Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1018/2022 19.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X5 Mirzəyevin sədrliyi, X2 Qurbanovun katibliyi, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi yanında DƏDRX və X3 3-cü şəxs qismində işə cəlb olunmuşlar. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 01.02.2020-ci il tarixində Türkiyə Respublikasının Kayseri şəhərində tanış olublar. Onunla tez-tez görüşürdü və aralarında isti bir münasibət yaranmışdı. Xəyalə Bakı şəhərində yaşasa da çox vaxt Türkiyə Respublikasında olurdu. Sonuncu dəfə təxminən 19 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikasına qayıtdıqdan sonra pandemiya ilə bağlı daha Türkiyəyə gələ bilmədi. Onların telefon əlaqələri davam edirdi. Bir gün iddiaçıdan ona ev almaqda köməklik etməyini xahiş etdi. O, Bakıda ucuz evlərin olduğunu və təxminən 35000-40000 manat civarında ev almaq istədiyini, ona maddi yardım göstərməyi xahiş etdi. Cavabdehə ilk dəfə 20 noyabr 2020-ci ildən başlayaraq 2021-ci ilin noyabr ayının 25-dək ümumilikdə 107000 ABŞ dolları pul göndərmişdir. Cavabdeh ona zəng edərək beh üçün, sənədləşmə üçün, kommunal xidmətlərə görə və xatırlamadığı səbəblərə görə pul lazım olduğunu bildirirdi. O,cavabdehə hissə-hissə olmaqla 181900 manat pul göndərmişdir. Həmin pulların göndərilməsi ilə bağlı bank qəbzlərini iddia ərizəsinə əlavə etmişdir. Cavabdeh iddiaçıya Nizami rayonu Qara Qarayev metrosunun yaxınlığında, Özbəkistan küçəsində yerləşən "xxxx" MTK-da iki otaqlı 68 kv.m sahəsi olan 5 saylı evin 14 saylı mənzilini X1 aldığını bildirmişdir. Hətta mənzilin video görüntüsünü, mebellərin və mənzilin öz adına olan çıxarışının şəklini də çəkərək Whatspp vasitəsilə ona göndərmişdir. Mənzilin “Günay” Bankda kreditdə olduğunu və aylıq 570,37 manat ödənişlə rəsmləşdirildiyi barədə bankın kredit müqaviləsinə əlavəsi olan cədvəlinin də şəklini ona göndərmişdir. Beləliklə, o, hissəhissə təxminən 181.900 manat pulu cavabdehə göndərmişdir. Bir müddətdən sonra ehtiyacı olduğu üçün cavabdehdən ondan aldığı borcu qaytarmasını tələb etsə də, dəfələrlə onu aldatmış, tez bir zamanda borcunu qaytaracağını bildirsə də, yenə də onu aldadmağında davam etmişdir. Cavabdeh hər dəfə ona müxtəlif yalanalarla vəd verir, son zamanlar isə ümumiyyətlə telefonlara cavab verməyərək onunla əlaqəsini tamamilə kəsmişdir. Hazırda özü maddi sıxıntı içərisindədir. Maliyyə problemləri var. Min bir əziyyətlə qazanıb yığdığı pulu cavabdehə kömək etmək məqsədilə versə də özü çox pis vəziyyətdə qalıb. Bu baxımdan da məhkəməyə müraciət edib.Odur ki, qeyd olunanları nəzərə alıb xahiş cavabdehdən 181.900 manat məbləğində borcun, məhkəməyə ərizə verilərkən dövlət rüsumu olaraq ödənilən 471 manat və müvəqqəti təminat tədbiri barədə ərizə verərkən ödənilən 47 manat pulun onun xeyrinə tutulması barədə qətnamə cıxarılmasını xahiş etmişdir. Cavabdeh iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, 3 il əvvəl İqdır şəhərində yaşayırdı. Həmin vaxt ev almaq niyyəti var idi, sonradan yaxın bir tanışı vasitəsi ilə iddiaçı ilə tanış olmuşdur. İddiaçı ona demişdir ki,vəkildi ona ev almaqda və sənədləşmə işlərində köməklik göstərdi. Bundan sonra aralarında yaxınlıq münasibəti oldu və onlar qeyri rəsmi olaraq ər-arvad kimi yaşamağa başladılar. Hər dəfə Azərbaycana gəlib-gedəndə onun biletlərinə kimi Musa, alırdı, onu yola salıb qarşılayırdı. Sonuncu dəfə Türkiyyədə olan zaman səhhətimdə problemlər yaşandığı üçün birlikdə həkimə müraciət etdilər və orada ona dedilər ki, əməliyyət olunmalıdır. Bundan sonra Musa, onu Kayseri şəhərində olan evinə apardı.Orada pişiyi ilə birlikdə 7 gün ac-susuz, qapalı evdə saxladı və bildirdi ki, evi onun adına keçirtməsə, buraxmayacaq. Sonra elə oldu ki, o, çıxdı və Azərbaycana qayıtdı. Bundan sonra iddiaçı, gizlin çəkdiyi onun foto şəkillərini sosial şəbəkələrdə paylaşaraq, onun şəxsiyyətini alçaltmağa çalışıb. Hətta onu 18 yaşlı qızı ilə şantaj edib. Düzdür, İddiaçı iddia ərizəsində qeyd olunan 107 min ABŞ dolları məbləğdə pulu 3 il ərzində hissəhissə ona göndərmişdir.Lakin, Musa həmin pul vəsaitini ona borc kimi yox, kömək məqsədi ilə göndərmişdir və pulu qaytarmalı olduğunu əvvəlcədən bildirməmişdir. Onların arasında yaxın münasibət olduğundan Musa dəfələrlə onun xahişi ilə pul göndərmişdir. Onun iddia ərizəsində qeyd olunan məbləğdə pulu iddiaçıya qaytarmaq fikri yoxdur. Belə ki,ondan pulu borca almamışdır.Qeyd olunanlara əsasən iddianın rədd olunmasını xahiş edir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 da iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, cavabdehin verdiyi izahatı müdafiə edir. Əlavə olaraq qeyd edir ki, təqdim olunan votsap yazışmalarından sübut kimi istifadə oluna bilməz.Buna qanunvericilik yol vermir. Bundan başqa,qanunun tələbinə görə 3000 manatdan yuxarı borc müqaviləsi yazılı formada bağlanmalıdır.Tərəflər ər-arvad münasibətində yaşyaıblar və cavabdehin xəstəliyi ilə əlaqədar onun dediyi kimi müəyyən vaxtlarda iddiaçı pul göndərib və cavabdeh həmin pulu səhhətinə xərcləyib. Hər hansı bir çıxarışdan söhbət gedə bilməz, ümumiyyətlə cavabdehin adına hər hansı bir əmlak yoxdur. Qeyd olunanları nəzərə alıb xahiş edir ki, iddia təmin olunmasın. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəməyə gəlməmişdir. 3-cü şəxslər Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi yanında DƏDRX və X3 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar qanunla müəyyən olunan qaydada olunsalar da Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi yanında DƏDRX öz nümayəndəsini məhkəməyə göndərməmiş, X3 isə gəlməmişdir. Məhkəməyə göndərdiyi notarial qaydada təsdiq olunmuş ərizədə X3 onun iştirakı olmadan işə baxılmasını və iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və 3-cü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan çoxsaylı bank sənədlərindən görünür ki, İddiaçı müxtəlif vaxtlarda müxtəlif məbləğdə pul vəsaitini Cavabdeh göndərmişdir. İddiaçı həmin vəsaitin ümumi məbləğinin 181900 manat (ABŞ dollarının manata olan məzənnəsi nəzərə alınmaqla) olmasını bildirir. Cavabdeh verdiyi izahatında iddaçının ona müxtəlif vaxtlarda müxtəlif məbləğdə pul göndərdiyini etiraf etmiş və göndərilən pulun 181900 manata bərabər olduğunu mübahisələndirməmişdir. Ödəniş qəbzlərindən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən 471 manat və müvəqqəti təminat tədbiri barədə ərizə verərkən 47 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda istinad olunan maddələrinə əsasən: 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; İşin araşdırılan hallarından görünür ki, İddiaçı müxtəlif vaxtlarda müxtəlif məbləğdə pul vəsaitini Cavabdeh göndərmişdir. Cavabdeh pulu qaytaracağı barədə vədlər versə də bunu etməmiş,heç bir qanuni əsas olmadan iddiaçının vəsaiti hesabına əsassız olaraq varlanmışdır. Cavabdehin əsasız varlanma nəticəsində əldə etdiyi məbləğ 181900 manat (ABŞ dollarının manata olan məzənnəsi nəzərə alınmaqla) təşkil edir.Cavabdeh verdiyi izahatında iddaçının ona müxtəlif vaxtlarda müxtəlif məbləğdə pul göndərdiyini etiraf etmiş və göndərilən pulun 181900 manata bərabər olmasını mübahisələndirməmişdir. İşdə olan Votsap yazışmalarından da görünür ki,iddiaçı pulu əvəzsiz verməmişdir. Cavabdehin verdiyi izahatdan da görünür ki, hələ Türkiyə Respublikasında olarkən İddiaçı ilə Cavabdeh arasında pulun qaytarılması barədə mübahisə olmuş, “Musa, onu Kayseri şəhərində olan evinə apardı .Orada pişiyi ilə birlikdə 7 gün ac-susuz, qapalı evdə saxladı və bildirdi ki, evi onun adına keçirtməsə, buraxmayacaq. Sonra elə oldu ki, o, çıxdı və Azərbaycana qayıtdı”. Cavabdehin izahatında olan bu cümlələrdən də görünür ki,iddiaçı cavabdehə pulu qaytarmaq şərti ilə vermişdir. Cavabdeh iddiaçıdan pulu almağını iddiaçı ilə yaxın münasibətdə olması ilə əlaqələndirir. Lakin işin araşdırılan halları ilə görünür ki, cavabdeh Azərbaycan Respublikasına qayıtdıqdan sonra uzun müddət ərzində Türkiyə Respublikasına getməmiş və tərəflər canlı olaraq ünsiyyətdə olmamışlar. Pul vəsaiti isə həmin müddət ərzində, 20 noyabr 2020-ci ildən başlayaraq 2021-ci ilin noyabr ayının 25-dək ödənilmiş, bank vasitəsi ilə cavabdehin hesabına köçürülmüşdür. Qeyd olunanlara əsasən məhkəmə iddia tələbini əsaslı hesab edir. Məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb sübutları qiymətləndirərək hesab edir ki,iddia təmin olunmalı, Cavabdeh 181.900 manat məbləğində pul vəsaiti, məhkəməyə ərizə verilərkən dövlət rüsumu olaraq ödənilən 471 manat və müvəqqəti təminat tədbiri barədə ərizə verərkən ödənilən 47 dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin olunsun. Cavabdeh 181.900 manat məbləğində pul vəsaiti, məhkəməyə ərizə verilərkən dövlət rüsumu olaraq ödənilən 471 manat və müvəqqəti təminat tədbiri barədə ərizə verərkən ödənilən 47 dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(007)-1018/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1018/2022
19.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver