Məhkəmə qərarları › İş №e-2(007)-1004/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-1004/2025

22.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-1004/2025 22.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Emina Bəhruz qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilin açıq hərracda satılması və əldə edilmiş pul vəsaitinin bölüşdürülməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: İddia tələbi :

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilin açıq hərracda satılması və əldə edilmiş pul vəsaitinin bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon məhkəməsinə müraciət edərək, məhkəmədən ünvan 1 ünvanında (yeni qaydalarla: AZ1096, ünvan 23, m1) yerləşən ümumi sahəsi 65.90 kv/m olan mənzilin naturada bölünməsi, mənzilin naturada bölünməsi mümkün olmadıqda cavabdehlər tərəfindən iddiaçının müvafiq payına uyğun kompensasiyanın verilməsi, bu da mümkün olmadıqda isə mənzilin açıq hərracda satılması və satışdan əldə ediləcək pul vəsaitinin İddiaçı, Cavabdeh1 və Cavabdeh2 arasında paylarına mütənasib bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 09 aprel 2019-cu il tarixdə vəfat etmiş X1 miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 65.90 kv.m olan mənzil vərəsəliklə mərhumun övladlarının – İddiaçı (iddiaçı, ¼ hissə), X2 (cavabdeh, ¼ hissə), Cavabdeh1 (cavabdeh, ¼ hissə) və Cavabdeh2 (cavabdeh, ¼ hissə) paylı mülkiyyətindədir. Qeyd edək ki, sözügedən mənzil faktiki olaraq Cavabdeh2 sahiblik və istifadəsindədir. Həmin mənzilin ¼ hissəsi İddiaçı mülkiyyətində olsa da, iddiaçı mülkiyyət hüququnun əsas 3 ünsürünü təşkil edən sahiblik, istifadə və sərəncam vermək hüquqlarından istifadə edə bilmir. Cavabdeh2 isə bildirir ki, bu ev yalnız onundur. Ona edilən heç bir təklifə açıq deyil. Odur ki, bu iddianı qaldırmaq məcburiyyətindədir. Əmlakın naturada bölünməsi mümkün olmadığına görə hesab edirlər ki, mənzilin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri (tərəflər) arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi zəruridir.

Tərəflərin izahatları :

3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir.

4. İddiaçı nümayəndəsi və vəkili nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir.

5. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq :

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2. İşin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3. Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır : 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa.

7. “Dövlət rüsumu haqqında” Qanun :

5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə.

8. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarı 2-ci bənd :

Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.

Məhkəmənin mövqeyi :

9. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.

10. Belə ki, iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş, iş üzrə hazırlıq iclası təyin edilmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

11. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərar).

12. Konstitusiya Məhkəməsinin Plenumu L.İ.Binnətovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Buna uyğun olaraq iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır.

13. Mülki prosessual qanunvericiliyə əsasən hazırlıq icraatında iddiaçının vəsatəti ilə ərizə geri qaytarıla bilər.

14. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarına əsasən hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.

Nəticə :

15. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hazırlıq icraatı mərhələsində iddia ərizəsinin geri qaytarılması barədə ərizə verildiyindən mülki prosessual qanunvericiliyin tələbinə əsasən İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilin açıq hərracda satılması və əldə edilmiş pul vəsaitinin bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.

16. Həmçinin məhkəmə qeyd edir ki, hazırki mülki iş materiallarına əlavə edilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu (Ödəyici:İddiaçı: FİN:xxxxxxx; qəbzin nömrəsi:**********; büdcə səviyyə kodu:14221301; tarix:xx.xx.2025 saat:17:24:15) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır.

17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci maddəsini və “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarını rəhbər tutaraq, məhkəmə

Qərara Aldı:

İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilin naturada bölünməsi, açıq hərracda satılması və əldə edilmiş pul vəsaitinin bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu (Ödəyici:İddiaçı: FİN:xxxxxxx; qəbzin nömrəsi:**********; büdcə səviyyə kodu:14221301; tarix:xx.xx.2025 saat:17:24:15) dövlət büdcəsindən iddiaçıya geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar