Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1292/2025 18.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul tələbi, subyektiv hüquq”) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi :
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 50000 (əlli min) min manat pulun, vəkil xidməti üçün ********** saylı əməliyyatla ödədiyi 150 manat pulun və dövlət rüsumu kimi ödəmiş olduğu 240 manat pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh olan atası Cavabdeh anası Elza Sadıqovla nikahından xx.xx.1987-cı il tarixində o, anadan olmuşdur. Atası ilə anası 1988-ci il tarixində boşanıblar, ayrı yaşamağa başlayıblar. Anası rayonda, dayısıgildə yaşayıb, o, isə 2006-cı ildən atasının yanında, ünvan 1 ünvanında yaşamışlar. Hazırda anası 2 ildi onunla Sumqayıt şəhərində kirayədə yaşayır. Atası Bakı şəhərində 2005-ci il tarixində torpaq almış və onlar orada 2006-2009-cu il arası 4 mərtəbəli villa tikdirmişlər. O, o evin tikintisində iştirak etmiş, 3 il fəhlə kimi işləmiş və orada təkcə o yaşamışdır. Atası yenidən bir yəhudi qadınla evlənmiş, başqa evləri vardı, orda yaşayırdılar. 2010-cu il tarixlərində atasının 2-ci həyat yoldaşı qonşuluqda yaşayan əmisigilə gələndə onu bu evdə görüb kim olduğunu bilmiş və atası ilə dalaşmışdır ki, -"bu niyə burada yaşayır, çıxsın getsin". Atası da bu davadan sonra ona dedi ki -"ailəmizi dağıtma, çox xahiş edirəm çıx get rayona, evimizi də almaq istəyən var, gəl sataq, sənə də ev alacam ya evin pulunu verəcəm, özün alarsan". Bilirdi ki, o vaxtlar həmin yerlərdə o cür evlərin qiyməti təxminən 750 min manat civarındadır. O, ona söz verdi ki, evi satıb ona ev alacaq, ya pul verəcək. O da razı olub evdən çıxmış və rayona getmişdir. Atası ilə daima əlaqə saxlamış və o deyirdi ki, evi hələ almayıblar. O, da inanmışdır. Rayondan da 2011-ci ildə hərbi qulluğa getmiş və orada maxe kimi işləməyə başlamışdır. Hazırda Azərbaycan Respublikası Silahlı qüvvələrinin Təlim Tədris mərkəzində gizir işləyir. Onu da qeyd edir ki, o, 44 günlük Qarabağ müharibəsinin də iştirakçısıdır. 2022-ci il tarixində Bakı şəhərində təsadüfən köhnə qonşulardan biri ilə rastlaşanda evi soruşmuş, o dedi ki, eviniz çoxdan 750 min manata satılıb. O, atasına zəng vurmuşdur ki, “evi satmısan, niyə mənim haqqımı verməmisən” atası isə cavab verdi ki -"mən sənə pul zad verən deyiləm, get başına çarə qıl". Dedim “verəcəm məhkəməyə,” cavab verdi ki-“get əlin hara çatır ver ora”. O, öyrənmişdir ki, o yalan deyir. Həmin puldan oğulluğunu Səbail icra hakimiyyətinə işə düzəldib və s. Cavabdeh olan atası indiyədək də onu aldadıb. Hazırda o, ağır xəstə anası ilə çox pis durumda Sumqayıtda kirayədə yaşayır, anası elə o vaxtlardan xəstə idi. O, həm ona baxmalı idi, həm işləyib pul qazanmalı, onu, özünü saxlamalı, evin kirayəsini ödəməli idi. İndiyədək də onun evi yoxdur. Atası ona heç vaxt hətta aliment belə ödəməyib, heç onun maddi cəhətdən təminatında da iştirak etməyib. Beləliklə atası evi 750 min manata satıb, pulunu özü götürüb və ona çatası hissəni verməyib. O, həmin pulun ona çatası hissəsini də ona qıymayıb. Evin 750 minə satıldığını ondan bilir ki, o özü qonşuların yanında deyib ki, evi bu qiymətə satmışdır. Bu halları onun orda uzun müddət yaşamış olduğunu, evin tikintisində iştirakını və evin satılmış olması faktını aşağıdakı qonşular da təsdiq edə bilər: 1.X1 – Ünvan: Bakış, Binəqədi r-nu,Sahib Hüseynov k-i 56. 2.X3- Ünvan: Bakış, Binəqədi r-nu, Rəsulzadə qəs.,Z.Mehdiyev k-si,ev 10/27. 3.X4-Binəqədi r-nu, Sahib Hüseynov k-i 56 Onu da qeyd edir ki, həmin evin hüquqi rejimini müəyyən etmək üçün AR İN-nin yanında ƏMDX DƏDK və RRHŞ-nin 1 Saylı Bakı Ərazi İdarəsinə dəfələrlə-3 iyul, 30 iyul və 8 oktyabr 2024-cü il tarixli vəkil sorğuları verilmiş, lakin sorğulara cavab verilməmişdir. (Sorğular əlavə edilir). Ona görə də evin hüquqi rejimi barədə məlumatı məhkəmənin sorğu yolu ilə tələb etməsini xahiş edir.
İş materialları :
3. AZ-İ seriyalı, 839365 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı xx.xx.1987-ci il tarixində doğulmuş və bu barədə Azərbaycan Respublikası Beyləqan rayonu Eyvazalılar kəndi üzrə nümayəndəliyi tərəfindən doğum haqqında akt qeydləri kitabında xx.xx.1987-ci il tarixdə 55 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası X2r.
4. Azərbaycan Respublikası Sumqayıt İcra Hakimiyyəti başçısı apratının xx.xx.2024cü il tarixli məktubundan görünür ki, İddiaçı aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir.
5. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh adına Bakı şəhəri, Binəqədi rayonu üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.
6. xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 242 manat dövlət rüsumu ödənilmişdir.
7. “Azemis” Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş sorğu məlumatlarından görünür ki, Cavabdeh 1-ci qrup əlildir.
Tərəflərin izahatları :
8. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
10. Cavabdeh ilə xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında videogörüntülü telefon əlaqəsi saxlanılan zaman 17 ildir ki, yataq xəstəsi olduğunu, bu səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Bildirmişdir ki, o, 17 ildir yataq xəstəsi olmasına baxmayaraq iddiaçı gəlib onunla maraqlanmamışdır. Evi neçəyə satmasının iddiaçıya aidiyyatı yoxdur. Oğlunu heç görmüşdür ki, onu evdən çıxarsın. Oğlu gedib dayısı üçün heyvan saxlamışdır. Gedib ondan pul tələb etsin. Onun pulu yoxdur, olsa da, iddiaçıya pul verməz.
11. Belə olan halda, məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşin faktiki halı :
12. İddiaçı xx.xx.1987-ci il tarixdə Beyləqan rayonunda anadan olmuşdur. Atası Cavabdeh, anası X2r.
13. İddiaçı hazırda tikintisində 3 il fəhlə işlədiyi və atasının ona satacağı zaman özünə yenidən ev alması üçün pul verəcəyini vəd etdiyi mənzilin satışından əldə olunmuş pul vəsaitindən ona verilməməsi əsası ilə cavabdehdən, yəni atasından 50000 manat məbləğində pul vəsaitinin tutulub ona verilməsini xahiş edir.
14. “Azemis” Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş sorğu məlumatlarından görünür ki, Cavabdeh 1-ci qrup əlildir.
Məhkəmə baxışının hədləri:
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 82.1. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi :
21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
Məhkəmənin mövqeyi :
18. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.
19. İddiaçı tərəfindən Cavabdeh qarşı “50000 manat məbləğində pul vəsaitinin tutulması” tələbi cavabdeh, yəni atası tərəfindən atasına məxsus olan evin satışından əldə olunan pul vəsaitindən ona yeni mənzil ala bilməsi üçün pul verəcəyinin vəd edilməsinə baxmayaraq, həmin evin satışından ona vəd edilən pul məbləğinin verilməməsi ilə əsaslandırılmışdır. İddiaçı iddia ərizəsində iddia tələbinin hüquqi əsaslandırılması hissəsində Mülki Məcəllənin 21, 1096-1097-ci maddələrinə istinad etmişdir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
21. Mülki iş üzrə İddiaçı iddia tələbinin faktiki halları qismində məhkəmədə bildirmişdir ki, o, cavabdehin, yəni atasının birinci nikahından olan övladıdır. Atası 2005-ci ildə Bakı şəhərində torpaq almış və həmin torpaq sahəsində atası ilə birlikdə 2006-2009-cu illərdə 4 mərtəbəli villa tikdirmişlər. O, həmin villanın tikilməsində 3 il fəhlə kimi işləmiş və həmin evdə yaşamışdır. Lakin 2010-cu ildə atasının ikinci həyat yoldaşının tələbi ilə atası onun mənzildən çıxmasını tələb etmiş, həmin evi satacağını və satışından ona mənzil alması üçün pul verəcəyini bildirmişdir. 2022-ci ildə təsadüfən atası tərəfindən evin satıldığını öyrənmiş, atasından pul tələb etdikdə isə atası bundan imtina etmişdir.
22. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Cavabdeh ilə xx.xx.2025-ci il tarixində, məhkəmə hazırlıq iclasında telefon vasitəsi ilə videogörüntülü əlaqə saxlanılmış, o, 17 ildir yataq xəstəsi olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək, məhkəmədən rədd edilməsini xahiş etmişdir.
23. Müəyyən edilmişdir ki, iddiaçı atası olan cavabdehdən atasına məxsus olan evin satışından əldə edilən pul vəsaitindən ona pul verilməsini tələb edir.
24. Məhkəmə qeyd edir ki, ilk növbədə İddiaçı tərəfindən Cavabdeh qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olub-olmaması müəyyən edilməlidir.
25. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
26. Qeyd edilməlidir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında vurğulamışdır ki, Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
28. Məhkəmə iddiaçı tərəfindən iddia tələbinin faktiki halları sübuta yetirilibyetirilməməsindən asılı olmayaraq ilk növbədə qeyd edir ki, iddiaçının atasının mülkiyyətində olan mənzilin satışından əldə edilən pul vəsaitindən pul tutulmasını tələb etmək üçün subyetiv hüququ yoxdur.
29. Nəzərə alınamalıdır ki, mülki qanunvericiliyə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
30. Məhkəmə iddiaçı tərəfindən iddia tələbinin hüquqi əsaslandırılmasına münasibətdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
31. İddiaçı cavabdeh tərəfindən mənzilin satışından əldə edilən pul vəsaitindən ona pul verəcəyini vəd edilməsinə baxmayaraq, ona pul verilməməsi nəticəsində ona zərər dəydiyini iddia edir. İddia tələbinin hüquqi əsası qismində Mülki Məcəllənin 385, 1096, 1097-ci maddələrinə istinad etmişdir.
32. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən iddia tələbinin faktiki halları – atasının mülkiyyətində mənzil olması, mənzilin satılması, mənzilin tikintisində iştirak etməsi və.s ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdir.
33. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin sübutetmə yükünün bölüşdürülməsini tənzimləyən normalarının tələblərinə əsasən ilk olaraq iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh isə həmin əsaslarla bağlı verilən etirazın dəlillərini sübut etmə yükünü daşıyır. (Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi). Sübutetmə yükünün düzgün bölüşdürülməsi işin araşdırılması zamanı mühüm əhəmiyyətə malikdir və bununla bağlı prosessual qanunvericiliyin tələblərinin pozulması son olaraq məhkəmənin səhv nəticəyə gəlməsinə səbəb ola bilər.
34. Hazırki iddia tələbi üzrə sübutetmə yükü iddiaçının üzərinə düşməsinə baxmayaraq, iddiaçı tərəfindən iddia tələbinin faktiki halları ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdir.
35. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
36. Məhkəmə qeyd edir ki, işin tədqiq edilən halları ilə tərəflər arasında öhdəlik hüququ münasibətinin yaranması, cavabdehin iddiaçı qarşısında ona 50000 manat məbləğində pul vəsaitinin ödənilməsinə dair öhdəliyinin yaranması müəyyən edilməmişdir.
37. Qeyd edilir ki, pul ödəmək vəzifəsi öhdəlik hüquq münasibətinin tərkib hissəsidir, öhdəlik hüquq münasibəti yaranmadan pul ödəmək vəzifəsi yarana bilməz. Öhdəliklər əmələ gəlmə əsaslarına görə 3 yerə bölünür: müqavilədən əmələ gələn öhdəliklər; qanundan əmələ gələn öhdəliklər; mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər. Mülki Məcəlləsinin xüsusi hissəsinin quruluşunda da bu qayda öz əksini tapmışdır. Mülki Məcəllənin “Öhdəliklərin əmələ gəlmə əsasları” adlı 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
38. Odur ki, mülki hüquq münasibətinin bir növü kimi hər hansı öhdəlik hüquq münasibəti yalnız müqavilə bağlandıqda və ya qanunda nəzərdə tutulmuş hallar baş verdikdə (özgə işləri tapşırıqsız aparıldıqda və əsassız varlanma baş verdikdə) və yaxud mülki hüquq pozuntusu (delikt) törədildikdə yarana bilər.
39. İddiaçı ilə cavabdeh arasında mənzilin satışından əldə edilən pul vəsaitindən iddiaçıya ödəniş edilməsi ilə bağlı öhdəlik hüquq münasibətinin yaranması üçün yuxarıda qeyd olunan əsasların heç biri mövcud olmamışdır. Bu qənaətini məhkəmə aşağıdakılarla izah edir: Tərəflər arasında müqavilədən əmələ gələn öhdəlik hüquq münasibətinin yaranması müəyyən ediləməmişdir. İddiaçı tərəfindən məhkəməyə cavabdeh ilə aralarında mənzilin satışından əldə edilən pul vəsaitindən cavabdehin iddiaçıya ödəniş ediləcəyinə dair razılaşma olduğunu təsdiq edən sübut təqdim edilməmişdir, qeyd edilən hal məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Həmçinin cavabdeh tərəfindən mülki hüquq pozuntusu (delikt) törədilməsi, iddiaçıya zərər vurulması müəyyən edilməmişdir. Belə ki, mülki hüquq pozuntularının (deliktlərin) anlayışı Mülki Məcəllənin 1096-cı maddəsində müəyyən olunmuşdur. Hazırkı mübahisədə bu anlayışa uyğun gələn heç bir əlamət yoxdur. İddiaçı özgə işlərini tapşırıqsız aparan şəxs sayılmayıb. Cavabdeh əsassız varalanmayıb. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Hazır ki, mülki iş üzrə isə iddiaçı tərəfindən onun da qoyduğu vəsait hesabına cavabdeh olan atası tərəfindən mənzil əldə edilməsi ilə bağlı sübut təqdim edilməmişdir.
40. Məhkəmə iddiaçının cavabdehə məxsus olan mənzildə fəhlə işləməsi halı ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən qeyd edilən hal ilə bağlı sübut təqdim edilməməklə yanaşı, sübuta yetirilsə belə, qeyd edilən hal iddiaçıya cavabdehdən mülkiyyətində olan mənzilin satışından pul tələb etmək hüququ vermir. O, əgər atasına məxsus olan mənzildə fəhlə kimi işləmişdirsə, bu ehtimal edilə bilər ki, bir ailə kimi oğul ataya köməklik etmişdir və ya görülən işin əvəzini almışdır.
41. İşin tədqiq edilən hallarına əsasən məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh qarşı olan “50000 manat məbləğində pul vəsaitinin tutulması” tələbi əsaslı deyildir.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
Məhkəmə xərcləri.
43. İddiaçı məhkəmədən, həmçinin vəkilə hüquqi yardım üçün ödənilmiş 150 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 240 manat məbləğində pul vəsaitinin tutulmasını xahiş etmişdir.
44. Məhkəmə qeyd edir ki, iddia tələbinin vəkilə hüquqi yardım üçün ödənilmiş 150 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi rədd edildiyindən həmin hissədə iddia tələbi əsaslı hesab edilə bilməz.
45. Həmçinin iddia tələbi təmin edilmədiyinə görə Azərbaycan Respublikası MPM-nin 124.2-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
Nəticə :
46. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, İddiaçı Cavabdeh qarşı “50000 manat məbləğində pul vəsaitinin tutulması” na dair iddia tələbi rədd edilməlidir.
47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
İddiaçı Cavabdeh qarşı 50000 manat və vəkilə hüquqi yardım üçün ödənilmiş 150 manat məbləğində pul vəsaitinin tutulmasına dair iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir
Hakim Starə Əliyeva