarkən xahiş edir aşağıda qeyd edilənlər nəzərə alınsın. Belə ki, ünvan 1 ünvandakı mənzil ataları X9 tərəfindən iddiaçıya bağışlanarkən o gənc olmuş və bu müqavilənin nəticələrini dərk edə bilməmişdir. Bundan başqa, atası həmişə deyirdi ki, mənzil bacısının adına sənədləşdirilsə də, onun payı həmin yaşayış sahəsində qalacaqdır və o əmin idi ki, gələcəkdə bacısı onu hər hansı bir yaşayış sahəsi ilə təmin edəcəkdir. Hazırda, artıq 13 ildir ki, o, həyat yoldaşının mənzilində yaşayır. Bunu düzgün hesab etmir. Bacısı 10 ildir ki, Rusiyaya köçüb, başqa dövlətin vətəndaşıdır. Orada işlə təmin olunub, maddi cəhətdən heç bir ehtiyacı yoxdur. Qohumlardan ona bir mənzil də miras qalmışdır. Bacısının ona köməklik etmək imkanı vardır. Bu gün ona ən yaxın qohum olan bacısı ilə münasibətləri korlamaq istəmir, lakin mənzil məsələsilə bağlı ona aydınlıq gərəkdir. Bacısı deyir ki, onu yaşayış sahəsiz qoymayacaqdır, bu ancaq sözdür. Bir daha qeyd edir ki, o anadan olandan bu günədək yuxarıda göstərilən mənzildə qeydiyyatdadır. Ona görə də, bəri başdan yaşayış sahəsi ilə təmin olunacağı barədə iddiaçıdan zəmanət almaq istəyir. Ancaq belə olan halda o, iddiaçının iddiasını qəbul edə bilər. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında etiraz ərizəsində qeyd edilənləri müdafiə etdiyini bildirdi. Cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 QSC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər Cavabdeh1 MMC-nin və Cavabdeh2 QSC-nin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Vəkil Müslüm oğlunun, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 25 noyabr 2006-cı il tarixli (Bakı şəhəri 2-ci dövlət notariat kontorunda 4Ə/3- -507 reyestr nömrəsi ilə təsdiq edilmişdir) bağışlama müqaviləsinə əsasən X7 Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli MH seriyalı 114611 saylı qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu Q.Abbasov küçəsi 42 saylı evin 29 saylı mənzilini qızı İddiaçıevnaya bağışlamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin ünvana dair məlumat verilməsi haqqında sorğusuna verdiyi 08 aprel 2022-ci il tarixli məktubundan; həmçinin Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli MH seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Səbail rayonu X10 küçəsi 42 saylı evin 29 saylı mənzili yuxarıda qeyd olunan bağışlama müqaviləsinə əsasən 07 fevral 2007-ci il tarixdə İddiaçıevnanın adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Rusiya Federasiyasının səlahiyyətli şəxsi tərəfindən təsdiq edilmiş xx.xx.2016-cı il tarixli ** AA ***2979 saylı etibarnamədən və həmin etibarnamənin mətninin rus dilindən azərbaycan dilinə tərcüməsindən görünür ki, iddiaçı – etibar edən - İddiaçıevna mülkiyyətində olan mənzilə dair etibar edilən – atası - X5 (X6) sadalanan səlahiyyətlərin həyata keçirilməsini etibar etmişdir. İşin faktiki hallarından göründüyü kimi, etibarnamə iddiaçının mülkiyyətində olan mənzilin sökülüb yerində yaşayış binası tikilməsi ilə əlaqədar iddiaçının adına yeni mənzilin rəsmiləşdirilməsi üçün verilmişdir. Lakin iş materiallarında olan ərizə, öhdəlik və müqavilədən görünür ki, iddiaçının adından mülkiyyətində olan mənzilə dair Cavabdeh1 MMC ilə müqavilə (16 noyabr 2017-ci il tarixli) bağlanarkən səhvə yol verilmiş, mənzilə dair müqavilə etibar edənin – mülkiyyətçinin adına deyil, etibar edilənin adına bağlanmışdır. Müqavilədə mülkiyyətçi kimi X7 göstərilsə də, əslində müqavilə tərəfi mənzilin mülkiyyətçisi olan İddiaçıevnadır. X7 06 dekabr 2018-ci il tarixdə Bakı şəhərində kəskin peritonitdən vəfat etmişdir. Q.B.Kovtunun ölümü barədə 10 dekabr 2018-ci il tarixdə 1968 saylı akt qeydi aparılmışdır və mərhumun adına 16 may 2022-ci il tarixdə AZ-İİ seriyalı 276417 saylı ölüm haqqında şəhadətnamə verilmişdir. 16 may 2022-ci il tarixədək X3 adına vərəsəlik işi açılmamışdır. Hazırda mübahisə onunla bağlıdır ki, müqavilədə yol verilmiş yanlışlıq, səhv, iddiaçının müraciət etməsinə baxmayaraq cavabdeh tərəfindən düzəldilmir, müqavilədə mülkiyyətçi olaraq iddiaçının adı göstərilmir və bununla da, iddiaçının qanunla qorunan mülkiyyət hüququ pozulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin olan mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bundan əlavə, «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında qeyd edilir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı» insan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və insan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən konvensiya və onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiyyətini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Göründüyü kimi, iddiaçının mülkiyyət hüququ kobud şəkildə pozulur, pretenziya qaydasına riayət edən iddiaçının haqlı müraciəti Cavabdeh1 MMC tərəfindən müsbət həll edilməmişdir və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, iddiaçının qanunla təminat altında olan mülkiyyət hüququ qorunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, X2 Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə dəyişiklik edilməli və qeyd edilən müqavilədə mülkiyyətçi kimi “X7” əvəzinə “İddiaçıevna”nın qeyd edilməsi öhdəliyi Cavabdeh1 MMC-nin üzərinə qoyulmalı; İddiaçıevnanın mülkiyyətində olan mənzilin sökülməsi nəticəsində ona verilməli olan mənzil üzərində miüvafiq mülkiyyət sənədlərinin alınması ilə əlaqədar hərəkətlərin edilməsi (sənədlərin verilməsi) öhdəliyi Cavabdeh1 MMC-nin üzərinə qoyulmalıdır. İddia qalan hissədə təmin edilə bilməz. Belə ki, Cavabdeh2 QSC tərəfindən iddiaçının hər hansı hüququ pozulmamışdır, hazırkı mülki iş üzrə iddiaçı ilə Cavabdeh2 QSC arasında mübahisə, mübahisə doğuracaq hər hansı hal mövcud deyil. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. X2 Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə dəyişiklik edilsin və qeyd edilən müqavilədə mülkiyyətçi kimi “X7” əvəzinə “İddiaçıevna”nın qeyd edilməsi öhdəliyi Cavabdeh1 MMC-nin üzərinə qoyulsun. İddiaçıevnanın mülkiyyətində olan mənzilin sökülməsi nəticəsində ona verilməli olan mənzil üzərində miüvafiq mülkiyyət sənədlərinin alınması ilə əlaqədar hərəkətlərin edilməsi (sənədlərin verilməsi) öhdəliyi Cavabdeh1 MMC-nin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar