Məhkəmə qərarları › İş №e-2(007)-1625/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(007)-1625/2025

09.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1625/2025 09.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianı təmin edərək, 39700 (otuz doqquz min yeddi yüz) manat pulun və eləcə də dövlət rüsumu kimi ödədiyi 210 manat (iki yüz on) manat pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar:

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2024-cü ildə cavabdeh ona bildirib ki, rəsmi şəkildə dövlət orqanları tərəfindən keçirilən hərraclarda münasib qiymətə avtomobillər satışa çıxarılır, əgər istəyirsə o zaman ödənişləri etsin, qanuni şəkildə keçirilən hərraclarda iştirakın təmin etsin və adına rəsmiləşdirmələr aparılsın. O da cavabdehin səmimiyyətinə, aralarındakı tanışlara görə onu aldatmayacağını düşünüb, bununla yanaşı ona inanmağının digər başlıca səbəbi hərraca çıxarılmış maşınlarla bağlı rəsmi dövlət orqanlarının iştirakının, təşkilatçılığının olduğunu deməsi idi. Aralarındakı danışıqlara görə cavabdeh ona üç fərqli maşın almaq üçün hərraclarda iştirak edəcəkdir və ən qısa zamanda, təxminən bir həftə ərzində adına DYP-də rəsmiləşdirmə aparacaqdır. Cavabdeh bir ədəd “Hyundai Sonata” markalı, iki ədəd “Nissan Sunny” markalı avtomobillər üçün xx.xx.2024-cü ildə ondan 17000 manat və əlavə olaraq 6000 manat, ümumilikdə 23000 manat pul alıb. Onu da qeyd edir ki, cavabdeh qeyd edilən pulların təcili olaraq verilməli olduğunu bildirdiyindən və onda da həmin məbləğdə pullar olmadığından tanışlardan əlavə ödəniş müqabilində borca pullar alaraq cavabdehə ödəyib. Cavabdeh pulları aldıqdan sonra deyib ki, gərək ki fərqli şəxslərin adına rəsmiləşdirilmə aparılsın, o da ödənişləri özü etdiyindən özündən əlavə qohumlarının, yəni arvadının və əmisinin adına sənədləşmə edilməsinə razılıq verib və cavabdehin istəyi üzrə onların şəxsiyyət vəsiqələrini göndərib. Cavabdeh ondna pulları, şəxsiyyət vəsiqələrini aldıqdan sonra bu gün sabah vədlərinə keçib. Hər dəfə hərracın nəticələri, rəsmiləşdirmə barədə soruşduqda narahat olma, təsdiqdədir deyib, gah ona üstü bağlı qəbzlər, gah da ki, başqa şəxslərin adına natamam sənədləri atıb. Onun bu şübhəli hərəkətlərindən aldadıldığını başa düşdükdə ya təcili olaraq maşınların təhvil verilməsini, ya da ki pullarının geri qaytarılmasını tələb edib. İşin ciddiyyətini gördükdən sonra cavabdeh min bir xahişlər edərək yenə də vaxt istəyib, gah övladının xəstə olduğunu, gah avtomobilinin qəzaya düşdüyünü, gah da ona çatası pulların hələ ödənilmədiyini deyərək hər dəfə xahişlər edib. O da hər gün ona zəng edərək, mesaj yazaraq pullarını tələb edib. Axırda şikayət etməməyi üçün cavabdhe onda inam yaratmaq məqsədilə təklif edib ki şahidlərin iştirakı ilə ərizə yazsın, inamı yaransın. O da cavabdehlə razılaşıb və nəticədə xx.xx.2024-cü il tarixində onun, şahid qismində Şahid və Elşən Abdullayevin iştirakları ilə cavabdeh öz azad iradəsi əsasında “Mən, Cavabdeh öhdəmə götürürəm ki, 2 ədəd “Nissan Sunny” (90AN227, 90AN226), 1 ədəd “hyundai Sonata” (90AU228) maşınlarına görə İddiaçı 17000 (on yedd min) manat almışam. Danışığa əsasən pul faizlə götürüldüyünə görə 23000 (iyirmi üç min) manat qaytarmalıyam. Danışığa əsasən xx.xx.2024-cü il tarixində 3 ədəd maşını mən, Cavabdeh təhvil verməsəm, pulun iki mislini geri qaytaracam. Oxudum, heç bir irad, təklifim yoxdur, yazılanların hamısı ilə razıyam, öz imzamla təsdiq edirəm” məzmununda Razılaşma müqaviləsi adlı sənəd imzalayıb. Yuxarıda da vurğuladığı kimi sözügedən sənədi imzaladıqdan sonra qeyd edilən tarixdə, yəni xx.xx.2024-cü il tarixində ona verməli olduğu 3 ədəd maşını vermədiyindən, cavabdeh onn qarşında imza edərək özünün üzərinə götürdüyü pul məbləği üzrə yəni, 46000 manat pul məbləğinə dair öhdəlik daşıyıb. Belə ki, o, cavabdehdən əl çəkmədiyindən, pullarını geri tələb etdiyindən, cavabdeh də onu daha aldada bilməyəcəyini dərk etdiyindən təkidlərindən sonra onda yenə də inam yaratmaq üçün xx.xx.2024-cü il tarixində 1000 manat, xx.xx.2024-cü il tarixində 1000 manat, xx.xx.2024-cü il tarixində 1000 manat, xx.xx.2024-cü il tarixində 1000 manat, xx.xx.2024-cü il tarixində 500 manat, xx.xx.2024-cü il tarixində 1000 manat, xx.xx.2024-cü il tarixində 800 manat pulu, ümumilikdə 6300 manat pulu kart vasitəsilə ona göndərib, lakin bundan sonra bir manat da olsun pul ödəməyib və yalan vədlərinə davam edərək vaxt istəyib, hazırda da bu xahişlərini davam etdirir. Bildirir ki, hazırki son günə kimi hər dəfə müxtəlif bəhanələr gətirərək, min bir xahişlər edərək vaxt istəyir və bununla da ona çatası pullardan onu məhrum edir, əlavə ziyanlara düşməyinə səbəb olur. Bu günə kimi cavabdeh dəfələrlə xahişlər edərək, vaxt istəsə də artıq bir il olacaq ki, öhdəliyini icra etmir, pullarını tam şəkildə qaytarmaqdan yayınır. Dəfələrlə müraciət edib, əlaqə yaratmağa çalışsa da, cavabdeh yenə də onu get-gələ salır. Sözügedən mübahisə üzrə danışıqlarını əks etdirən whatsapp yazışmaları cavabdehin təqsirli olduğunu, onu aldatdığını və ondan aldığı pullar müqabilində ona heç bir maşın vermədiyini, pullarını özündə saxladığını və öz imzası ilə təsdiq etdiyi razılaşmadakı üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, pullarını qaytarmadığını birbaşa sübut edir. Bir daha qeyd edir ki, cavabdeh öz imzası ilə təsdiq etdiyi və öz üzərinə götürdüyü öhdəlik üzrə ona 46000 manat pul ödəməli idi, lakin həmin puldan bu günə kimi ümumilikdə 6300 manat pulu kartına atdığından cavabdehin ona bu günki günə qaytarmalı olduğu pulun məbləği 39700 manatdır. Bildirir ki, qeyd edilən pul barədə öhdəliyi cavabdeh öz azad iradəsi ilə üzərinə götürdüyündən 39700 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə tələbi işin hallarına, qanunvericiliyin tələblərinə tam adekvatdır. Odur ki, cavabdeh qaytarmalı olduğu pulları hələ də qaytarmadığından və aralarındakı mübahisəni danışıqlar yolu ilə həll etmək mümkün olmadığından, öz imzası ilə təsdiq etdiyi razılaşma müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi tam şəkildə icra etmədiyindən əlavə vaxt itkisinə şərait yaratmadan hüquqlarının müdafiəsi üçün aidiyyəti qaydada məhkəməyə müraciət etmək məcburiyyətindədir. Qeyd olunanlardan göründüyü kimi cavabdeh üzərinə düşən öhdəliyi vaxtında icra etməyib, pullarını qaytarmayıb. Cavabdeh də bilir ki, ona verilən pulları borcxərc edərək, üzərinə əlavə öhdəliklər götürərək digər şəxslərdən alıb. Belə ki, cavabdehin etdiyi qanunsuzluğa, pullarını geri qaytarmadığına görə o, ağır maddi vəziyyətə düşdüyündən, cavabdeh onun qarşında öhdəlik daşıdığından iddianın predmeti olan pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamənin qəbul edilməsi qanunvericiliyin tələbidir.

İş materialları:

3. Razılaşma müqaviləsi adlı sənəddən görünür ki, “Mən, Cavabdeh öhdəmə götürürəm ki, 2 ədəd “Nissan Sunny” (90AN227, 90AN226), 1 ədəd “hyundai Sonata” (90AU228) maşınlarına görə İddiaçı 17000 (on yedd min) manat almışam. Danışığa əsasən pul faizlə götürüldüyünə görə 23000 (iyirmi üç min) manat qaytarmalıyam. Danışığa əsasən xx.xx.2024-cü il tarixində 3 ədəd maşını mən, Cavabdeh təhvil verməsəm, pulun iki mislini geri qaytaracam. Oxudum, heç bir irad, təklifim yoxdur, yazılanların hamısı ilə razıyam, öz imzamla təsdiq edirəm”. Həmin sənəd Cavabdeh, İddiaçı və şahidlər Şahid və Elşən Abdullayev tərəfindən imzalanmışdır.

4. Məhkəməyə iddiaçı tərəfindən təqdim edilmiş çıxarışlardan görünür ki, 416973******3584 saylı hesabdan 409858******9908 saylı hesaba xx.xx.2024-cü ildə 1000 manat, xx.xx.2024-cü ildə 1000 manat, xx.xx.2024-cü ildə 1000 manat, xx.xx.2025-ci ildə 1000 manat, xx.xx.2024-cü ildə 500 manat, xx.xx.2024-cü ildə 1000 manat, xx.xx.2024-cü ildə 800 manat məbləğində pul köçürülmüşdür.

5. Məhkəməyə iddiaçı bir ədəd disk və “whatsapp” proqramı vasitəsi ilə aparılan söhbətin nüsxələri təqdim edilmişdir.

6. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən 210 manat dövlət rüsumu ödənilib.

Tərəflərin izahatları:

7. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, onun dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, cavabdehə ümumilikdə 23000 manat pul verib, 17000 manat öz vəsaiti hesaına, 6000 manat isə Elşən Abdullayevdən borc alaraq verib. 6000 manat pulu cavabdehə əlbəəl verib.

8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil oğlu iddia tələbini müdafiə edib, onun dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh avtomobilləri vermədiyi təqdirdə 46000 manat pulu qaytarmağı öhdəsinə götürüb. Tərəflər arasında tapşırıq, xidmət münasibətləri olub. Cavabdeh iddiaçıya 3 ədəd avtomobil verməli idi, onun tərtib etdiyi razılaşma müqaviləsi də könüllü tərtib edilib.

9. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə dəfələrlə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq (elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə), o, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsin səbəbləri barədə məlumat verməmişdir.

10. Məhkəmə iclasında şahid kimi dindirilən X2 ifadəsində göstərdi ki, iddiaçı cavabdehə 17000 manat pul verib. Razılaşma müqaviləsi onun yanında yazılıb. Sonra İddiaçı avtomobil almaq üçün pulun çatmadığını deyib, bu səbəbdən ona 6000 manat məbləğində pul verib. Cavabdeh razılaşmanı özü yazıb, ona təzyiq göstərilməyib. Faiz məsələsi olmayıb, Cavabdeh iddiaçı üçün iş görməli idi, tərəflər arasında münasibətlər tapşırıq münasibəti olub. Cavabdeh artıqlaması ilə götürdüyü pulu qaytaracağını deyib.

11. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 20 ildir ki, cavabdehi və anasını tanıyır. O, cavabdehin evində kirayə qalanda onunla yaxın münasibətləri olub, cavabdehi yaxşı insan kimi tanıyıb. Cavabdeh ona zəng edərək adına çox avtomobil rəsmiləşdiyinə görə ucuz avtomobilləri hərraca çıxararaq satdığını bildirib. Bu barədə iddiaçıya məlumat verib. Cavabdehin niyyətinin onları aldatmaq olduğunu bilmirdi. İddiaçı avtomobilləri almaq istəyirdi, sadəcə o, vasitəçi olub. Daha sonra onlar cavabdehlə görüşüblər və cavabdehdən ya pulu, ya da avtomobilləri tələb ediblər. Cavabdeh iddiaçıya üç avtomobili verməsə, pulu iki qat məbləğdə qaytaracağını bildirib. Razılaşma müqaviləsi tərtib olunarkən cavabdehə heç bir təzyiq olmayıb, özü könüllü yazıb. Son vaxta qədər cavabdehlə danışıqları olmayıb. Cavabdehə bir dəfə 17000 manat, ikinci dəfə 6000 manat pul verilib.

12. Məhkəmə iddiaçının yazılı razılığı əsasında işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Məhkəmə baxışının hədləri:

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 241.1. Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 781-ci maddəsinə əsasən vəkalət alan istənilən vaxt vəkalət verənin tələbi ilə ona tapşırığın icrası gedişi haqqında informasiya, habelə tapşırığın icrasından sonra hesabat verməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

İşin faktiki halı:

16. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında olan şifahi razılaşmaya əsasən Cavabdeh hərrac vasitəsi ilə iddiaçıya üç ədəd avtomobil almağı, İddiaçı isə cavabdehə 23000 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı xx.xx.2024-cü də cavabdehə 17000 və daha sonra isə 6000 manat məbləğində pul verdiyini, lakin cavabdeh tərəfindən nə avtomobillərin, nə də ki, verdiyi pulların qayarılmadığını qeyd etmişdir. Bundan sonra tərəflər arasında Razılaşma müqaviləsi adlı sənəd tərtib edilib. Həmin müqavilədə cavabdeh iddiaçıdan 3 ədəd avtomobil üçün 17000 manat pul aldığını, pulu faizlə götürdüyündən 23000 manat qaytaracağını, xx.xx.2024-cü ilə qədər avtomobilləri təhvil verməsə pulun iki mislini geri qaytaracağını qeyd etmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən hazırkı vaxtadək cəmi 6300 manat məbləğində pulun geri qaytarıldığını qeyd edərək, cavabdehdən 39700 manat pulun qaytarılmasını xahiş etmişdir.

Məhkəmənin mövqeyi:

17. Məhkəmə iddia ərizəsini mülki işin materialları ilə birlikdə araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.

18. Məhkəmə qeyd edir ki, cavabdehin məhkəməyə gəlmədiyi, gəlməməsinin səbəbi barədə məlumat vermədiyi üçün işə qiyabi icraat qaydasında baxılmış, bu zaman yalnız iddiaçının təqdim etdiyi sübutlar tədqiq edilmiş və nəzərə alınmışdır.

19. Məhkəmə hesab edir ki, tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn münasibətlər olub. İş üzrə mübahisəli məqamlardan biri iddia ərizəsində və razılaşma müqaviləsində qeyd edilən bəzi halların ziddiyyətli olması olub. Belə ki, iddiaçı şifahi tapşırıq müqaviləsinə əsasən cavabdehə üç ədəd avtomobilin alınması üçün ümumilikdə 23000 manat pul ödədiyini və cavabdehin öhdəliyi yerinə yetirmədiyi halda 46000 manat pulu ona ödəməyi öhdəsinə götürdüyünü qeyd etsə də, məhkəməyə təqdim edilmiş və cavabdeh tərəfindən tərtib edilmiş Razılaşma müqaviləsində cavabdehin üç ədəd avtomobil üçün 17000 manat pul aldığı, pulu faizlə götürdüyündən 23000 manat qaytaracağı və xx.xx.2024-cü ilə qədər avtomobilləri təhvil verməsə pulun iki misli həddində pul ödəyəcəyi qeyd edilmişdir.

20. Məhkəmə həmin ziddiyyətli məqamları aydınlaşdırmaq üçün razılaşma müqaviləsinin tərtibi zamanı iştirak etmiş şahidlər X1 və Şahid iştirakları təmin edilmişdir. Məhkəmə iclasında iştirak edən şahidlər iddiaçı tərəfindən 3 ədəd avtomobilin alınması məqsədi ilə cavabdehə ümumilikdə 23000 manat pul verildiyini təsdiq etmişlər.

21. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən vurduğu maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir.

22. Belə ki, məhkəmə iclasında işin faktiki əsasları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh şifahi tapşırıq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərə əməl etməyərək, üç ədəd avtomobili iddiçıya təhvil verməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh tərtib etdiyi Razılaşma müqaviləsinə əsasən götürdüyü öhdəliklərə uyğun olaraq iddiaçıya, 23000 manat pulun iki misli, yəni 46000 manat məbləğində pul ödəməlidir.

23. Məhkəmə iddia ərizəsində qeyd edilənləri, həmçinin ödəniş qəbzlərini üzrə cavabdeh tərəfindən iddiaçıya qaytarılmış pulları (6300 manat) nəzərə almaqla, hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 39700 manat məbləğində pul tutulmalıdır.

Nəticə:

24. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 39700 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir.

25. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 209,1 (39700 manata münasibətdə) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun 0,90 manatı İddiaçı aid edilməlidir.

26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh 39700 manat məbləğində pul və 209,10 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Məhkəmə xərclərinə aid olan, ödənilmiş dövlət rüsumunun 0,90 manatı İddiaçı aid edilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar