Məhkəmə qərarları › İş №e-2(007)-1531/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1531/2025

14.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1531/2025 14.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı MTK-nın Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə Açar sözlər: (kommunal xidmətə görə haqqın ödənilməsi) X1 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı “kommunal xidmətə görə haqqın ödənilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi: İddiaçı «Asra” MTK-nın Cavabdeh qarşı “kommunal xidmətlər üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 saylı evin 121-ci mənzilinə dair göstərilən kommunal xidmətlərə görə yaranmış 1261 (bir min iki yüz altmış beş, 65 qəpik) manat, məhkəmə xərcləri üçün 32,61 manat, ümumilikdə 1294,26 manat məbləğin tutularaq İddiaçı MTK hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 iddia həcminin azaldılması ilə bağlı xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdeh tərəfindən borcun 612 manat hissəsi ödənilmişdir. Buna görə də, cavabdehdən iddiaçının xeyrinə 649.65 manat borc və 32.61 manat dövlət rüsumunun tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsinin əsaslandırıldığı hallar: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MTK ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə ünvan 1 ünvanında sahəsi 64.7 kv.metr olan bir otaqlı 121 saylı mənzilə dair 21/i saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Yaşayış binası 2019-cu ilin avqust ayında istismara qəbul edilmişdir. O vaxtdan bütün sakinlərə olduğu kimi Cavabdeh da kommunal xidmətlər göstərilməsinə baxmayaraq Cavabdeh kommunal xidmət haqqını 2021-ci ilin oktyabr ayından bu günədək (2025-ci ilin yanvar ayı daxil) ödəməmişdir. Nəticədə Cavabdeh kommunal xidmətlərə görə İddiaçı MTK-ya 1261 manat 65 qəpik borcu yaranmışdır. Bununla da Cavabdeh İddiaçı MTK-nə müəyyən məbləğdə ziyan vurmuşdur. Cavabdeh məxsus olan 121 nömrəli mənzilin ümumi sahəsi 64.7 kv.metrdir. Hər kv.metrə görə sakinlərin ödənişi MTK-nın ümumi yığıncağının protokolundan çıxarışa əsasən, 0.50 qəpik müəyyən edilmişdir. 64.7 kv.m*0.50q=32.35 manat, 32.35 *39 ay =1261 manat 65 qəpik. Kommunal ödənişlərdən bütün təminatlara (su təchizatı, liftlərə aylıq texniki qulluq, blokların, həyətin, su nasosxanasının, liftlərin, şlaqbaumların işıq təhcizatı, məişət tullantıların daşınması, blokların, mərtəbələrin, liftlərin, uşaq meydançasının, həyətin təmizlənməsi, məişət tullantıların hər mərtəbədən xadimələr tərəfindən götürülməsi, həyətin 24 saat mühafizəsi, binanın giriş qapılarının, mərtəbələrdə PVC qapıların, şüşələrin təmiri, generatorun, su nasoslarının təmiri və saxlanması, kameraların, şlaqbaumun təmiri) ödənişlər olunur, eyni zamanda həmin yığılan vəsaitdən işçilərə əmək haqqı ödənilir. Bununla bağlı hər ayda müvafiq qaydada sakinlər üçün hesabat lövhəyə vurulur. Cavabdeh və digər mənzil mülkiyyətçilərinin ödəmələrində gecikmələr olması və ya ödəniş etməmələri nəticəsində İddiaçı MTK-nın DSMF-na faiz borcları yaranmışdır. Bununla bağlı iddiaçı tərəfindən Cavabdeh dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilmişdir. İddiaçı cavabdeh tərəfindən çoxmənzilli binaya xidmətlərin göstərilməsinə dair müqavilənin imzalanmaması cavabdehə faktiki olaraq istifadə etdiyi xidmətlərin haqqının ödənilməməsinə əsas verən hal olmadığını bildirmişdir. İddiaçı tərəfindən faktiki xidmətlər göstərilmiş və binanın digər sakinləri kimi cavabdeh də həmin xidmətlərdən yararlanmışdır, belə olan halda həmin xidmətlərin haqqını ödəməlidir. İşdə iştirak edən şəxslər: Məhkəmə iclasında iştirak edən iddiaçı «Asra” MTK-nın-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 izahatında göstərdi ki, iddia tələbini qəbul edir və tərəflərindən 612 manat ödəniş edilmişdir. Borcu hissə-hissə ödəməyə etiraz etmir. İş materialları: İddiaçı MTK-nın xx.xx.2025-ci il tarixli, 08 nömrəli arayışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, ev 25, İİ blok, Vİİİ mərtəbə, 121 saylı mənzildə yaşayan Cavabdeh xx.xx.2025-ci il tarixinə İddiaçı MTK-ya kommunal xitmətlərə görə borcu (39 ay x 32.35) 1261.65 manat təşkil edir. (1 kv.m 0.50 Azn x 64.7 kv.m=32.35 AZN). İddiaçı MTK-nın Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, ev 25, İİ blok, Vİİİ mərtəbə, 121 saylı mənzilin mülkiyyətçisi Cavabdeh ünvanladığı xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehə mənzilin kommunal xidmət haqlarına görə 18 fevral 2025-ci il tarixinə 1261 manat borcun yarandığı, həmin borcu 10 gün müddətinə ödəməyi və əks halda, məhkəməyə müraciət olunacağı barədə məktub ünvanlanmışdır. İddiaçı MTK-nın sakinlərinin xx.xx.2019-cu il tarixli iclasının protokolundan çıxarışdan görünür ki, kommunal xidmət haqqı xx.xx.2019-cu ildən 0.50 qəpik məbləğində müəyyən edilmişdir. İddiaçı MTK-nın 1 aylıq kommunal xərcləri barədə cədvəldən görünür ki, 28 sayda xərc istiqaməti üzrə ümumilikdə kommunal xərcin dəyəri aylıq olaraq 9074 manat təşkil edir. İddiaçı MTK ilə "xxxx" QSC arasında bağlanmış, xx.xx.2018-ci il tarixli, 18-TX096 saylı Liftlərə Texniki Xidmət Müqaviləsinin surətindən görünür ki, iddiaçı müqavilənin 4-cü maddəsinə müvafiq olaraq 1 ədəd liftin texniki baxışı üçün 100 manat məbləğində (ümumi lift sayı 6 olmaqla, cəmi 600 manat) ödəniş etməyi öhdəsinə götürmüşdür. Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrufatı Departamentinin "xxxx" MMC ilə İddiaçı MTK arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 50289 saylı müqavilənin surətindən görünür ki, iddiaçı məişət tullantılarının daşınması üçün aylıq 200 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. İddiaçı MTK ilə "xxxx" MMC arasında bağlanmış, xx.xx.2022-ci il tarixli Mühafizə xidmətlərinin göstərilməsinə dair müqavilənin sürətindən görünür ki, iddiaçı, Bakı şəhəri, Nizami rayonu, N.Rəfiyev küçəsində yerləşən əmlakın mühafizəsini təşkil etmək üçün 700 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzilin mülkiyyətçisi Cavabdehdır. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 32,61 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq olunan hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, hərr də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşlıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 420.1-ci maddəsinə əsasən təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərində aşağıdakılar etibarsız sayılır: 420.1.2. təklif etmiş tərəfir öz öhdəliklərinin icrası üçün əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən, tənasübsüz surətdə uzun və ya kifayət qədər aydın olmayan müddətlər (öhdəliklərin pozulması zamanı müddətlər) müəyyənləşdirdiyini ifadə edən müddəalar. 420.2-ci maddəsinə əsasən müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. 560.1-ci maddəsinə əsasən mülki huquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 783.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. 1087.1-ci maddəsinə əsasən özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. 1087.2-ci maddəsinə əsasən işlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur. 1090.1-ci maddəsinə əsasən, əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 38.1-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. 119.1-ci maddəsinə əsasən, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. 135.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 135.2-ci maddəsinə əsasən, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: 135.2.1. yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçi üçün - belə müqavilə bağlandığı andan; 135.2.2. dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin kirayə müqaviləsi üzrə kirayəçi üçün - belə müqavilə bağlandığı andan; 135.2.3. mənzil-tikinti kooperativi üzvləri üçün mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; 135.2.4. yaşayış sahəsinin mülkiyyətçisi üçun - yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan. 137.9-cu maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. 139.1-ci maddəsinə əsasən, kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. 140.1-ci maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 22 sentyabr 2020-ci il tarixli qərarı 58. “Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir". Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 29 dekabr 2015-ci il tarixli qərarı ...Yuxarıda göstərilən vəzifə çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən Mənzil Məcəlləsində (126.9 və 44- 47-ci maddələr) nəzərdə tutulan qaydada qərar qəbul edilməsi nəticəsində yarana bilər. Bu, xususılə kommunal xidmət haqqının müəyyən edilməsinə aiddir. Mənzil Məcəlləsinin 128.0.3-cu maddəsinə əsasən, müvafiq il üçün cəmiyyətin xərclər və gəlirlər smetasını və maliyyə fəaliyyəti haqqında hesabat tərtib etmək, onları təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin vəzifəsidir. Nəzərə almaq lazımdır ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır, cəmiyyətin idarə heyətinin səlahiyyətlərinə aid olan məsələləri həll etmək hüququna malikdir. (Mənzil Məcəlləsinin 125.1 və 125.4-cü maddələri). Həmin Məcəllənin 125.2.4-cü maddəsinə müvafiq olaraq isə cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək ümumi yığıncağın müstəsna səlahiyyətidir". “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh göstərilmiş kommunal xidmətlərlə bağlı xidmət haqqı ödəməli olduğundan, yaranmış borc məbləğini iddiaçıya ödəməlidir, iddiaçının irəli sürdüyü tələb əsaslıdır, buna görə də iddia təmin edilməlidir. Nəticə: Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, kommunal xidmətlərə görə 649.65 manat pul və dövlət rüsumu kimi ödənilmiş 32,61 manat pul vəsaiti Cavabdeh tutulub, «Asra” MTK-nın-yə ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iddiaçı isə tələb etdiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 32,62 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 649.65 manat manat borc və ödənilmiş 32.61 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" MTK-ya ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar