Məhkəmə qərarları › İş №e-2(007)-1153/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1153/2022

17.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1153/2022 17.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Əliyeva Şəhrəbanı Əziz qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanına təmir üçün çəkilmiş xərcin əvəzi olan 18023 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 144 manat pulun, ümumilikdə 18144,023 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin oğlu X3 ilə rəsmi nikahları 2004-cü ildə qeydə alınmışdır. 2005-ci ildə birgə nikahlarından X4 anadan olmuşdur. Həmin vaxt hazırda yaşadığı və qeydiyytada olduğu ünvan 2 ünvanında yerləşən mənzili birgə nikah dövründə əldə etmişlər. Sadəcə olaraq gələcəkdə baş verə biləcək neqativ halları nəzərə almadan mənzili qayınanası Cavabdeh adına rəsmiləşdirmişlər və onun adına mülkiyyət hüququnu təsdiq edən çıxarış əldə etmişlər. Cavabdeh heç vaxt hazırki mənzildə yaşamamış və həmin mənzilin əldə edilməsində heç bir maddi vəsaiti olmamışdır. Sözügedən mənzildə o, keçmiş həyat yoldaşı və övladları yaşamışlar. Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan rəsmi nikah pozulmuşdur. Bundan sonra keçmiş qayınanası Cavabdeh Bakı şəhəri, Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, onun və qızı X2 ünvan 1 ünvanına olan istifadə hüququna xitam verilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2(007)-252/2022 saylı 3 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh ünvan 1 ünvanına köçürülməsi və 16200 manat kompensasiya verilməklə onun və övladının həmin mənzildən çıxarılması qət edilmişdir. Məhkəmənin diqqətinə çatdırmaq isdədiyi əsas məqam ondan ibarətdir ki, o, 2004-cü ildən həmin mənzilə köçmüş və mütəmadi olaraq həmin mənzildə tərəfindən təmir işləri aparılmışdır. Sonuncu dəfə 2019-cu ildə həmin mənzili təmir etməyə başlamışdır və mənzilin təmiri 2020-ci ildə yekunlaşmışdır. Təmir xərclərinə ümumilikdə 18023 manat 70 qəpik miqdarında vəsait xərcləmiş və bununla bağlı "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə mütəxəssis rəyi tərtib edilmiş və mənzilin təmirinə çəkilmiş xərcin dəyəri 18023 manat müəyyən edilmişdir. Əlavə olraq həmin xərcin onun tərəfindən ödənilməsini təsdiq edəcək şahidlər vardır. Hesab edir ki, tərəfindən həmin mənzilə çəkilən xərc mənzilin şəraitini yaxşılaşdırmaqla onun bazar dəyərini faktiki olaraq artırdığından və onun istifadə hüququma məhkəmə qətnaməsi ilə xitam verildiyindən həmin təmir xərci cavabdehdən tutularaq ona ödənilməlidir. Nizami Rayon Məhkəməsinin 2(007)-252/2022 saylı 3 fevral 2022-ci il tarixli qətnaməsi ilə həmçinin müəyyən edilmişdir ki, cavabdeh həmin mənzildə heç vaxt yaşamamış, faktiki olaraq mülkiyətçi olsa da, mənzilə daim onun tərəfindən sahiblik edilmişdir. Bir daha qeyd edir ki, təərfindən mənzildə aparılmış təmir nəticəsində mənzilin bazar dəyəri kifayət qədər artmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, evi keçmiş həyat yoldaşı ilə birlikdə alsa da, ev keçmiş qayınanası, yəni cavabdehin adına qeydiyyat alınmışdır. Qayınanası hətta evə qeydiyyata da alınmışdır. O, 2004-cü il tarixində ailə həyatı qurmuş, mübahisəli mənzilə isə qızları doğulduqdan sonra, yəni 2005ci il tarixində köçmüşlər. O, mənzilə köçdüyü zaman mənzil təmirsiz, qəzalı vəziyyətdə idi. Evi ilk dəfə özü təmir etdirmişdir. Həmin vaxt keçmiş həyat yoldaşı da orada yaşayırdı. O zaman o, hava limanında işləyirdi. 2019-cu ilə kimi evdə kosmetik təmir işləri etdirmişdir. Çünki qonşulara su axıdılır, hamam və sanitar qovşaq yaxşı vəziyyətdə olmadığı üçün qonşularla hər gün problem yaşayırdı, bu səbəbdən evdə kosmetik təmir işləri etmişdir. 2015-ci ilə kimi evdə Turqutla ər-arvad kimi yaşamışlar. 2019-cu il sonundan mənzildə əsaslı təmir işləri aparılmışdır. Təmirə başlamasında əsas səbəb qızının böyümüəsi, məzun olacağı, universitet xərcləri çox olacağı üçün evi indidən təmir etdirmək istəməsi olmuşdur. Cavabdeh onlara köməklik etməmiş, bəzən ayda bir dəfə və yaxud övladının ad günüdə 100 manat pul verirdi. Evi təmir etdirərkən hər hansı bir şirkətlə müqavilə bağlamadığı üçün smeta tərtib edilməmişdir. O, adi maaşa baxdığı üçün, fərdi qaydada ustalarla razılaşıb evi təmir etdirmişdir. İndi mühafizə şirkətində işləyir. 2020-ci il tarixində rəsmi boşanıb. 2015-ci ildən isə faktiki olaraq evi (evin otaqlarını) ayırmışlar. 2015-ci ildən faktiki ayrıldıqları vaxtdan həyat yoldaşının pulunu görməmişdir. Həyat yoldaşının 20000 manata yaxın borcu var idi. Başqa şəxslər üçün kreditə pul, mebel götürürdü və bank krediti onun maaşına yönləndirirdi. Qayınanası özü də bir neçə dəfə Turqutun borcundan ödəmişdir. Onu elə inandırmışdılar ki, ev onlarındır. Elə bilirdi ki, Turqutla heç vaxt ayrılmayacaqar. Cavabdeh deyirdi ki, vəfat etdikdən sonra ev oğlunun adına keçiriləcəkdir. Evdə qayınanasının evi kimi yaşamamış, evin onların olduğunu düşünürdü. Cavabdehin evin təmirindən xəbəri var idi və evin təmir edilməsinə etiraz etməmişdi. O, bilsəydi ki, irəlidə belə bir mübahisə olacaq, evi təmir etdirməz və pulu qızının gələcəyi üçün saxlayardı. Keçmiş həyat yoldaşı evdən 2020-ci ilin yanvar ayından birdəfəlik getdi. O, təmir pulunu işləyib aldığı əmək haqqı ilə, “lotereya” oynayaraq əldə etmişdir. Eyni zamanda, atası da ona köməklik edirdi. Hazırda o, həmin mənzildə yaşayır. Ev təmirsiz vəziyyətdə idi. Evin təmirsiz vəziyyətdə olmasına dair sənədləri yoxdur. 2009-cu il tarixində hava limanındakı işindən çıxmış. 2012-ci il tarixindən Mühafizə şirkətində işləyir. Əmək haqqısı 500 manatdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onun övladı ilə birlikdə 16200 manat kompensasiya ödənilməkdə evdən çıxarılması qət edilmişdir, lakin həmin məbləğ ona ödənilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, bütün şahid ifadələrində evin təmirinin iddiaçı tərəfindən edildiyi bildirilmişdir. İş üzrə mütəxəssi rəyini də əlavə etmişlər. Daha əvvəl çıxarılmış qətnamədə də göstərilmişdir ki, təmirlə bağlı xərclər ayrıca icraatda baxılmalıdır. Mülki Məcəllədə göstərilmişdir ki, yaxşılaşdırma xərcləri tələb edilə bilər. Mənzilə çəkilmiş xərclər cavabdehlərdən alınmalıdır. Cavabdeh tərəf istinad edir ki, təmir cavabdeh və oğlu tərəfindən edilmişdir. Halbuki, cavabdehin oğlu Turgut 2020-ci ildən sonra mübahisəli mənzildə yaşamamışdır və mənzil 2020-2021-ci illər ərzində təmir edilmişdir. Bundan başqa, evin təmiri 2021-ci il tarixində bitmişdir. İddiaçının mənzilin vəziyyətinin yaxşılaşdırıması mənzilin bazar dəyərini artırmışdır. Sonra isə cavabdeh tərəfindən evlə bağlı iddia ərizəsi verilmişdir. Bu iş üzrə kirayə müqaviləsinin müddəaləri tətbiq edilə bilməz. Sahiblik münasibətlərinin normaları tətbiq edilməlidir. Mənzilin təmiri tərəflər boşanmamışdan əvvəl, 2019-cu ildə başlamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyib izahat verərək bildirdi ki, iddiaçının mənzilin pis vəziyyətdə olmasına, mənzilin qəzalı vəziyyətdə olmasında dair heç bir sübutu yoxdur. Əmlak istifadəyə verildiyi üçün kirayə müqaviləsinin şərtlərini tətbiq etmək olar. Kirayəçi evi yaşayış üçün yaxşılaşdıra bilər. 18000 manat təmir xərcinin iddiaçı tərəfindən ödənilməsi reallığa uyğun deyil. Cavabdeh və onun oğlu təmir xərcinin ödənilməsinə köməklik etmişlər. İddiaçının əmək haqqısı evin təmir xərcini ödəmək üçün kifayət deyil. Cavabdehin oğlu isə 1000 manat aylıq maaş və mükafatlar alır. Cavabdehin isə pensiya məbləği kifayət qədər yüksəkdir. Evin təmir olunduğunu qəbul edirlər. Lakin mütəxəssis rəyində ümumi çəkilən xərclər göstərilmişdir. Evi cavabdehin oğlu Turgut təmir etdirmiş, cavabdeh isə köməklik etmişdir. Turqut tərəfindən götürülən kredit evin təmirini üçün olmuşdur. Bundan başqa, sahiblik həyata keçirilsə də, mülkiyyətçinin hüquqları pozulmamalıdır. Qeyd olunanlara əsasən iddia tələbini qəbul etməyərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid kimi dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, Rəna xanımın evində usta kimi işləmişdir. O, Rəna xanımın evinin mətbəxini təmir etmişdir, laminatını vurmuşdur. Ev təmirdən öncə çox pis vəziyyətdə idi. Xidmət haqqını Rəna xanımdan almışdır. Təxminən 650-700 manat pul almışdır. Məhkəmə iclasında şahid kimi dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, Rəna xanımın evində usta kimi işləmişdir. O, Rəna xanımın evinin lambirini, məxtbəxini təmir etmişdir. Ev təmirsiz vəziyyətdə idi. Xidmət haqqını Rəna xanımdan almışdır. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, iddiaçı onların keçmiş gəlinləridir. Qardaşının maaş kartı həmişə iddiaçıda olmuşdur. 16 ildir ki, iddiaçı yaşadığı evi təmir etdirir. İddiaçı getdiyi hər evdə yeni bir şey görüb gəlib yaşadığı evdə də həmin dəyişikliyi edir. Gah evdə unitaz qırılır, gah mətbəxin rəngini, mebellərini dəyişir. İddiaçı anası Cavabdeh evi təmir etmək üçün pul lazım olduğunu bildirmiş, anası isə ondan, öz pensiyasından Rəna xanına pul vermişdir. Bundan başqa, onun qardaşı Dövlət Statistika Komitəsində işləyir və onun başqa gəlir yeri yoxdur. Anası illərlə Dövlət Statistika Komitəsində işləmiş və ev növbəsində durduğu üçün anasına dövlət tərəfindən ev verilmişdir. Evin təmiri üçün bankdan götürülən pulu anası ödəmişdir. Mübahisəli mənzilə Rəna xanım anasını söyüş söyüb təhqir etdikdən sonra bir daha getməmişdir. Evdə təxminən sonuncu dəfə 2009-2010-cu il tarixində olmuşdur. Qardaşı pul vermiş, Rəna xanımda evi təmir etdirmişdir. Evi təmir edən ustaların pulunu anası vermişdir. O, bu hadisələri görməmiş, lakin xəbəri olmuşdur. Ümumilikdə, təmirə anası və qardaşı pul xərcləmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahid ifadələrini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-252/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən 73 saylı evin 56 saylı mənzilinə köçürülməsi, İddiaçı Xalid qızına 16200 manat məbləğində kompensasiya verilməklə övladı X5 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən 73 saylı evin 56 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməklə onların həmin mənzildən çıxarılmaları qət edilmişdir. - "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, aparılmış hesablamalar və təhlillərə əsasən ünvan 3 ünvanında yerləşən mənzilin daxilində görülən təmir-tikinti işlərinin həxmi və dəyəri (işçilik və material xərci daxil olmaqla) bazar qiymətləri nəzərə alınmaqla 18023 manat, 70 qəpik təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh keçmiş gəlinidir. İddiaçı cavabdehin oğlu X3 ilə 2004-cü il tarixdə evləndikdən və övladları xx.xx.2005-ci il təvəllüdlü X4 doğulduqdan sonra cavabdehin mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən mənzilə köçmüşdür. İddiaçı ilə X3 arasında olan nikah Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Bunda başqa, Cavabdeh iddia ilə məhkəməyə müraciət edərək, adıçəkilən mənzilə köçürülməsi, İddiaçı övladı ilə birlikdə kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi xahiş edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən 73 saylı evin 56 saylı mənzilinə köçürülməsi, İddiaçı Xalid qızına 16200 manat məbləğində kompensasiya verilməklə övladı X5 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən 73 saylı evin 56 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməklə onların həmin mənzildən çıxarılmaları qət edilmişdir. Hazırda isə iddiaçı məhkəmədə iddia qaldıraraq mənzilə çəkilmiş xərcin əvəzinin cavabdehdən tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 1094-cü maddəsinə əsasən əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilən hallar, habelə tərəflərin məhkəmədə verdiyi izahatlarla ünvan 5 ünvanında yerləşən mənzilin təmir edilməsi halı öz təsdiqini tapmışdır. Hazırda mübahisələndirilən məqam mənzilin təmirinin kim tərəfindən edilməsidir. Belə ki, iddiaçı mənzilin təmirinin onun tərəfindən edildiyini, təmir üçün cavabdehin və ya keçmiş həyat yoldaşının köməklik etmədiyini, mənzil təmir edilərkən keçmiş həyat yoldaşının mənzildə yaşamadığını bildirmiş, cavabdeh tərəf isə buna etiraz edərək, iddiaçının iddiada göstərilən məbləğdə evi təmir etdirmək üçün maddi vəsaitini olmadığını, mənzilin təmirinin əmlakın mülkiyyətçisi olan cavabdeh və onun oğlu X3 tərəfindən edildiyini qeyd etmişdir. Məhkəmə hesab edir ki, mübahisələndiririlən hallara hüquqi qiymət verilməsi məqsədi ilə ilk öncə mənzilin təmirinin nə vaxt edilməsi müəyyən edilməlidir. İddiaçı iddia tələbində, həmçinin məhkəmə iclasında verdiyi izahatında mənzilin təmirinə 2019-cu ilin sonlarında başladığını və 2020-ci ildə yekunlaşdırdığını, iddiaçının nümayəndəsi və vəkili isə təmirin 2020-2021-ci illərdə edildiyini bildirmişdir. Bundan başqa, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı xx.xx.2022-ci il tarixli etiraz ərizəsində ünvan 5 ünvanında yerləşən mənzilini 2019-cu ilin axırlarında təmir etdirib bitirdiyini, ümumilikdə təmirə 18023,70 manat vəsait sərf etdiyini bildirmişdir. Göründüyü kimi, mənzilin təmirinin edilməsi vaxtı haqqında məhkəməyə ziddiyyətli ifadələr təqdim edilmişdir. Belə ki, iddiaçı hazırkı məhkəmə araşdırması zamanı mənzili 2019-cu ilin sonunda təmir etdirməyə başlağını bildirsə də, bir başqa məhkəmə araşdırması zaman isə 2019-cu ilin sonlarında mənzilin təmirini bitirdiyini vurğulamışdır. Həmçinin, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisələndirilən əmlakda cavabdeh yaşamamış, həmin ünvanda iddiaçı və onun keçmiş həyat yoldaşı birlikdə yaşayaraq təsərrüfat aparmışlar. İddiaçının məhkəmədə vermiş olduğu izahatlarla müəyyən edilir ki, onun keçmiş həyat yoldaşı X3 ilə münasibətləri 2015-ci ildə faktiki olaraq pozulmuş, onlar mübahisəli mənzildə birlikdə yaşasalar da, otaqlarını ayırmışlar, lakin X3 mənzili 2020-ci ilin əvvəllərində tərk etmişdir. Belə olan halda, müəyyən edilir ki, mənzildə təmir işləri görülərkən X3 da həmin mənzildə yaşamışdır. Beləliklə, məhkəmə tərəfindən X1 mənzilin təmir edilməsində iştirakı istisna edilmir. Bundan əlavə, məhkəmə tərəfindən mənzilin təmiri üçün formalaşdırılan vəsaitin kim tərəfindən verilməsi məsələ də araşdırılmışdır. İddiaçı mənzil əsaslı təmir edilərkən Mühafizə şirkətində işləyini və aylıq 500 manat əmək haqqı aldığını, eyni zamanda “loteraya” da oynadığını və atasının da ona maddi köməklik etdiyini bildirmiş və mənzili həmin vəsait hesabına təmir etdiyini bildirmişdir. Cabadeh tərəf isə X1 1000 manat maaş aldığını, həmçinin cavabdehin pensiyaçı olduğunu və yaxşı məbləğdə pensiya aldığını, X1 əmək haqqı kartının iddiaçıda olduğunu, X3 tərəfindən evin təmiri üçün kredit götürüldüyünü bildirmişdir. Lakin qeyd edilməlidir ki, göstərilən hallar yəni, iddiaçının “loteraya” oynaması, evin təmirində ona atasının köməklik göstərməsi və ya X1 əmək haqqı kartının faktiki olaraq iddiaçıda olmasına dair tərəflərin istinad etdiyi hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamıdır. Ümumiyyətlə, məhkəmə araşdırması zamanı mübahisələndirilən mənzilin təmir edilməsi halı öz təsdiqini tapsa da, mənzilin təmirinin məhz iddiaçı tərəfindən edilməsi və təmir üçün çəkilmiş xərclərinin iddiaçı tərəfindən ödənilməsi halı öz təsdiqi tapmır. Məhkəmə iclasında şahid kimi dindirilmiş X8 və X6 ifadələrindən evin lambirini, mətbəxini təmir etdiklərini, xidmət haqqını Rəna xanımdan aldıqlarını bildirsələr də, qeyd edilən hal evin tamamilə iddiaçı tərəfində təmir edilməsi halını təsdiq edilməsi üçün kifayət deyil. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olmuş e-2(007)-252/2022 saylı iş üzrə araşdırma aparılan zaman şahid kimi dindirilmiş qonşu Musayev Hüseynqulu evdə hazırkı iş üzrə Cavabdeh yaşamadığını, iddiaçının övladı və həyat yoldaşının yaşadığını, onların ayrıldıqlarını bilmədiyini qeyd etmişdir. Göründüyü kimi, şahid ifadələri ilə evin təmirinin məhz iddiaçı tərəfindən edildiyini və təmir işləri aparılan zaman X1 mübahisəli əmlakda yaşamaması halı təsdiq edilmir. Eyni zamanda, iddiaçının məhkməyə vermiş olduğu izahatından məlum olur ki, mübahisələndirilən mənzildə əsaslı təmir işləri görülməmişdən əvvəl, iddiaçı X3 ilə evlənib evə köçdükdən sonra kosmetik təmir işləri edilmiş, həmin vaxt iddiaçı X3 ilə birgə təsərrüfat aparmaqla mənzildə yaşamış və mənzildən istifadə etmişlər. Hazırda iddiaçı iddia tələbində mənzilə məhz 18023,70 manat xərc çəkdiyini qeyd etsə də, buna dair “smeta”nı (xərclər üzrə hesabat) məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyi isə mütəxəssis tərəfindən əmlaka vizual-texniki baxış keçirilməklə tərtib edilmişdir. Lakin yuxarıda da qeyd edildiyi kimi, mənzildə 2019-cu il tarixdə aparılmış təmir işlərindən daha əvvəldə, iddiaçı ilə X3 birgə təsərrüfat apardıqları vaxtda da təmir işləri görülmüşdür. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda da göstərildiyi kimi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-252/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Xalid qızına 16200 manat məbləğində kompensasiya verilməklə övladı X5 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən 73 saylı evin 56 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməklə onların həmin mənzildən çıxarılmaları qət edilmişdir. Həmin kompensasiya məbləği müəyyən edilərkən "xxxx" MMC-nin xx.xx.2021ci il tarixli “daşınmaz əmlakın orta aylıq kirayə dəyərinin müəyyən edilməsi” barədə arayışına istinad edilmişdir. Həmin arayışa əsasən ünvan 6 ünvanı və yaxın ətraf ərazidə yerləşən çoxmərtəbəli yaşayış binalarında, yaxşı təmirli, 2 otaqlı yaşayış mənzillərinin orta aylıq kirayə haqqı, mərtəbə və təchizatından asılı olaraq xx.xx.2021-ci il tarixinə 450 manat müməyyən edilmişdir. Göründüyü kimi, iddiaçıya ödəniləcək kompensasiya məbləği müəyyən edilərkən mənzilin təmirli olduğu nəzərə alınmış və kompensasiya da təmirli mənzil üçün müəyyənləşdirilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1087.1-ci maddəsinə əsasən özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur; 1088.1-ci maddəsinə əsasən icraçı işləri idarəetməyə qəbul etməsi barədə sahibkarı mümkün qədər qısa müddətdə xəbərdar etməli və əgər ləngimə hər hansı risklə bağlı deyilsə, onun qərarını gözləməlidir. Belə ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən 73 saylı evin 56 saylı mənzili Cavabdeh mülkiyyətində olmaqla, iddiaçının istifadəsində olmuşdur. İddiaçı isə mənzili təmir etmək üçün cavabdehə məlumat verməsinə, cavabdehə xəbərdarlıq edilməsinə, cavabdeh tərəfindən ona razılıq verilməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmiş və başqasının mülkiyyətində olan əmlakla bağlı tapşırıqsız təmir işləri aparmışdır. Beləliklə, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən 73 saylı evin 56 saylı mənzilinin məhz onun tərəfindən təmir edilməsinə, mənzililin təmirinə məhz 18023,70 manat vəsait sərf etməsinə, mənzilin təmiri üçün formalaşdırılan vəsaitin ona məxsus olmasına, mənzilin təmirində onunla birlikdə yaşamış şəxslərin iştirak etməməsinə dair iddia tələbində istinad etdiyi hallara dair məhkəməyə hər-hansı bir sübut təqdim etməmiş, iddiasını həmin hallara uyğun əsaslandırmamış, iddia ərizəsində qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Halbuki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 77.1-ci maddəsində də qeyd olunur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yuxarıda göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçıların hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçıların tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. MPM-in: 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbini sübut edə bilməmiş, iddia tələbini əsaslandıra biləcəyi hər hansı sübutu məhkəməyə təqdim etməmiş və iddia ərizəsində göstərilən faktlar öz təsdiqini tapmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Beləliklə, məhkəmə məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı "cavabdehdən ünvan 1 ünvanına təmir üçün çəkilmiş xərcin əvəzi olan 18023 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 144 manat pulun, ümumilikdə 18144,023 manat pulun tutularaq ödənilməsi" tələbinə dair iddiası təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərclərinə aid olan iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “cavabdehdən ünvan 1 ünvanına təmir üçün çəkilmiş xərcin əvəzi olan 18023 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 144 manat pulun, ümumilikdə 18144,023 manat pulun tutularaq ödənilməsi" tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar