Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-926/2025 18.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "daşınmaz əmlakın əvəzləşdirilməsi, mənzildən çıxarılma və kirayə haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdeh qarşı "daşınmaz əmlakın əvəzləşdirilməsi, mənzildən çıxarılma və kirayə haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ünvan 1 ünvanında faktiki sahəsi 63 kv.m olan mənzilin mülkiyyətçisidir. Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, ev 219 ünvanında yerləşən tikili XX əsrin əvvəllərində tikilmiş və uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüşdür. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli Qərarı ilə Bakı şəhərinin bir sıra rayonlarının, o cümlədən Nəsimi rayonu üzrə 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 qəzalı vəziyyətdə olan yaşayış binasının sökülməsi və yenidən qurulması, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin hazırlanması (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılması qərara alınmışdır. Sözügedən Qərarın 1-ci bəndinə əsasən 5 il müddətində mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazisindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi Nəsimi rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Həmin Qərarın 1.3-cü bəndinə əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün köçürülən sakinlərə lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmuş tikililərin yerində yeni tikiləcək yaşayış binasından müvafiq mənzillərin ayrılması nəzərdə tutulmuşdur. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli, 368 saylı Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyli, Ş.Əzizbəyov, M.Qaşqay və S.Əsgərova küçələrinin kəsişməsində yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin layihələndirilməsi üçün torpaq sahəsini icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Qeyd olunmuş sərəncama əsasən İddiaçı MMC ilə müqavilə bağlanmışdır. Beləliklə İddiaçı MMC həmin ərazidə layihənin həyata keçirilməsi məqsədi ilə müvafiq işlər görmüş, həmin binada cavabdehlərdən başqa digər mənzil mülkiyyətçiləri və onların ailələri ilə razılığa gəlmiş və sökülən mənzil əvəzində artıq kv.m-li ümumi sahəsi olan mənzillərin verilməsi öhdəliyini götürmüşdür. Belə ki, İddiaçı MMC tərəfindən Cavabdeh məxsus ümumi sahəsi 63 kv.m olan mənzilin sökülməsi əvəzində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 16 ünvanında yerləşən “28 Residence” yaşayış binasından ümumi sahəsi 76 kv.m olan çıxarışlı mənzil verilməsi, mənzili qəbul etmədiyi təqdirdə isə həmin ünvanda tikiləcək yaşayış kompleksində eyni sahəli təmirli mənzil verilməsi və mənzil təhvil verilənədək hər ay 500 manat kirayə haqqı ödənilməsi təklif edilmişdir. “28 Residence” yaşayış binası cavabdehin yaşadığı ünvanın yaxınlığında yerləşir, hətta cavabdehin yaşadığı ünvandan daha əlverişli ərazidə yerləşir. “28 Residence” yaşayış binasında mənzilin bazar dəyəri cavabdehin hazırda yaşadığı binada yerləşən mənzilin bazar dəyərindən çoxdur. Buna baxmayaraq, cavabdeh iddiaçı tərəfindən ona edilmiş ədalətli təklifi qəbul etmir və qeyri-real (yalnız pul) kompensasiyanın verilməsini tələb edərək icrası mümkün olmayan şərtlər irəli sürməkdə davam edir və qəzalı vəziyyətdə olan mənzildən çıxmayaraq öz həyatını təhlükəyə atır. Nəticə etibarı ilə həmin ərazidən köçürülmüş onlarla ailənin hüquqlarının pozulması davam edir və İddiaçı MMC Bakı şəhər İcra Hakimiyyəti qarşısında öz öhdəliyini yerinə yetirə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarının, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göstərilənlərə əsasən, ünvan 1 ünvanında ümumi sahəsi 63 kv.m olan mənzil əvəzində mülkiyyətçi Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 16 ünvanında yerləşən “28 Residence” yaşayış binasından ümumi sahəsi 83 kv.m olan mənzil verilməsi və ya həmin ünvanda tikiləcək yaşayış kompleksində eyni sahəli mənzil verilməsi və mənzil təhvil verilənədək hər ay 500 manat kirayə haqqı ödənilməsi şərti ilə mənzildən çıxarılması barədə qətnamə çıxarılması xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iddiaçının nümayəndəsi X1 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 6.Mülki işin materiallarında olan ünvan 3 ünvanında yaşayan Cavabdeh İddiaçı MMC tərəfindən ünvanlanan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, sonuncu tərəfindən Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 16 ünvanında yerləşən “28 Residence” yaşayış binasından ümumi sahəsi 83 kv.m olan mənzil təklif edilmiş, təkliflə bağlı 3 gün ərzində münasibət bildirilməsi və qarşılıqlı razılaşma yolu ilə mənzilin təhvil verilməsi və əvəzləşdirilməsinin həyata keçirilməsi xahiş edilmişdir. 7.Mülki işin materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2017ci il tarixli, 222 nömrəli Sərəncamına əsasən Nəsimi rayonu, Ş.Əzizbəyov və C.Hacıbəyov küçələrinin kəsişməsində "xxxx" MMC-yə yaşayış binalarının Baş plan üzrə 1 saylı blokun tikintisinə icazə verilmişdir. 8.Mülki işin materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında bağlanan 1139 nömrəli, 03 mart 2016-cı il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, icarəyəverən 3301 kv.m olan torpaq sahəsini icarəçiyə 49 il müddətinə istifadəsinə vermişdir. 9.Mülki işin materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilən MH seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Əzizbəyov Şamil küçəsində istifadədə olan 0.087 ha torpaq sahəsində yerləşən 219 nömrəli, 1 mərtəbəli binada 69 kv.m ümumi, 27 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 14 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 217 nömrəli reyestr kitabının 22074 nömrəli vərəqində qeydiyyata alınmışdır. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 10.Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyli, Ş.Əzizbəyov, M.Qaşqay və S.Əsgərova küçələrinin kəsişməsində yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin layihələndirilməsi üçün torpaq sahəsini icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Hazırda iddiaçı ünvan 1 ünvanında ümumi sahəsi 69 kv.m olan mənzil əvəzində mülkiyyətçi Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 16 ünvanında yerləşən “28 Residence” yaşayış binasından ümumi sahəsi 83 kv.m olan mənzil verilməsi və ya həmin ünvanda tikiləcək yaşayış kompleksində eyni sahəli mənzil verilməsi və mənzil təhvil verilənədək hər ay 500 manat kirayə haqqının ödənilməsi şərti ilə mənzildən çıxarılmasını tələb edir. Cavabdeh isə iddia tələbini qəbul etmir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 11.Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 12.Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 13.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.3-cü maddəsinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.5.1-ci maddəsinə əsasən alqı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmə, hüquqdan sui-istifadə hesab olunur 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 14.Hazırki işlə əlaqədar məhkəmə qeyd edir ki, göründüyü kimi, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının Sərəncamı və onun icrası məqsədilə bağlanmış müqavilə ilə Nəsimi rayonunun ərazisində yerləşən C.Hacıbəyli, Ş.Əzizbəyov, M.Qaşqay və S.Əsgərova küçələrinin kəsişməsində yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin layihələndirilməsi üçün torpaq sahəsini icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. 15.İş materiallarından görünür ki, cavabdehin sahibliyində və istifadəsində olan ev özbaşına tikili olmayıb, xüsusi mülkiyyətdə olan fərdi yaşayış evidir. Belə ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilən MH seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Əzizbəyov Şamil küçəsində istifadədə olan 0.087 ha torpaq sahəsində yerləşən 219 nömrəli, 1 mərtəbəli binada 69 kv.m ümumi, 27 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 14 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 217 nömrəli reyestr kitabının 22074 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hal-hazırda cavabdeh ailəsi ilə birlikdə sözügedən mənzildə yaşayır. 16.Məhkəmə hesab edir ki, Bakı şəhəri, Nəsimi rayonu, Əzizbəyov Şamil küçəsində istifadədə olan 0.087 ha torpaq sahəsində yerləşən 219 nömrəli, 1 mərtəbəli binada 69 kv.m ümumi, 27 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 14 nömrəli mənzilə dair cavabdehin gözlənilən mülkiyyət hüququ vardır. 17.«İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası» nın 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir, birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır; buna görə də birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallığa qarşı). 18.Məhkəmə qeyd edir ki, cavabdehin yaşadığı mənzilin yerləşdiyi torpaq sahəsi dövlətin mülkiyyətində olsa da, həmin evə cavabdehin gözlənilən mülkiyyət hüququ mövcud olduğundan, hazırki iş üzrə iddiaçı yalnız mülkiyətçi ilə razılıq əldə etməklə tikilinin sökülməsini həyata keçirə bilər. Hazırki işdən isə görünür ki, iddiaçı cavabdehlə bu cür razılıq əldə etməmişdir. 19.Məhkəmə onu da qeyd edir ki, cavabdehin iddiaçı ilə iddiaçının təklif etdiyi formada razılıq əldə etməməsi mülkiyyət hüquqlarından sui-istifadə kimi qiymətləndirilə bilməz. Bunun əksinin düşünülməsi isə cavabdehin mülkiyyət və mülkiyyətdən irəli gələn digər hüquqlarının pozulması ilə nəticələnmiş olar. 20.«İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. 21.Göstərilən qanunun normasından göründüyü kimi mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə səlahiyyətləri əhatə edir. Mülkiyyətçinin öz əmlakı üzərində «səlahiyyət üçlüyü» adlanan bu imkanları mülkiyyət hüququnun məzmununu təşkil edir. Mülkiyyətçi öz əmlakı ilə bağlı sahiblik, istifadə və sərəncam səlahiyyətlərindən qanun çərçivəsində öz istədiyi kimi istifadə edə bilər. Yəni mülkiyyətçi özünə məxsus olan əmlakdan şəxsən istifadə edə bilər, onu başqasının istifadəsinə verə bilər və ya istifadəsiz öz mülkiyyətində saxlaya bilər. Bütün bu hallarda onun mülkiyyət hüququ bütövlükdə saxlanılır. 22.Odur ki, qeyd edilənlərə əsasən məhkəmə iddianın predmeti olan mənzilin fərdi yaşayış evi olmasını və onun yalnız mülkiyyətçinin razılığı əsasında sökülməsinin mümkünlüyünü, hazırki iş üzrə isə tərəflər arasında dəfələrlə məhkəmə iclasının təxirə salınmasına baxmayaraq heç bir razılığın əldə olunmadığını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassız hesab edilməklə rədd edilməlidir. 23.Bundan əlavə isə məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə təklif edilən 83 kv.m sahə təşkil edən mənzilin həqiqətən mövcud olması barədə layihə sənədləri, mənzilin hansı binada, hansı blokda, hansı mərtəbədə, hansı hissəyə baxan, neçə otaqdan ibarət olması da təklif edilməmişdir. Bu isə onu deməyə bir daha əsas verir ki, iddiaçı formal olaraq məhkəməyə müraciət etmişdir. Həmçinin, iddia tələbi təmin olunacağı təqdirdə belə, mənzilin yerləşməsi barədə bir çox detallar müəyyən edilmədiyindən sonrakı icra mərhələsində mənzilin verilməsi də qeyri-mümkün olacaqdır. 24.Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 25.Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 26.Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 27.Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "daşınmaz əmlakın əvəzləşdirilməsi, mənzildən çıxarılma və kirayə haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-926/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-926/2025
18.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver