Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-1623/2025 14.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızı sədrliyi ilə, İddiaçı PHŞ-nin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Maraqlı şəxs MMC cəlb edilməklə cavabdeh Bakı şəhəri 30 saylı Dövlət Notariat Kontoruna qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :
1. İddiaçı PHŞ müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Maraqlı şəxs MMC cəlb edilməklə cavabdeh Bakı şəhəri 30 saylı Dövlət Notariat Kontoruna qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri 30 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 8i-188 nömrəli reyestr nömrəli icra qeydinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq :
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 306.1. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır.
3. “Dövlət rüsumu haqqında” Qanun :
8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir.
Məhkəmənin mövqeyi :
4. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.
5. Belə ki, mülki prossesual qanunvericiliyə əsasən iddia ərizəsi ilə müraciət olunan zaman qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilməli və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir.
6. İşin müəyyən edilmiş halı odur ki, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədən hazırki ərizə ilə məhkəməyə müraciət edilmişdir. Belə ki, işdən görünür ki, iddiaçı tərəfindən hazırda mübahisələndirilən icra qeydinə əsasən tutulmalı olan məbləğə görə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödmişdir.
7. Halbuki, nəzərə alınmalıdır ki, iddiaçının hazırki ərizəsi üzrə tələb həmin məbləğin tutulması ilə bağlı deyil, icra qeydinin ləğvi ilə bağlıdır. Yəni hazırki ərizə üzrə tələb qiymətləndirilən yox, qiymətləndirilməyən iddia tələbi olduğundan iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilməli idi.
Nəticə :
8. Belə olan halda, məhkəmə qeyd edir ki, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah edilməlidir.
9. Həmçinin məhkəmə qeyd edir ki, hazırki mülki iş materiallarına əlavə edilmiş 39 (otuz doqquz) manat məbləğində dövlət rüsumu (Ödəyici: Yeni Klinika PHŞ, VÖEN: **********; qəbzin nömrəsi:**********; tarix:xx.xx.2025, saat:15:52) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır.
10. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263-264,268 maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
İddiaçı PHŞ-nin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Maraqlı şəxs MMC cəlb edilməklə cavabdeh Bakı şəhəri 30 saylı Dövlət Notariat Kontoruna qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. Ödənilmiş 39 (otuz doqquz) manat məbləğində dövlət rüsumu (Ödəyici: Yeni Klinika PHŞ, VÖEN: **********; qəbzin nömrəsi:**********; tarix:xx.xx.2025, saat:15:52) dövlət büdcəsindən iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva