Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1606/2022 14.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil oğlunun, Cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" X1 Səhmdar Cəmiyyətinə qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nizami rayon İcra şöbəsi cəlb edilməklə “ipoteka müqaviləsinin ləğv olunması və əmlakın ipoteka predmetindən çıxarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" X1 Səhmdar Cəmiyyətinə qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nizami rayon İcra şöbəsi cəlb edilməklə “ipoteka müqaviləsinin ləğv olunması və əmlakın ipoteka predmetindən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 17 avqust 2010-cu ildə Cavabdeh1 ilə birgə nikaha daxil olmuşdur. Birgə nikahdan bir qız övladları olmuşdur. Belə ki, ilk əvvəllər münasibətləri yaxşı olsa da, sonralar ailə münasibətləri pozulmuşdur. Bir müddət cavabdehlə birgə yaşadıqdan sonra, onların aralarında narazılıqlar başladı. Narazılığın səbəbi odur ki, Cavabdeh1 ona bildirdi ki, o birgə nikahdan əldə etdikləri əmlakları, yəni Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvanski küçəsi, 13C saylı evin 40 saylı mənzili, ünvan 1 ünvanında yerləşən 0,093955 ha torpaq sahəsi, ünvan 2 ünvanında yerləşən 0,096231 ha torpaq sahəsinin Cavabdeh1 məxsus, yəni ½ hissəsini Banka İpotekaya yerləşdirmək məqsədi ilə pul vəsaitini əldə etmək istəyirdi. O da buna razılıq verərək banka getmiş və müqavilələri oxumadan imzalamışdır. Lakin 13 aprel 2022-ci il tarixdə ona məlum olmuşdur ki, iddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1 və İddiaçı qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh1 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli 20BRD/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli 24B/14 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 69457 ABŞ dolları, faiz borcuna görə 7360,41 ABŞ dolları, cərimə borcuna görə 7763,65 ABŞ dolları, cəmi 84581,06 ABŞ dolları, xx.xx.2014-cü il tarixli 26B/14 saylı əlavə kredit xətti müqaviləsinə əsasən əsas kredit borcu üzrə 211160,26 ABŞ dolları, faiz borcuna görə 11437,90 ABŞ dolları, cərimə borcuna görə 22127,92 ABŞ dolları, cəmi 244726,08 ABŞ dolları və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 90 AZN məbləğində pulun tutulması, tələbin ipoteka predmetləri olan Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,093955 ha torpaq sahəsinə, ünvan 2 ünvanında yerləşən 0,096231 ha torpaq sahəsinə və Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən 13C saylı evin 40 saylı mənzilinə yönəldilməsi, bu əmlakların hərracda satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx.xx.2014-cü il tarixli 24B/14 saylı əlavə kredit müqaviləsi üzrə 84581,06 ABŞ dolları, xx.xx.2014-cü il tarixli 26B/14 saylı əlavə kredit müqaviləsi üzrə 244726,08 ABŞ dolları borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 90 AZN məbləğində pulun tutularaq iddiaçı "xxxx"KB ASC-yə ödənilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 0,093955 ha torpaq sahəsinin ilkin satış qiymətinin 55000 (əlli beş min) manat, ünvan 2 ünvanında yerləşən 0,096231 ha torpaq sahəsinin ilkin satış qiymətinin 55000 (əlli beş min) manat və Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən 13C saylı evin 40 saylı mənzilinin ilkin satış qiymətinin 200000 (iki yüz min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 0,093955 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin torpaq sahəsinin boşaldılması, ünvan 2 ünvanında yerləşən 0,096231 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin həmin torpaq sahəsinin boşaldılması və Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən 13C saylı evin 40 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən Cavabdeh1 və İddiaçı çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nizami Rayon Məhkəməsinin 13 mart 2018-ci il tarixli 2(007)-67/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 26 sentyabr 2014-cü il tarixli 20BRD/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 26 sentyabr 2014-cü il tarixli 24B/14 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 69457 ABŞ dolları, faiz borcuna görə 7360,41 ABŞ dolları, cərimə borcuna görə 50 ABŞ dolları, cəmi 76867,41 ABŞ dolları (qətnamənin icra olunduğu günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla), 14 oktyabr 2014-cü il tarixli 26B/14 saylı əlavə kredit xətti müqaviləsinə əsasən əsas kredit borcu üzrə 211160,26 ABŞ dolları, faiz borcuna görə 11437,90 ABŞ dolları, cərimə borcuna görə 50 ABŞ dolları, cəmi 222648,16 ABŞ dolları, qətnamənin icra olunduğu günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla və dövlət rüsumuna görə 30 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün xidmət haqqı kimi ödənilmiş 90 manat Cavabdeh1 "xxxx" KB ASC-nin xeyrinə tutulması, Borcun tutulması ipoteka predmeli olan Cavabdeh1 mülkiyyətində olan ipotekaya qoyulmuş ünvan 1 ünvanında yerləşən 0,093955 ha torpaq sahəsi, ünvan 2 ünvanında yerləşən 0,096231 ha torpaq sahəsi və Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən 13C saylı evin 40 saylı mənzil açıq hərrac yolu ilə satılmaqla ödənilməsinə yönəldilərək əldə olunmuş vəsaitdən - 26 sentyabr 2014-cü il tarixli 20BRD/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 26 sentyabr 2014-cü il tarixli 24B/14 saylı əlavə kredit müqaviləsinə əsasən cəmi 76867,41 ABŞ dolları (qətnamənin icra olunduğu günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla), 14 oktyabr 2014-cü il tarixli 26B/14 saylı əlavə kredit xətti müqaviləsinə əsasən cəmi 222648,16 ABŞ dolları, qətnamənin icra olunduğu günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla və ödənilmiş dövlət rüsumuna və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün xidmət haqqına görə, cəmi 120 manat "xxxx" KB ASC-nin xeyrinə ödənilsin, borc ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılması qət edilmişdir. Ona görə də, hal hazırda belə qərara gəldi ki, onlar birgə nikah dövründə, əldə olunmuş əmlakı, yəni Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvanski küçəsi, 13C saylı evin 40 saylı mənzili, ünvan 1 ünvanında yerləşən 0,093955 ha torpaq sahəsi, ünvan 2 ünvanında yerləşən 0,096231 ha torpaq sahəsinin hər birinin ½ olmaqla öz aralarında bölüşdürmək məqsədi ilə iddia tələbi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmək məqsədi ilə Mediasiya Şurasına müraciət etsin. Qeyd edilənlərə əsasən iddia ərizəsinin təmin edilməsini, iddiaçı Cavabdeh1 ilə cavabdeh "xxxx" KB ASC arasında xx.xx.2014-cü il tarixli 20BRD/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli 24B/14 saylı əlavə kredit müqaviləsi və xx.xx.2014-cü il tarixli 26B/14 saylı əlavə kredit müqaviləsi və kredit müqaviləsi üzrə öhdəliyinin icrasının təminatı kimi bağlanmış xx.xx.2014-cü il tarixli 20BRDİ/14 saylı və xx.xx.2014-cü il tarixli 24BRDİ/14 saylı ipoteka müqavilələrisi ləğv edilməsi və Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvanski küçəsi, 13C saylı evin 40 saylı mənzili, ünvan 1 ünvaninda yerləşən 0,093955 ha torpaq sahəsi, ünvan 2 ünvanında yerləşən 0,096231 ha torpaq sahəsinin ipoteka predmetindən çıxarılması barədə qətnamə qabul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Unibank” KB ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddiaya etirazını bildirmişdir. Məhkəmə tərəfindən cavabdeh Unibank” KB ASC-nin xx.xx.2022-ci il tarixdə təqdim edilmiş etiraz ərizəsi və ona əlavə edilmiş sənədlər qəbul edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Hazırkı iş üzrə iddia ərizəsi cavabdeh Unibank” KB ASC tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ola bilsin ki, Cavabdeh1 banka olan borcunu ödəyib, belə olan halda, hazırkı mübahisə aradan qalmış olacaq. Lakin onda buna dair heç bir sənəd yoxdur. Əmlaklar Cavabdeh1 mülkiyyətindədir və hazırkı mərhələdə özgəninkiləşdirilməmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyib izahat verərək bildirdi ki, Cavabdeh1 banka olan borcunu ödənilməsini təmin edilməsi üçün bank məhkəmədə iddia qaldırmış və iş üzrə borcun ipoteka predmetləri hesabına ödənilməsi qət edilmişdir. Ali Məhkəmə tərəfindən sonuncu qətnamə qəbul edildi və qətnamə qanuni qüvvəyə mindi. Ali Məhkəmədə iş əhatəli şəkildə araşdırılmışdır. Həmin qətnamə 2019-cu ildə qəbul edilmiş, hazırkı vaxtadək iddiaçı ipoteka müqaviləsini mübahisələndirməmişdir və iddia müddətini ötürmüşdür. Cavabdeh1 banka olan borcunun ödənilib-ödənilməməsi barədə məlumatı yoxdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nizami rayon İcra şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0,093955 ha torpaq sahəsi xx.xx.2013-cü il tarixdə xüsusi mülkiyyət kimi tam payda Cavabdeh1 adına qeydiyyata alınmışdır; - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0,096231 ha torpaq sahəsi xx.xx.2013-cü il tarixdə xüsusi mülkiyyət kimi tam payda Cavabdeh1 adına qeydiyyata alınmışdır; - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil xx.xx.2014-cü il tarixdə xüsusi mülkiyyət kimi tam payda Cavabdeh1 adına qeydiyyata alınmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvanski küçəsi, 13C saylı evin 40 saylı mənzili, ünvan 1 ünvanında yerləşən 0,093955 ha torpaq sahəsi, ünvan 2 ünvanında yerləşən 0,096231 ha torpaq sahəsi "xxxx" KB ASC-dən götürülmüş kreditin təminatı olaraq ipotekaya qoyulmuş, daha sonra məhkəmə qətnamələri isə kredit müqaviləsi üzrə borcun ipoteka predmetlərinə yönəldilməsi qət edilmişdir. Hazırda isə iddiaçı əmlakınlarla bağlı ipoteka müqaviləsi bağlanan zaman ipoteka müqavilələrinin oxunmadan imzalanması səbəbindən ləğv edilməsini və əmlakların ipoteka predmetindən çıxarılmasını xahiş edir. Məhkəmə ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hazırkı iş üzrə məhkəməyə sübut kimi qiymətləndirilməsi üçün ipoteka müqaviləsi, çıxarılmış məhkəmə qətnamələri və digər zəruri sübutlar təqdim edilməmişdir. Proses iştirakçılarının məhkəmədəki izahatları ilə müəyyən edildi ki, Cavabdeh1 "xxxx" KB ASC-yə olan borcunun ödənilməsi məqsədi ilə tutmanın ipoteka predmetləri olan əmlaklara yönəldilməsi məhkəmə qətnaməsi ilə qət edilmiş və həmin qətnamə qanuni qüvvəyə minərək hazırda icra mərhələsindədir. Məhkəmə qeyd edir ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvanski küçəsi, 13C saylı evin 40 saylı mənzili, ünvan 1 ünvanında yerləşən 0,093955 ha torpaq sahəsi, ünvan 2 ünvanında yerləşən 0,096231 ha torpaq sahəsinin Cavabdeh1 ilə birgə nikah dövründə əldə etdiyini və əmlakların ipotekaya qoyulması zamanı müqaviləni oxumadan imzaladığını bildirərək, iddia tələbini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci və 425-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Qanunvericiliyin tələblərindən də göründüyü kimi tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə ləğv edilməsinə əsas verir. Hazırki iş üzrə iddiaçının ipoteka müqaviləsini oxumadan imzalaması şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilməməlidir. Belə ki, şəraitin dəyişməsi tərəflər üçün gözlənilməz olmalıdır ki, tərəflər onu əvvəlcədən bilə bilməzlər. Hazırda isə, qeyd edilən hallar mövcud deyil. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-ci maddəsinə əsasə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Belə ki, iddia ərizəsindən və cavabdehin məhkəmədə vermiş olduğu izahatından aydın olur ki, "xxxx" KB ASC cavabdehlər Cavabdeh1 və İddiaçı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönədilməsi tələbinə dair iddia qaldırmış və məhkəmə qətnamələri 2018-2019-cu illərdə qəbul edilmiş və İddiaçı məhkəmə iclasları, çıxarılmış məhkəmə qətnamələri ilə bağlı məlumat göndərilmişdir. Əksini, yəni iddiaçının qeyd edilən məkəmə araşdırmasından məlumatsız olmasını təsdiq edəcək sübutlar məhkəməyə təqdim edilməmişdir. Hazırkı halda isə İddiaçı mübahisələndirdiyi tərəflər arasında bağlanmış müqavilə üzrə hüquqlarının ehtimal olunan pozulmasından məlumatlı olmuş, o, əqdin əhəmmiyyətsiz olması ilə bağlı tələblərini qanunla müəyyən edilmiş müddətdə məhkəmədə mübahisələndirməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-ci il tarixli Qərarında göstərilmişdir ki, aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır. Belə ki, aldatma isə bir kimsəni qəsdən motivdə (qənaətdə) yanıltmadır. Bu və ya digər əqdin aldatma əsası ilə etibarsız hesab edilməsi üçün bir sıra şərtlərin mövcudluğu zəruridir. Belə ki, müqavilənin qarşı tərəfi (yaxud onun məlumatı daxilində) aldadıcı davranış qəsdən edilmiş olmalı, belə davranış məhz müqavilənin bağlanması ilə əlaqədar olmalı, müqavilə həmin aldadıcı hərəkətin nəticəsində bağlanmalıdır. Dolayısı ilə, əgər aldadıcı davranış olmasaydı müqavilə ya heç bağlanmayacaqdı, ya da tamam başqa şərtlərlə bağlanacaqdı. Bu şərtlərdən hər hansı biri aşkar edilməzsə aldatmaya dayanaraq əqdin etibarsızlığı tələbi irəli sürülə bilməz. Məhkəmə qeyd edir ki, hər bir anlaqlı şəxs etdiyi hərəkətin doğurduğu və ya doğura biləcəyi nəticələrini şüurlu surətdə dərk edir və anlıyır. İddiaçı mübahisələndirdiyi ipoteka müqaviləsini (məhkəməyə təqdim edilməmişdir) imzalan zaman oxumadığını bildirib ləğv edilməsini xahiş etsə də, hazırda ipoteka müqaviləsinin oxunmadan, aldadılaraq imzalanması halı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlillərə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı “ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra qeydinin ləğv edilməsi” tələbinə dair iddası əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" X1 Səhmdar Cəmiyyətinə qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nizami rayon İcra şöbəsi cəlb edilməklə “ipoteka müqaviləsinin ləğv olunması və əmlakın ipoteka predmetindən çıxarılması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" X1 Səhmdar Cəmiyyətinə qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nizami rayon İcra şöbəsi cəlb edilməklə “ipoteka müqaviləsinin ləğv olunması və əmlakın ipoteka predmetindən çıxarılması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-1606/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1606/2022
14.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver