Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1522/2025 19.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:
1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh əsassız varlanma nəticəsində əldə etdiyi 100,13 manat vəsaitin, o cümlədən, iddiaçı "xxxx" ASC-nin dövlət rüsumu və onun ödənilməsinə dair xidmət haqqı olaraq ödədiyi 30,4 manat vəsaitin və gecikdirilmiş borc məbləğinə görə illik 5% olmaqla 23 ay üçün 9,60 manat həcmində hesablanmış faiz, Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə Qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair dair e-2(007)-1522/2025 saylı sadələşdirilmiş icraat üzrə işə iddia icraatında baxılması qərara alınmışdır.
İddia tələbinin əsaslandırıldığı hallar:
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin (bundan sonra müvafiq olaraq – “Sedent”) proqram təminatında baş vermiş xəta səbəbilə Sedentin pul vəsaitləri qanunda nəzərdə tutulmuş əsas olmadan müvafiq şəxslərin (bundan sonra – “borclular”) bank kartlarına köçürülüb və nəticə olaraq borclular əsassız olaraq varlanıblar. İş materiallarında olan "xxxx" MMC və "xxxx" ASC (bundan sonra müvafiq olaraq “Sessionar”) arasında bağlanmış xx.xx.2025 tarixli, 2 nömrəli, “Tələbin güzəşti haqqında (sessiya)” müqavilənin (bundan sonra – “Müqavilə”) 1.1.-ci maddəsinə əsasən borclular tərəfindən əsassız olaraq əldə edilmiş pul vəsaitlərini borclulardan tələb etmək hüququ ötürülən tələb ilə əlaqəli olan bütün hüquqlarla birlikdə Sedent tərəfindən Sessionara güzəşt edilib. Qeyd edirlər ki, borclular həmin Müqaviləyə Əlavə 1-də göstərilmiş, Azərbaycan Respublikasının kredit təşkilatları tərəfindən emissiya edilmiş kartların sahibləridir. İş materiallarında olan “X3 Xidməti vasitəsilə edilən köçürmələrin reyestrindən Çıxarışdan da göründüyü üzrə **********777198 nömrəli bank kartının sahibi əsassız varlanaraq 100,13 AZN məbləğində pul vəsaiti əldə edib. “Granat” pul köçürmələri sistemindən ("xxxx" MMC) əldə olunan məlumatlara əsasən **********777198 nömrəli kartın sahibi Cavabdehdir (cavabdeh) və müvafiq MAPS arayışına əsasən onun rəsmi qeydiyyat ünvanı ünvan 1 olan “KİVİ BANK” SC (“КИВИ Банк” АО) tərəfindən "xxxx" MMC-yə (“Банк «МБА-МОСКВА” OOO) göndərilən 11-2023-314754/1ПБ nömrəli, xx.xx.2023-cü il tarixli “İnformasiya məktubu”nda qeyd edilib ki, “KİVİ BANK” SC xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək “Granat” pul köçürmələri xidmətinin işində problemlərin olduğu dövrdə əldə edilmiş reyestrə əsasən əməliyyatların dəqiqləşdirilməsi barədə "xxxx" MMC-nin müraciətinə cavab olaraq, QİWİ Cüzdanında olan müştərilərin pul vəsaitlərinin Azərbaycana köçürülməsi üzrə tapşırıqlar əsasında formalaşdırılıb, müştərilər tərəfindən əməliyyatın ləğv edilməsini təsdiq edən və buna görə də “Granat” pul köçürmələri xidməti tərəfindən “300” kodunun və əməliyyat səhvi haqqında “Texniki səbəblərə görə müvafiq əməliyyat həyata keçirilə bilmir. Ödənişi həyata keçirmək üçün sizə xidmət edən banka müraciət etməyinizi xahiş edirik” məzmununda mətnin yer aldığı məktubun göndərildiyi köçürmələr üzrə müvafiq reyestri (əlavə 1) təqdim edirlər. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2025 tarixli, 6- 2- 41/2-5132/2025 nömrəli bildirişdə qeyd edilibr ki, Cavabdeh 100,13 AZN məbləği həcmində əsassız pul vəsaiti əldə edib, müvafiq tələb "xxxx" ASC-yə güzəşt edilib, habelə əsassız varlanma nəticəsində əldə etdiyi pul vəsaitlərini 3 gün ərzində geri qaytarması borcludan xahiş edilib. Cavabdeh əsassız varlanma nəticəsində əldə etdiklərini "xxxx" müvafiq müddət ərzində ASC-yə qaytarmayıb.
İş materialları:
4. Hüququ ötürən Bank "xxxx" MMC ilə Sessionar "xxxx" ASC arasında bağlanılan xx.xx.2025-ci il tarixli 2 saylı “Tələbin ötürülməsi (sessiya)” müqaviləsi”nin surətindən görünür ki, 1.1. Hüququ ötürən Sessionara ötürür, Sessionar isə Hüququ ötürənin proqram təminatının nasazlığı səbəbindən borclular tərəfindən əsassız olaraq alınmış və nəticədə Hüququ ötürənin pul vəsaitlərinin qanunla müəyyən edilmiş əsaslar olmadan borcluların bank kartlarına köçürülmüş 55696,23 Azərbaycan manatı, 1739,41 ABŞ dolları və 1204,39 avro məbləğində pul vəsaitlərinin borclulardan mülkiyyətinə alınması tələbini qəbul edir. Sessiya 100 Azərbaycan manatından çox və ya digər köçürmə valyutasında ekvivalent məbləğdə əsassız varlanma ilə bağlı tələblərə əsasən aparılır. Bu tələblər üzrə borclular hazırki Müqaviləyə 1 saylı Əlavəyə əsasən Azərbaycan Respublikasının kredit təşkilatları tərəfindən buraxılmış kartları (bundan sonra - Borclular) saxlayanlardır.
4. xx.xx.2025-ci il tarixli 2 saylı ötürmə müqaviləsinə 1 saylı əlavənin surətindən görünür ki, **********777198 nömrəli kart hesabına xx.xx.2023-cü il tarixdə 21,77 manat, 78,36 manat olmaqla, ümumilikdə 100,13 manat məbləğində pul köçürülmüşdür (8-ci).
5. İddiaçı "xxxx" ASC-nin Cavabdeh ünvanlandığı xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, baş verən xəta səbəbi ilə əsassız olaraq hesabına köçürülmüş 100,13 manat vəsaitin qaytarılmasının 3 (üç) gün ərzində təmin etməsi təklif edilmiş, əks halda qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlər görüləcəyinə dair xəbərdarlıq edilmişdir.
6. xx.xx.2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları:
7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, pul cavabdehin hesabına xx.xx.2023-cü ildə köçürülüb. Həmin vaxtdan 2025-ci ilin fevral ayına kimi gecikdirilmiş vaxt üçün faiz hesablanıb.
8. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir.
İşin faktiki halı:
9. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, "xxxx" MMCnin (Sedent) proqram təminatında baş vermiş xəta səbəbilə Sedentin pul vəsaitləri qanunda nəzərdə tutulmuş əsas olmadan müvafiq şəxslərin bank kartlarına köçürülüb və nəticə olaraq borclular əsassız olaraq varlanıblar. İş materiallarında olan "xxxx" MMC və "xxxx" ASC (Sessionar) arasında bağlanmış xx.xx.2025 tarixli, 2 nömrəli, “Tələbin güzəşti haqqında (sessiya)” müqavilənin 1.1-ci maddəsinə əsasən borclular tərəfindən əsassız olaraq əldə edilmiş pul vəsaitlərini borclulardan tələb etmək hüququ ötürülən tələb ilə əlaqəli olan bütün hüquqlarla birlikdə Sedent tərəfindən Sessionara güzəşt edilib. Borclular həmin Müqaviləyə Əlavə 1-də göstərilib, Azərbaycan Respublikasının kredit təşkilatları tərəfindən emissiya edilmiş kartların sahibləridir. İş materiallarında olan “X3 Xidməti vasitəsilə edilən köçürmələrin reyestrindən Çıxarışdan da göründüyü üzrə **********777198 nömrəli bank kartının sahibi əsassız varlanaraq 100,13 AZN məbləğində pul vəsaiti əldə edib.
Məhkəmə baxışının hədləri:
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq:
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
135.1. Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır; 135.2. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur; 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
Məhkəmənin mövqeyi:
13. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsi dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.
14. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışa əsasən cavabdehə məxsus **********777198 nömrəli bank kart hesabına 100,13 manat məbləğində pul vəsati köçürülüb. Nəticədə cavabdeh əsassız varlanıb. İddiaçının təkliflərinə baxmayaraq, cavabdeh əsassız olaraq əldə etdiyi pul vəsaitini iddiaçıya qaytarmayıb. Bununla da, cavabdeh əsassız varlanıb.
15. Belə ki, cavabdeh kart hesabına artıq və ya səhvən mədaxil olunmuş pul vəsaitlərini istifadə etməyərək, dərhal banka geri qaytarmalı olduğu halda, heç bir əsas olmadan banka məxsus vəsaiti geri qaytarmayaraq iddiaçını əmlakından məhrum etməklə əsassız varlanıb. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı əsassız varlanma qaydaların uyğun olaraq pulu tələb etməkdə haqlı olduğundan, iddia təmin edilməli və cavabdehdən əsassız varlanma nəticəsində əldə etdiyi 100,13 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
16. Məhkəmə iddia tələbinin “gecikdirilmiş borc məbləğinə görə illik 5% olmaqla 23 ay üçün 9,60 manat həcmində hesablanmış faiz” hissəsinə münasibətdə hesab edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən iddia tələbi həmin hissədə də təmin edilməlidir. Məhkəmə xərcləri:
17. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində dövlət rüsumunun və 0,40 manat xidmət haqqının əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Nəticə:
18. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə əsassız varlanma nəticəsində əldə etdiyi 100,13 manat məbləğində pul, gecikdirilmiş vaxt üçün hesablanmış 9,60 manat faiz, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının əvəzi tutulmalıdır.
19. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə əsassız varlanma nəticəsində əldə etdiyi 100,13 manat məbləğində pul, gecikdirilmiş vaxt üçün hesablanmış 9,60 manat faiz, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının əvəzi tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədirlik edən: Qumru Əliyeva