Məhkəmə qərarları › İş №e-2(007)-1428/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1428/2025

11.06.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1428/2025 11.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (Açar sözlər: “mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə olan istifadə hüququnun itirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:

1. İddiaçı Cavabdeh qarşı “mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 105 saylı evin, 13 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 14 noyabr 2008-ci il tarixli, 288 saylı Azərbaycan Respublikası Bakı şəhəri Səbail İcra Hakimiyyətinin başçısı tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin işçilərinə order verilməsi haqqında Sərəncamına əsasən xx.xx.1995-ci il tarixdən mənzil növbəsində dayanmış anası X2 Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pr., 105 saylı evin, 13 saylı mənzilinə order verilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətləri Departamentinin xx.xx.2010-cu il tarixli, 219 M saylı Əmrinə əsasən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pr., 105 saylı evin, 13 saylı mənzilin sosial kirayə müqaviləsi vətəndaş İddiaçı adına dəyişdirilmiş və onunla kirayə müqaviləsi bağlanılmışdır. xx.xx.2011-ci il tarixdə İddiaçı adına seriya MA № ******* saylı çıxarış verilmişdir. Mülkiyyətində olan mənzildə İddiaçı, anası X3, anaının həyat yoldaşı X1, keçmiş həyat yoldaşı Cavabdeh, oğlu X10 və oğlu X7 qeydiyyatdadırlar. Cavabdeh ilə arasındakı nikah Nizami Rayon Məhkəməsi tərəfindən çıxarılmış xx.xx.2019-cu il tarixli, 2(007)- 2932/2019 saylı Qqətnaməsinə əsasən pozulmuşdur. Həmin vaxtdan da Cavabdeh həmin ünvanda yaşamır. İndiyənədək o, həmin evin mülkiyyətçisi ola-ola cavabdehin təqsiri üzündən öz mülkiyyət hüquqlarını həyata keçirmək iqtidarında deyildir. Hətta 6 (altı) il ərzində cavabdehin əvəzinə kommunal xərclərini ödəməyə mecburdur.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, bildirdi ki, mənzil iddiaçının anasına orderlə verilib. Cavabdeh iddiaçının keçmiş ailə üzvüdür. Cavabdehlə 2004-cü ildə nikaha daxil olublar. Nikahları xx.xx.2019-cu il tarixdə pozulmuşdur. Cavabdeh əvvəllər qısa vaxt ərzində yaşayıb, sonra kirayə çıxıb. Təxmini 2 il, 2006-cı ilə kimi sözügedən mənzildə yaşayıb. Mənzil xx.xx.2011-ci ildə iddiaçının adına qeydiyyata alınmışdır. Cavabdeh hazırda ölkədə yaşamır. Türkiyə Cumhuriyyətində yaşayır, hətta orada ailə də qurub. Odur ki, cavabdehin mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

6. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

7. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********39-05101-093041 reyestr nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 105 saylı evin, 13 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil iddiaçının adına xx.xx.2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır.

8. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 105 saylı evin, 13 saylı mənzilində qeydiyyatdadır.

9. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin 14 noyabr 2008-ci il tarixli sərəncamının surətindən görünür ki, X2 5 nəfər ailə üzvü ilə Bakı şəhəri, Nizami rayonu, 8-ci km, Qara Qarayev küçəsi, 105 saylı evin, 13 saylı mənzilinə order verilmişdir.

10. Mənzil Kommunal Xidmətləri Departamentinin 07 oktyabr 2010-cu il tarixli, 219 nömrəli əmrinin surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 105 saylı evin, 13 saylı mənzili İddiaçı adına dəyişdirilmişdir.

11. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2932/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Əliyeva (Hacıyeva) Mehriban Çapay qızı arasında 22 may 2004-cü il tarixdə Bakı Şəhəri Səbail Rayon Qeydiyyat Şöbəsində bağlanmış 114 nömrəli akt qeydli nikahın pozulması, 02 fevral 2006-cı il təvəllüdlü X10 və 06 dekabr 2015-ci il təvəllüdlü X5 anaları Əliyeva (Hacıyeva) Mehriban Çapay qızının yanında qalmaları qət edilmişdir.

12. AZ-İ seriyalı, 057393 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X6 arasında 22 may 2004-cü il tarixdə Bakı şəhəri Səbail Rayon Qeydiyyat Şöbəsində nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 114 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvad “Əliyeva” soyadını qəbul etmişdir. 13.AZ İ seriyalı 341077 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən 01 fevral 2020-ci il tarixdə 32 nömrəli qeydlə pozulmuşdur. 14.“AZEMİS”dən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən Ankaraya getmişdir.

İşin faktiki halları:

15.Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı və Cavabdeh 22 may 2004-cü ildə nikaha daxil olmuşlar. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin 14 noyabr 2008-ci il tarixli sərəncamı ilə X2 5 nəfər ailə üzvü ilə Bakı şəhəri, Nizami rayonu, 8-ci km, Qara Qarayev küçəsi, 105 saylı evin, 13 saylı mənzilinə order verilmişdir. Həmin mənzil 07 oktyabr 2010-cu il tarixdə İddiaçı adına dəyişdirilmiş, xx.xx.2011-ci il tarixdə mənzilə dair çıxarış almışdır. Tərəflərin nikahı 01 fevral 2020-ci il tarixdə pozulmuşdur. Cavabdeh 2019cu ildən qeyd olunan mənzildə yaşamır. 2023-cü ildən Türkiyə Cumhuriyyətində yaşayır. Bununla da Cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan mənzilinə formal olaraq qeydiyyatda qalması iddiaçının sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur.

Tətbiq edilən hüquq:

16.Azərbaycan Respublikası Konstitusiyasının:

13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət müdafiəsinin təminatlılığı dövlətin Konstitusiyanın 12-ci maddəsində ifadəsini tapmış ali məqsədi ilə bağlıdır. Həmin maddəyə müvafiq olaraq vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hakimiyyətin ayrı-ayrı qolları insan hüquq və azadlıqlarının qorunmasına görə cavabdehlik daşıyır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

17.Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

27.2-ci maddsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

18.Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:

30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

19.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı:

2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

20.Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işi:

Belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir.

21.Avropa Konvensiyasının 1 saylı protokolunun:

1-ci maddəsinə əsasən “..hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz..”.

22.“F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarı:

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir.

23.“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun:

9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehin evdən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar cavabdehi yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir.

24.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı:

Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür.

Məhkəmənin mövqeyi:

25.Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. 26.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. 27.Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüququ təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. 28.Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 105 saylı evin, 13 saylı mənzili İddiaçı mülkiyyətindədir. Onun mülkiyyət hüququ xx.xx.2011-ci il tarixdə reyestrdə qeydə alınıb. Cavabdeh mülkiyyətçinin keçmiş həyat yoldaşıdır. Onlar 22 may 2004-cü il tarixdə nikaha daxil olmuşlar. Cavabdeh həmin mənzilə qeydiyyata düşən zaman mənzil iddiaçının anasına məxsus olmuşdur. 07 oktyabr 2010-cu il tarixdə isə mənzil iddiaçının adına dəyişdirilmişdir. Cavabdeh 2019-cu ildən orada yaşamır. Qanunun tələbinə əsasən “Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər”. Göründüyü kimi “ailə üzvləri” deyiləndə ər, arvad, valideynlər və uşaqlar nəzərdə tutulub. Odur ki, Cavabdeh iddiaçının keçmiş ailə üzvüdür. Mənzil məcəlləsinin 30.4-cü maddəsindən görünür ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. 29.Beləliklə, Cavabdeh 07 oktyabr 2010-cu il tarixədək mənzilin əvvəlki mülkiyyətçisinin (qayınananın) notarial qaydada təsdiq olunmuş razılığı olmadığından istifadə hüququ yaranmış olmur. Mənzil iddiaçının (ərin) mülkiyyətinə keçəndə sonra isə istifadə hüququ yaranmış olur. Lakin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4cü maddəsinə əsasən 01 fevral 2020-ci il tarixdə nikahın pozulması ilə Cavabdeh yaşayış sahəsindən istifadə hüququ itirilmiş olur. Həmçinin Cavabdeh 2019-cu ildən həmin mənzildə faktiki olaraq yaşamır və 2023-cü ildən Türkiyə Cumhuriyyətində yaşayır.

30. Məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 105 saylı evin, 13 saylı mənzilinə istifadə hüquqları olmayan (itirilmiş) hesab edilməlidir.

Məhkəmə baxışının hədləri:

31.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Nəticə:

32.Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 105 saylı evin, 13 saylı mənzilinə istifadə hüquqları olmayan (itirilmiş) hesab edilməlidir. 33.Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğundan və iddiaçı tələb etmədiyindən məhkəmə xərci olan dövlət rüsumu iddiaçıya aid edilməlidir. 34.Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 105 saylı evin, 13 saylı mənzilinə istifadə hüquqları olmayan (itirilmiş) hesab edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar