Məhkəmə qərarları › İş №e-2(007)-1648/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1648/2021

03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1648/2021 03.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1.902 manat (bir min doqquz yüz iki manat) vəsaiti, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-də KASKO-BUTİK məhsulu üzrə S4233PLUS könüllü sığorta şəhadətnaməsi ilə X4 məxsus 90SV999 dövlət qeydiyyat nişanlı “Mitsubishi ASX” markalı avtomobil sığortalanmışdır. 22 dekabr 2019-cu il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai Elantra” markalı, 90ZV130 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü Cavabdeh tərəfindən həmin avtomobilə maddi zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar sığortalı avtomobilə 50.294,16 manat (əlli min iki yüz doxsan dörd manat on altı qəpik) məbləğində zərər dəymişdir. Sığorta müqaviləsinə uyğun olaraq 1,902 manat (bir min doqquz yüz iki manat) məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. O qeyd etdi ki, ekspertiza rəyi ilə müəyyən edilmiş zərər məbləğindən asılı olmayaraq, onlar çəkdikləri 1.902 manat zərərin əvəzini tələb edirlər. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini, ekspert rəyi ilə razılaşmadığını bildirdi. Həmçinin o, X3 maşına dəyən zərərin 50000 manat qiymətləndirilməsini, sığorta şirkətinin maşınının tamamilə yararsız vəziyyətdə olması fikri ilə razılaşmadığını, ekspertin qiymətləndirilmə ilə razı olmadığını, təzə maşının dəyəri qədər zərər məbləğinin müəyyən edilməsini, zərrəçəkmiş şəxsə kifayət qədər xərc çəkdiyini, avtomobilin sadəcə ön hissəsinin zədələndiyini, bunun isə təxmini olaraq 5000- 6000 manat məbləğində zərər olduğunu, avtomobilin təmirinin müqavilə bağladığı sığorta şirkəti tərəfindən ödəndiyini qeyd etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İşə əlavə olunmuş "xxxx" MMC tərəfindən verilmiş 18 fevral 2020-ci il tarixli sığorta aktından görünür ki, 22.12. 2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitələri zədələnmişdir. Zərərlə bağlı maddi ziyanın ümumi məbləği 50294.16 manat müəyyən olunmuş və müvafiq olaraq siğorta ödənişi həyata keçirilmişdir. İşə əlavə olunmuş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışdan görünür ki, X1, X3 90SV999 dövlət qeydiyyat nişanlı “Mitsubishi ASX” markalı avtomobilinə zərər vurulmuşdur. İşə əlavə olunmuş Cinayət işi başlanmasının rədd edilməsi haqqında 22 yanvar 2020-ci il tarixli Qərardan görünür ki, Cavabdeh barəsində cinayət işi rədd edilmiş, o, İXMnin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədilə qəbul edilmiş qərar Nəsimi DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İşə əlavə olunmuş məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 13 oktyabr 2021-ci il tarixli 9/4978 nömrəli rəyin nəticəsindən görünür ki, 90SV999 dövlət qeydiyyat nişanlı Mitsubishi ASX markalı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişdirilməklə, əsaslı təmir olunması rentabelli heab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 14700, 00 manat müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" MMC-də KASKO-BUTİK məhsulu üzrə S4233PLUS könüllü sığorta şəhadətnaməsi ilə X4 məxsus 90SV999 dövlət qeydiyyat nişanlı Mitsubishi ASX markalı avtomobil sığortalanmışdır. 22 dekabr 2019-cu il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai Elantra” markalı, 90ZV130 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü Cavabdeh tərəfindən həmin avtomobilə maddi zərər vurulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə qeyd edir ki, Hyundai Elantra markalı, 90ZV130 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü Cavabdeh İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və bununla da X4 maddi zərər yetirilmişdir. "xxxx" MMC tərəfindən zərərlə bağlı maddi ziyanın ümumi məbləği 14700 manat müəyyən olunmuş və müvafiq olaraq siğorta ödənişi həyata keçirilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı "xxxx" MMC tərəfindən həyata keçirilmiş sığorta ödənişinin əvəzini ödəməməklə və sığorta ödənişini ondan tələb etmək hüququ olan iddiaçının bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə qanunvericiliyin qeyd edilən tələblərini pozmuşlar. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13 oktyabr 2021-ci il tarixli 9/4978 nömrəli rəyindən görünür ki, 90SV999 dövlət qeydiyyat nişanlı “Mitsubishi ASX” markalı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişdirilməklə, əsaslı təmir olunması rentabelli heab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 14700, 00 manat müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, icbari sığorta şirkəti "xxxx" MMC tərəfindən ödənilmiş və subroqasiya qaydasında tələb edilən 1902 manat məbləği cavabdehdən tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh "xxxx" MMC-nin xeyrinə 1902 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ekspertizanın keçirilməsinə sərf olunmuş 100 manat məbləğində ekspertiza xərci cavabdehdən tutularq Məhkəmə Ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə 1902 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat vəsaitin əvəzi tutulsun. Məhkəmə ekspertizasının keçirilməsinə sərf olunmuş 100 manat məbləğində ekspertiza xərci cavabdehdən tutularq Məhkəmə Ekspertiza mərkəzinin hesabına (VÖEN: **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar