Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-91/2023 17.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2, Cavabdeh2 iştirakları ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 1318.58 (bir min üç yüz on səkkiz manat əlli səkkiz qəpik) manat sığorta ödənişinin, ödənilmiş 33.19 (otuz üç manat on doqquz qəpik) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat bank xidməti xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 məxsus olan sürücü Cavabdeh1 tərəfindən idarə olunan ** CS *** dövlət qeydiyyat nişanlı “Kia Rio” markalı avtonəqliyyat vasitəsilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış “Ravon R4 LTZ” markalı ** PE *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə xx.xx.2021-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar xx.xx.2021-ci il tarixli TP4316344 saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü Cavabdeh1 təqsirli bilinmişdir. "xxxx" ASC tərəfindən müqavilə üzrə öhdəlik əsasında sığortalı avtonəqliyyat vasitəsinin təmir olunması üçün zərərçəkən avtonəqliyyat vasitəsi təmir mərkəzinə yönləndirilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən “Ravon R4 LTZ” markalı ** PE *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 5391.00 manat, təmir edildiyi təqdirdə əlavə (ƏDV) 970.38 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli sığorta aktına əsasən zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 6161.38 (altı min yüz altmış bir manat otuz səkkiz qəpik) manat məbləğində sığorta ödənişinin avtonəqliyyat vasitəsinin təmiri üçün "xxxx" MMC-nin elektron qaiməsinə əsasən hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Ödəniş edildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyəti "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarı sığortası” növü üzrə sığortalandığından ödənilmiş məbləğdən 4842.80 (dörd min səkkiz yüz qırx iki manat səksən qəpik) manat məbləğin sığortaçı tərəfindən ödənilmiş və 1318.58 (bir min üç yüz on səkkiz manat əlli səkkiz qəpik) manat məbləğində vəsaitin 15 (on beş) təqvim günü ərzində "xxxx" ASC-nin bank hesabına ödənilməsini "xxxx" ASC cavabdehlərdən xahiş etmiş, cavabdehlər tələb olunan məbləği ödəməkdən yayınmışlar. "xxxx" ASC tərəfindən sığortalıya ödənilmiş qalıq məbləği olan 1318.58 (bir min üç yüz on səkkiz manat əlli səkkiz qəpik) manat məbləğində vəsaitin subroqasiya qaydasında Cavabdeh1 və Cavabdeh2 tutulmalıdır. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4 iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyib, iddia tələbinə etiraz edərək bildirdi ki, ona məxsus olan, sürücü Cavabdeh1 tərəfindən idarə olunan “Kia Rio” markalı ** CS *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış “Ravon R4 LTZ” markalı ** PE *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə xx.xx.2021-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar xx.xx.2021-ci il tarixli TP4316344 saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü Cavabdeh1 təqsirli bilinmişdir. xx.xx.2021-ci il tarixli TP4316344 saylı inzibati tənbeh vermə haqqında qərardan göründüyü kimi, bu hadisədə zərər vuran Cavabdeh1dur. Hadisə vaxtı isə Cavabdeh1 ona məxsus olan “Kia Rio” markalı ** CS *** dövlət qeydiyyat nişanlı avtomobili qanuni etibarnamə əsasında idarə etmişdir. Deməli, vurulan zərər üzrə məsuliyyət ona yox, Cavabdeh1 aiddir. Qanunvericilikdən də görünür ki, qeyd edilən avtomobil ona məxsus olsa da, hadisəni Cavabdeh1 törətdiyindən, o heç bir məsuliyyət daşımır və heç bir halda zərərvuran kimi qiymətləndirilə bilməz. Buna görə iddiaçı "xxxx" ASC-nin onu cavabdeh kimi göstərməsi qanunsuz və əsassızdır. Odur ki, o cavabdehlər siyasından çıxarılmalıdır. Dəymiş ziyanın məbləği də şişirdilmişdir. Qeyd olunanları nəzərə alıb iddianın təmin edilməməsini xahiş etdi. Əvvəlki məhkəmə hazırlıq iclaslarında iştirak etmiş Cavabdeh1 Əhəddin oğlu iddianı qəbul etməyib, dəymiş ziyanın məbləğinin şişirdilmiş olduğu bildirərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Sonrakı məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş almasına baxmayaraq, Cavabdeh1 məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə gəlməyən Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh2 izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan AD seriyalı 663007 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Kia Rio” minik markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Cavabdeh2dur. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamədən görünür ki, Cavabdeh2 Cavabdeh1 mülkiyyətində olan “Kia Rio” minik markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə “nəqliyyat vasitəsini idarə etmək” səlahiyyətini vermişdir. Mülki işin materiallarında olan AD seriyalı 672492 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Ravon R4 LTZ” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi "xxxx" MMC-dir. Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli etibarnamədən görünür ki, "xxxx" MMC-nin mülkiyyətində olan “Ravon R4 LTZ” markalı ** PE *** dövlət qeydiyyat nişanlı avtomobil idarə edilməsi üçün X5 (sürücülük vəsiqəsi AD № 073417) etibar edilmişdir. Etibarnamə verildiyi tarixdən xx.xx.2021-ci il tarixə, saat 23:59:59-dək etibarlıdır. Mülki işin materiallarında olan yol-nəqliyyat hadisəsi sxemindən görünür ki, “Kia Rio” minik markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün Cavabdeh1, “Ravon R4 LTZ” markalı ** PE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün isə X6 olması müəyyən edilmişdir. Mülki işin materiallarında olan avtonəqliyyat vasitələrinin (kasko) sığortası şəhadətnaməsindən görünür ki, “Ravon R4 LTZ” markalı ** PE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdən saat 00:00-dan xx.xx.2022-ci il tarixə saat 23:59-dək sığortalanmışdır. Mülki işin materiallarında olan Bakı şəhəri DYPİ tərəfindən tərtib edilmiş İXP ******* №-li, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokoldan, eləcə də həmin protokol əsasında çıxarılmış TP ******* №-li, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixində, saat 20:45 radələrində Abşeron rayonu, Masazır kəndində “Kia Rio” minik markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 60 manat cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilmişdir. Eyni zamanda, Cavabdeh1 barəsində inzibati xətaya görə tərtib edilmiş protokolla razılaşdığını və zərəri ödəyəcəyini qeyd etmişdir. Mülki işin materiallarında olan “Forsaj Avtoservis”in xx.xx.2021-ci il tarixli zərər aktından görünür ki, “Daewo Ravon” markalı dövlət qeydiyyat nişanı ** PE *** olan avtomaşına ehtiyat hissələrinə və işçiliyə görə 4023 AZN məbləğində zərər dəymişdir. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli, EBBC seriyalı 651439 nömrəli elektron qaimədən görünür ki, "xxxx" ASC tərəfindən 6361.38 (altı min üç yüz altmış bir manat otuz səkkiz qəpik) manat məbləğində pul vəsaiti "xxxx" MMC-nin hesabına köçürülmüşdür. Mülki işin materiallarında olan "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli sığorta aktından (zərərin nömrəsi CM-844/2021) müəyyən edilir ki, “Ravon R4 LTZ” markalı ** PE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı müəyyən edilmiş zərərin məbləği 6361.38 (altı min üç yüz altmış bir manat otuz səkkiz qəpik) manatdır. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, “ödənişin təyinatı və əsas CM-844/2021 ** PE *** UCB1023075 sığorta ödənişi” qeyd edilməklə "xxxx" MMC-nin "xxxx" ASC-də olan hesabına 6361.38 (altı min üç yüz altmış bir manat otuz səkkiz qəpik) manat sığorta ödənişi edilmişdir. Mülki işin materiallarında olan İcbari Sığorta Bürosunun icbari sığorta müqavilələrinin yoxlanılması barədə sənəddən görünür ki, “Kia Rio” minik markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC-də PXA********** nömrəli müqavilə üzrə sığorta edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4235 saylı 24 noyabr 2022-ci il tarixli ekspert rəyinin: - əsaslandırıcı hissəsində nəzəri hesablama yolu ilə "xxxx" tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı, “Ravon R4 LTZ” markalı ** PE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5475.0 manat müəyyən edilir. Həmçinin, rəydə qeyd edilmişdir ki, avtoservis müəssisələrinin səviyyəsindən, mövcud olan tələb və təklifdən asılı olaraq, yuxarıda müəyyən edilmiş təmir işlərinin dəyərində qismən dəyişiklik olması istisna edilmir; - nəticə hissəsində isə “nəzəri hesablama yolu ilə “Hyundai Gəncə” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı, “X11” markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5080.0 manat müəyyən edilir. Məhkəmə qeyd edir ki, qeyd edilən ekspert rəyinin nəticə hissəsində texniki səhv olaraq hazırki mülki iş üzə mübahisə predmeti olmayan “X11” markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan hesablandığından, ekspert rəyinin əsaslandırıcı hissədə qeyd edilən mübahisə predmeti olan “Ravon R4 LTZ” markalı ** PE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin hesablandığı məbləğ nəzərə alınmalıdır. Mülki işin materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Mülki işin materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 20:45 dəqiqədə Bakı şəhərində nəqliyyat vasitələrinin toqquşması baş vermişdir. Hadisənin baş verməsində təqsirli “Kia Rio” minik markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh1 (avtomobilin sahibi Cavabdeh2dur), zərəçəkmiş şəxs isə “Ravon R4 LTZ” markalı ** PE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir (avtomobili hadisə vaxtı – sürücü X6 idarə etmişdir). Mülki işin materiallarında olan Cavabdeh1 Bakı şəhəri BPİ-nin DYPİ-nə yazdığı izahatdan görünür ki, o, xx.xx.2021-ci il tarixdə saat 20:45-də etibarnamə ilə idarə etdiyi “Kia Rio” minik markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Z.Əliyeva ilə Y.Məmmədəliyev küçələrində yol ayrıcına daxil olan zaman sağ tərəfdən “Ravon R4 LTZ” markalı ** PE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini vurmuşdur. Hadisə vaxtı içkili olmadığını qeyd etmişdir. İddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir (qəbz № 8********). Məhkəmə baxış iclasında təqdim edilmiş xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, “ödənişin təyinatı və əsas PXA90384 saylı sığorta aktına əsasən sığorta ödənişi. PXA**********.Xalq Sığorta **********” qeyd edilməklə "xxxx" ASC tərəfindən 157.2 (bir yüz əlli yeddi manat iyirmi qəpik) manat pul müştəri X3 ödənilmişdir. Bununla bağlı qeyd edilməlidir ki, ödəniş tapşırığına əsasən həmin pulun hazırki mübahisə üzrə "xxxx" MMC-yə ödənilməsi müəyyən edilmir. Buna görə də sözügedən ödəniş tapşırığında göstərilən məbləğin məhkəmənin gəldiyi nəticəyə bu və ya digər formada təsir etməsi mümkün deyildir. Belə ki, qeyd edilən ödəniş tapşırığı hazırki mübahisə üzrə sübut qismində qəbul edilmir, çünki pul "xxxx" MMC-yə deyil, X3 ödənilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilən mübahisəsiz hallar ondan ibarət olmuşdur ki, Cavabdeh2 məxsus olan digər Cavabdeh1 tərəfindən idarə olunan “Kia Rio” markalı ** CS *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə xx.xx.2019-cu il tarixdən saat 00:00-dan xx.xx.2022-ci il tarixə saat 23:59-dək sığortalanmış “Ravon R4 LTZ” markalı ** PE *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixində toqquşmuşdur. Həmin yol-nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli bilinmiş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 60 manat məbləğində cərimə olunmuşdur. Dəymiş zərərlə əlaqədar iddiaçı "xxxx" ASC tərəfindən 6161.38 (altı min yüz altmış bir manat otuz səkkiz qəpik) manat məbləğində sığorta ödənişi avtonəqliyyat vasitəsinin təmiri üçün "xxxx" MMC-nin hesabına ödənilmişdir. Zərərvuran şəxsin mülki məsuliyyəti "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarı sığortası” növü üzrə sığortalandığından, ödənilmiş məbləğdən 4842.80 (dörd min səkkiz yüz qırx iki manat səksən qəpik) manat məbləğində pul "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə ödənilmiş və hazırda məbləğin bu hissəsi ilə bağlı hər hansı mübahisə yoxdur. İddiaçı "xxxx" ASC qalan 1318.58 (bir min üç yüz on səkkiz manat əlli səkkiz qəpik) manat məbləğində vəsaitin subroqasiya qaydasında cavabdehlərdən tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.2-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096.1, 1097.1-ci maddələrinə müvafiq olaraq, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 936.1-936.2, 936.5-ci maddələrinə əsasən, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Qeyd olunan Məcəllənin 1108.1.-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qanunun mənasından müəyyən olunur ki, yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Qanunverici tərəfindən belə fəaliyyət nəticəsində zərərin ödənilməsindən azad edilməyi yalnız zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəlməsinin sübuta yetirildiyi hallarda mümkün olduğunu müəyyən etmişdir. Eyni zamanda qanunverici yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində dəymiş zərərin əvəzini ödəməli olan şəxslərin dairəsini də müəyyənləşdirərək bu vəzifənin yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoymuşdur. Mülki Məcəllənin 1114.1-ci maddəsinə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4235 saylı 24 noyabr 2022-ci il tarixli ekspert rəyinə əsasən “Ravon R4 LTZ” markalı ** PE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 5475.0 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən sığortalıya 6161.38 manat ödənilmiş, həmin məbləğdən 4842.80 manat məbləğində pul isə "xxxx" ASC tərəfindən iddiaçıya ödənilmişdir. Belə olan halda müvafiq ekspert rəyinə əsasən “Ravon R4 LTZ” markalı ** PE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 5475.0 manat müəyyən edildiyindən, həmin avtomobilə dəymiş zərərə görə 4842.80 manat "xxxx" ASC tərəfindən iddiaçıya ödənilməsi və rəyə əsasən hesablanmış məbləğlə iddiaçıya ödənilmiş məbləğ nəzərə alınaraq, həmin məbləğlərin fərqi (yəni 5475.0 manat - 4842.80 manat = 632.20 manat) Cavabdeh1 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, digər Cavabdeh2 tərəfindən onun mülkiyyətində olan avtomobilə dair mülki etibarnamə verildiyindən onun mülki məsuliyyəti istisna olunur. Əlavə olaraq qeyd edilməlidir ki, "xxxx" MMC-nin zərər aktında ƏDV nəzərdə tutulsa da, sığorta şirkəti zədələnmiş və sıradan çıxmış ehtiyat hissələrinin dəyərindən və təmir xərcindən başqa, hesablanmış əlavə dəyər vergisini də cavabdehdən tələb etməkdə haqlı olmamışdır. Çünki ekspert dəyişilməli hissələrin qiymətini müəyyən edərkən bütün xərcləri nəzərə almış, son nəticədə bu məbləği 5475 manat müəyyən etmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 632.20 (altı yüz otuz iki manat iyirmi qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, Mülki Prosessual Məcəllənin 119cu maddəsinə əsasən, iş üzrə ödənilmiş 33.19 (otuz üç manat on doqquz qəpik) manat dövlət rüsumunun 16 (on altı) manat hissəsi və 0.40 (qırx qəpik) manat bank xidmət haqqı Cavabdeh1 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, qalan 17.19 (on yeddi manat on doqquz qəpik) manat hissəsi isə iddiaçı "xxxx" ASC-yə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 115.0 və 115.0.1-ci maddəsinə əsasən, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (yüz) manat pulun 48 (qırx səkkiz) manat hissəsi Cavabdeh1, qalan 52 (əlli iki) manat hissəsi isə iddiaçı "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 632.20 (altı yüz otuz iki manat iyirmi qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə verilsin. İddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 33.19 (otuz üç manat on doqquz qəpik) manat dövlət rüsumunun 16 (on altı) manat hissəsi və 0.40 (qırx qəpik) manat bank xidmət haqqı Cavabdeh1 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin, qalan 17.19 (on yeddi manat on doqquz qəpik) manat hissəsi isə iddiaçı "xxxx" ASC-yə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (yüz) manat pulun 48 (qırx səkkiz) manat hissəsi Cavabdeh1, qalan 52 (əlli iki) manat hissəsi isə iddiaçı "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-91/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-91/2023
17.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver