Məhkəmə qərarları › İş №e-2(007)-1204/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-1204/2024

23.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-1204/2024 23.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı1 Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “hasarın sökülməsi, söküntu-tikinti işlərinin aparılmasını və kommunal xətlərin kəsilməsinin qadağa edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı1 Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “hasarın sökülməsi, söküntu-tikinti işlərinin aparılmasını və kommunal xətlərin kəsilməsinin qadağa edilməsi” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, ona məxsu mənzilin giriş-çıxışını məhdudlaşdıran hasarların sökülməsi, ona məxsus hissədə hər hansı söküntü-tikinti işlərinin aparılmasının və kommunal xətlərinin kəsilməsinin cavabdehə qadağan edilməsi, ödənilmiş dövlət rüsumunun və vəkilə ödədiyi pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasına xahiş etmişlər. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 108-ci maddəsinə əsasən iddia ərizələri verildikdə dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir; 150.0.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir; 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərin siyahısında dövlət rüsumunun ödənilməsi barədə qəbz aşkar olunsa da, qeyd edilən dövlət rüsumu xx.xx.2022-ci il tarixdə məhkəmənin icraatında olmuş e-2(007)-92/2023 saylı iş üzrə ödənilmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ödənilmiş dövlət rüsumunun geri qaytarılması qərara alınıb. Nəticədə, iddiaçı iddia ərizəsinə hazırkı iş üzrə dövlət rüsumunun Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ödənilməsini təsdiq edən sənədi əlavə etməmiş, iddia ərizəsinə əlavə edilən sənədlərin siyahısında dövlət rüsumu haqqında qəbz aşkar olunmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; 5.1-ci maddəsinə əsasən, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; 5.2-ci maddəsinə əsasən, qanunda nəzərdə tutulmuş hallarda başqa şəxsin, yaxud şəxslərin hüquq və mənafelərinin, yaxud dövlətin mənafeyinin müdafiəsi üçün şəxsin və ya orqanların ərizəsinə əsasən də iş başlana bilər. Bununla bağlı, hazırkı iddia dörd şəxs, yəni İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı1 tərəfindən qaldırılsa da, tələb hissəsində ancaq qeyri-məlum bir şəxsin xahişi ifadə olunmuş, xahiş aydın göstərilməmişdir. Məhkəmə hesab edir ki, məhkəməyə müraciət edilərkən hər bir şəxs iddia ərizəsinə və ya onun verilməsinə dair MPM-lə müəyyən edilmiş qaydaya, formaya və məzmuna, həmin sənədlərə dair müəyyən edilmiş tələblərə əməl etməlidir. Göstərilənlərə və MPM-in 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı1 Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “hasarın sökülməsi, söküntu-tikinti işlərinin aparılmasını və kommunal xətlərin kəsilməsinin qadağa edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılara izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar