Məhkəmə qərarları › İş №e-2(007)-1211/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1211/2021

09.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1211/2021 09.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əlcanova Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Əbülfəz oğlunun Cavabdeh qarşı “vurulmuş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Əbülfəz oğlu Cavabdeh qarşı “vurulmuş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19800 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı Əbülfəz oğluna ödənilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh özgənin əmlakını ələ keçirmək məqsədilə İddiaçı təsis etdiyi avtomobillərin təmiri fəaliyyəti ilə məşğul olan “Turac” firmasının AR Vergilər Nazirliyi Kiçik Sahibkarlarla İş Departamentinə dövlət büdcəsinə yaranmış borcunu ödəyəcəyinə dair İddiaçı yalan vəd verərək aldadıb, etibarından sui-istifadə etməklə Bakı şəhəri Babək prospekti Kənar Dairəvi ünvanında yerləşən “Turac” firmasının ofisində ondan 04.04.2018-ci il tarixində 4800 manat, 10.04.2018-ci il tarixində 6500 manat, 20.04.2018-ci il tarixində 7000 manat və 25.04.2018-ci il tarixində 1500 manat məbləğində pul vəsaitlərini ələ keçirərək vədinə əməl etməmişdir, nəticədə İddiaçı Əbülfəz oğluna ümumilikdə 19800 manat məbləğində ziyan vurmuşdur. Qanunazidd əməllərlə bağlı iddiaçı hüquq-mühafizə orqanlarına müraciət etdikdən sonra cavabdeh barəsində araşdırma aparılmış və o cinayət məsuliyyətinə cəlb edilmişdir. Cavabdehin cinayət əməlləri məhkəmə istintaqı dövründə sübut olunduğundan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-152/2020 saylı 18.06.2020-ci il tarixli hökmü ilə onun barəsində azadlıqdan məhrum edilmə növündə cəza təyin edilmişdir. Məhkəmə hökmü qanuni qüvvəyə mindiyi vaxtdan uzun müddət keçməsinə baxmayaraq cavabdeh vurduğu ziyanın əvəzini ödəməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki, iddia ilə razıdır, iddia tələbini qəbul edir, lakin ödəniş üçün vaxt verilməsini xahiş edir. Məhkəmə proses iştirakşılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-152/2020 saylı 18.06.2020-ci il tarixli hökmündan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 02 il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş, zərərçəkmiş şəxs və mülki iddiaçılar İddiaçı və X2 mülki iddiaları baxılmamış saxlanılmış, zərərçəkmiş şəxs və mülki iddiaçılar İddiaçı və X3 izah edilmişdir ki, onlar sonradan mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə haqlıdırlar. Həmçinin hökmün müəyyən etdi hissəsində qeyd edilmişdir ki, təqsirləndirilən şəxs Cavabdeh ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, İddiaçı ona ümumilikdə 19800 manat pul vermişdir. - 13.01.2021-ci il tarixli dövlət rüsumunun ödənilməsi haqqında məlumatdan görünür ki, iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh İddiaçı yalan vəd verərək aldadıb, etibarından sui-istifadə etməklə Bakı şəhəri Babək prospekti Kənar Dairəvi ünvanında yerləşən “Turac” firmasının ofisində ondan 04.04.2018-ci il tarixində 4800 manat, 10.04.2018-ci il tarixində 6500 manat, 20.04.2018-ci il tarixində 7000 manat və 25.04.2018-ci il tarixində 1500 manat məbləğində pul vəsaitlərini ələ keçirərək vədinə əməl etməmişdir, nəticədə İddiaçı Əbülfəz oğluna ümumilikdə 19800 manat məbləğində ziyan vurmuşdur. Qanunazidd əməllərinə görə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-152/2020 saylı 18.06.2020-ci il tarixli hökmü ilə onun barəsində azadlıqdan məhrum edilmə növündə cəza təyin edilmişdir. Məhkəmə hökmü qanuni qüvvəyə mindiyi vaxtdan uzun müddət keçməsinə baxmayaraq cavabdeh vurduğu ziyanın əvəzini ödəməmişdir. Odur ki, hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul edərək borcun ödənilməsi üçün vaxt verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında pulun ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Bu baxımdan, hazırkı iş üzrə araşdırma predmetini cavabdehin iddiaçı qarşısında əsassız varlanma qaydasında öhdəlik daşıyıb-daşımaması halının müəyyən olunması təşkil edir. MM-nin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Göründüyü kimi, əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün iş üzrə aşağıdakı şərtlər müəyyən edilməlidir: cavabdehin əmlak əldə etməsi, həmin əmlakı mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxsin əmlakı hesabına əldə edilməsi və bu əldəetmə üçün heç bir hüquqi əsas olmaması. Həmin şərtlərdən hər hansı biri təsbit olunmazsa əsassız varlanma üzrə tələb təmin edilə bilməz. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı tərəfindən cavabdehə dövlət büdcəsinə yaranmış borcun ödənilməsi məqsədi ilə 19800 manat məblğində pul verilmiş, lakin cavabdeh pul vəsaitlərini ələ keçirərək vədinə əməl etməmişdir, nəticədə iddiaçıya ümumilikdə 19800 manat məbləğində ziyan vurmuşdur. Bu səbəbdən bu hal cavabdeh tərəfindən hər hansı hüquqi əsas olmadan iddaçının hesabına əmlak əldə etməsi və bununla da onun əsassız varlanması kimi qiymətləndirilməlidir. Belə olan halda, cavabdeh əldə etdiyi və iddiaçıya məxsus olan pulu geri qaytarmalıdır. Bundan başqa Məhkəmə baxışında müəyyən edilmişdir ki, cavabdeh iddia tələbini etiraf edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonar MPM): 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Məhkəmə, həmçinin belə qənaətə gəlir ki, cavabdehin iddia tələbini etirafı qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalıdır. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh 19800 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi məhkəmə tərəfindən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur;. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 19800 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Əbülfəz oğluna ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 19800 manat məbləğində pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Əbülfəz oğluna ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar