Məhkəmə qərarları › İş №e-2(007)-1544/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1544/2022

30.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1544/2022 30.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1, Cavabdeh3 nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı Elbrus oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Elbrus oğlu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 54 saylı qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışa əsasən ona məxsusdur. Mülkiyyət hüququ üzrə ona məxsus Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 54 saylı qeyri-yaşayış sahəsində Füzuli rayon sakinləri Cavabdeh1, onun arvadı Cavabdeh2 və digər ailə üzvləri məcburi köçkün kimi artıq uzun illərdir ki, həmin ünvanda müvəqqəti məskunlaşaraq mülkiyyətçinin mülkiyyət hüququnu məhdudiyyətsiz həyata keçirməsinə mane olurlar. Qeyd edilən şəxslərin mənzillə təmin edilib-edilməmələri barədə 02 fevral 2022-ci il tarixli, 1326/22 saylı Vəkil sorğusuna cavab olaraq Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin xx.xx.2022-ci il tarixli, 132 saylı məktubunda qeyd edilir ki, “Füzuli rayonundan məcburi köçkünlər Cavabdeh1, Cavabdeh2, X13, X7, X22, X14 dövlət tərəfindən yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə mənzillə təmin edilib-edilməməsi barədə Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinə daxil olmuş sorğunuza Komitənin Mənzil İstismar Departamentində baxılmışdır. Bildiririk ki, sorğuda adları qeyd edilən məcburi köçkünlər dövlət tədbirləri əsasında ünvan 1 ünvanda (4 otaq) Cavabdeh1 və ailə üzvləri ilə birlikdə 22 iyul 2018-ci il tarixdə “Xüsusi Təyinatlı Yaşayış X9" bağlanaraq, mənzillə təmin edilmişlər.” Komitənin müvafiq məktubundan da göründüyü kimi Cavabdeh1 və ailə üzvləri yaşamaq üçün 4 otaqlı mənzillə təmin edilmələrinə baxmayaraq onun qeyri-yaşayış sahəsi üzrə mülkiyyət hüquqlarını pozmaqda davam edirlər. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, mülkiyyət hüququnun mühüm elementləri olan sahiblik və istifadə hüququndan məhrum olmuşdur. Göstərilənlərə əsasən, iddia təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 54 saylı qeyri-yaşayış sahəsindən onlara məxsus əşyalarla birlikdə çıxarılmalarını və qeyri-yaşayış sahəsinin boşaldılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Cavabdeh1 təqdim etdiyi Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti Nizami rayon MKTB-nin 88 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli arayışında qeyd edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 54 saylı qeyri-yaşayış sahəsində Cavabdeh3, Cavabdeh4 və X23 məskunlaşmışlar. İş üzrə qəbul ediləcək məhkəmə qətnaməsi işdə iştirak etməyən Cavabdeh3, Cavabdeh4 və X10 maraqlarına toxunacağından və iddia tələblərindən biri həmin şəxsə yönəldiyindən onun prosesə cavabdeh qismində cəlb edilməsi zərurəti yaranmışdır. Qeyd edilənlərə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı Elbrus oğluna məxsus olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 54 saylı qeyri-yaşayış sahəsindən onlara məxsus əşyalarla birlikdə çıxarılmalarını və qeyri-yaşayış sahəsi boşaldılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən Cavabdeh3 və Cavabdeh4 iş üzrə cavabdeh kimi cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verərək, iddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, iş kifayət qədər araşdırılmış və iş üzrə lazimi sorğulara verilmişdir. İddiaçı tərəfindən əmlak alındığı zaman verilən arayışda qeyd edilmişdir ki, Cavabdeh3 mübahisəli evdə yaşamır. Cavabdehlərin hazırda orada yaşaması iddiaçının konstitusion hüququnu pozur. Avropa Məhkəməsinin qərarına əsasən, mülkiyyətçinin öz əmlakından istifadə etməsinə yaradılan aradan qaldırılaraq, o öz əmlakından istifadə etməlidir. Ev iddiaçı tərəfindən özəlləşdirilənə kimi dövlətin mülkiyyətində olmuşdur. İddiaçı alqı-satqı etdiyi zaman mübahisəli ərazidə heç kim yaşamırdı. Həmin yer qeyri-yaşayış sahəsidir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyib izahat verərək bildirdi ki, jekin müdiri tərəfindən onlara 2009-cu il tarixində arayış verilmiş və arayışda mübahiəli ərazidə yaşadıqları qeyd edilmişdir. O, mübahisəli ərazinin yerləşdiyi ərazidə çörək zavodunda sürücü işləyir. İş vaxtı günortalar yemək yemək üçün həmin evə gedir. Göstərdiklərinin nəzərə alınmasını və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi və vəkili X3 iddianı qəbul etməyib izahat verərək bildirdi ki, iddia ərizəsi üzrə iddia tələbi iki nəfərə, Cavabdeh1, Cavabdeh3 qarşı yönəldilmişdir. İş materiallarına əlavə edilmiş 53 saylı MİKS-in arayışlarında qeyd edilmişdir ki, Cavabdeh1 mübahisəli ərazidə 1993-cü il tarixindən 2018-ci il tarixinə qədər yaşamış, Cavabdeh3 isə 1993-cü ildən indiki tarixə qədər mübahisəli evdə yaşayır. Azərbaycan Respublikasının Prezidentinin sərəncamında qeyd edilmişdir ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədi ilə yeni qəsəbələrə və evlərə köçürülənədək, mülkiyyətindən asılı olmayaraq, 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılmasının qarşısının alınması üçün müntəzəm lazımi tədbirlər həyata keçirilsin. Qanunvericiliyə əsasən mülkiyyətçinin dəyişməsi əmlakdan istifadə hüququnu istisna etmir. Cavabdehin servitut hüququ var. Qaz, su və işiq cavabdehin adınadır. Cavabdeh3 başqa yaşayış yeri yoxdur və onun 2 övladı var. İddia tələbinin Cavabdeh3 aid hissədə rədd edilməlidir. Göstərdiklərinin nəzərə alınmasını və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər Cavabdeh2 və Cavabdeh4 məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə əsasən işə həmin cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin 132 saylı xx.xx.2022-ci il tarixli məlumatının surətindən görünür ki, Füzuli rayonundan məcburi köçkünlər Cavabdeh1, Cavabdeh2, X13, X7, X22, X14 dövlət tərəfindən yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə mənzillə təmin edilib-edilməməsi barədə Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinə daxil olmuş sorğuya Komitənin Mənzil istismar Departamentində baxılmışdır. Bildirilir ki, sorğuda adları qeyd edilən məcburi köçkünlər dövlət tədbirləri əsasında ünvan 1 ünvanda (4 otaq) Cavabdeh1 və ailə üzvləri ilə birlikdə 22 iyul 2018-ci il tarixdə “Xüsusi Təyinatlı Yaşayış X9” bağlanaraq, mənzillə təmin edilmişlər. - Repatriasiya Departamentinin Direktoru tərəfindən verilmiş vərəqənin surətindən görünür ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində salınmış “Qobu Park” yaşayış kompleksi-1026, bina 2, mənzil 16 ünvanında Cavabdeh1, Cavabdeh2, X13, X7, X22 və X14 mənzillə təmin olunmuşlar. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 71,90 kv.m olan qeyri-yaşayış sahəsi 04 sentyabr 2021-ci il tarixdə tam mülkiyyət hüququ üzrə İddiaçı Elbrus oğlunun adına qeydiyyata alınmışdır; - 88 saylı MKİS-in xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh3, onun həyat yoldaşı Cavabdeh4 və oğlu X4 rayonundan məcburi köçkün düşmüş və 88 saylı MKİS-in ərazisində ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsində məskunlaşmışdır. - 88 saylı MKİS-in xx.xx.2022-ci il tarixli 519 saylı arayışından görünür ki, X25, onun atası Cavabdeh3 və anası Cavabdeh4 Füzuli rayonundan məcburi köçkn düşmüş və 88 saylı MKİS-in ərazisində ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsində məskunlaşmışdır. - “Qobu park” MKİS-in xx.xx.2022-ci il tarixli 1255 saylı arayışının surətindən görünür ki, Cavabdeh1 Füzuli rayonundan məcburi köçkündür və ünvan 4 ünvanında ailə üzvləri Cavabdeh2, X13, X7, X22 və X15 ilə birlikdə məskunlaşmışdır. - Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən Cavabdeh3 ünvanlanmış 479 saylı 08 iyun 2022-ci il tarixli məktubun surətindən görünür ki, Cavabdeh3 Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin balansında olan qəsəbələrdə evlə təmin olunmamışdır. - 88 saylı MKİS-in xx.xx.2022-ci il tarixli 020 saylı məlumatından görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.ünvan 3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli Dövlət Reyestrinin çıxarışına əsasən vətəndaş İddiaçıov Elbrus oğluna məxsusdur. Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin xx.xx.2022-ci il tarixli 02/1403 saylı aktına əsasən həmin yerdə xx.xx.2018-ci il tarixə qədər adları qeyd olunan məcburi köçkünlər məskunlaşmışlar: Cavabdeh1, həyat yoldaşı Cavabdeh2, övladı X13, gəlini X7, nəvəsi X14 və nəvəsi X22 (cəmi 6 nəfər). 22 iyul 2018-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, “Qobu park” 1 yaşayış kompleksində yerləşən 2 saylı binanın 16 saylı 4 otaqlı mənzili ilə təmin olunmuşlar. Lakin övladı Cavabdeh3 və onun ailə üzvləri sözügedən köçürmə obyektində faktiki olaraq yaşamadığı üçün həmin ərazidən mənzillə təmin olunmamışdır. Hal-hazırda da yaşamır. Hal-hazırda göstərilən yer ev olmasına baxmayaraq Cavabdeh1 istifadəsindədir. - Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin xx.xx.2022ci il tarixli 02/1403 saylı məktubundan görünür ki, dövlət tərəfindən yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə Füzuli rayonundan məcburi köçkünlər - Cavabdeh1, həyat yoldaşı Cavabdeh2, övladı X13, gəlini X7, nəvəsi X14 və nəvəsi X22 ilə birgə cəmi 6 (altı) nəfər olmaqla 22 iyul 2018-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, “Qobu park” 1 yaşayış kompleksində yerləşən 2 saylı binanın 16 nömrəli 4 otaqlı mənzili ilə təmin olunmuşlar. Lakin övladı Cavabdeh3 və onun ailə üzvləri sözügedən köçürmə obyektində faktiki olaraq yaşamadığı üçün həmin ərazidən mənzillə təmin olunmamışdır. - Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən Vəkil1 ünvanmış 132 saylı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Füzuli rayonundan məcburi köçkünlər Cavabdeh1, Cavabdeh2, X13, X7, X22, X14 dövlət tərəfindən yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə mənzillə təmin edilibedilməməsi barədə Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinə daxil olmuş sorğuya Komitənin Mənzil istismar Departamentində baxılmışdır. Bildirilir ki, sorğuda adları qeyd edilən məcburi köçkünlər dövlət tədbirləri əsasında ünvan 1 ünvanda (4 otaq) Cavabdeh1 və ailə üzvləri ilə birlikdə 22 iyul 2018-ci il tarixdə “Xüsusi Təyinatlı Yaşayış X9” bağlanaraq, mənzillə təmin edilmişlər. - 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********90 saylı məlumatından görünür ki, ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış sahəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə bağlanmış 100 nömrəli xx.xx.2021-ci il tarixli icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2021ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. - 88 saylı MKİS-in xx.xx.2009-cu il tarixli arayışının surətindən görünür ki, Məmmədov X1, ev 54 ünvanında yerləşən qeyri-yaşayış sahəsində Füzuli rayonundan məcburi köçkün kimi qeydiyyatsız yaşayır. - xx.xx.2022-ci il tarixli 01/4/01-7/6/11796 saylı məlumatdan görünür ki, müraciətdə qeyd etdilən ünvan üzrə xx.xx.2014-cü il tarixində müqavilə bağlanaraq **********030 saylı abonent kodu açılmışdır. 06 iyun 2014-cü il tarixindən xx.xx.2016-cı ilə kimi ailə tərkibi 3 nəfər olmaqla 123,48 manat, xx.xx.2016-cı il tarixindən isə ailə tərkibi 10 nəfər olmaqla 248,60 manat məcburi köçkünlük limiti nəzərə alınmışdır. Məcburi köçkünlük imtiyazı nəzərə alınmış ailə üzvlərinin adlı siyahısı sizə təqdim olunur: Cavabdeh1, Cavabdeh3, X18, X5, Cavabdeh2, X7, X13, X8, X16 və X23. - Azərbaycan Respublikası Füzuli rayon İcra Hakimiyyəti Başçısının Horadiz kənd inzibati dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 99 saylı arayışından görünür ki, Horadiz sakini Cavabdeh3 23 avqust 1993-cü ildən Nizami rayonu, Naxçıvanski küçəsi, 54 ünvanında məcburi köçkün olaraq yaşayır. Ailə tərkibi aşağıdakılardır: arvadı Cavabdeh4 və oğlu X23. - Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin xx.xx.2022-ci il tarixli 602 saylı məlumatından görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamının 2-ci bəndinə əsasən məcburi köçkünlərin mülkiyyət formasından asılı olmayaraq, 1992-1998-ci illərdə məskunlaşdıqları mənzillərdən çıxarılması hallarına yol verilmir. Diqqətə çatdırırlar ki, ərazilərimiz işğaldan azad olunanadək Komitə tərəfindən məcburi köçkünlərin müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman, sərəncam və bu sahədə qəbul olunmuş Dövlət Proqramına əsasən həyata keçirilmişdir. Hazırda işğaldan azad edilmiş ərazilərdə geniş miqyaslı profilaktik təhlükəsizlik tədbirləri həyata keçirilir ki, növbəti mərhələlərdə həmin ərazilərdə infrastruktur və daimi yaşayış yerləri inşa edilməklə, bütün məcburi köçkünlər, o cümlədən Cavabdeh3 ailəsi də uzun illər yaşadıqları mənzilləri və ictimai binaları tərk edərək həmin ərazilərə köçürüləcəklər. Məhkəmə iclasında müəyyən olundu ki, ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış sahəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə bağlanmış 100 nömrəli xx.xx.2021-ci il tarixli icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Füzuli rayonunun işğalından sonra, 1993-cü ildən həmin rayondan məcburi köçkünlər Cavabdeh1, onun arvadı Cavabdeh2 və digər ailə üzvləri ünvan 7 ünvanında məskunlaşmışlar. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 54 saylı qeyri-yaşayış sahəsindən onlara məxsus əşyalarla birlikdə çıxarılmalarını və qeyri-yaşayış sahəsinin boşaldılmasını xahiş etmişdir. Daha sonra sonra isə iddia tələbini dəqiqləşdirərək, qeyd etmişdir ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 54 saylı qeyri-yaşayış sahəsində Cavabdeh3, Cavabdeh4 və X23 məskunlaşmışlar. Bu səbəbdən də, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 əmlakından onlara məxsus əşyalarla birlikdə çıxarılmalarını və qeyri-yaşayış sahəsi boşaldılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gərçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı” 27 sentyabr 2007-ci il tarixli qərarında göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, o, təkcə fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və bu maddənin məqsədləri üçün “mülkiyyət” kimi qəbul edilə bilər. Bu işdə Məhkəmə qeyd edir ki, 2 iyun 1993-cü ildə ərizəçi sözügedən mənzilə yaşayış orderi almışdır. Sonradan daxili məhkəmələr təsdiq etdilər ki, ərizəçi yaşayış orderinin qanuni sahibidir. Bu order əsasında səlahiyyətli orqanla ərizəçi arasında “sosial kirayə müqaviləsi” deyilən müqavilə bağlanmalı idi. Bu sosial kirayə müqaviləsinin Mənzil Məcəlləsində və müvafıq hüquqi aktlarda təsbit edilmiş şərtlərinə görə, ərizəçi mənzilə sahiblik etmək və ondan istifadə etmək hüququna malik olmalı idi və mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq, müəyyən şərtlərlə mülkiyyət hüququ ona pulsuz keçməli idi. Belə olan halda məhkəmə razılaşır ki, iddiaçının mənzilə olan iddialarını 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşən “mülkiyyət” hesab etmək üçün kifayət qədər əsaslar var. Mahiyyət etibarı ilə mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafıq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır. Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında 21 may 1999-cu il tarixli Qanunun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir (Nazirlər Kabineti, Qaçqınların və X12 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətləri orqanları öz səlahiyyətləri daxilində). Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə, onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda, müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə qeyd edir ki, ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış sahəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə bağlanmış 100 nömrəli xx.xx.2021-ci il tarixli icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir, lakin həmin əmlak məcburi köçkün olan cavabdehlər tərəfindən zəbt edilmişdir. Hazırda isə cavabdehlər mübahisə predmeti olan ünvanda məskunlaşdıqlarından iddiaçı mülkiyyətçisi olduğu qeyri-yaşayış sahəsinə dair sərbəst şəkildə sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirə bilmir. Belə ki, iddiaçı öz əmlakına faktiki sahiblikdən məhrum olmuşdur və həmin əmlak cavabdehlərin faktiki sahibliyindədir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərindən, həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı” 27 sentyabr 2007-ci il tarixli Qərarındakı mövqeyindən çıxış edərək qeyd edir ki, məcburi köçkünlərin müstəqil surətdə məskunlaşmasına yalnız o halda yol verilir ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Hazırda məcburi köçkün olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (məcburi köçkün deyil, lakin Cavabdeh3 ilə evləndikdən sonra mübahisəli evdə məskunlaşmışdır) mübahisəli əmlakda məskunlaşmaları həmin əmlakın qanuni sahibi, eyni zamanda mülkiyyətçisi İddiaçı Elbrus oğlunun hüquqlarını pozur. Ona görə məhkəmə hesab edir ki, cavabdehlər həmin evdən çıxarılmalı və ev boşaldılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, dövlət tədbirləri əsasında ünvan 1 ünvanda (4 otaq) Cavabdeh1 və ailə üzvləri ilə birlikdə 22 iyul 2018-ci il tarixdə “Xüsusi Təyinatlı Yaşayış X9” bağlanaraq, mənzillə təmin edilmişlər. Qeyd edilən ailə üzvləri Cavabdeh2, X13, X7, X22, X14 olmuşdur. Hazırda lakin digər cavabdehlər Cavabdeh3 və Cavabdeh4 həmin ünvanda mənzillə təmin edilməmişlər. Lakin hazırkı vaxtadək Cavabdeh3 digər ailə üzvləri kimi onunla “Xüsusi Təyinatlı Yaşayış X9” bağlanmasını tələb etməmiş və ya həmin müqaviləni mübahisələndirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən onlara məxsus əşyalarla birlikdə çıxarılmalı və həmin qeyri-yaşayış sahəsi boşaldılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, məhkəmə xərclərinə aid olan, iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı Elbrus oğluna aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən onlara məxsus əşyalarla birlikdə çıxarılsınlar və həmin qeyri-yaşayış sahəsi boşaldılsın. Məhkəmə xərclərinə aid olan, iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı Elbrus oğluna aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar