Məhkəmə qərarları › İş №e-2(007)-1366/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1366/2025

02.06.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1366/2025 02.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “mənzilə istifadə hüququna xitam verilməsi” tələbi) X12 Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı və onun vəkili X6 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 39 ünvanında yerləşən 97 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi və qətnamənin nəticə hissəsində qeydiyyatdan çıxarılmağa əsas olma barədə qeyd göstərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə arasında Saatlı rayonu VVAQ şöbəsində nikah bağlanmış və 20 noyabr 1995-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 90 nömrə ilə qeyd edilmişdir. xx.xx.1996-cı il tarixli 3Mİ0-68 nömrəli bağışlama müqaviləsinə əsasən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 39 ünvanındakı 97 saylı mənzil ona hədiyyə şəklində bacısı X3 tərəfindən verilmişdir. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 038286 nömrəli MH seriya nömrəli xx.xx.1996-cı il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 39 ünvanındakı 97 saylı mənzil onun xüsusi mülkiyyətindədir. Cavabdeh onun sağlamlığına 18 sentyabr 2021-ci il tarixində xəsarət yetirməsi faktı ilə bağlı Daxili İşlər Nazirliyinin “102 qaynar xətti” vasitəsilə edilmiş şikayəti əsasında Nizami Rayon Polis İdarəsində cinayət işi açılmışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e- 2(007)-236/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə onun arasında Saatlı rayonu VVAQ şöbəsində bağlanmış və 20 noyabr 1995-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 90 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. Cavabdeh oglu qeyd edilənxx.xx.2021-ci il tarixdən mənzildən çıxmış, həmin tarixdən sonra bir müddət Bakı şəhəri Yasamal rayonu ərazisində yaşamış, son iki ildə isə Rusiya Federasiya köçərək orada yaşayır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, ünvan 1 ünvanında Cavabdeh oglu daimi qeydiyyatdadır. Cavabdehlə aralarındakı münasibətlər 1995-1996-cı illərdə yarandığından hazırki mübahisə qüvvədən düşmüş Mənzil Məcəlləsinin müddəalarına əsasən həll edilməlidir. Cavabdeh 2021-ci ildən etibarən mübahisəli mənzili tərk etmiş, könüllü olaraq 4 ildən artıq olan uzun müddət ərzində bu yaşayış sahəsinə daimi yaşamaq üçün qayıtmamış, qayıtmaq üçün hər hansı cəhdlər etməmişdir. Qeyd ediləməlidir ki, yaşayış sahəsindən istifadə hüququ mənzil ehtiyacını qarşılamağı (başqa yaşayış sahəsi olmadığı üçün) təmin edən bir hüquqdur. Bu hüququn yaranmasına səbəb olan hallar (ailə münasibəti, mənzil ehtiyacının başqa yerdə təmin edilməsinin mümkünsüzlüyü və s.) aradan qalxdıqdan və uzun müddət keçdikdən sonra ondan əvvəlki qaydada (ehtiyat hüquq kimi) istifadə edilməsi yolverilməzdir. Cavabdehin daimi yaşamaq üçün köçüb başqa yerə getməsi aşkardır və cavabdehin yaşayış sahəsinə ehtiyacı artıq köçüb yaşadığı yerdə təmin olunmuşdur. Bu hal onu göstərir ki, cavabdeh uzun müddət və davamlı olaraq mənzildə yaşamaq ehtiyacını könüllü olaraq başqa yerdə qarşıladığı üçün onun mübahisə predmeti olan mənzildə yaşamaqla bağlı qanuni mənafeləri aradan qalxmış, o, bu mənzillə bütün əlaqələri kəsməklə və mənzilə sahibliyin həyata keçirilməsinə dair hərəkətlər etməməklə həmin mənzildə yaşayış sahəsindən istifadə hüququnu itirmişdir. Bununla əlaqədar qeyd edilməldir ki, şəxsi servitut sayılan mənzildən istifadə hüququ yarandıqdan sonra müvafiq şərtlər gerçəkləşdikdə (məsələn, istifadə hüququ sahibi ayrı yaşayış sahəsi əldə etdikdə, daimi olaraq yaşamaq üçün başa yerə köçdükdə və s.) həmin hüququn hər hansı kompensasiya verilmədən qanuna əsasən aradan qalxması mümkündür. Bu səbəbdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir neçə qərarında keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsini istifadə hüququ sahibinin yaşayış sahəsinə ehtiyacının və mənzildən istifadə (şəxsi servitut) hüququnun aradan qalxdığı hallara aid etmişdir. Cavabdeh öz hüquqa zidd davranışı ilə mülkiyyət hüququnun (titul sahibliyinin) normal həyata keçirilməsinə maneçilik yaradır. Mənzilə mülkiyyət hüququ ona məxsus olduğundan cavabdehin hazırda qeyd edilən mənzildə formal olaraq qeydiyyatda qalması onun mülkiyyət hüququnu məhdudlaşdırdığından, cavabdehin mənzildən istifadə hüququ itirilmiş hesab edilməklə qətnamənin nəticə hissəsində qeydiyyatdan çıxarılmağa əsas olma barədə qeyd göstərilməlidir. İş materialları: Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil X1 tam payda adına qeydiyyatdan keçmişdir və bu barədə reyestr kitabında 253-cü səhifə, 30/17861 nömrə ilə, xx.xx.1996-cı ildə qeydiyyat aparılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-236/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Saatlı rayonu VVAQ Şöbəsində 20 noyabr 1995-ci il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 90 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. X4 ilə X5 arasında bağlanmış xx.xx.1996-cı il tarixli, 3Mİ0-68 saylı müqavilənin surətindən görünür ki, X3 tərəfindən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 39 ünvanında yerləşən 97 saylı mənzil X2 bağışlanmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli yaşayış yeri haqqında arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 39 ünvanında yerləşən 97 saylı mənzildə qeydiyyatdadır. Elektron məhkəmə informasiya sistemindən əldə olunmuş çıxarışın surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə sərhəddən çıxmışdır. (Çıxış- Moskva) xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı və iddiaçının vəkili X7 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkı̇ yyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyəçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “..hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz..”. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehin evdən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar cavabdehi yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir. MPM-in 217.2-ci maddəsində göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Mülki Məcəllənin 228ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına əsasən: 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. “Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd - şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Belə ki, 1982-ci ildən qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Lakin bu maddə həmin şəxslər arasında razılaşmanın formasını və reallaşmasının şərtlərini müəyyən etməməklə məsələni tərəflərin öhdəsinə buraxmış, yaşayış sahəsindən istifadə qaydası və xərclərdə iştirakın məbləği haqqında əmələ gələn mübahisələrin məhkəmə yolu ilə həllini müyyənləşdirmişdir. Göründüyü kimi, Mənzil Məcəlləsinin 123-cü maddəsi mülkiyyətçi və onun evinə (mənzilinə) köçürülmüş ailə üzvləri arasında yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələrin həlli qaydasının yuxarıda göstərilmiş tələblərini birmənalı əhatə etmir. Eyni zamanda nəzərə alınmalıdır ki, həmin münasibətlər bu hüquq normasının əsasında qurulmuş və tənzimlənmişdir.” 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsi: Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Maddə 87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. İşin faktiki halı: Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdeh xx.xx.1995-ci il tarixdə nikaha daxil olmuşlar. ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının bacısı tərəfindən xx.xx.1996-cı il tarixdə bağışlama müqaviləsi əsasında iddiaçıya bağışlanmış və həmin vaxtdan sonuncunun mülkiyyətindədir. Hazırda cavabdeh həmin mənzildə qeydiyyatdadır, lakin mübahisəli mənzildə yaşamır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında 1995-ci ildə bağlanmış nikahın pozulması qət edilmişdir. Cavabdehin iddiaçının mülkiyyətindəki mənzildə qeydiyyatda olması onu mülkiyyətində olan evindən istədiyi kimi istifadə və sahiblik etməyə, mənzilə dair sərəncam verməyə imkan vermir. Ona görə də, iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət müdafiəsinin təminatlılığı dövlətin Konstitusiyanın 12-ci maddəsində ifadəsini tapmış ali məqsədi ilə bağlıdır. Həmin maddəyə müvafiq olaraq vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hakimiyyətin ayrı-ayrı qolları insan hüquq və azadlıqlarının qorunmasına görə cavabdehlik daşıyır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququn məhdudlaşdırıla bilinməməsi anlamını vermir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər detallaşdırılmış, konkretləşdirilmiş olmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. Cavabdehin mübahisə predmeti olan mənzildə yaşaması ilə bağlı münasibətlər 1996cı ildə, yəni sözügedən mənzil iddiaçının mülkiyyətinə bağışlama müqaviləsi əsasında keçdiyi vaxtdan yarandığından, bu isə 2001-ci ildən əvvəlki dövrə təsadüf etdiyindən və belə mübahisələr köhnə Mənzil Məcəlləsi ilə tənzimləndiyindən məhkəmə hesab edir ki, hazırki halda mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin müddəaları tətbiq edilməklə qiymət verilməlidir. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, mənzil ona birgə nikah dövründə öz bacısı tərəfindən bağışlanmışdır və əmlak ər-arvadın birgə mülkiyyəti deyil, lakin cavabdeh onun xüsusi mülkiyyətində qeydiyyatda olmaqla yaşamışdır. Onların ər-arvad münasibəti 2021ci ildən etibarən korlanmış, 2022-ci il tarixdə rəsmi şəkildə sonlanmışdır. İddiaçı qeyd etmişdir ki, cavabdeh həmin mənzildə 2021-ci il tarixdən etibarən yaşamır. Məhkəmə qanunun tələblərini nəzərə alaraq qeyd edir ki, hazırki iş üzrə cavabdeh mübahisə predmeti olan mənzildən istifadə hüququnu itirmişdir, belə ki, cavabdeh mübahisə predmeti olan mənzildə əvvəllər, yəni 1996-cı ildən 2021-2022-ci ilədək yaşasa da, iddiaçı ilə münasibətlərinin korlanması və nikahın pozulması nəticəsində həmin mənzildən köçmüşdür. Həmçinin elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatla müəyyən edilmişdir ki, cavabdeh xx.xx.2022-ci il tarixdə “Çıxış-Moskva” qeydi ilə sərhəddən çıxmışdır və geri dönməsi barədə məlumat əks olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda qalması formal xarakter daşıyır və iddia tələbi cavabdehin mənzilə olan istifadə hüququna xitam verilməsi baxımından əsaslıdır. Nəticə: Beləliklə, cavabdehin mübahisəli mənzilə istifadə hüququ olmadığından, mübahisəli mənzildə yaşamadığından, o, iddiaçının ailə üzvü hesab edilmədiyindən və onunla iddiaçı arasında mübahisəli mənzilə dair istifadə hüququ haqqında razılaşma olmadığından məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 39 ünvanında yerləşən 97 saylı mənzilə dair istifadə hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən, iddiaçı isə tələb etmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 39 ünvanında yerləşən 97 saylı mənzilə dair istifadə hüququna xitam verilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar