Məhkəmə qərarları › İş №e-2(007)-1516/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1516/2025

24.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1516/2025 24.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi cəlb edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2 Atilxan qızı və Cavabdeh3 qarşı iddia tələbinə dair mülki iş üzrə Açar sözlər: (yaşayış sahəsinin boşaldılması və təhvil verlməsi) X6 Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi cəlb edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2 Atilxan qızı və Cavabdeh3 qarşı “otaqdan çıxarılma və otağın boşaldılaraq təhvil verilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi: İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh1 qarşı “otaqdan çıxarılma və otağın boşaldılaraq təhvil verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin və onun ailə üzvlərinin ünvan 1 ünvanında yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli xüsusi internat məktəbinin yataqxanasının 4-cü mərtəbisində yerləşən 2 otaqdan çıxarılması və otaqların boşaldılaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslandırdığı hallar: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Laçın rayonundan məcburi köçkün Cavabdeh1 ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yerləşən Sağlamlıq İmkanları məhdud 3 nömrəli xüsusi internat məktəbinin yataqxanasının 4-cü mərtəbisində 2 otaqda məskunlaşmışdır. Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli xüsusi internat məktəbi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların” siyahısına daxildir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”çərçivəsində və ünvan 3 ünvanında yerləşən dövlət tərəfindən bərpa edilən 667 kodlu evə köçmək üçün cavabdehə Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən bildiriş göndərilməsinə baxmayaraq, müvəqqəti məskunlaşdıqları ərazini təhvil verməyəcəyini bildirmişdir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Komitə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara və “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”-na əsaslanaraq mənzilə daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə müvəqqəti yaşamaları üçün yaşayış sahələri vermişdir. Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”nın müvafiq fəaliyyət istiqamətlərinə dair Tədbirlər Planınn 3.1-ci bəndinin “Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi” üzrə Fəaliyyət istiqamətinin 3.1.4-cü yarımbəndinə uyğun olaraq, tərtib edilmiş planlar üzrə bərpa qrafikinə uyğun olaraq mərhələli formada inşa edilmiş evlərə, ailələrin köçürülməsini Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsi həyat keçirir. Tədbirlər Planınn 3.1-ci bəndinin “Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi” üzrə Fəaliyyət istiqamətinin 3.1.4-cü yarımbəndinə uyğun olaraq, Laçın rayonundan olan bir qrup rayon sakinlərinin evləri dövlət tərəfindən tam bərpa olunmuşdur. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən Cavabdeh1 ailə üzvləri ilə birlikdə müvəqqəti məskunlaşdığı dövlətə məxsus olan Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi 3 ailə üzvləri ilə birlikdə çıxarılması və otaqların boşaldıraraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə təhvil verməyini və ünvan 4 ünvanında yerləşən tam təmirli olan evə ailə üzvləri ilə birlikdə köçməsi barədə geniş məlumat verilmişdir. Lakin, cavabdeh Laçın şəhərində yerləşən təmir edilmiş evə müxtəlif bəhanələr gətirərək köçməkdən imtina etmişlər. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 37.3-cü maddəsinə əsasən, Təhsil müəssisəsi mülkiyyətində və istifadəsində olan əmlakın saxlanılması, qorunması və ondan səmərəli istifadə edilməsi üçün məsuliyyət daşıyır. Təhsil müəssisəsinin əmlakının idarə olunması ilə bağlı fəaliyyətinə nəzarəti təsisçi və ya onun səlahiyyət verdiyi şəxs həyata keçirir. Odur ki, Azərbaycan Respublikası Prezidentinin 16 Noyabr 2022-ci il 3587 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”nın müvafiq fəaliyyət istiqamətlərinə dair Tədbirlər Planınn 3.1-ci bəndinin “Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi” üzrə Fəaliyyət istiqamətinin 3.1.4-cü yarımbəndi əsas götürərək dövlət tərəfindən tam təmir edilmiş abadlaşdırılmış yaşayış sahəsinə köçməyən vətəndaş Cavabdeh1 və onun ailə üzvlərinin məskunlaşdığı otaqlardan çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi “Elektron Məhkəmə” sistemi vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək göstərmişdir ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Laçın rayonundan məcburi köçkün Cavabdeh1 ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yerləşən Sağlamlıq İmkanları məhdud 3 nömrəli xüsusi internat məktəbinin yataqxanasının 4-cü mərtəbisində 2 otaqdan çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə keçirilən məhkəmə hazırlıq iclasında cavabdehin ailə üzvlərinin də həmin otaqda məşkunlaşdığı məlum olmuşdur. Ona görə də, cavabdehlər qismində Cavabdeh1 ailə üzvləri də cəlb edilməlidir. Belə ki, çıxarılması tələb edilən otaqlarda Cavabdeh1 həyat yoldaşı Cavabdeh2 və qızı Cavabdeh3 məskunlaşdığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-ü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasının və ya predmetini dəyiməyə, iddia tələbinin həcmini artırmağa və azaltmağa haqlıdır. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 Atilxan qızı və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin yataqxanasının 4-cü mərtəbisində yerləşən 2 otaqdan çıxarılması və otaqların boşaldılaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə təhvil verilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər: Məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında iddiaçının ərizəsinə əsasən Cavabdeh2 Atilxan qızı və Cavabdeh3 da cavabdeh qismində cəlb edilmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə “Elektron Məhkəmə” İnformasiya sistemi vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş və iddia tələbini müdafiə etdiklərini bildirmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X1 izahatında göstərmişdir ki, işğaldan azad olunmuş ərazilərə məcburi köçkünlərin yerləşdirilməsi gerçəkləşdirilir, məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. Laçın şəhərində bir qrup məcburi köçkünlərin evləri bərpa edilmişdir. İş üzrə cavabdeh olan Cavabdeh1 Laçın şəhəri, 28 aprel küçəsində yerləşən evi də təmir edilmişdir. Bununla bağlı olaraq vətəndaşa təmir olunmuş mənzilə köçürülmə barədə bildiriş göndərilmişdir. Sonra məlum olmuşdur ki, həmin ailə mənzilə köçmək, Laçına getmək istəmir. Həmin ev 667 kod altında təhvil verilmişdir. Həmin əraziyə baxan Laçın Abadlıq MMC-dir. Bərpa işlərini həyata keçirtdikdən sonra akt tərtib olunur, onların nümayəndəsi də iştirak edir. O, növbəti iclasda evin vəziyyəti barədə fotoşəkil təqdim edəcəyini bildirmişdir. Təmirlə bağlı məsələ yerində araşdırılmalıdır. Kommunal xətlər köçəndən sonra birləşdirilir.166 daşınma xidməti, sərnişin maşını köç üçün ayrılır. Təmir ilə bağlı məsələ hər məhkəmə prosesində qaldırılır. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh2 (Cavabdeh1 nümayəndəsi) iddia tələbini qismən qəbul edib, izahatlarında göstərmişdir ki, o bir dəfə gedib baxmış, lakin sanitar qovşaq olmamışdır. Onlar köçməyə etiraz etmirlər. Yaxınlarda da danışmışlar onlara deyilmişdir ki, köçsünlər, sentyabr ayında olacaq. Müşavirlə (Fariz müəllim) də danışmış və ona demişlər ki, hələ ev hazır deyil. Onlar qayıtmağa razıdır. Mənzildən imtina edilməsi tam yalandır. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin nümayəndələri yoldaşı xəstə olduğuna görə özləri evə gəlmişdir. Yoldaşı da məmnuniyyətlə gedəcəklərini demişdir. Onun qızı 3 dəfə Laçına getmiş, heç açar da verməmişlər ki, evin içinə baxsınlar. Onlar evin içinin nə vəziyyətdə olduğunu heç bilmirlər. Göstərdiklərinin nəzərə alınmasını xahiş etdi. Hazırkı məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə həmin cavabdehlərin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin KQ-06 saylı, xx.xx.2023-cü il tarixli Kollegiya Qərarının və 3 nömrəli əlavəsinin surətindən görünür ki, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindədir. Laçın şəhərində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, Təmir-bərpa olunan evlər haqqında aktın surətindən görünür ki, bir sıra fərdi yaşayış evlərinin təmiri başa çatdırılmış və sözügedən 667 saylı fərdi yaşayış sahəsi də həmin aktda qeyd olunmuşdur. xx.xx.2025-ci il tarixli, Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Qayıdışın qeydiyyatı və təşkili şöbəsi tərəfindən verilən arayışın surətindən görünür ki, Cavabdeh1 və ailə üzvlərinə bərpa edilmiş, Laçın şəhəri, 28 Aprel küçəsi, 34 saylı evə köçmələri barədə bildiriş verilsə də, onlar dövlət tərəfindən bərpa edilən evə köçməkdən imtina etmişdir. İş materiallarına evin fotoşəkilləri, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin məlumat məktubu əlavə edilmişdir. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələrin müddəaları). İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət müdafiəsinin təminatlılığı dövlətin Konstitusiyanın 12-ci maddəsində ifadəsini tapmış ali məqsədi ilə bağlıdır. Həmin maddəyə müvafiq olaraq vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hakimiyyətin ayrı-ayrı qolları insan hüquq və azadlıqlarının qorunmasına görə cavabdehlik daşıyır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Avropa Şurasının üzvü kimi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmuş, Konvensiyada təsbit olunmuş hüquqların yurisdiksiyasında olan insanlar üçün təmin etməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının həmin Konvensiyaya qoşulması milli məhkəmələr tərəfindən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqini şərtləndirir. Milli məhkəmələr üçün həmin presedentlərin mahiyyəti ondan ibarətdir ki, məhkəmələr onu əvvəllər Avropa Məhkəməsi tərəfindən baxılan işlərə bənzər işlərdə tətbiq etməlidirlər. Milli qanunverici və məhkəmə orqanları həmin qərarları qanunyaradıcılıq və Konvensiyanın hər hansı tətbiqi prosesində nəzərə almalıdırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir”. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsi subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququn məhdudlaşdırıla bilinməməsi anlamını vermir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər detallaşdırılmış, konkretləşdirilmiş olmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsində göstərilən “mülkiyyət” və “əmlak” anlayışı iqtisadi maraqların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairəsinə daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar, məsələn, səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” anlayışı müstəqil məna daşıyır. “ “Van Marle və başqaları Niderlanda qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, maddi dəyəri olan hər hansı hüquq 1-ci maddədə ifadə olunmuş “əmlak” anlayışı ilə əhatə olunur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X3rşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli Qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “..hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz..”. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin məqsədləri üçün hər bir konkret işdə ictimai maraq tələbləri ilə ayrı-ayrı şəxslərin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilib-edilməməsi müəyyənləşdirilməlidir. Hər bir mübahisəyə baxılarkən mülkiyyət hüququna bu və ya digər müdaxilənin mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığı pozub-pozmamasını müəyyən etmək lazımdır. Bu cür tarazlıq o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Qanunun 1-ci maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Həmin Qanunun 17-ci maddəsinə əsasən, qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanunun 5-ci maddəsinə əsasən, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. «Qaçqınların və məcburi köçkünlərin məsələləri ilə bağlı tədbirlər haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1993-cü il tarixli, 32 nömrəli Qərarının 8-ci bəndində göstərilmişdir ki, rayon və şəhər icra hakimiyyəti orqanları qaçqın və məcburi köçkünlərin vəsaitləri hesabına yeni tikilən və bərpa edilən evlərin inşasına dövlət tikinti təşkilatlarının sərbəstləşdirilmiş güclərinin cəlb edilməsi üçün əməli tədbirlər görsünlər. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 1.3-cü bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə onların müvəqqəti istifadəsinə verilir Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını və şahid ifadəsini dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, qanunvericiliyin yuxarıda qeyd edilən normalarından göründüyü kimi, məcburi köçkünlərin sosial müdafiəsi daima diqqət mərkəzində olmuş, bu sahədə müvafiq hüquqi baza yaradılmış, eləcə də ilk növbədə onların məskunlaşdırılması, yaşayış və torpaq sahələri ilə təmin olunmalarının vacibliyi xüsusilə vurğulanmışdır. «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2004-cü il tarixli, 298 nömrəli Sərəncamının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılmışdır ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, hazırki iş üzrə cavabdehlər məcburi köçkün kimi qeydiyyata alınmış olsalar da, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 3587 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”nın müvafiq fəaliyyət istiqamətlərinə dair Tədbirlər Planının 3.1-ci bəndinin “Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi” üzrə Fəaliyyət istiqamətinin 3.1.4-cü yarımbəndinə uyğun olaraq, dövlət tərəfindən 667 kodla Laçın şəhəri, 28 Aprel küçəsi, 34 saylı ev bərpa edilmiş, cavabdehlərə həmin evə köçmələri barədə bildiriş verilmişdir. Lakin cavabdehlər həmin evə köçməkdən imtina etmişdir. Məhkəmə araşdırması zamanı isə müəyyən edilmişdir ki, cavabdehlər təmir edilmiş evə köçməkdən ona görə imtina etmişlər ki, onların deməsinə görə, həmin evdə bir sıra texniki çatışmazlıqlar mövcud olmuşdur. Bunlar aradan qaldırıldığı halda onlar həmin evə köşməyə razılıq verəcəkdir. Məhkəmə hesab edir ki, cavabdehlərin iddia ərizəsinə etdiyi etirazı məhz təmir edilən evdə olan çatışmazlıqlarla əsaslandırmaları, həmin iddia tələbinin təmin edilməməsinə əsas ola bilməz. Belə ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin nümayəndəsinin izahatından da göründüyü kimi, cavabdeh tərəf dövlət tərəfindən təmir və bərpa edilmiş ev ilə təmin edilmişdir və onların qeyd etdiyi çatışmazlıqlar aradan qaldırılacaqdır. Qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Qeyd olunanlar onu deməyə əsas verir ki, mübahisə predmeti olan yaşayış sahəsinin iddiaçıya məxsus olması işin mübahisəsiz halıdır. O cümlədən, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Cavabdehlərin adına isə iddiaçıya məxsus olan yaşayış sahəsinə dair mülkiyyət hüququnun həmin formada qeydiyyatı mövcud deyildir, habelə məhkəmə iclasında da cavabdehlər tərəfindən bunun əksini təsdiq edə biləcək dəlillər məhkəməyə təqdim edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı otaqların boşaldılaraq təhvil verilməsinə dair iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunu: 9.1.14. məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi büdcə təşkilatı hesab edildiyindən, iş üzrə ödənilməli olan dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir. Nəticə hissəsi: Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Atilxan qızı və Cavabdeh3 iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyininin balansında olan Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi,3 ünvanındakı sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli xüsusi internat məktəbinin yataqxanasının 4-cü mərtəbəsində yerləşən 2 otaqdan əşyaları ilə birlikdə çıxarılmalı, məhkəmə xərci dövlət büdcəsinə aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Atilxan qızı və Cavabdeh3 ünvan 2 ünvanında yerləşən Sağlamlıq İmkanları məhdud 3 nömrəli xüsusi internat məktəbinin yataqxanasının 4-cü mərtəbəsində 2 otaqdan əşyaları ilə birlikdə çıxarılsınlar və otaqlar boşaldılaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə təhvil verilsin. Məhkəmə xərci dövlət büdcəsinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar