Məhkəmə qərarları › İş №e-2(007)-1302/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(007)-1302/2024

25.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1302/2024 25.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə qiyabi icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 8604,60 manat borc məbləğinin və 106 manat dövlət rüsumunun əvəzinin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 onun uzun illər əvvəldən tanıdığı köhnə tanışlarından, digər Cavabdeh1 isə onun həyat yoldaşıdır. 2020-ci ilə qədər xeyli müddət Cavabdeh2 ilə əlaqəsi olmamış, ta ki, 2020-ci ilin dəqiq xatırlamadığı ayında Cavabdeh2 “telegram” platfomasından ona yazmış, bir xeyli danışandan sonra Aynur bildirmişdir ki, o, Cavabdeh1 adlı şəxslə ailə həyatı qurmuşdur və uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayır. Köhnədən gələn dostluqları, münasibətləri bərpa olunmuşdur. Bir dəfə Cavabdeh2 ona yazmışdır ki, uşağı xəstə olduğu üçün 2000 ABŞ dolları pul lazımdır. Rusiyada aptek işlədir, alacaqları var, alıb qaytaracaqdır. O da 2000 ABŞ dollarını göndərmiş, bundan bir müddət sonra isə pulunu geri qaytarmışdır. Pulu göndərməyi üçün bir başa əri Cavabdeh1 adı olan kartı ona atmışdır. Bundan sonra bir neçə dəfə həkimə uşağının müalicəsi ilə bağlı pul verməli olması, bundan başqa aptek fəaliyyəti ilə bağlı ondan borc pullar almışdır. xx.xx.2020-ci il tarixdə 200.000 rubl, xx.xx.2021-ci il tarixdə 15.000 rubl, xx.xx.2020-ci il tarixdə 200.000 rubl, xx.xx.2020-ci il tarixdə 70.000 rubl cəmi, 485.000 rubl göndərmişdir. Mərkəzi bankın rəsmi səhifəsindən alınmış məlumatlar əsasında hesablama əsasında xx.xx.2020-ci il tarixdə 1 rus rubl=0.0219 (70.000 rubl*0.0219= 1533 manat), xx.xx.2020-ci il tarixdə 1 rus rubl= 0.0219 (200.000 rubl*0.0219=4380 manat), xx.xx.2020-ci il tarixdə 1 rus rubl=0.0222 (200.000 rubl*0.0222=4440 manat), xx.xx.2021-ci il tarixdə 1 rus rubl=0.0224 (15.000 rubl*0.0224=336 manat) olmaqla cəmi 1533+4380+ 4440+336=10.689 manat pul müəyyən olunmuşdur. Bu borc məbləğindən bir qismini hardasa 2084 manat cavabdeh tərəfindən ona qaytarılmış və sonuncu danışıqları zamanı aralarında nə qədər borc pul qalmasını dəqiqləşdirmək üçün ondan soruşmuş, o isə hesablama edib ona şəxsən yazmışdır ki, “270 min rubl+73000rubl+990 manat”, 270000 rus rublu+73000 rus rublu=343000 rubl. Yuxarıdakı cədvəl üzrə məzənnənin ən aşağı olduğu günü götürdükdə 343000 rubl*0,0222=7614,60 manat, 7614.60+990=8604,60 manat vəsait edir. Lakin, Cavabdeh2 bir müddət sonra sözün əsl mənasında yoxa çıxmış, ona heç nə yazmamış, “Telegram”da olan profilini də bağlamışdır. Artıq bundan sonra aldadıldığını başa düşmüşdür. Hazırda cavabdeh öhdəliyi icra etməkdən imtina etmişdir Tərəflərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və cavabdehlər gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmiş, lakin iddiaçının vəkili və nümayəndəsi Vəkil elektron kabinet vasitəsilə ərizə verərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və işə qiyabi icraat qaydasında baxaraq iddianın təmin olunmasına dair qiyabi qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmiş və əlavə olaraq qeyd etmişdir ki, cavabdehlər Rusiyada yaşayır. Cavabdehlərdən Cavabdeh1 Cavabdeh2 həyat yoldaşıdır. Bu münasibətdən əvvəl Cavabdeh2 İddiaçı bir neçə dəfə borc pul almış və həmin borcu qaytarmış, bunun nəticəsində iddiaçının etibarını qazanmışdır. Bir müddətdən sonra yenidən aralarında pul münasibəti olmuş, lakin daha sonra uşağının xəstəliyini filan bəhanə edərək aldığı pulu qaytarmamışdır. Pul vəsaitləri bank hesablarına köçürülmüş, ödənişlər iddiaçı tərəfindən cavabdehin kartına “Sberbank” vasitəsilə edilmişdir. Tərəflərin arasında “Telegram” platforması vasitəsilə yazışma olmuşdur. Cavabdeh2 İddiaçı son nəticədə olan borc barədə mesaj mətni göndərmişdir. Onlar da Azərbaycan Respublikası Mərkəzi Bankından həmin illər üzrə rus rublunun manata olan ekvivalenti barədə çıxarışlar əldə etmişlər. İddiaçı bu məsələ ilə bağlı polisə müraciət etməmişdir. Hazrki vaxta qədər niyə iddia qaldırmasını isə bilmir. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh2 arasında “Teleqram” sosial şəbəkəsi vasitəsilə olan yazışmalar ilə İddiaçı ümumilikdə 270 min rubl+ 73 min rubl+ 990 manat pul məbləğini Cavabdeh2 verdiyi, Cavabdeh2 həmin məbləğlə razı olması, həmin vəsaitlərin Cavabdeh1 kartına göndərildiyi müəyyən olunmuşdur. Həmçinin, “CBER Bank”ın möhürlənmiş qəbzləri ilə iddiaçının xx.xx.2020-ci il tarixdə 70.000 rubl, xx.xx.2020-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə 200.000 rubl, xx.xx.2021-ci il tarixdə 15.000 rubl olmaqla, cəmi, 485.000 rubl pul vəsaitinin Cavabdeh1 kart hesabına göndərməsi məlum olmuşdur. İddiaçı tərəf cavabdehlərə verilən pul vəsaitlərindən 2084 manat vəsaitin ona geri qaytarıldığını bildirmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, iddiaçının vəkilinümayəndəsinin izahatlarını dinləyib araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 386.1-ci, 442-ci, 448.1-ci, 448.2-ci, 337-ci, 739-cu, 1091.1-ci, 1092.1-ci, 1092.1.2-ci və 1093.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 217.4-cü maddələrinə əsasən əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş qəbzlər və yazışmalardan müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehlərə 485000 rubl və 990 manat pul verilmiş, 2084 manat vəsait iddiaçıya geri qaytarılmış, daha sonra iddiaçı tərəfindən cavabdehlərə verilmiş məbləğdən 270 min rubl+ 73 min rubl+ 990 manat pulun qalmasını Cavabdeh2 qəbul etmişdir. Hansı ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda, məhkəmə bildirir ki, iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqazidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir”. Qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur. Predmetini üç min manatdan çox məbləğin təşkil etdiyi borc müqaviləsi baxımından isə xüsusi etibarlılıq şərti olaraq onun yazılı formada bağlanmalı olduğu müəyyənləşdirilmişdir (Mülki Məcəllənin 739.2-ci maddəsi). İşin hallarından aydın olur ki, tərəflər arasında yazılı borc müqaviləsi bağlanmamışdır. Konstitusiya Məhkəməsi yuxarıda adı çəkilən qərarında qeyd etmişdir ki, “...Mülki Məcəllənin 337.5-ci maddəsi ... etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. ...Əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhkəmə qeyd edir ki, işin hallarından aydın olduğu kimi tərəflər arasında yazılı borc müqaviləsi bağlanmamaqla və tərəflərin etibarlı borc müqaviləsi bağlamış olmalarından bəhs etmək də mümkün deyildir. Lakin borc müqaviləsinin qanunla müəyən edilmiş forma məzmununa riayət edilməməsi həmin pulun qaytarılmaması və ya bu barədə verilmiş iddianın rədd edilməsinə əsas ola bilməz. Bu baxımdan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əhəmiyyətsiz əqd üzrə əldə etdiyi 343000 rubl və 990 manat məbləğində pul Mülki Məcəllənin 337.5-ci maddəsinə istinadən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, cavabdehlər tərəfindən iddiaçıdan həmin məbləğdə pulun alınması sübuta yetirilmişdir. Məhkəmə onu da qeyd edir ki, iddia tələbi üzrə rubl ilə ifadə olunan borc məbləği qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla, cavabdehlərdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmə xərcləri: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçı ödədiyi 106 manat dövlət rüsumunu cavabdehlərdən tələb etdiyindən həmin vəsait cavabdehdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 990 manat və məhkəmə qətnaməsinin icra edildiyi vaxta rublun manat məzənnəsi nəzərə alınmaqla 343000 rubl məbləğində vəsait İddiaçı xeyrinə tutulsun. Cavabdehlər qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar