Məhkəmə qərarları › İş №e-2(007)-1612/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1612/2025

24.06.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəlik
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1612/2025 24.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh QSC-yə qarşı iddia tələbinə dair mülki iş üzrə Açar sözlər: (əmrin ləğvi, işə bərpa, məcburi işburaxma müddəti, əmək haqqı, maddi və mənəvi zərər, əmək müqaviləsi, əmr, işçi, işəgötürən, müqavilə və s.) X4 Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh QSC-nə qarşı “əmrin ləğvi, işə bərpa, müqavilənin müddətsiz hesab edilməsi, məcburi iş buraxma üçün əmək haqqı, maddi və mənəvi ziyan" tələbinə dаir iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi: İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğvi, işə bərpa, müqavilənin müddətsiz hesab edilməsi, məcburi iş buraxma üçün əmək haqqı, maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh QSC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 06 yanvar 2025-ci il tarixli əmrin ləğv edilməsi və işə bərpa edilməsi; Cavabdeh QSC ilə bağlanmış xx.xx.2022-ci il tarixli müddətli əmək müqaviləsinin müddətsiz hesab edilməsi; məcburi iş buraxma müddəti üçün işə bərpa olunduğu günədək əmək haqqının hesablanıb Cavabdeh QSC tərəfindən ona ödənilməsi, ona dəymiş maddi və mənəvi ziyanın Cavabdeh QSC tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı xx xxxxxx 1979-cu ildə Lənkəran rayonu Şağlaküçə kəndində anadan olmuşdur. Ali təhsillidir, ixtisası ekoloqdur. 2001-ci ildə bakalavr dərəcəsini, 2003-cü ildə isə magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2003-2005-ci illərdə döyüş bölgəsində hərbi zabit kimi xidmət etmişdir. Düşmənlə təmas xəttində artilleriya divizionun baş zabiti olmuşdur, ehtiyatda olan baş leytinantdır. 2007-ci ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ekologiya idarəsində elan olunmuş vakansiya üzrə müsabiqədə müvəffəqiyyət qazanaraq həmin idarənin ekoloji tədqiqatlar ekspedisiyasında "Ətraf mühitin mühafizəsi" (ekoloq) üzrə böyük mühəndis vəzifəsində, 2014-2022-ci illərdə (15 ilə yaxın) isə X1 rəis müavini vəzifəsində çalışmışdır. 2009-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində) doktorant kimi təhsil almışdır. 2014-cü ildə ekoloq ixtisası üzrə "Neft-qazın yığılması, hazırlanması və nəqli proseslərində ekoloji-coğrafi amillər nəzərə alınmaqla səmərəliliyin artırılması" mövzusunda dissertasiya müdafiə etmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 09 iyun 2015ci il tarixli qərarına əsasən ona "Texnika üzrə fəlsəfə doktoru" alimlik dərəcəsi verilmişdir. 14 elmi əsərin müəllifidir. 2013-cü ildə Bakı şəhərində Ümummilli Lider, Heydər Əliyevin 90 illiyinə həsr olunmuş elmi konfransda, gənc alimlər, elmi tədqiqatçılar və dissertantlar arasında ekologiya sahəsi üzrə 1-ci yerə layiq görüldüyü üçün elmi şuranın qərarına əsasən "1-ci dərəcəli diplomla" təltif olunmuşdur. 2017-ci ildə SOCAR-da keçirilən ən yaxşı işçilər nominasiyası üzrə müsabiqədə peşəkar mütəxəssis fəaliyyətinə görə SOCAR prezidentinin əmrinə əsasən "ilin ən yaxşı ekoloqu" adını qazanmışdır. 2009-2018-ci illərdə Azərbaycan Respublikasını təmsil edərək "iqlim Dəyişmələri üzrə Çərçivə Konvensiya”nın tərəfdaş çıxdığı təşəbbüsə qoşulan SOCAR-ın fəaliyyət istiqaməti üzrə (atmosferə atılan zərərli tullantıların azaldılması) layihəsinin müəllifli və iştirakçısı olmuşdur. Həmçinin SOCAR-ın Neft-qaz müəssisələrində, neft-qaz əməliyyatları zamanı yaranmış tullantılar (lay sularının sistemli və düzgün şəkildə idarə olunması, neft məhsulları ilə çirklənmiş torpaqların təmizlənməsi, atmosferə atılan zərərli tullantıların azaldılması) üzrə dövlət əhəmiyyətli ekoloji layihələrin rəhbəri və iştirakçısı olmuşdur. O, hər zaman öz sahəsi və öz ixtisası üzrə peşəkar bir ekoloq kimi şərəflə, vicdanla çalışmışdır. 2021-ci ilin noyabr ayında, SOCAR-ın sabiq prezidenti olmuş Rövnəq Abdullayevin müvafiq əmri ilə SOCAR-ın Ekologiya idarəsinin Ekoloji Nəzarət və Monitorinq funksiyaları, SOCAR-ın Baş ofisinin, Ekologiya və enerji keçidi məsələləri üzrə Departamentinə, SOCAR-ın daxili normativ sənədləri üzrə müəyyən edilmiş digər funksiyaları isə "xxxx" QSC-nin balansına daxil edilmişdir. Bu Xidmət üzrə 51 % SOCAR, 49 % ilə isə sözü gedən müəssisənin payı kimi həmin dövrdə balansa daxil edilmişdir. Həmçinin, "Ekol Mühəndislik Xidmətləri” QSC-nin bütün əməliyyatları SOCAR-la tam razılaşdırdıqdan sonra həyata keçirilir. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Ekologiya İdarəsi ilə bağlanan müddətsiz əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində xitam verilmiş, elə həmin gün, yəni xx.xx.2022-ci il tarixində "Ekol Mühəndislik Xidmətləri” QSC ilə işini itirməmək üçün eyni vəzifəyə, eyni maaşa, eyni yerdə işləməklə məcburi olaraq yenidən paylarının bir hissəsi SOCAR- a mənsub olan Xidmətlə müddətli xx.xx.2024-cü il tarixinədək əmək müqaviləsi bağlamışdır. Sözü gedən müəssisəyə daxil olandan sonra da peşəkar mütəxəssis kimi fəaliyyətini uğurla davam etdirmişdir. Fəaliyyəti zamanı ona heç kimin himayəsi olmadan, yalnız və yalnız öz zəhməti ilə və öz gücünün hesabına çalışaraq dövlətinə və çalışdığı müəssisəyə sədaqətlə, şərəflə, vicdanla xidmət etmişdir. Lakin 2023-cü ilin əvvəlindən "xxxx" QSC-nin rəhbər komandası dəyişiləndən sonra ona qarşı münasibət, heç bir səbəb olmadan, pisə doğru dəyişmişdir. Əvvəlki illərdə peşəkar fəaliyyətini qısqanclıq və paxıllıqla həzm edə bilməyən bir qrup şəxslər olmuşdur. Həmin şəxslərin çirkin niyyətlərinin hesabına, 2023-cü ilin 2-ci yarımilliyindən başlayaraq müəssisənin yeni rəhbər komandasının üzvləri ona qarşı təzyiqlərə başlamışlar. Belə ki, işi ilə bağlı onu bütün layihə və işlərdən zaman-zaman kənarlaşdırmışlar. 2024-cü ilin əvvəlindən ona qarşı təzyiq və basqıları daha kəskin şəkildə aparmağa, mobinq etməyə başlamışlar. Bu hadisələrə görə o, çox böyük sarsıntılar keçirmişdir. 2024-cü ilin fevral ayına qədər keçirdiyi ağır stress və sarsıntılara görə birdən-birə sağ ayağı tutularaq yeriməkdə çətinliklər yaşamışdır. Ayağında baş verən ağrılar getdikcə artmağa başlamışdır. Həkim nevropatoloqun müayinəsi zamanı məlum olmuşdur ki, keçirdiyi ağır sarsıntılara görə belimdə sinir kökü zədələnərək, sinirin fəqərələrarası diskə doğru meyililiyi yaranmışdır. Nəticədə sinir kökünün sıxılmasına səbəb olmuşdur. Səhətində yaranmış problemlə bağlı həkim neyrocərrahın müayinəsindən də olmuşdur. Cərrah həkim MRT (Maqnit rezonans tomoqrafiyası) müayinəsindən sonra ona təcili cərrahiyyə əməliyyatı olunmağını məsləhət görmüşdür. Əks halda ayağının tamamilə tutularaq yeriməkdən məhrum olacağını diqqətinə çatdırmışam. Nəhayət 15 fevral 2024-cü il tarixində belindən disk yırtığından əməliyyat olunaraq sinir kökü sıxılmadan azad edilmişdir. Keçirdiyi cərrahiyyə əməliyyatına görə bir neçə ay çalışdığı müəssisəyə, xəstəlik kağızını təqdim etməklə əmək fəaliyyətini müvəqqəti olaraq davam etdirə bilməmişdir. Lakin nə biləydi ki, onun başına gətirilmiş bu qədər hadisələrdən sonra yuxarıda qeyd etdiyi şəxslərin əlinə fürsət düşmüş olar. Belə ki, işçilərin qiymətləndirilməsi zamanı onu əsassız yerə “qeyri-işgüzar” və “qeyri-peşəkar” hesab etmişlər. Onunla (hətta analoji olaraq digər işçilərlə də) bağlanmış 6 aylıq əmək müqaviləsinin müddəti 30 iyun 2024-cü il tarixində bitdiyi üçün işdən kənarlaşdırmaq məqsədi ilə ona bildiriş təqdim olunmuşdur. Lakin o, buna etiraz etdiyinə görə, əvvəlki illərdə işində peşəkar fəaliyyətinə görə aldığı əlavə 450 AZN (dörd yüz əlli manat) məvacibini kəsmişlər. Onu bu sənədə imza atmağa məcbur etmişlər. Deməli peşəkar bir mütəxəssis kimi neft qaz sənayesində uzun illər vicdanla, şərəflə xidmət etməyinə baxmayaraq, həmçinin himayəsində 3 azyaşlı övladı olduğunu (14 yaşlı qızı ürək qüsurundan əziyyət çəkir), onlara tək valideyn özünün olmağını və evdə tək özünün işlədiyini, Bakıda kirayədə yaşamağını nəzərə almadan bunu ona etmişlər. Həmin dövrdə işini bacarmayan qeyri-peşəkar işçilərə himayədarlıq edərək, nə onların məvacibi kəsilmiş, nə də ki, onları işdən kənarlaşdırmışlar. Keçirdiyi ağır cərrahiyyə əməliyyatına görə ona dəstək olacaqlar. Əksinə onların məkrli niyyətləri tamam ayrı olmuşdur. Hər vəchlə çalışmışlar ki, onu işdən kənarlaşdırsınlar. Buna nəhayət ki, nail olmuşlar. 2024-cü ilin sonuna qədər hər vasitə ilə öz planlarını həyata keçirmişlər. Belə ki, ixtisaslı və peşəkar bir mütəxəssis olmağına baxmayaraq onu bütün xidmət və layihələrdən kənarlaşdırmışlar. Ona qarşı edilən basqı və təzyiqlər, günü gündən artmağa başlamışdır. Belə ki, əmək fəaliyyətinə maneçilik törətməklə çalışmışlar ki, öz istəyi ilə işdən ərizə yazıb getmişdir. Lakin çox çətinliklə olsa da, o, bunlara səbir nümayiş etdirmişdir. Vəzifə təlimatına, daxili qaydalara və kollektiv müqaviləyə əsasən işçilərin hər il mövsümü olaraq (yay, payız-qış) fərdi geyim və fərdi mühafizə vasitələri ilə tam təmin olunması göstərilir, bu məsələlər işçinin sağlamlığı və təhlükəsizliyi üçün vacib və zəruri şərt hesab edilir. Bu əməyin mühafizəsi və təhlükəsizliyi haqqında qanunla da, müvafiq əmək qanunvericiliyi ilə də tənzimlənir. Lakin məqsədli şəkildə onu 2024-cü il tarixində heç bir fərdi geyim və fərdi mühafizə vasitələri ilə təmin etməmişlər. Xidməti istifadə etdiyi kompüterini məqsədli şəkildə internet şəbəkəsindən ayırmaqla, kompüterini tez-tez bloka salmışlar. Bu kimi hallar kompüterində tez-tez baş verdiyindən əmək funksiyanı tam yerinə yetirə bilməmişdir. Bu barədə dəfələrlə rəhbərliyə həm şifahi, həm də yazılı formada bildirməyinə baxmayaraq, müraciətləri ya cavabsız qalmış, ya başqa tutarsız səbəblər gətirilmiş, ya da problemlər müvəqqəti aradan qaldırılmışdır. Qeyd olunanları əsaslandıracaq, sübuta yetirəcək kifayət qədər sübutları və şahidləri vardır. Ona qarşı edilən haqsızlıqlar və basqılara görə 2024-cü ilin noyabr ayında, səhhətində yenidən ciddi problemlər baş verdi. Onda miokard-işimiyə (ilkin dövr üçün ürək çatışmazlığı) əlamətləri aşkarlanmışdır. Həkim kardioloqun rəyinə əsasən qeyd olunanlara əsas mütəmadi yaşadığı gərginlik və stress olmuşdur. Başıma gətirilən bu hadisələrə rəğmən 23 dekabr 2024-cü il tarixində ona bildiriş təqdim olunmaqla, diqqətinə çatdırılmışdır ki, 06 yanvar 2025-ci il tarixində işə götürənlə bağlanmış müqaviləsinə xitam veriləcəkdir. Hətta bildirişi ona təqdim edən "xxxx" QSC-nin İnsan resursları üzrə Departamentinin direktoru olan A.Qurbanova ona gülə-gülə bildirmişdir ki, "Nazim müəllim Sizə sürprizimiz vardır-işdən azadsınız...” Belə bir məlumat bu şəkildə məsul şəxs tərəfindən verilməsi, nə etik davranış qaydalarına, nə də işgüzar peşəkarlığa uyğun deyildir. Nə peşəkar bir mütəxəssis olmağı, nə bu sahənin (neft- qaz sənayesi) ekoloq alimi kimi elmi fəaliyyəti, nə döyüş bölgəsinin zabiti olmağı, nə illərlə SOCAR ailəsi üçün çəkdiyi əziyyət, nə tək böyütdüyü 3 azyaşlı qızının, yaşlı anasının sosial rifahı nəzərə alınmamışdır. Bundan da ən dəhşətlisi odur ki, himayəsində məhkəmə qərarı ilə 3 azyaşlı qız övladları (14, 12, 9 yaşında) vardır. Daha sonra 76 yaşında, xəstə olan anası onun himayəsindədir və ailədə tək işləyən, pul qazanan, başqa sözlə ailənin tək gəlir yeri onun illərini verdiyi işi olmuşdur. 14 yaşlı böyük qızı ürək qüsurundan əziyyət çəkir. Övladlarına tək valideyn özüdür, başqa heç bir yerdən gəliri yoxdur. Bunların heç biri nəzərə alınmadan onu 17 ilə yaxın öz peşəkar fəaliyyətindən və işindən azad etmişlər. Bu vəziyyət tək onun yox, bir ailənin və az yaşlı övladlarının ağır və çətin vəziyyəti deməkdir. Bu Azərbaycan aliminə qarşı törədilən böyük bir faciədir. Ona yaşatdıqları əsəb-streslə, göstərdikləri təzyiqlərlə, tətbiq etdikləri mobinqlə onun əvvəlki sağlamlığını əlindən almışlar. Bir Azərbaycan aliminin ailəsini, xəstə övlad və anasının aqibətini düşünmədən, peşəkarlığı düzgün qiymətləndirilmədən, heç bir mövcud vəziyyət nəzərə alınmadan əsassız və ədalətsiz şəkildə ailəsi üçün, qanuna zidd olaraq, məcburiyyətini “razılıq” adlandırmaqla bağlamağa məcbur olduğu müddətli əmək müqaviləsinə xitam verməklə, onu işdən azad etmişlər. xx.xx.2025-ci il tarixində “EKOL Mühəndislik Xidmətləri" QSC ilə müddətli əmək müqaviləsi bağlansa da, o, elə həmin ofisdə, həmin vəzifədə və həmin əmək haqqı ilə SOCAR- a xidmət göstərməyə davam etmişdir. Ailəsində biri ağır xəstə olmaqla, 3 azyaşlı qızının olması və onların qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tək onun himayəsində olmaları, o cümlədən ahıl və xəstə anasının onun himayəsində olması və ailəyə tək gəlir gətirən və gətirə bilən şəxs o olduğu üçün, işsiz qalmamaq üçün əmək müqaviləsini müddətli bağlamağı zəruri olmuşdur. İş materialları: 0327191 saylı Əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Ekologiya İdarəsinə Ekoloji tədqiqatlar ekspedisiyasına ekoloq vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2008-ci il tarixdə ştat cədvəlinə edilən dəyişikliyə əsasən ekoloq vəzifəsi ətraf mühitin mühafizəsi üzrə mühəndis adlandırılmışdır. xx.xx.2014-cü il tarixli Ekoloji tədqiqatlar ekspedisiyasında rəis müavini vəzifəsinə keçirilmişdir. xx.xx.2022-ci il tarixli, SOCAR **********00070020B00084 saylı əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddə əsasında, başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması ilə əlaqədar işdən azad edilmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh QSC-nin “Ekologiya İdarəsinin Ekoloji monitorinq departamentinin Ekoloji tədqiqatlar ekspedisiyasına rəis müavini vəzifəsinə təyin edilmişdir. xx.xx.2025-ci il tarixli 02/k saylı əmri ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən, müddətli əmək müqaviləsinin müddətinin qutarması ilə əlaqədar xitam verilmişdir. Cavabdeh QSC ilə , İddiaçı arasında bağlanılmış xxxxxxx000200 nömrəli əmək müqaviləsindən görünür ki, , İddiaçı Cavabdeh QSC, “Ekologiya” İdarəsi/Ekoloji tədqiqatlar ekspedisiyası şöbəsi, Bakı şəhəri, Xətai rayonu, 8 noyabr pr. 64, Əsas, rəis müavini vəzifəsinə, 2 il 10 ay 29 gün müddətində, aylıq vəzifə maaşı 2161 manat olmaq işə qəbul edilmişdir. (68 saylı əmək müqaviləsinə əsasən- xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək olmuş, xx.xx.2023-cü il tarixli əmrə əsasən əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixinədək uzadılmışdır.) xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, İddiaçı müddətli əmək müqaviləsinin bitməsi barədə xəbərdarlıq təqdim etdikdə o, xəbərdarlıqla tanış olmaqdan və onu qəbul etməkdən imtina etmişdir. Bu barədə akt tərtib edilərək Aygül Qurbanova (baş direktor müavini), Gülpəri Əbilli (İnsan resurslarının idarə edilməsi departamentinin performasın idarə edilməsi üzrə aparıcı mütəxəssis), Aysel Ramazanova (İnsan resurslarının idarə edilməsi departamentinin performasın idarə edilməsi üzrə mütəxəssis) tərəfindən imza edilmişdir. Cavabdeh QSC Ekologiya İdarəsinin əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2025-ci il tarixli, 02/k saylı Əmrindən görünür ki, Cavabdeh QSC ilə, İddiaçı arasında bağlanılmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə xx.xx.2025-ci il tarixindən xitam verilmişdir. MŞB/MT015/2025-0035/02 saylı, xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat mediasiya xərci ödəmişdir. Cavabdeh tərəf mediasiya sessiyasında iştirak etməmişdir. xx.xx.2025-ci il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, İddiaçı hüquqi yardım göstərilməsi məqsədilə 2500 manat məbləğində xərci HGNS Kaunsilor Vəkil Bürosuna ödəmişdir. Cavabdeh QSC-nin rəsmi internet səhifəsindən əldə edilmiş məlumatdan görünür ki, cəmiyyət 51 faiz Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və 49 faiz xarici investor “Lancer Services S.A.” şirkətinin iştirakı ilə xx.xx.2006-cı ildə təsis edilmişdir. İşdə iştirak edən şəxslər: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edib, ərizənin dəlillərin uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, neft sənayəsi olduğu üçün kask, əlcək, eynək və çəkmə verilməlidir. Lakin həmin vasitələr ilə təmin olunmamışdır. 2007-ci ildən 2022-ci ilə qədər Socarın ekologiya idarəsində işləmişdir. 2022-ci ildən Cavabdeh QSC-də eyni vəzifə, eyni səlahiyyət üzrə işləmişdir. Əvvəl müddətsiz müqavilə bağlanmışdır. Cavabdeh QSC-də isə əvvəl 1 illik müqavilə bağlanmış, sonra 1 il, sonra 6 ay uzadılmışdır. Digər iş yoldaşlarının da müqaviləsinin vaxtı bitmişdir, amma uzatmışlar. Alimliyini, peşəkarlığını, iş təcrübəsini nəzərə almamışlar, hətta uşaqlarını da nəzərə almamışlar. Müqavilənin müddətini uzatdıqları üçün təhlükəli bir şey olduğunu düşünməmişdir, etimad etmişdir. Müqavilənin nüsxəsi ona verilməmişdir, sadəcə sonuncu vərəqə imza atmışdır. 260 işçi hamı imzalamışdır, sadəcə 6 ay müddətə olduğu deyilmişdir. Sadəcə rəhbərlik dəyişmişdir. Ona fərqli QSC yaradıldığı deyilməmişdir. Eyni iş yeri, eyni otaq, eyni vəzifə olaraq qalmışdır. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edib, ərizənin dəlillərin uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Sabunçu Rayon İcra Şöbəsindən verilən arayışdan göründüyü kimi iddiaçıya indiyədək aliment ödənilməmişdir. Qadın olduğu üçün məcburi icra tədbirləri tələb etmirlər. O bütün gücü ilə təkbaşına öz övladlarına baxır. Dəfələrlə qarşı tərəflə məsələnin sülh yolu ilə həlli üçün danışıqlar aparılmış, addımlar atılmış, lakin nəticəsi olmamışdır. Şəxs 17 ilə yaxın ekologiya sahəsində çalışmışdır, professordur. İddiaçı eyni gün işdən çıxarılmış, eyni gün yeni işə götürülmüşdür. İş yeri eynidir, vəzifə təlimatı eynidir. Qarşılaşdığı hərəkətlər mobbinqdir. Şəxs yaxınlaşaraq icra etmək üçün iş istəmişdir. Hansısa səbəbdən ona iş verilməmişdir. Şəxs belindən əməliyyat olunmuşdur, əməliyyat olunma səbəbi ağır iş rejimidir. Hətta birinci əməliyyat uğursuz olduğu üçün ikinci əməliyyat icra olunmuşdur. İşdən çıxarılma barədə bildirişi “sənə surprizimiz var” deyərək təqdim etmişlər, çox qeyripeşəkar və qeyri-insani formada işdən çıxarmışlar. 3 az yaşlı qız övladı var, biri ürək xəstəsidir, himayəsində anası da var. Əmək münasibətləri ilə bağlı Konstitusiya Məhkəməsinin çoxsaylı Plenum Qərarları var. İşəgötürən hər zaman güc cəhətdən daha üstün olur. Doğurdan mı müddətli müqavilə könüllü olaraq bağlanıb? “Mənə iş verin” deyə rəsmi müraciət edən, yeni layihə istəyən adam müddətli əmək müqaviləsi bağlamağa razı olardımı? Bu qarşılıqlı razılıq adı altında olan məcburiyyətdir. Əmək Məcəlləsində müddətli əmək müqaviləsinin bağlanmasının şərtlərindən biri qarşılıqlı razılıqdır. Şəxs qarşılaşdığı təzyiqlərə baxmayaraq rəsmi formada yenə də ona iş verilməsi üçün müraciət etmişdir. İş zamanı işçilərə xüsusi qoruyucu vasitələr verilməlidir, lakin iddiaçı həmin vasitələr ilə təmin olunmamışdır. Bu özü İnzibati Xətalar Məcəlləsi ilə məsuliyyətə səbəb olur. İddia ərizəsində Ali Məhkəmənin qərarları və Konstitusiya Məhkəməsinin çoxsaylı Plenum Qərarlarını qeyd etmişlər. 20 oktyabr 2023-cü il tarixli plenum qərarında göstərilmişdir ki, məhkəmə əmək münasibətlərinə baxarkən tərəflərin bərabər hüquqluluğuna baxmalıdır. Müqavilənin müddəti bitmişdir, amma uzatma səlahiyyəti də var. Tərəfə əmr təqdim olunmalı olduğu halda verilməmişdir. Sadəcə belə desək təhvil-təslim aktı verilmişdir. Qarşı tərəf əmrin surətinin təqdim olunması barədə sənəd təqdim etməmişdir, sadəcə əmək kitabçasının verilməsi barədə sənəd təqdim etmişdir. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, müqavilənin müddəti bitmişdir və işəgötürən işçi ilə işləmək istəmir. İddiaçı 3 fevral 2022-ci ildə müddətli əmək müqaviləsi ilə işə götürülmüşdür. Müqavilə 1 illik müddətə bağlanmışdır, sonra bir il müddətə uzadılmışdır, sonra iki dəfə 6 aylıq müddətə uzadılmışdır. Müddət tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunmuşdur. Əgər razı deyildirsə, niyə müqavilə bağlamışdır? Müqavilənin müddəti 6 yanvar 2025-ci ildə bitdiyindən Əmək Məcəlləsinin 70-ci maddənin birinci bəndi ilə xitam verilmişdir. X3 İdarəsinin hüquqi varisi deyil. Müddətli müqavilə yeni işəgötürən ilə bağlanmışdır. Müqavilənin müddətinin bitməsi barədə 1 həftə öncə məlumat verilmişdir. 6 yanvar 2025-ci il tarixdə müqaviləyə xitam verilərkən əmr və əmək kitabçası təqdim edilmişdir. Göstərilənləri nəzərə alaraq, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq: Əmək hüququnu təsbit edən Konstitusiyanın 35-ci maddəsinin İ-İV hissələrinə görə, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 7-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. 9-cu maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək hüquqları vardır; 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. 11-ci maddəsinin 1-ci hissəsinin “a” və “b” bəndlərinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüquqları vardır. 40-cı maddəsinə əsasən, əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; Maddə 45. Əmək müqaviləsinin müddəti

1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.

3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.

4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Maddə 47. Müddətli əmək müqaviləsi bağlanan hallar Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. Maddə 73. Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası

1. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur.

2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər. Maddə 83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası

1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

2. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir.

3. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

4. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Maddə 300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən, əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı: “...Əmək qanunvericiliyində müddətli əmək müqaviləsinin bağlanılması imkanının müəyyən edilməsi məşğulluğa kömək, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət siyasətinin həyata keçirilməsinə xidmət etməklə yanaşı, işəgötürənlərin müvəqqəti xarakterli ehtiyaclarının qarşılanmasına da imkan verir.... ...Əmək Məcəlləsinin “Əmək müqaviləsinin (kontraktın) nümunəvi forması” adlı 1-ci Əlavəsinin 2.3-cü bəndinə əsasən əmək müqaviləsinin hansı səbəbə görə müddətli bağlanılması göstərilməlidir.... ...Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflərin hüquq bərabərliyinin real təmin edilməsi şərti ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmır.... ...İşçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab edir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıbbağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar....” Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

İşin faktiki halı: Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Ekologiya İdarəsinə Ekoloji tədqiqatlar ekspedisiyasına ekoloq vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2008-ci il tarixdə ştat cədvəlinə edilən dəyişikliyə əsasən ekoloq vəzifəsi ətraf mühitin mühafizəsi üzrə mühəndis adlandırılmış, xx.xx.2014cü il tarixli Ekoloji tədqiqatlar ekspedisiyasında rəis müavini vəzifəsinə keçirilmişdir. xx.xx.2022-ci il tarixli, SOCAR **********00070020B00084 saylı əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddə əsasında, başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması ilə əlaqədar işdən azad edilmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh QSC-nin Ekologiya İdarəsinin Ekoloji monitorinq departamentinin Ekoloji tədqiqatlar ekspedisiyasına rəis müavini vəzifəsinə təyin edilmişdir. xx.xx.2025-ci il tarixli 02/k saylı əmri ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən, müddətli əmək müqaviləsinin müddətinin qutarması ilə əlaqədar xitam verilmişdir. Hazırda iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək onunla Cavabdeh QSC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 06 yanvar 2025-ci il tarixli əmrin ləğv edilməsi və işə bərpa edilməsi, Cavabdeh QSC ilə bağlanmış xx.xx.2022-ci il tarixli müddətli əmək müqaviləsinin müddətsiz hesab edilməsi, məcburi iş buraxma müddəti üçün işə bərpa olunduğu günədək əmək haqqının hesablanıb Cavabdeh QSC tərəfindən ona ödənilməsi, ona dəymiş maddi və mənəvi ziyanın Cavabdeh QSC tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbinin hər bir hissəsinə ayrı-ayrılıqda münasibət bildirilməsi məqsədəmüvafiqdir. Məhkəmə iddia tələbinin əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, əmək hüququ şəxslərin heç bir ayrı-seçkilik olmadan sərbəst qaydada əmək münasibətlərini yaratmaq imkanını ehtiva edir. Əmək qanunvericiliyinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətində xx.xx.2007-ci ildən xx.xx.2022-ci ilədək işləmiş, onun sonuncu vəzifəsi Ekoloji tədqiqatlar ekspedisiyasında rəis müavini olmuşdur. Bundan sonra o, xx.xx.2025-ci il tarixdə, təsis edilməsində SOCAR-ın 51 faiz iştirakı olan Cavabdeh QSC-də məhz Ekologiya İdarəsinin Ekoloji monitorinq departamentinin Ekoloji tədqiqatlar ekspedisiyasında rəis müavini vəzifəsində işləməyə başlamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı 15 il fasiləsiz olaraq xidmət etdiyi müəssisədən işdən çıxmış və müddətli əmək müqaviləsi bağlamaqla digər müəssisədə işləməyə başlamışdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının əvvəlki müəssisə ilə arasında yaranmış münasibətlər daimi xarakterli olmuşdur. O, sonradan hazırkı cavabdeh olan müəssisədə eyni adlı şöbədə, eyni adlı vəzifəni icra etmişdir, yəni onun gördüyü işin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olmuş və onunla müddətli əmək müqaviləsi bağlanması üçün 47-ci maddənin a)-ə) bəndlərində göstərilən əsaslar olmamışdır. Cavabdeh tərəf məhkəmə iclasında iddia tələbi ilə razılaşmayaraq ona istinad etmişdir ki, X3 İdarəsinin hüquqi varisi deyil və ayrı bir qurumdurlar, iddiaçı əvvəlki iş yerindən çıxmışdır və onlarla yeni əmək münasibətlərinə daxil olmuşdur. İddiaçı isə məhkəmə iclasında bildirmişdir ki, onun işlədiyi müəssisənin adı və müqavilə dəyişmiş olsa da, onun faktiki icra etdiyi vəzifə və işlədiyi otaq dəyişməmişdir. Cavabdeh müddətli müqavilənin bağlanmasına əsas kimi Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində müəyyən olunmuş “qarşılıqlı razılığın” olduğunu bildirir. Lakin iddiaçı müddətli müqavilə bağlanarkən təkcə onun yox digər işçilərin də bu şəkildə bu müəssisə ilə əmək müqaviləsi bağladıqlarını, hər dəfə müqavilənin müddətini uzatdıqları üçün təhlükəli bir şey olduğunu düşünmədiyini, etimad etdiyini qeyd etmişdir. Məhkəmə hesab edir ki, «qarşılıqlı razılıq» qanunun tələbinə görə, tərəflərin hüquq bərabərliyi prinsipinə əsaslanmalı, bir tərəfin (işəgötürənin) digərinə (işçiyə) münasibətdə üstün mövqeyinə görə subyektiv yanaşmaya şərait yaratmamalıdır. İşin hallarından isə açıq aydın görünür ki, cavabdeh qanunun ona verdiyi hüquqdan sui-istifadə edərək iddiaçı ilə müddətli əmək müqaviləsi bağlamışdır. Məlum olduğu kimi, işçinin uzun illər ərzində digər müəssisədə müddətsiz müqavilə əsasında işlədiyi, bir qayda olaraq özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan işdən ağlabatan səbəb olmadan çıxması və dərhal digər müəssisədə eyni ştat üzrə qısa müddətli əmək müqaviləsi bağlamasının (başqa sözlə həmin müddətin bitməsi ilə özünün işdən azad olunmasına imkan yaratmasının) şəxsin öz iradəsi əsasında atılmış addım kimi qiymətləndirilməsi çətindir. İşçinin bu cür (bir qayda olaraq öz xeyrinə olmayan) dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların “qarşılıqlı razılıq” əsasında bağlanması inandırıcı görünmür və məhkəmə tərəfindən ağlabatan hal kimi qəbul edilmir. Məhkəmə bir daha qeyd etməyi zəruri hesab edir ki, iddiaçının faktiki icra etdiyi əmək funksiyasının yerinə yetirilmə şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu halda iddiaçı ilə müddətli əmək müqaviləsi bağlanmasının qanunvericiliyin tələblərinə zidd olmuşdur. Məhkəmə həmçinin iddiaçının texnika üzrə fəlsəfə doktoru olmasını, bu sahədə 15 ildən artıq müddətdə xidmət etməsini, ailəsinin tək gəlir mənbəyi olmasını, nikahı pozulduqdan sonra 3 yetkinlik yaşına çatmayan övladının məhkəmə qətnaməsi ilə onun himayəsində saxlanılmasını, habelə övladlarından birinin xəstə olmasını da nəzərə alır və qeyd edir ki, iddiaçı ilə müddətli əmək müqaviləsi bağlandıqdan sonra cavabdehin deməsinə görə həmin müddət 3 dəfə uzadılmışdır. Lakin sonradan cavabdeh müəssisə iddiaçı ilə işləmək istəməmişdir. Məhkəmə hesab edir ki, alimlik dərəcəsi almış, ekologiya sahəsində illərlə təcrübəsi olan, bu sahədə elmə töhfə vermiş bir işçi ilə bağlanılmış əmək müqaviləsinin müddətinin uzadılmamasına nə kimi halların əsas olması cavabdeh tərəfindən məhkəməyə bildirilməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh "müəssisə iddiaçı ilə işləmək istəmir” ifadəsi ilə iddia ərizəsinə etiraz etsə də, müqavilənin müddətinin yenidən uzadılmamasının səbəblərini ümumiyyətlə əsaslandırmamışdır. Bu baxımdan, məhkəmə, cavabdeh tərəfin mövqeyini Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndi ilə əsaslandırmasını əsaslı saymır. Odur ki, işin faktiki halları ilə və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla təsdiq olunur ki, cavabdeh tərəfindən əmək qanunvericiliyinin yuxarıda göstərilən tələbləri pozulmaqla, tərtib edilmiş əmr iddiaçının hüquqlarını pozmuşdur. Məhkəmə yuxarıda qeyd edilənləri əsas sayaraq hesab edir ki, Cavabdeh QSC-nin əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli, 02/k nömrəli əmri qanunun tələblərinə zidd olaraq qəbul edildiyindən ləğv edilməli və iddiaçı əvvəlki vəzifəsinə bərpa edilməlidir. Məhkəmə iddia tələbinin işdən çıxarılma ilə əlaqədar məcburi işburaxma müddətinə görə əmək haqqının verilməsi hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir. Məhkəmə hesab edir ki, iddia tələbi məcburi işburaxma müddətinə görə əmək haqqının verilməsi hissəsində də əsaslıdır və təmin edilməlidir. Belə ki, əmək müqaviləsinin xitam verilməsi qaydalarına əməl olunmadığına görə işçiyə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödəməli, bu zaman məcburi iş buraxma müddətinə görə əmək haqqı ödənilməsi müddətinin axımının xx.xx.2025-ci il tarixdən, yəni əmək hüquqlarının pozulduğu andan hesablanmalı olması nəzərə alınmalıdır. Məhkəmə iddia tələbinin “maddi və mənəvi” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı iddia ərizəsində maddi və mənəvi zərər tələb etdiyini bildirsə də, bu zərərin nədən ibarət olmasını məhkəməyə bildirməmiş, öz ərizəsində, habelə məhkəmə iclaslarında tələbinin konkret ifadə etməmişdir. Belə olan halda iddia tələbi həmin hissədə təmin edilə bilməz. Məhkəmə iddia tələbinin cavabdehlə “müddətsiz əmək müqaviləsinin bağlanması” hissəsinə münasibətdə isə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Belə ki, müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipi kimi təsbit edilmişdir. Göründüyü kimi, müqavilə azadlığı mülki qanunvericiliyin prinsipi olmaqla, fiziki və hüquqi şəxslər arasında azad surətdə bağlanılır və müqavilə bağlanılmasına məcburetməyə yol verilmir. Belə olan halda, iddiaçının xahişinə əsasən cavabdehlə onun müəyyən etdiyi qaydada yeni müqavilə bağlanılması qanunvericiliyin yuxarıda göstərilən tələbləri nəzərə alınmaqla hüquqaziddir, hər hansısa bir müqavilə tərəfi müqavilə bağlamağa məcbur edilə bilməz, bu hal onun azad, sərbəst iradə ifadəsi əsasında həyata keçirilməlidir, buna görə də iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilə bilməz.

Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1- 115.0.9-cu maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; cavabdehin axtarılması ilə əlaqədar xərclər; qətnamənin icrası ilə əlaqədar xərclər; məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun: 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 01 oktyabr 2021-ci il tarixdə qüvvəyə minmiş “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci və hüquqi yardım göstərilməsi üçün ödənilmiş 2500 manat xidmət haqqının əvəzi Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməlidir. Bundan başqa iddiaçının ödəməkdən azad edildiyi, ödənilməli dövlət rüsumunun 50 manat hissəsi Cavabdeh QSC-dən tutularaq dövlət büdcəsinə ödənilməldir.

Nəticə: Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh QSC-nin əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli, 02/k nömrəli əmri ləğv edilməli, İddiaçı əvvəlki iş yerinə - Cavabdeh QSC, “Ekologiya” İdarəsi/Ekoloji tədqiqatlar ekspedisiyası şöbəsi, Bakı şəhəri, Xətai rayonu, 8 noyabr pr. 64, Əsas, rəis müavini vəzifəsinə bərpa olunmalı, qanunsuz olaraq işdən çıxarılması ilə əlaqədar məcburi işburaxma müddətinə görə xx.xx.2025-ci il tarixdən hesablanmaqla əmək haqqı, hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 2500 manat pul və mediasiya xərci qismində ödənilmiş 50 manat pulun əvəzi cavabdeh Ekol Mühəndislik Xidmətləri” QSC-dən tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli, məhkəmə xərclərinə aid olan ödənilməli dövlət rüsumunun 50 manat hissəsi Cavabdeh QSC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh QSC-nin əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli, 02/k nömrəli əmri ləğv edilsin, İddiaçı əvvəlki iş yerinə - Cavabdeh QSC, “Ekologiya” İdarəsi/Ekoloji tədqiqatlar ekspedisiyası şöbəsi, Bakı şəhəri, Xətai rayonu, 8 noyabr pr. 64, Əsas, rəis müavini vəzifəsinə bərpa olunsun. Qanunsuz olaraq işdən çıxarılması ilə əlaqədar məcburi işburaxma müddətinə görə xx.xx.2025-ci il tarixdən hesablanmaqla əmək haqqı, hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 2500 manat pul və 50 manat mediasiya xərcinin əvəzi cavabdeh Ekol Mühəndislik Xidmətləri” QSC-dən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilməli dövlət rüsumunun 50 manat hissəsi Cavabdeh QSC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar