Məhkəmə qərarları › İş №e-2(006)-972/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-972/2023

28.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-972/2023 28.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) – Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh4 MMC, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi, "xxxx" MMC və "xxxx" MMC-yə qarşı «hərracın nəticələrinin ləğv edilməsi və s.» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-yə qarşı «hərracın nəticələrinin ləğv edilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən tərtib olunmuş tutmanın yönəldildiyi ipoteka predmeti olan ünvan 4 mənzilə dair keçirilən hərracın nəticələrinə dair 339/22 saylı, xx.xx.2022-ci il tarixli protokolunun etibarsız hesab edilməklə hərracın nəticələrinin aradan qaldırılması, əmlakın qiymətləndirilməsinə dair xx.xx.2022-ci il tarixli qiymətləndirmə hesabatının ləğv edilməsi, həmin əmlakın hazırkı real bazar qiyməti əsasında yenidən qiymətləndirilməsi və hərracın yenidən təşkil edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan - Cavabdeh4 MMC və Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi iş üzrə cavabdeh qismində cəlb edilmişlər. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən ipoteka predmetinə tutmanın yönəldiməsi haqqında 8İ-5425 saylı icra qeydi tərtib edilərək icra edilməsi üçün Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə göndərilmişdir. Həmin icra qeydində ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan "xxxx" MMC-nin tələbi ilə ipoteka qoyan İddiaçı məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən əmlaka tutma yönəldilməsi tələb edilmişdir. "xxxx" MMC-nin hesablamalarına əsasən öhdəliyi müəyyən edən 2021/1844 saylı müqavilə üzrə vaxtında ödənilməmiş əsas borc 49640,83 AZN, 7849,97 AZN faiz borcu və 9.000 AZN dəbbə pulu olmaqla, cəmi tutulmalı məbləğ 66.490,80 AZN təşkil etmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh4 MMC-nin direktoru Yasamal rayon icra şöbəsinin rəisinə məktub ünvanlayaraq ünvan 4 mənzilə baxış keçirmək üçün yaxınlaşdıqlarını, lakin mənzil sahibinin süni maneələr törədərək baxış keçirilməsinə şərait yaratmadığını, bu səbəbdən də baxış keçirilməsinin təmin edilməsini xahiş etmişdir. Qeyd olunanlar tam olaraq yalandır. Çünki baxış keçirilməsi üçün heç bir zaman həmin ünvana gəlinməmiş və bu barədə heç bir məlumat tərəfə verilməmişdir. Əmlakın qiymətləndirilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli hesabatdan görünür ki, Cavabdeh4 MMC ünvan 1 ünvanında yerləşən əmlakın real bazar dəyəri 170.000 (yüz yetmiş min) manat qiymətləndirilmişdir. Lakin qiymətləndirilmə mənzilə daxil olmadan vizual baxış nəticəsində aparılmışdır. Bununla da açıq-aşkar görünür ki, qiymətləndirilmə formal aparılmış, mənzilin müasir standartlara uyğun tam təmirli olması nəzərə alınmamışdır. Bakı şəhəri Yasamal rayonu icra şöbəsinin böyük icra məmuru Anar Əyyubov tərəfindən "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixdə müraciət olunaraq əmlak barədə hərracın keçirilməsi xahiş edilmişdir. Hərracın təşkilatçısı "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli hərrac bildirişindən görünür ki, Yasamal rayon icra şöbəsinin xx/xx-1169xx/xx-15224 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubuna əsasən, borclu İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən əmlak açıq hərraca çıxarılmışdır. Əmlakın ilkin satış qiyməti 170.000 (yüz yetmiş min) manat qiymətləndirilmiş və hərracın keçirilməsi xx.xx.2022-ci il, saat 11:00-a təyin edilmişdir. "xxxx" MMC-nin 339/22 saylı, xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, əmlakın ilkin satış qiyməti əvvəlcə 15%, daha sonra 25% endirilmiş və keçirilən iki hərrac baş tutmadığına görə ipoteka saxlayan "xxxx" MMC əmlakı 108.375 manata almışdır. xx.xx.2022-ci il tarixdə "xxxx" MMC tərəfindən İddiaçı ödənilməsi üçün icra şöbəsinin depozit hesabına 41.884,2 manat məbləğində vəsait köçürmüşdür. Hesab edir ki, icra sənədinə əsasən tutmanın yönəldildiyi İddiaçı məxsus ipoteka predmeti olan məxsus ünvan 4 mənzilin qiymətləndirilməsinə dair Cavabdeh4 MMC tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli hesabat predmetin real bazar qiymətini özündə əks etdirmir, əsassızdır və tənasübsüz qaydada azdır. Belə ki, ipoteka qoyan İddiaçı məxsus ünvan 4 mənzilin real bazar qiyməti hazırda 300.000 manat təşkil edir. Bundan başqa, qiymətləndirmə rəyinə nəzər yetirdikdə məlum olur ki, qiymətləndirici daşınmaz əmlakı qiymətləndirərərkən vizual baxış metodu ilə kifayətlənmiş, həmin ərazidə cari dövrdə, əmlakın yerləşdiyi ərazidə daşınmaz əmlakların satışı üzrə aparılmış əməliyyatları, mülki dövriyyəni və daşınmaz əmlakla bağlı əqdlərin qiymətini nəzərə almamış, statistik təhlil aparmamış, hesabat əsas etibarilə formal mülahizələrə və şablon müddəalara əsaslanmışdır. Başqa sözlə desək, qiymətləndirmə rəyində qiymətləndirici mübahisəli daşınmaz əmlaka dair zəruri bütün sənədlərlə tanış olmamış, qiymətləndirilən daşınmaz əmlakın dəyərinə təsir edən bütün amillər müəyyən edilməmiş, daşınmaz əmlakın bazar dəyərinin müəyyən edilməsi üçün analoji daşınmaz əmlakların bazar dəyəri təhlil edilməmiş, müvafiq əmlakların müqayisəli təhlili aparılmamış və daşınmaz əmlakın cari dövrdəki dəyəri də qeyri-obyektiv təyin edilmişdir. Həmçinin, ipoteka predmeti naməlum vaxtda, naməlum şəraitdə qiymətləndirilmiş və qiymətləndirmə prosesində iştirak etmiş şəxslərin dairəsi məchuldur. Başqa sözlə həmin əmlakın qiymətləndirici tərəfindən hansı vaxtda, hansı şəraitdə, kim tərəfindən və kimin iştirakı ilə qiymətləndirilməsi məlum deyil. Göründüyü kimi icra sənədinin icrası ilə bağlı həyata keçirilən icra hərəkətlərinin tərkib hissəsi olan tutmanın yönəldildiyi ipoteka predmetinin qiymətləndirilməsi prosesində borclu kimi iddiaçının iştirakı təmin edilməmiş, bununla da “İcra haqqında” Qanunun 29.1-ci maddəsində təsbit edilmiş hüquqlarından - icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrimi bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etməkdən məhrum edilmişdir. Halhazırda icra sənədinə əsasən tutmanın yönəldildiyi ipoteka predmeti olan əmlakın real bazar qiyməti Cavabdeh4 MMC tərəfindən tərtib olunmuş hesabatda müəyyən edilmiş qiymətdən xeyli yüksəkdir. Beləliklə Cavabdeh4 tərəfindən qiymətləndirmə düzgün aparılmamış, mübahisəli əmlakın dəyəri qiymətləndirmə qaydalarına müvafiq təyin edilməmiş, Yasamal rayon İcra şöbəsi tərəfindən əmlak qeyri-adekvat qiymətə açıq hərracdan satılmaq üçün sifariş verilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" MMC-nin nümayənmdəsi ərizəylə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh4 MMC, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi və "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmələrinə baxmayaraq, onların nümayəndələri, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkili) izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Bakı şəhəri 43 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli 8İ-5425 nömrəli İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydindən görünür ki, ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan "xxxx" MMC-nin tələbi ilə ipoteka qoyan İddiaçı məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən əmlaka tutma yönəldilmişdir (Öhdəliyi müəyyən edən 2021/1844 saylı müqavilə üzrə vaxtında ödənilməmiş 49640,83 AZN əsas borc, 7849,97 AZN faiz borcu və 9.000 AZN dəbbə pulu olmaqla, cəmi tutulmalı məbləğ 66.490,80 AZN təşkil etmişdir). İcra qeydi xx.xx.2022-ci il tarixdə aparılmışdır. Cavabdeh4 MMC-nin xx.xx.2022-ci il tarixli M023/08/22 saylı Əmlakın qiymətləndirilməsi ilə bağlı hesabatdan görünür ki, iddiaçıya məxsus ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi, 442-ci məhəllə, ev 150B ünvanında yerləşən 32 saylı mənzilin real bazar qiyməti 170.000 manat qiymətləndirilmişdir. xx.xx.2022-ci il tarixli 116953/12 saylı Hərracın keçirilməsi haqqında sifarişdən görünür ki, cavabdeh Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi Bakı şəhəri 43 saylı Notariat Kontoru tərəfindən verilmiş 8İ-5425 saylı xx.xx.2022-ci il tarixli sənədi üzrə ilkin qiyməti 170.000 manat olmaqla Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi, 442-ci məhəllə, ev 150B ünvanında yerləşən 32 saylı mənzil barədə hərrac keçirilməsini cavabdeh "xxxx" MMC-yə sifariş etmişdir. xx.xx.2022-ci il tarixli 339/22 saylı İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair Protokoldan görünür ki, cavabdeh "xxxx" MMC ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi, 442-ci məhəllə, ev 150B ünvanında yerləşən 32 saylı mənzili 108375 manata almışdır. xx.xx.2022-ci il tarixli İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqavilədən görünür ki, müqavilə cavabdeh "xxxx" MMC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış və müqaviləyə əsasən cavabdeh "xxxx" MMC Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi, 442-ci məhəllə, ev 150B ünvanında yerləşən 32 saylı mənzili 108375 manata almışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/2789-9/2947 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ünvan 6 ünvanında yerləşən, 150 B nömrəli binanın, 32 saylı mənzilinin 2022-ci il tarixə və hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 219000.0 manat məbləğində, likvid dəyəri isə təqribən 197000 manat məbləğində müəyyən edilmişdir. Ekspertiza tədqiqatlarının dəyəri 100 manat təşkil etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Həmin Qanunun 8-ci maddəsinə əsasən qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Bakı şəhəri 43 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli 8İ-5425 nömrəli İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinə əsasən ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan "xxxx" MMC-nin tələbi ilə ipoteka qoyan İddiaçı məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən əmlaka tutma yönəldilmişdir. İcra qeydi icra olunması üçün Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə göndərilmişdir. Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi tərəfindən əmlakın qiymətləndirilməsi Cavabdeh4 MMC-dən xahiş olunmuş, Cavabdeh4 MMC-nin xx.xx.2022ci il tarixli M023/08/22 saylı Əmlakın qiymətləndirilməsi ilə bağlı hesabatdan görünür ki, iddiaçıya məxsus ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi, 442-ci məhəllə, ev 150B ünvanında yerləşən 32 saylı mənzilin real bazar qiyməti 170.000 manat qiymətləndirilmişdir. Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi, xx.xx.2022-ci il tarixli 116953/12 saylı Hərracın keçirilməsi haqqında sifarişlə həmin əmlak barədə hərracın keçirilməsini "xxxx" MMC-yə sifariş etmişdir. "xxxx" MMC tərəfindən sözügedən mənzilin ilkin satış qiyməti 170.000 manat müəyyən olunmaqla, ilk hərracın keçirilmə tarixi xx.xx.2022-ci il tarixə, saat 11:00-a təyin olunmuşdur. Mənzilin ilkin satış qiyməti 170.000 manat 15%=144500 manat müəyyən olunmaqla, təkrar hərracın keçirilmə tarixi xx.xx.2022-ci il tarixə, saat 11:00-a, mənzilin ilkin satış qiyməti 144500 manat- 25%=108.375 manat müəyyən olunmaqla, təkrar və son hərracın keçirilmə tarixi xx.xx.2022-ci il tarixə, saat 11:00-a təyin olunmuş və bununla bağlı "Market” qəzetində elanlar yerləşdirilmişdir. xx.xx.2022-ci il tarixli 339/22 saylı İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair Protokola və həmin tarixli İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqaviləyə əsasən, mənzil 108375 manat qiymətlə "xxxx" MMC əldə etmişdir. Hazırda iddiaçı, hərraca çıxarılmış mənzilin ilkin satış qiymətinin qiymətləndirici tərəfindən düzgün müəyyən olunmadığını və real bazar dəyərindən dəfələrlə aşağı qiymətə satıldığını bildirərək, qiymətləndirmə rəyinin və hərracın yekunları barədə protokolun ləğv olunmasını tələb edir. Məhkəmə qeyd edir ki, tərəflərin arasındakı mübahisə yalnız mənzilin bazar dəyəri barədədir. Mübahisənin mahiyyətini mənzilin dəyərinin müəyyən edilməsinə dair fikir ayrılığı təşkil edir. Belə ki, Cavabdeh4 MMC hesabatında bu qiymətin 170.000 manat, iddiaçı isə 300.000 manat təşkil etdiyini bildirir. Ona görə də mübahisənin obyektiv, tam və hərtərəfli həll edilməsi ilə bağlı “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə uyğun olaraq mənzilin bazar dəyərinin nə qədər təşkil etdiyinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/2789-9/2947 nömrəli ekspert rəyi ilə mübahisə predmeti olan mənzilin 2022-ci il tarixə və hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 219000.0 manat məbləğində, likvid dəyəri isə təqribən 197000 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Çünki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyi hazırki iş üzrə sübut əhəmiyyətinə malikdir və məhkəmənin borc məbləğləri ilə bağlı gəldiyi yekun nəticədə istinad edilən mötəbər sübutdur. Yuxarıda göstərilənlərdən göründüyü kimi, eyni zamanda borcun məbləğini (cəmi 66940,8 manat) nəzərə aldıqda mənzilin bazar dəyərinin müəyyən edilməsi ilə bağlı Cavabdeh4 MMC-nin xx.xx.2022-ci il tarixli M023/08/22 saylı Əmlakın qiymətləndirilməsi ilə bağlı hesabatı (170.000 manat) ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/2789-9/2947 nömrəli ekspert rəyi (219.000) arasında kəskin fərq (49.000 manat) vardır (borc məbləğinin 73,20% həddində). Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh4 MMC-nin qiymətləndirmənin nəticələri haqqında hesabatında mənzilin bazar dəyərinin yekun göstəricisi həqiqi sayıla bilməz və buna görə də həmin hesabat ləğv edilməlidir. Belə olan halda, hərrac, mənzilin satış qiyməti Cavabdeh4 MMC-nin hesabatına əsasən 170.000 manat əsas götürülməklə keçirildiyindən və həmin hesabat yuxarıda göstərilənlərə əsasən ləğv edildiyindən həmin hərracın nəticələrinə dair 339/22 saylı, xx.xx.2022-ci il tarixli protokol etibarsız hesab edilməklə hərracın nəticələri aradan qaldırılmalı, həmin əmlak hazırkı real bazar qiyməti əsasında yenidən qiymətləndirilməli və hərrac yenidən təşkil edilməlidir. Bu qənaətə gələrkən məhkəmə həm də nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən biri mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsidir; tərəflərin hüquq və vəzifələri isə mülki qanunvericilik prinsipləri əsas götürülməklə ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmaqla tənzimlənməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Eyni zamanda iş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində ekspertiza xərcləri iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. "xxxx" MMC tərəfindən tərtib olunmuş tutmanın yönəldildiyi ipoteka predmeti olan ünvan 4 mənzilə dair keçirilən hərracın nəticələrinə dair 339/22 saylı, xx.xx.2022-ci il tarixli protokol etibarsız hesab edilməklə hərracın nəticələri aradan qaldırılsın. Cavabdeh4 MMC-nin xx.xx.2022-ci il tarixli M023/08/22 saylı Əmlakın qiymətləndirilməsi ilə bağlı hesabatı ləğv edilsin, həmin əmlak hazırkı real bazar qiyməti əsasında yenidən qiymətləndirilsin və hərrac yenidən təşkil edilsin. İş üzrə təyin edilmiş məhkəm ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində ekspertiza xərcləri İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN: **********, X1, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar