Məhkəmə qərarları › İş №e-2(007)-1409/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1409/2023

19.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1409/2023 19.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin İddiaçı ASC-nin hesabına əsassız varlanması nəticəsində əldə etdiyi 1662,42 manat (bir min altı yüz altmış iki manat qırx iki qəpik) pulun və 37 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutulub İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində X3 tərəfindən ona məxsus 416973******8660 nömrəli kartdan Birbank mobil tətbiqində (mobil nömrə +**********15) “nömrə ilə köçürmə” üsulu ilə 40 manat məbləğində vəsait Cavabdeh məxsus 416973******5320 nömrəli karta (mobil nömrə +**********72) köçürülmüş, ancaq bankın əməliyyat sistemində baş vermiş texniki xəta nəticəsində 40 manat vəsait X2 hesabına geri qaytarılmışdır. (revers olunmuşdur). Lakin qeyd olunan tarixdə Bankın əməliyyat sistemində aparılan miqrasiya işləri ilə əlaqədar “nömrə ilə köçürmə” üsulu vasitəsi ilə icra olunmuş əməliyyatların statusunda yenilənmə baş vermədiyindən bu üsulla vəsaiti qəbul etmiş müştərilər həmin vəsaiti təkrar olaraq hesablarına mədaxil etmək imkanı əldə etmişdirlər. Eyni zamanda Cavabdeh ona köçürülmüş lakin faktiki olaraq geri qayıtmış həmin 40 manat məbləğində vəsaiti texniki xəta ilə əlaqədar olaraq 63 dəfə təkrarən hesabına mədaxil etmişdir. (ümumilikdə 2520 manat). Qeyd olunan texniki nöqsan Bank tərəfindən aşkarlandıqdan sonra həmin müştərilərin hesablarına mədaxil olunmuş vəsaitlər geri qaytarılmışdır (revers olunmuşdur). Bəzi müştərilər isə texniki səhv nəticəsinə hesablarına köçürülmüş özlərinə məxsus olmayan müxtəlif məbləğli pul vəsaitlərini hesablarından məxaric etmişlər. Həmçinin, Cavabdeh da texniki xəta nəticəsində hesabına köçmüş ona məxsus olmayan 2520 manat pulu məxaric etmişdir. Cavabdehin hesabında kifayət qədər vəsait olmadığından (balans 6,58 manat təşkil etmişdir) Bank tərəfindən cavabdehin balansında mənfi qalıq yaranmış və hesabın balansı mənfi olduğundan daha sonra həmin hesaba mədaxil olunan vəsaitlər silinmişdir. Belə ki, cavabdeh tərəfindən ümumilikdə 2520 manat artıq vəsait istifadə edilmiş, həmin məbləğdən xx.xx.2022-ci il tarixdə 6,58 manat, xx.xx.2022-ci il tarixində 5 manat, xx.xx.2023-cü il tarixində 480 manat, xx.xx.2023-cü il tarixində isə 366 manat olmaqla ümumilikdə 857,58 manat məbləğində vəsait Bank tərəfindən akseptsiz qaydada tutulmuşdur. Cavabdeh hal-hazırda Banka olan borcu 1662,42 manat təşkil edir. O, həmin borc məbləğinin geri qaytarılmasını bu günədək təmin etməmişdir. Yuxarıda qeyd edilən işin faktiki halı həm X1 hesabdan, həm də cavabdehin kart hesabından çıxarışlar vasitəsi ilə öz təstiqini tapır. Belə ki, P.Səfərovun kartından xx.xx.2022-ci il tarixində yalnız bir dəfə 40 manat vəsait köçürülmüş və həmin məbləğ texniki səhv nəticəsində Pərviz Səfərovun hesabına geri qaytarılmışdır. Cavabdeh isə 63 dəfə vəsaiti hesabına mədaxil etmiş və sonradan həmin pulları hesabından məxaric etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. O əlavə olaraq bildirdi ki, xx.xx.2022-ci il tarixdə Bankda texniki səhv nəticəsində 40 manat vəsait 63 dəfə cavabdehin hesabına oturmuşdur. Bunun nəticəsində 2520 manat banka ziyan dəymişdir. Cavabdehin hesabında olan vəsaitdən məbləğin bir hissəsini tutmuşlar və hazırda 1662,42 manat ödənilməmiş vəsait qalır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh məxsus 416973******8660 nömrəli kart hesabına İddiaçı ASC tərəfindən texniki xəta nəticəsində xx.xx.2022-ci il tarixdə 63 dəfə olmaqla, ümumilikdə 2520 manat (40* 63) məbləğində pul köçürülmüşdür. Texniki xəta aradan qaldırıldıqdan sonra isə həmin məbləğdən 857,58 manat məbləğində vəsait Bank tərəfindən akseptsiz qaydada tutulmuş və cavabdehin əsassız əldə etdiyi vəsaitdən qalıq borcu 1662,42 manat təşkil etmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 1091 və 1092.1-ci maddələrinə müvafiq olaraq, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Belə olan halda, məhkəmə cavabdehin iddiaçının 2520 manat məbləğində vəsaiti hesabına əsassız varlanması, iddiaçının texniki xəta səbəbilə pul vəsaitindən məhrum olması, həmin pulun cəmi 857,58 manat hissəsinin iddiaçı tərəfindən cavabdehdən tutulması, cavabdehin əsassız əldə etdiyi vəsaitdən iddiaçıya olan qalıq borcunun 1662,42 manat təşkil etməsi hallarını nəzərə alaraq hesab edir ki, 1662,42 manat vəsait cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1662,42 manat (bir min altı yüz altmış iki manat qırx iki qəpik) pulun və 37 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutulub İddiaçı ASC-yə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1662,42 manat (bir min altı yüz altmış iki manat qırx iki qəpik) pulun və 37 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutulub İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar