Məhkəmə qərarları › İş №e-2(007)-1654/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1654/2022

26.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1654/2022 26.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlakın açıq hərracdan satılması və satış pulunun mülkiyyətçilər arasında bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlakın açıq hərracdan satılması və satış pulunun mülkiyyətçilər arasında bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Ə.Hacıyev küçəsindəki 36 saylı evin 42 saylı, 79,30 kv.m yaşayış sahəsi olan mənzil İddiaçı və Cavabdeh hər birinin ½ hissədə paylı mülkiyyətindədir. Belə ki, onların adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə ********** saylı Çıxarış verilmişdir. Ümumi paylı mülkiyyətdə olan əmlak, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ********** saylı çıxarışı ilə İddiaçı ½ hissədə, Cavabdeh ½ hissədə məxsusdur. ünvan 1 ünvanında 79,30 kv.m olan mənzili paylara uyğun naturada bölmək sahənin azlığı və payçıların çoxluğu səbəbindən qeyrimümkün olmuşdur. Cavabdeh mənzilin satılması və əldə edilən pulun paylara mütənasib şəkildə bölünməsinə etiraz etdiyindən işin məhkəmə qaydasında həll olunması zərurəti yaranmış, buna görə də İddiaçı Bakı şəhəri, Ə.Hacıyev küçəsindəki 36 saylı evin 42 saylı, 79,30 kv.m yaşayış sahəsi olan mənzilin İddiaçı və Cavabdeh hər birinin ½ hissədə payı nəzərə alnmaqla naturada bölünməsi barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir (2(007)-176/2022). Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(007)-176/2022 saylı qətnaməsinə əsasən məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin iş üzrə verdiyi 21 dekabr 2021-ci il tarixli rəyindən görünür ki, mübahisəli mənzilin tərəflərin paylarına uyğun olaraq naturada bölgüsü mümkün olmadığına görə iddianı əsassız hesab etmiş və İddiaçı Cavabdeh qarşı əmlakın natura qaydada bölünməsi tələbinə dair iddiası təmin olunmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışından görünür ki, əmlaklar ümumi paylı mülkiyyət şəklində müəyyən edilmişdir. Qeyd edək ki, ünvan 2 ünvanında 79,30 kv.m olan mənzili paylara uyğun naturada bölmək sahənin azlığı və payçıların çoxluğu səbəbindən bölmək qeyri-mümkündür. Cavabdeh isə mənzilin satılması və əldə edilmiş pulun paylara mütənasib şəkildə bölünməsinə etiraz etdiyindən işin məhkəmə qaydasında həll olunması zərurəti yaranmışdır. Belə halda qanunvericliklə müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən iddianı təmin edib, Bakı şəhəri, Ə.Hacıyev küçəsindəki 36 saylı evin 42 saylı, 79,30 kv.m yaşayış sahəsinin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri İddiaçı və Cavabdeh arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. 09 iyun 2022-ci il tarixli məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, iddiaçı tərəf mübahisəli mənzildə 2000-ci ildən yaşamır. O, mübahisəli mənzili iki dəfə təmir etdirmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etmişdir. Hazırkı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-176/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “əmlakın natura qaydada bölünməsi” tələbinə dair iddiasının təmin olunmaması qət edilmişdir. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ümumi sahəsi 79,30 kv.m olan Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, 36 saylı evin 42 saylı mənzilinin ½ hissəsi Cavabdeh, ½ hissəsi isə İddiaçı adına qeydiyyata alınmışdır. - İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizəsinin surətindən görünür ki, Bakı şəhəri, Nizamı rayonu, Əlif Hacıyev küçəsində yerləşən 36 nömrəli evin 42 nömrəli mənzili, hər birinin payı 1/2 hissədə olmaqla, xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sözügedən mənzil paylı mülkiyyət kimi adına qeydiyyata alınsa da, mülkiyyətçi kimi öz hüquqlarından istifadə edə bilmir, mülkiyyət hüququm sadəcə olaraq formal xarakter daşıyır. Bu hüququ həyata keçirməyinə tərəfindən maneçilik yaradılır. Qeyd edilənləri nəzərinə çatdırmaqla, mülkiyyətlərində olan mənzildəki payının naturada ayrılması mümkün deyil və bu ayrılma ümumi mülkiyyətdə olan mənzilə tənasübsüz zərər vurmadan mümkün deyil, ona görə ayrılan mülkiyyətçi kimi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi kimi ona ödənilməsini təklif edir. O, mənzilin yerləşmə yerini, dəyərini və hazırkı bazar qiymətlərini nəzərə alıb, mənzilin satış dəyərini 145000 manat məbləğində olduğunu hesab edərək və mənzil üzərində payları 1/2 hissədə olmaqla bölündüyündən mənzilin ümumi satış qiymətinin paylarına mütənasib olaraq 72500 manat hissəsin ona verməyini təklif edir. Təklifini müzakirə etmək üçün görüşə və ya telefonla müzakirə aparmağı da təklif etməklə, bildirir ki, təklifi dəyərləndirərək həll etməyi üçün məktubu aldığı tarixdən etibarən 15 gün müddət təyin edir, əks halda yuxarıda istinad etdiyi qanun normaları baxımından iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olacaqdır, o zaman hüquqi prosedurlar və məhkəmə xərcləri də ondan tutulmalı olacaqdır. 507974 saylı qaiməyə əsasən qapının bağlı olduğu müəyyən edilmişdir. - Məhkəmənin qərardadına əsasən "xxxx" Hüquq və Konsaltinq Şirkəti tərəfindən keçirilmiş məhkəmə qiymətləndirmə ekspertizasının xx.xx.2022-ci il tarixli LP-160/2022 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində yerləşən 36 saylı evin 42 saylı mənzilinin (orta təmirli olduğu halda) müqayisəli yanaşma ilə hazırkı bazar qiyməti 132000 manat, likvid qiyməti isə 125000 manat təşkil edir. Məhkəmə iclasında müəyyən edildi ki, ümumi sahəsi 79,30 kv.m olan Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində yerləşən 36 saylı evin 42 saylı mənzili İddiaçı və Cavabdeh hər birinin ½ hissədə paylı mülkiyyətindədir. Mənzilin tərəflərin paylarına uyğun olaraq naturada bölgüsünün mümkün olmadığı müəyyən edilmişdir. Hazırda isə iddiaçı açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri İddiaçı və Cavabdeh arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; 220.4-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər; 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir; 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Mülki qanunvericiliyin mənasına görə, ümumi mülkiyyətin iştirakçısının əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ vardır. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması və ya pul kompensasiyasının (dəyərinin) ödənilməsi ilə həyata keçirilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93). Belə ki, paylı mülkiyyətdə olan Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində yerləşən 36 saylı evin 42 saylı mənzilin ½ hissəsinin mülkiyyətçisi olan İddiaçı və mənzilin ½ hissəsinin mülkiyyətçisi olan Cavabdeh ümumi mənzilin bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədiklərindən paylı mülkiyyətin mülkiyyətçilərindən İddiaçı öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmiş, mübahisəli mənzilin mülkiyyətçiləri arasında hər kəsin öz payına uyğun natura şəklində bölünməsi texniki cəhətdən mümkün olmadığından Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilməmişdir. Məhkəmə hesab edir ki, həmin əmlak açıq hərracdan satılmalı və satış pulu ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Məhkəmə bununla bağlı qənaətə gələrkən müəyyən etmişdir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara İddiaçı tərəfindən əməl edilmişdir. Hansı ki, həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli Qərarı ilə belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Bununla da, müəyyən edildi ki, İddiaçı mübahisəli məsələ ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl etmiş, lakin mübahisənin məhkəmədən kənar həlli imkanı itirildikdən sonra məhkəməyə müraciət etmişdir. Habelə, mənzilin naturada bölünməsinin texniki baxımdan mümkün olmaması ilə məhkəmə qətnaməsi mövcuddur. Ona görə də, məhkəmə hesab edir ki, ümumi mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi yolu ilə mübahisə həll edilməlidir. İş materiallarından görünür ki, əmlakın qiymətləndirilməsi prosesi zamanı Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində yerləşən 36 saylı evin 42 saylı mənzilinin (orta təmirli olduğu halda) müqayisəli yanaşma ilə hazırkı bazar qiyməti 132000 manat, likvid qiyməti isə 125000 manat müəyyən edilmişdir. MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə hesab edir ki, ekspert rəyinə uyğun olaraq Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində yerləşən 36 saylı evin 42 saylı mənzili hərraca çıxarıldıqda, ilkin satış qiyməti 125000 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində yerləşən 36 saylı evin 42 saylı mənzili 125000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılsın, əldə olunan pul vəsaitinin 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi Cavabdeh verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində yerləşən 36 saylı evin 42 saylı mənzili 125000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılsın, əldə olunan pul vəsaitinin 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi Cavabdeh verilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar