Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-931/2025 08.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyana görə 5.000 manat, mənəvi ziyana görə 5.000 manat, ödənilmiş 100 manat dövlət rüsumu olmaqla, cəmi 10.100 manat pul vəsaitinin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyana görə 9.300 manat, mənəvi ziyana görə 5.000 manat, ödənilmiş 100 manat dövlət rüsumu olmaqla, cəmi 14.400 manat pul vəsaitinin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsasalandırmışdır ki, o, 19 fevral 2024-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonu Mərdanov qardaşları 43 ünvanda yerləşən «Şəbnur» gözəllik salonuna saçlarını kəsdirmək məqsədi ilə yaxınlaşmışdır. Şəbnəm adlı saç ustası üzündəki ağ səpkiləri gördükdə salonuna yeni gələn silah formalı cihaz vasitəsi ilə səpkilərin qurudulmasına vəd verərək üzündəki ağ səpkiləri yandırmağa başlamışdır. Ona dərisinin yandığını və dözə bilmədiyini bildirsə də, bu əməliyyatın belə olduğunu yanında çalışan əcnəbi xanımla bildirmişlər. Nəticədə üzündə ağır yanıq əməliyyatı aparılmışdır. Bundan sonra Şəbnəm ağ səpkilərinin qurudulması prosesinin bu şəkildə olduğuna, heç bir yanıq izinin qalmayacağına söz versə də, mart ayının 9-u həkim-dermatoloqa yaxınlaşdıqda, üzündə ağır yanıq izlərinin olduğunu və həmin izlərin heç cür getməyəcəyi ilə bağlı onu xəbərdar etmişdir. Belə ki, sonradan həmin gözəllik salonunun kosmetoloqu Aynur xanım ona Şəbnəmin həmin cihazla bağlı heç bir təlim keçmədiyini və həmin yandırıcı cihazla hər hansı əməliyyat aparmasına heç bir lisenziya və ya icazəsinin olmadığını, ümumiyyətlə onun sadəcə saç ustası olduğunu bildirmişdir. Ona məlum olmuşdur ki, Şəbnəm heç bir lisenziya olmadan üzündə onun icazəsi olmadan sağlamlığa zərər vuraraq 2 həftə üzü maskalı gəzməsinə və üzündə ləkə və çapıqların qalmasına səbəb olmuşdur. Bu iş Nəsimi rayon Polis İdarəsində müstəntiq Qəşəmli Süleyman tərəfindən araşdırılmışdır. Sağlamlığına az ağır xəsarət yetirildiyi müəyyən edilmişdir. Halbuki mart ayının 9-u həkim dermatoloqdan çıxdıqdan sonra «Şəbnur» gözəllik salonuna yaxınlaşmışdır. Ona həkimin söylədiklərini təkrar etmişdir. O isə deyilənlərə inanmayıb öz tanıdığı Svetlana adlı bir kosmetoloqa zəng etmişdir. Bundan sonra Şəbnəm ona çapıqların getməsi üçün iynə vurmağı təklif etmişdir. O isə 20 ildən çox təcrübəsi olan dermatoloqun dediyi fikirləri Şəbnəmə də təkrar söyləyərək təklifini rədd etmişdir. Bundan sonra o, Şəbnəmlə həkim-dermatoloqun yanına yaxınlaşmışdır. Dermatoloq ona da çapıq müalicəsinin hələ 6 ay sonra başlayacağını bildirmişdir. Şəbnəm həkimin yanında müalicə ödənişlərini ödəməyi öhdəsinə götürəcəyini bildirmişdir. Növbəti gün mart ayının 10-u Şəbnəm mediasiya və tibbi xərcləri ödəməkdən imtina edərək ümumiyyətlə onun üzündə yanıq əməliyyatının onun aparmadığını və üzündəki çapıqların ağ səpkilərinin yeri olduğunu söyləyərək məsuliyyətdən təmamilə boyun qaçırmışdır. O, Şəbnəmdən üzündə çapıq ləkəsinin qalacağını, buna görə də, heç mi məyus olmadığını və üzürxahlıq etmək istəməməsinin səbəbini təkrar soruşduqda Şəbnəm üzündəki yanıq izlərini onun etmədiyini qışqıraraq bildirmişdir. O, anlamışdır ki, Şəbnəm etdiyi əməlin nə peşmançılığını hiss edir, nə də ki günahkar olduğunu anlayır. Bu səbəbdən də o, Şəbnəmin heç bir lisenziyası olmadan üzünə xəsarət vuraraq çapıqlar əmələ gətirdiyi üçün qanun qarşısında cavab verməsi ilə bağlı həm Nəsimi rayon Polis İdarəsinə, həm də Nəsimi rayon Prokurorluğuna və Antiinhisar Agentliyinə şikayət ərizəsi ilə müraciət etmişdir. Belə ki Şəbnəm, Nəsimi RPİ-dəki izahatında guya üzünü yandırmasını özünün xahiş etdiyini bildirmişdir. X2 izahatında isə ümumiyyətlə üzünü yandırmadığını bildirərək yalan ifadə vermişdir. Axı o, necə saç ustasına üzünü yandırmasını deyə bilər? Göründüyü kimi Şəbnəm yalan ifadə vermişdir. Halbuki Şəbnəm ona əcnəbi xanımla bir yerdə bu işi dəfələrlə gördüyünü demiş, sadəcə səpkini qurudacağına inandırmışdır. Belə ki, üzünü yandırdıqdan sonra izlərin qaldığını bildirdikdə ona məzmununu ətraflı şəkildə qeyd etdiyi səs yazıları göndərmişdir. Səs yazılarından da aydın şəkildə görünür ki, Şəbnəm tək onun yox, «jirovik» yandırmaq adı ilə bir çox müştərinin üzünü yandırmışdır. Şəbnəm onu da üzündə heç bir ləkə qalmayacağına inandırmışdır. O, Şəbnəmdən üzünü oymağa heç zaman icazə verməmişdir. Lakin Şəbnəm onun üzünü oyaraq yandırmışdır. Hətta vurulmuş zərəri də qarşılamaqdan yayınmışdır. Məhkəmə-tibbi ekspertizasının 22 aprel 2024-cü il tarixli 286/KEŞ nömrəli rəyində göstərilmişdir ki, mütəxəssis müayinəsi zəmanı onda «Atrofik çapıqlar» olduğu müəyyən edilmişdir, bu da Nəsimi rayon Polis İdarəsinin İstintaq şöbəsinin HK-1/217 nömrəli qərarında göstərilən tarixdə və şəraitdə, yəni 19 fevral 2024-cü il tarixində «Şəbnur» gözəllik salonunda Şəbnəmin onun üzündə səpkiləri aparatla yandıran zaman yaranmasını istisna etmir. Onda olan atrofik çapıqlar yüksək hərarətin təsirindən əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Nəsimi rayon Polis İdarəsinin İstintaq şöbəsinin HK-1/217 nömrəli qərarında göstərilmişdir ki, toplanmış materialda cinayət tərkibi yoxdur və CM-nin 128-ci maddəsinə istinad edilmişdir. Halbuki toplanmış materiallar Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təfsir edilməməli, CM-nin 72, 138.1-ci maddələrinə istinad edilməli və İXM-nin 210.1-ci maddəsi nəzərə alınmalı idi. Qərarda Şəbnəmin törətdiyi əməlin ehtiyatsızlıqdan törədildiyi qənaətinə gəlinsə də, təqdim etdiyi səs yazılarından da görünür ki, Şəbnəmin ona qarşı törətdiyi əməli dolayı qəsd olaraq qiymətlədirilməli idi. Çünki, Şəbnəm heç bir təhsil, kurs keçmədən kosmetoloji avadanlıq sayılan yandırıcı cihazdan dəfələrlə istifadə etdiyini bildirir. Demək ki, Şəbnəm səs yazılarında dediyi kimi dərini yandırdığını anlayır və görürdü. Şəbnəm dərini yandırdıqdan sonra da səpkinin içini də yandırmış və əsaslandırmışdır ki, səpkinin üstünü yandırıb götürdüyündən üzdə çapıqlar qalmışdır. Lakin ekspertiza isə müəyyən etmişdir ki, üz yandığından çapıq yerləri qalmışdır. Eyni zamanda Şəbnəm işi ödənişsiz gördüyünü bildirsə də, həmin gün ona 28 manat pul ödəmişdir. Dəmək ki, Şəbnəm işi pul müqabilində etmişdir. Şəbnəm üzü yandırdıqdan sonra üzdəki çapıqların bağlanacağını səs yazıları ilə deyir. Demək Şəbnəm üzü yandırıb, üzdə çapıq yaratdığını anlamışdır. Halbuki həmin axşam Şəbnəm üzünü yandırdığından üzü şişmiş, bu səbəbdən üzdə deşiklər yaranmışdır. Növbəti gün isə Şəbnəm üzdə yara çapıqlarını görüb, həmin çapıqların guya səpkinin yeri olduğunu bildirir. Daha sonra isə krem vurulsa üzdə yaratdığı məsafələrin bağlanacağını bildirir. Bu halda onun əməli ehtiyatsızlıq kimi qiymətləndirilə bilməzdi. Çünki Şəbnəm üzündəki 30-dan çox səpkini eyni üsulla yandırmışdır. O, şüurlu surətdə üzündə çapıqların yaranmasına yol vermişdir. Üzündə bu çapıqları saxlamasına səbəb isə Şəbnəmə bu işi görməkdə heç bir təlim keçilməməsi olmuşdur. Şəbnəm bu işin mütəxəssisi olmadığını bilə-bilə onun üzünü yandırmışdır. Bu hal ehtiyatsızlıq kimi qiymətləndirilə bilməzdi. Qeyd edir ki, o, dəfələrlə Şəbnəmlə əlaqə saxlayaraq vəziyyətinin kritik olduğunu, təcili köməyə ehtiyacı olduğunu bildirsə də, Şəbnəm «narahat olma, yaxşılığa doğru dəyişikliklər var, düzələcək» deyib onu aldadırdı. Lakin əksinə vəziyyətinin daha da ağırlaşdığını biləndən sonra bundan sonra onunla əlaqəyə girməkdən boyun qaçırmışdır. Onu bu vəziyyətə salan Şəbnəmin savadsızlığı ucbatından üzündə ləkə çapıqlarla hazırda mübarizə aparır. İddia ərizəsinə əlavə edilmiş fotoşəkillərdən də göründüyü kimi, onun üzü tamamilə korlanmış, qorxunc vəziyyətə salınmışdır. Yanıq yerləri yara halına gəlmişdir. Həmin yaralar qaralmışdır. Hazırda isə o, üzünün müalicə xərclərini şəxsi vəsaiti hesabına ödəyir. Belə ki, həkim-dermatoloqlar üzündəki çapıq və ləkələrin sağalması ilə bağlı uzun bir zaman müalicə aparmalı olduğunu bildirmişlər. Hazırda üzündəki çapıqların götürülməsi ilə üz dərisinin soyulması proseduruna getməli olduğu bildirilir ki, burda hər prosedorun qiyməti 500 manatdan artıqdır. Ümumi müalicənin qiyməti toplam olaraq 5.000 manatdan artıqdır. Hesab edir ki, bu günədək keçirdiyi əsəb sarsıntısı və psixoloji gərginliyə görə cavabdehdən 5.000 manat məbləğində mənəvi ziyana görə pul tutulmalı və ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən təqdim edilmiş ərizədə əlavə olaraq qeyd edilmişdir ki, təqdim olunmuş yeni tibbi sənədlərə əsasən iddianın dəqiqləşdirilməsinə zərurət yaranmışdır. Belə ki, üzünün yanmış hissəsində yaranmış atrofik çapıq izlərinin azaldılması üçün ona həkimlər tərəfindən 3 və ya 4 kurs müalicə təyin edilmişdir. Hər bir kursun müddəti təqribən 6 ay təşkil edir və aşağıdakı prosedurları əhatə edir: Fraksion cilalanma – 3 prosedur (prosedurlar arası 45–60 gün fasilə ilə). Bir prosedurun qiyməti: 500 AZN. Ümumi: 1.500 AZN. PDRN inyeksiyası – 3 prosedur (çapıq toxumasının regenerasiyası məqsədilə). Bir prosedurun qiyməti: 300 AZN. Ümumi: 900 AZN. RF (radiofrequensiya) proseduru – 1 prosedur. Bir prosedurun qiyməti: 700 AZN. Beləliklə, bir kurs müalicənin ümumi dəyəri: 3.100 AZN təşkil edir. Ona ən azı 3 kurs müalicə tələb olunduğuna görə ümumi müalicə xərci 9.300 manatdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəməyə ərizə təqdim edərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddia tələbini qəbul etmədi və məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materialları: Tərəflər arasında olan (mobil tətbiq üzərindən) danışıqların səs yazılarından görünür ki, cavabdeh iddiaçının üz nahiyəsində xırda piy şişlərinin (rus dilində jirovik) aradan qaldırılması üçün cihazdan istifadə etməklə prosedur aparmışdır. Təqdim olunmuş fotoşəkillərdən görünür ki, iddiaçının üz nahiyəsində yanıq yerlərinin olduğu görünür. Nəsimi RPİ İŞ-nin müstəntiqi, polis baş leytenantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış HK-1/217 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Material üzrə izahatı alınmış Cavabdeh izahatında işlədiyi salonda olan xal yandırmaq üçün olan apparat vasitəsilə iddiaçının üzündəki səpkiləri yandırmasını qeyd etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Tibbi Ekspertiza və X4» PHŞ-nin Nəsimi RPİ İŞ-nin müraciətinə əsasən tərtib etdiyi xx.xx.2024-cü il tarixli KEŞ-286 saylı ekspert rəyindən görünür ki, 1990-cı il təvəllüdlü İddiaçı məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: İddiaçı mütəxəssis müayinəsi zamanı onda «Atrofik çapıqlar»ın olduğu müəyyən edilmişdir ki, bu da qərarda göstərilən tarixdə və şəraitdə yəni, xx.xx.2024-cü il tarixdə «Şəbnur» gözəllik salonunda Şəbnəm adlı saç ustasının onun üzündə olan səpkiləri aparatla yandıran zaman yaranması istisna edilmir. İddiaçı atrofik çapıqlar yüksək hərarətin təsirindən əmələ gəlmiş və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Tibbi Ekspertiza və X4» PHŞ-nin xx.xx.2025-ci il tarixli KEŞ-370 saylı ekspert rəyindən (məhkəmənin hazırki mülki iş üzrə qərardadına əsasən təyin olunmuşdur) görünür ki, 1990-cı il təvəllüdlü İddiaçı məhkəmə-tibbi və mütəxəssis müayinələrinə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərardadda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: İddiaçı mütəxəssis müayinəsi zamanı onda «Atrofik çapıqlar»ın olduğu müəyyən edilmişdir ki, bu da qərarda göstərilən tarixdə və şəraitdə yəni, xx.xx.2024-cü il tarixdə «Şəbnur» gözəllik salonunda Şəbnəm adlı saç ustasının onun üzündə olan səpkiləri aparatla yandıran zaman yaranması istisna edilmir. Bununla əlaqədar onun müalicələrə ehtiyacı vardır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Tibbi Ekspertiza və X4» PHŞ-nin xx.xx.2025-ci il tarixli KEŞ-631 saylı ekspert rəyindən (məhkəmənin hazırki mülki iş üzrə qərardadına əsasən təyin olunmuşdur) görünür ki, 1990-cı il təvəllüdlü İddiaçı iş materiallarına əlavə edilmiş məlumatlara və məhkəmə-tibbi müayinəsinə əsaslanaraq, qərardadda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: İddiaçı mütəxəssis müayinəsi zamanı üz dərsində qüsurlu «atrofik çapıqlar» müəyyən olunmuşdur ki, bu da qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə «Şəbnur» gözəllik salonunda Şəbnəm adlı saç ustasının onun üzündə olan səpkiləri termiki aparatla yandıran zaman yaranması istisna edilmir (1, 2, 5-ci suallar üzrə). İddiaçı üz dərisindəki «atrofik çapıqlar» aparılmış qüsurlu kosmetoloji müdaxilədən sonra yaranmış fəsadlar kimi qiymətləndirilir (3-cü sual üzrə). İddiaçı aparılmış qüsurlu termiki prosedur nəticəsində dəriyə termiki zədənin yetirilməsi ilə əlaqədar dəri qatlarında çapıq toxuması formalaşmışdır (4-cü sual üzrə). İddiaçı üz nahiyəsində olan «atrofik çapıqlar»ın müalicəsi üçün Fraksion cilalama, PDRN inyeksiyaları, RF (radiofrequensiya) proseduru nəzərdə tutulur (6-cı sual üzrə). «Çöhrə» Estetik Klinikasının xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı 26 iyun 2025-ci i il tarixində «Çöhrə» Estetik Klinikasına müraciət edərək sol üz nahiyəsindəki atrofık çapıq izlərinin aradan qaldırılması ilə bağlı tibbi yardım istəmişdir. İlkin müayinə zamanı pasiyentə üz nahiyəsindəki ağ səpkilərin təmizlənməsi və bəzi laborator qan analizlərinin verilməsi tövsiyə olunmuş, nəticədə ilkin prosedurlardan sonra çapıq izlərinin aradan qaldırılması məqsədilə kompleks müalicə tədbirlərinə başlanılması zəruri hesab edilmişdir. Qeyd edilməlidir ki, pasiyentin üzündəki atrofik çapıq izlərinin müalicəsi təxminən bir il gecikmişdir. Belə ki, hadisə baş verdiyi andan dərhal sonra qeyd olunan çapıq işlərinin müalicəsinə başlanılsaydı qısa müddətdə daha effektiv nəticə almaq mümkün olardı. Lakin izlərin yaranmasından uzun müddət keçməsi ilə əlaqədar daha diqqətli yanaşma və daha çox prosedur tələb olunur. Hazırkı vəziyyətdə isə pasiyentin müalicəsinə (dərinin günəşin zərərli şüalarından qorunması üçün) növbəti payız aylarında çox gecikdirmədən başlanılması tövsiyə olunur. Yuxarıda qeyd olunanlarla əlaqədar İddiaçı üzünün yanmış hissəsindəki atrofik çapıq izlərinin azaldılması üçün 3 və ya 4 kurs müalicə təyin olunmuş, hər müalicə kursunun müddəti təqribən 6 ay təşkil edir. Hər bir kurs çərçivəsində aşağıdakı prosedurların icrası nəzərdə tutulur: Fraksion cilalanma üzrə üç prosedur - prosedurlar arası intervalla (45-60 gün) həyata keçirilir. Hər prosedurdan sonra pasiyentin yeddi gün ev şəraitində istirahət etməsi tələb olunur. Bir prosedurun qiyməti: 500 AZN. PDRN inyeksiyası üzrə üç prosedur - çapıq toxumasının regenerasiyasını stimullaşdırmaq məqsədilə tətbiq olunur. Bir prosedurun qiyməti 300 AZN, RF (radiofrequensiya) proseduru üzrə bir prosedur - dərialtı toxumaların bərpasına yönəlib. Bir prosedurun qiyməti: 700 AZN. Nəzərə alınmalıdır ki, atrofik çapıq izlərinin tam şəkildə aradan qaldırılması uzunmüddətli və mərhələli müalicə tələb edir. Müalicə nəticəsində çapıq izlərinin tamamilə yox olacağına zəmanət verilməsə də, daha qənaətbəxş və estetik cəhətdən yaxşılaşdırılmış nəticənin əldə olunması mümkündür. Bu baxımdan, pasiyentə əlavə müalicə kurslarının aparılması tövsiyə olunur. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli 11-10/2-132/2025 saylı məktubundan görünür ki, məhkəmə işi ilə əlaqədar şəxsin üz nahiyəsində yüksək hərarətin təsiri nəticəsində əmələ gələn atrofik çapıqların müalicə üsulları, həmin müalicənin İcbari Tibbi Sığortanın xidmətlər zərfinə aid olub-olmadığı və həmin müalicənin qiymətləri barədə məlumatın təqdim edilməsi barədə xx.xx.2025-ci il tarixli e-2(006)-931/2025 nömrəli məktuba İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində aidiyyəti üzrə baxılmışdır. Məlumat üçün bildirilmişdir ki, Xidmətlər Zərfinə daxil olan stasionar tibbi xidmət üzrə diaqnozlar «Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatının 10-cu baxışı»na (XBT-10), stasionar tibbi xidmət üzrə proseduralar «X1 9-cu baxışına (Klinik modifikasiya), Həcm 3» (XBT-9) əsasən tərtib edilmişdir. Müraciətdə qeyd edilən diaqnoza bir neçə sayda cərrahi əməliyyatlar lazım olduğunu nəzərə alaraq məsələ ilə bağlı Agentlik tərəfindən dəqiq şəkildə cavablandırılması üçün prosedurun (cərrahi əməliyyatın) XBT-9 və XBT-10 üzrə kodlarının təqdim edilməsi məqsədəuyğun hesab edilir. xx.xx.2024-cü il tarixli **********13 saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2025-ci il tarixli **********7 saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunması üçün 33 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 125-ci maddəsinin 7-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 25-ci maddəsinin İ hisəssinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. 127-ci maddəsinin İV hissəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair» 18 mart 2019-cu il tarixli qərarında göstərmişdir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Toplanmış və tədqiq edilmiş sübutların məcmusundan göründüyü kimi, İddiaçı üz dərsində qüsurlu «atrofik çapıqlar» müəyyən olunur, həmin çapıqlar xx.xx.2024-cü il tarixdə «Şəbnur» gözəllik salonunda cavabdeh tərəfindən iddiaçının üzündə olan səpkilərin termiki aparatla yandırılması zamanı yaranmışdır. Belə ki, işin araşdırılmış hallarından və tərəflər arasında baş tutan danışıqların məzmunundan göründüyü kimi, cavabdeh qeyd edilən prosedurun aparılmasını etiraf edir. İşin araşdırılmış halları və təqdim edilmiş sübutlarla İddiaçı üzündə qüsurlu kosmetoloji prosedurun Cavabdeh tərəfindən icrası öz təsdiqini tapır. Məhkəmə tərəflər arasında danışıqların səs yazılarını, məhkəmə tibbi ekspertizanın rəyini və müvafiq kosmetoloji klinikanın arayışını mötəbər sübutlar olaraq qəbul edir. İşin mübahisəli halı iddiaçının üzündəki zədələrin aradan qaldırılması üçün hansı məbləğdə vəsait tələb edilməsi ilə bağlıdır ki, iş üzrə keçirilmiş məhkəmə tibbi ekspertizanın rəyində yaranmış qüsurların aradan qaldırılması üçün tələb olunan tibbi prosedurlar qeyd edilmiş və iddiaçı tərəfindən təqdim edilmiş müvafiq klinikanın arayışında həmin tibbi-kosmetoloji prosedurların zəruri dövrü, sayı və dəyəri göstərilmişdir. Cavabdeh tərəfindən arayışda göstərilən məsələlər sözdə mübahisələndirilsə də, alternativ sübutlar təqdim edilməmişdir. Təqdim edilmiş arayışdan göründüyü kimi, İddiaçı üzünün yanmış hissəsindəki atrofik çapıq izlərinin azaldılması üçün 3 və ya 4 kurs müalicə təyin olunmuş, hər müalicə kursunun müddəti təqribən 6 ay təşkil edir. Hər bir kurs çərçivəsində aşağıdakı prosedurların icrası nəzərdə tutulur: Fraksion cilalanma üzrə üç prosedur - prosedurlar arası intervalla (45-60 gün) həyata keçirilir. Hər prosedurdan sonra pasiyentin yeddi gün ev şəraitində istirahət etməsi tələb olunur. Bir prosedurun qiyməti: 500 AZN. PDRN inyeksiyası üzrə üç prosedur - çapıq toxumasının regenerasiyasını stimullaşdırmaq məqsədilə tətbiq olunur. Bir prosedurun qiyməti 300 AZN, RF (radiofrequensiya) proseduru üzrə bir prosedur - dərialtı toxumaların bərpasına yönəlib. Bir prosedurun qiyməti: 700 AZN. Məhkəmə iddia tələbini maddi zərərin tutulması hissəsində tam əsaslı hesab edir. Məhkəmə qeyd edir ki, cavabdehdən iddiaçının xeyrinə 5.000 manat mənəvi ziyana görə pul tutulması hissəsinin təmin edilməsini əsaslı hesab etmir. Belə ki, cavabdeh tərəfindən icra edilmiş qüsurlu prosedur nəticəsində iddiaçının üzünün bəpası üçün çəkməli olduğu xərclər iddia tələbi həcmində tam təmin edildiyindən, bununla da hesab etmək olar ki, bu fakt iddiaçının mənəvi dünyasında müsəbt emosiyalara səbəb olacaq haldır. Əlbəttə insan vücudunun onun mənəvi dünyasına öz təsiri baxımından ən həssas bölgəsi kimi insanın sifət nahiyəsinin, üzünün, simasının yeri mübahisəolunmazdır. Bununla belə cavabdehdən iddiaçının xeyrinə maddi zərərin tam həcmdə təmin edilməsi onun ruhi vəziyyətinə xoş təsir edən hal kimi qiymətləndirilməklə kifayətlənməsi mümkün hesab edilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş maddi zərərə görə 9.300 manat pul vəsaiti və ödənilmiş 133 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş maddi zərərə görə 9.300 (doqquz min üç yüz) manat pul vəsaiti və ödənilmiş 133 (bir yüz otuz üç) manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-931/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-931/2025
08.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver