Məhkəmə qərarları › İş №e-2(007)-1721/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(007)-1721/2024

14.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1721/2024 14.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “kirayə haqqının və mənəvi zərərin ödənilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı1, onun vəkili və nümayəndəsi Vəkil, İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kirayə haqqının və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:

1. İddiaçı1 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kirayə haqqının və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2022-cü ilin noyabr ayı da daxil olmaqla, İddiaçı1 və "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin predmeti olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-cü blok, 15-ci mərtəbə, ümumi sahəsi 90,4 kv.m olan, 2 otaqdan ibarət 66 nömrəli mənzil cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı1 təhvil verilənədək hər ay 550 manat kirayə haqqının, habelə mənəvi zərərin əvəzi olaraq 8000 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddiaçı1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, İddiaçı2 da iddiaçı kimi əlavə edib, İddiaçı1 və "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin predmeti olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 15-ci mərtəbə, ümumi sahəsi 90,4 kv.m olan, 2 otaqdan ibarət 66 nömrəli mənzil cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı1 təhvil verilənədək hər ay 550 manat kirayə haqqı və 8000 manat məbləğində mənəvi ziyan tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər.

3. İddiaçılar məhkəməyə ərizə təqdim edərək, işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişlər.

İddia ərizənin əsaslandırıldığı hallar:

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 ailə üzvləri – həyat yoldaşı X4, övladları İddiaçı2 və X5 ilə birlikdə mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 84 nömrəli mənzilində yaşamışlar. Həmin mənzil İddiaçı1 və onun ailəsinin yeganə yaşayış yeri olmuşdur. 2016-cı ildə cavabdeh "xxxx" MMC-nin nümayəndələri iddiaçının da ailə üzvləri ilə birgə yaşadığı mənzilin yerləşdiyi beşmərtəbəli binanın yerləşdiyi ərazinin İcra Hakimiyyətinin sərəncamı ilə MMC-nin istifadəsinə verildiyini, həmin ərazidə MMC tərəfindən yeni çoxmənzilli binaların tikiləcəyini, bunun üçün isə ərazidə mövcud olan bina və evlərin sökülərək ərazinin boşaldılmalı olması barədə məlumatı iddiaçı və orada yaşayan digər sakinlərə bildirmişlər. Lakin İddiaçı1 və onun ailə üzvləri, habelə qonşuluqda yaşayan digər şəxslər yaşadıqları mənzilləri boşaltmaqdan imtina etmişlər. Bu barədə məlumatı alan MMC-nin rəhbərliyi sakinləri müqavilə bağlamağa məcbur etmək üçün həmin əraziyə ağır texnika gətirtmiş, sakinlərin etirazlarına baxmayaraq, xx.xx.2016cı il tarixdə iddiaçının yaşadığı mənzilin yerləşdiyi və 94 ailənin yaşadığı beşmərtəbəli yaşayış binasını sökdürmüş, iddiaçı və onun ailə üzvlərinə aid məişət və geyim əşyalarının bir qismi söküntü altında qalmışdır. Onu da qeyd edir ki, "xxxx" MMC tərəfindən ərazidə yerləşən binalar sökülənədək orada tikiləcək yeni binaların layihəsi hələ təsdiq olunmamışdır. Bu səbəbdən də MMC sakinləri aldatmış və onlara başqa bir binanın layihəsini göstərmiş, onları evlərinin sökülməsinə və əvəzinə tikiləcək binada mənzillərin veriləcəyi barədə razılıq verilmələri barədə müqavilələr bağlamaq məcburiyyətində qoymuşdur. Həmin müqavilələrdən birini də İddiaçı1, mənzilinin sökülməsindən 4 gün sonra, yəni xx.xx.2016-cı il tarixdə "xxxx" MMC ilə bağlamaq məcburiyyətində qalmışdır. İddiaçı1 (müqavilə bağlandığı vaxt – Davudova) və cavabdeh "xxxx" MMC arasında bağlanmış həmin xx.xx.2016-cı il tarixli müqavilənin şərtinə görə, İddiaçı1 faktiki olaraq onun istifadəsində olan ünvan 3 ünvanında yerləşən mənzilini boşaldaraq "xxxx" MMC-yə təhvil verməyi, "xxxx" MMC isə bunun müqabilində söküntüsü nəzərdə tutulmuş binada İddiaçı1 mülkiyyətində olan mənzilin həmin mərtəbə səviyyəsində faktiki yaşayış sahəsinə 25% əlavə edilməkə, sahəsi 90,25 kv.m təmirli mənzili iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilənin digər şərtinə görə isə, MMC İddiaçı1 yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə kirayə haqqı qismində hər ay 300 manat məbləğində kompensasiya ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC-nin üzərinə götürdüyü digər bir öhdəlik isə yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərinin 16 ay müddətində başa çatdıraraq iddiaçıya təmirli mənzilin təhvil verilməsi olmuşdur. Bundan başqa, İddiaçı1 övladı İddiaçı2zadə üçün də "xxxx" MMC-dən ona veriləcək mənzilinin yerləşdiyi binadan mənzil almaq qərarına gəlmişdir. Bu məqsədlə onunla "xxxx" MMC arasında xx.xx.2016-cı il tarixli müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış həmin xx.xx.2016-cı il tarixli müqavilənin şərtinə görə "xxxx" MMC Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 16-cı mərtəbə, ümumi sahəsi 56,5 kv.m olan, 1 otaqdan ibarət 254 nömrəli mənzili İddiaçı1 verməyi, İddiaçı1 isə mənzilin dəyərini təşkil edən 1 kv.m üçün 1000 manat olmaqla, ümumilikdə 56500 manatı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin digər şərtinə görə, mənzilin dəyərindən ilkin ödəniş olaraq 16760 manat məbləğində pul xx.xx.2016-cı il tarixli maliyyə arayışı əsasında İddiaçı1 tərəfindən MMC-yə ödənilmişdir. Həmçinin bildirir ki, İddiaçı1 və cavabdeh "xxxx" MMC arasında ilk dəfə bağlanmış iddiaçıya təhvil verilməli olan mənzilin nömrəsi göstərilmədiyinə görə, tərəflər arasında xx.xx.2016-cı il tarixli müqavilənin davamı olaraq, xx.xx.2019-cu il tarixdə yeni müqavilə imzalanmışdır. Həmin müqavilədə "xxxx" MMC tərəfindən İddiaçı1 təhvil verilməli olan mənzilin texniki göstəriciləri və ünvanı dəqiqləşdirilmiş, mənzilin nömrəsi (66), yerləşdiyi blok (1), mərtəbəsi (15), otaqların sayı (2), sahəsi (90,4) göstərilmişdir. Onu da qeyd edir ki, tərəflər arasında xx.xx.2019-cu il tarixdə müqavilənin imzalanması, xx.xx.2016-cı il tarixli müqaviləni qüvvədən salmamış, xx.xx.2016-cı il tarixli müqaviləyə xitam verilməmişdir. Başqa sözlə deyilsə, İddiaçı1 mülkiyyətində olan və MMC tərəfindən sökülən mənzillə bağlı tərəflər arasında iki müqavilə bağlanmış və hər iki müqavilə bu gün də qüvvədədir. Qeyd olunan fakt, yəni xx.xx.2019-cu il tarixli müqavilənin xx.xx.2016-cı il tarixli müqaviləyə əlavə müqavilə olması, habelə xx.xx.2019-cu il tarixli müqavilənin xx.xx.2016cı il tarixli müqaviləni qüvvədən salmaması, həmin müqaviləyə xitam verməməsi faktı, tərəflər arasında mülki iddia icraatı qaydasında başlanmış mülki iş üzrə qəbul edilmiş məhkəmə aktlarında öz təsdiqini tapmışdır. Belə ki, İddiaçı1 cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, 2021 və 2022-ci illər üzrə ödənilməmiş bütün kirayə haqlarının ödənilməsi, tamamlanacaq binada ona veriləcək mənzildən əlavə olaraq, binanın sökülməsindən bəri çəkdiyi məhrumiyyət və məşəqqətlərin maddi və mənəvi təzminatı olaraq, "xxxx" MMC tərəfindən ona 70000 manat təzminatın ödənilməsi, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia əsasında başlanmış mülki işə baxmış Bakı Şəhəri Nizami Rayon Məhkəməsi, iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli, 2(007)-2726/2022 saylı qətnaməsi ilə iddia tələbini rədd etmişdir. İddiaçı1 Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinə əsasən, işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, iş üzrə qəbul etdiyi 2(103)- 2517/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsini, birinci instansiyası məhkəməsinin qətnaməsinin qismən - kirayə haqqının ödənilməsi tələbi ilə bağlı hissəsində ləğv edilməsini, 5100 manat məbləğində pulun "xxxx" MMC-dən tutularaq İddiaçı1 ödənilməsini, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, iş üzrə qəbul etdiyi 2(103)-2517/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə aşağıdakılar müəyyən edilmişdir: “...işin mübahisəsiz hallarından məlum olur ki, "xxxx" MMC ilə İddiaçı1 arasında bağlanmış 03 avqust 2016-cı il tarixli müqaviləyə əsasən, iddiaçı faktiki olaraq onun istifadəsində olan ünvan 2 ünvanında yerləşən mənzilini boşaldaraq "xxxx" MMC-nə təhvil verməyi, "xxxx" MMC isə bunun müqabilində söküntüsü nəzərdə tutulmuş binada İddiaçı1 mülkiyyətində olan mənzilin həmin mərtəbə səviyyəsində faktiki yaşayış sahəsinə 25% əlavə edilməkə, 90,25 kv.m təmirli mənzili Əsədova onun mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Eyni zamanda, iddiaçı özünə məxsus həmin mənzilləri tərk etdiyi andan və yeni yaşayış sahəsi ilə təmin edilənədək kirayə haqqı qismində hər ay hər mənzilə görə müvafiq olaraq 300 manat məbləğində kompensasiya ödəməyi cavabdeh öz öhdəsinə götürmüşdür. Bundan sonra isə tərəflər arasında 22 avqust 2019-cu il tarixli müqavilə bağlanmış, bu müqaviləyə əsasən "xxxx" MMC tikinti işləri başa çatdıqdan sonra Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə, 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 15-ci mərtəbə, ümumi sahəsi 90,4 kv.m olan, 66 nömrəli mənzilini İddiaçı1 verməyi öhdəsinə götürmüşdür. İddiaçı hazırki iddia ilə ilk olaraq, 2021 və 2022-ci illər üzrə ödənilməmiş 5100 manat kirayə haqqının ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsi tələbi bu hissədə rədd edərkən, ona əsaslanmışdır ki, tərəflər arasında bağlanmış ilkin, yəni 23 avqust 2016-cı il tarixli müqavilə üzrə iddiaçıya hər ay 300 manat kirayə haqqının ödənilməsi nəzərdə tutulsa da, sonradan yəni 22 avqust 2019-cu il tarixli müqavilə üzrə cəmiyyət tərəfindən binanın tikintisi başa çatdırıldıqdan sonra iddiaçıya mənzil veriləcəyi ilə bağlı tərəflər razılağa gəlmiş və bu müqavilə ilə rəsmiləşdirilmişdir. Belə olan halda, tərəflər arasında mövcud olan 23 avqust 2016-cı il tarixli müqavilə üzrə öhdəliklərə xitam verilmiş, bağlanmış yeni müqaviləyə əsasən yeni öhdəliklər yaranmışdır. Kollegiya bu hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Şikayətin dəlilləri bu hissədə qətnamənin ləğvinə əsas verir Belə ki, Mülki Məcəllədə öhdəliyə xitam verilmənin konkret əsasları qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının hazırki iddianın faktiki əsası kimi istinad etdiyi 23 avqust 2016-cı il tarixli müqavilə hazırda qüvvədədir. Mənzil təhvil verilmədiyindən müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Bu müqavilə üzrə öhdəliklərə xitam verilməsi əsasları mövcud deyil, tərəflər arasındakı sonrakı müqavilədə də bu müqavilə üzrə öhdəliklərə xitam verilməsi barədə hər hansı razılaşma olmamışdır. 22 avqust 2019-cu il tarixli müqaviləni, birinci instansiya məhkəməsinin istinad etdiyi kimi, öhdəliyə tərəflər arasında mövcud olmuş ilkin öhdəliyin eyni şəxslər arasında digər predmet və ya icra üsulu (novasiya) nəzərdə tutan başqa öhdəliklə əvəz edilməsi barədə razılaşma da hesab etmək olmaz. Bu müqavilədən aydın şəkildə görünür ki, tərəflərin məqsədi aralarındakı əvvəlki müqavilənin predmeti, nə də icra üsulunun dəyişdirilməsi olmamış, sadəcə əvvəlki müqavilənin icrası zamanı iddiaçıya təhvil veriləcək mənzilinin dəqiq ünvanı müəyyənləşdirilmişdir...”. Cavabdeh "xxxx" MMC Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsindən kassasiya şikayəti verməmişdir. İddiaçının sözügedən qətnamədən verdiyi kassasiya şikayətinə əsasən, işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsi, iş üzrə qəbul etdiyi 2(102)-4008/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı1 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2517/2023 nömrəli, 30 may 2023-cü il tarixli qətnaməsi qismən - mənəvi zərərin təmin olunmaması hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılimışdır. Mənəvi zərərin tutulması hissəsində sözügedən mülki işə apellyasiya qaydasında yenidən baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, iş üzrə qəbul etdiyi 2(103)-1005/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi ilə mənəvi zərərin əvəzi kimi cavabdeh "xxxx" MMC-dən 4500 manat məbləğində pulun tutularaq İddiaçı1 ödənilməsini qət etmişdir. Göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, yaranmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə üzrə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə, 33 ünvanında "xxxx" MMC tərəfindən inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 15-ci mərtəbə, ümumi sahəsi 90,4 kv.m olan, 66 nömrəli mənzilinə dair müqaviləni "xxxx" MMC ilk dəfə 23 avqust 2016-cı il tarixdə məhz İddiaçı1 ilə bağlamışdır. xx.xx.2019-cu il tarixdə isə MMC və İddiaçı1 ilə eyni mənzilə görə yeni müqavilə bağlanmış və müqavilə üzrə yeni öhdəliklər cavabdeh "xxxx" MMC, inşasını üzərinə götürdüyü yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə kirayə haqqı qismində hər ay 300 manat məbləğində kompensasiya ödəməyi öhdəsinə götürmüşdür (2.1.2-ci bənd). Müqavilənin 2.2.4-cü bəndində isə hər hansı səbəbdən tikinti işlərinin müqavilə müddətində başa çatdırılmadığı təqdirdə müqavilənin 2.1.2-ci bəndində nəzərdə tutulmuş ödənişin (kirayə haqqının) müddətinin bina tikilib təhvil verilən müddətədək uzudılmasının təmin edilməsi MMC-nin vəzifəsi kimi təsbit edilmişdir. Cavabdeh "xxxx" MMC tərəfindən həmin öhdəlik davamlı olaraq 2021-ci ilin yanvar ayınadək yerinə yetirilmiş, hər ay 300 manat məbləğində pul İddiaçı1 ödənilmişdir. 2021-ci ildə isə yalnız fevral, sentyabr, oktyabr və dekabr ayları üzrə, 2022-ci ilin isə aprel ayı üzrə ödənişlər həyata keçirilmişdir. "xxxx" MMC tərəfindən kirayə haqqının əvəzi olaraq keçən müddət ərzində ümumilikdə 17350 manat məbləğində vəsait İddiaçı1 ödənilmişdir. Göründüyü kimi, cavabdeh "xxxx" MMC İddiaçı1 bir müddət kirayə pulunu ödəsə də sonradan həmin vəsaiti ödəməkdən əsassız imtina etmiş və mənzili təhvil verməklə bağlı müqavilə öhdəliklərini bu günədək yerinə yetirməmişdir. Onu da qeyd etməyi vacib hesab edir ki, yaşadığı mənzilin sökülməsi nəticəsində ailəsi ilə birlikdə kirayədə yaşamaq məcburiyyətində qalmış İddiaçı1, ona məxsus olmuş mənzil ilə eyni şəraitli olan kirayələdiyi mənzillərin aylıq kirayə haqqı 300 manat təşkil etməmişdir. Belə ki, hamıya bəlli olan faktdır ki, 2016-cı ildən bu günə qədər daşınmaz əmlak bazarında kəskin qiymət fərqi əmələ gəlmiş, qiymətlərdə ucuzlaşma deyil, bahalaşma müşahidə olunmuşdur. Bu hal həm daşınmaz əmlakların özgəninkiləşdirilmə qiymətləri ilə yanaşı, həm də kirayə haqlarına da təsir göstərmişdir. Hazırki iddia ərizəsinə əlavə olunmuş “Real Əmlak” Daşınmaz Əmlak Agentliyi vasitəçiliyi ilə Agentliyin ofisində xx.xx.2017-ci il tarixdə iddiaçının oğlu İddiaçı2zadə və X3 arasında bağlanmış kirayə müqaviləsindən görünür ki, kirayə verilən Bakı şəhəri, Zərdabi küçəsində yerləşən 84 nömrəli evin 75 nömrəli mənzilin aylıq kirayə haqqı 450 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixdən bu günədək isə İddiaçı1, ailə üzvləri ilə kirayədə yaşadığı Bakı şəhəri, Salamzadə küçəsində yerləşən 7 nömrəli evin 176 nömrəli mənzilinə görə hər ay 550 manat kirayə haqqı ödəyir və bu hal, “ReHouse” daşınmaz əmlak agentliyi vasitəçiliyi ilə agentliyin ofisində iddiaçının oğlu İddiaçı2zadə və mənzilin mülkiyyətçisi Kamal Şairbəyzadə arasında bağlanmış 10 saylı, xx.xx.2020-ci il tarixli kirayə müqaviləsi ilə təsdiq olunur. İddia ərizəsinə əlavə olunmuş məhkəmə aktlarından müəyyən edilir ki, İddiaçı1 cavabdeh "xxxx" MMC-yə qarşı “ödənilməmiş kirayə haqqının, maddi və mənəvi ziyanın ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2726/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsi, iş üzrə qəbul etdiyi 2(103)-2517/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsini, birinci instansiyası məhkəməsinin qətnaməsinin qismən-kirayə haqqının ödənilməsi tələbi ilə bağlı hissəsində ləğv edilməsini, iddianın qismən təmin edilməsini, kirayə haqqının əvəzi olaraq 5100 manat məbləğində pulun "xxxx" MMC-dən İddiaçı1 xeyinə tutulmasını qət etmişdir. İddiaçı1 Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsi ilə razılaşmayaraq kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsi, iş üzrə qəbul etdiyi 2(102)-4008/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən, mənəvi zərərin təmin olunmaması hissəsində ləğv edilərək, iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə yenidən apellyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsi, iş üzrə qəbul etdiyi 2(103)-1005/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, yəni mənəvi zərərin təmin olunmaması hissəsində ləğv edilmiş, həmin hissədə iddia qismən təmin olunaraq mənəvi zərərin əvəzi olaraq 4500 manat məbləğində pulun "xxxx" MMC-dən İddiaçı1 xeyrinə tutulmasını qət etmişdir. Göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə aktları ilə "xxxx" MMC tərəfindən üzərinə götürdüyü müqavilə öhdəliklərinin yerinə yetirilməməsi öz təsdiqini tapmış və 2021-2023-cü illərin ödənilməmiş aylar üzrə kirayə haqqı olaraq 5100 manat məbləğində pulun MMC-dən İddiaçı1 xeyrinə tutulması qət edilmişdir. Bildirir ki, "xxxx" MMC hal-hazıradək də kirayə haqqının ödənilməsi və mənzilin təhvil verilməsi barədə müqavilə öhdəliklərini icra etməməkdə, bunun nəticəsində isə İddiaçı1 maddi və mənəvi zərərin vurulması davam edir. Tərəflər arasında xx.xx.2016-cı il tarixdə bağlanmış müqaviləyə əsasən mənzilin təhvil verilməsi müddəti 16 ay müəyyən edilmişdir. Bu səbəbdən də İddiaçı1 kirayə haqqını sabit məbləğdə (300 manat) olmasına razılıq vermişdir. Əgər iddiaçı bilsəydi ki, "xxxx" MMC müqavilə öhdəliklərini icra etməyəcək və mənzili vaxtında təhvil verməyəcək, o halda iddiaçı kirayə haqqını başqa şərtlərlə (məsələn inflaysiya nəzərə alınmaqla kirayə pulunun artması və sair) bağlayardı. Yuxarıda qeyd olunduğu kimi, 2016-cı ildən bu günə qədər daşınmaz əmlak bazarında əmlakların qiymətlərində, o cümlədən də kirayə haqlarında kəskin bahalaşma müşahidə olunur. Bu səbəbdən hazırda İddiaçı1 sökülmüş mənzili ilə oxşar şəraitli, aylıq kirayə haqqı 300 manat olan mənzillər yoxdur. Həmin qiymətlər 500- 600 manat civarında dəyişir. İddiaçı1 ailəsi ilə birgə xx.xx.2020-ci il tarixdən hal-hazıradək yaşadığı mənzilə görə hər ay 550 manat kirayə haqqı ödəmək məcburiyyətindədir. Həmçinin bildirir ki, "xxxx" MMC-nin vəzifəli şəxsləri X7, X1 və X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4, 308.2 və 313-cü maddələri ilə başlanmış cinayət işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatındadır. "xxxx" MMC-nin apardığı inşa işləri isə hazırda dayandırılmışdır. Bu səbəbdən cavabdeh tərəfindən iddiaçının mənzillə təmin edilməsi müddəti bəlli deyil. İddiaçı və onun ailə üzvləri isə yaşayış sahəsi almaq üçün maddi vəsaitə malik deyil. Ona görə də, onlar bundan sonra da kirayədə qalmaq və öz vəsaitləri hesabına hər ay kirayə haqqı ödəməyə məcburdurlar. Bu səbəbdən hesab edir ki, cavabdeh "xxxx" MMC İddiaçı1 və onun ailəsini mənzillə təmin edənə qədər MMCdən iddiaçının xeyrinə kirayə pulu tutulmalı, aylıq kirayə pulu 550 manat müəyyən edilməli, pulun tutulması müddəti isə 2022-ci ilin noyabr ayının 1-dən iddiaçıya mənzil təhvil verilənədək hesablanmalıdır. Bunlardan başqa, bildirir ki, cavabdeh "xxxx" MMC mənzili təhvil verilmək, kirayə pulunu ödəmək vəzifələrini yerinə yetirməkdən imtina etməsi nəticəsində iddiaçı maddi ziyanla yanaşı, həmçinin mənəvi ziyana da uğramışdır. Çünki "xxxx" MMC bu günədək müqavilə öhdəliklərini yerinə yetirməmiş, nə mənzili təhvil vermiş, nə də kirayə haqqını ödəmişdir. MMC-nin bu hüquqa zidd hərəkətləri hələ də davam edir. xx.xx.2016-cı il tarixədək, yəni "xxxx" MMC tərəfindən iddiaçının mənzili sökülənədək iddiaçı ailəsi ilə birlikdə mülkiyyətində olan mənzildə yaşamış, yaşadığı yerlə bağlı hər hansı qayğısı, ehtiyacı, həll olunmamış problemi olmamışdır. Əgər MMC mənzili söküməsəydi, İddiaçı1 özünə məxsus həmin mənzildə bu gün də yaşamağa davam edər, dəfələrlə mənzillər kirayə tutmaq, onları dəyişmək, aldığı aylıq əmək haqqını kirayə puluna vermək məcburiyyətində qalmazdı. Göründüyü kimi, cavabdeh "xxxx" MMC iddiaçını və onun ailə üzvlərini yeganə yaşayış yerindən məhrum etmiş, əvəzində isə üzərinə götürdüyü müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Bütün bunlar iddiaçı və onun ailə üzvlərində çətinliklər və sıxıntılar yatarmış, iddiaçı ümidsizliyə qapılmış, mənəvi sarsıntı keçirmişdir. Göstərilənlərə əsasən hesab edir ki, "xxxx" MMC-nin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya mənəvi zərər də vurulması mübahisəsiz haldır. Bu hal həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4008/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1005/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə təsdiq olunmuşdur. Hesab edir ki, nə qədər ki, "xxxx" MMC tərəfindən İddiaçı1 yaşayış sahəsi ilə təmin olunmamış, habelə kirayə haqqı kimi ödədiyi pul vəsaitləri ona qaytarılmamış, o sarsıntı, iztirab, sıxıntı keçirməyə davam edir. Bunlar isə iddiaçının mənəvi zərərə düçar olmasının sübutudur.

Tərəflərin izahatları:

5. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edib, onun dəlillərinə uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, neçə ildir evsiz qalıblar kirayələrdə yaşayırlar. MMC mənzillərini sökdü və bu günə qədər mənzillə təmin etməyib həmçinin kirayə haqqını da vermir. Mənzilsiz qalmaları səbəbindən çox əsəb stres keçirib dəfələrlə müalicələr alıb. Fəlsəfə doktorudur lakin aldadılma nəticəsində evsiz qalıb. Bu səbəbdən iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

6. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia tələbini müdafiə edib, onun dəlillərinə uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, evin kişisi olaraq hazırda kirayədə qaldıqları evin kirayə müqaviləsi onunla bağlanıb. Neçə ildir mənzilsiz qalıblar, anası çox eseb stres yaşadı bunun nəticəsində xəstələndi. Bu səbəbdən iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

7. Məhkəmə iclasında iştirak edən İddiaçı1 vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, onun dəlillərinə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

8. Cavabdeh "xxxx" MMC-yə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, onun səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

10. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

11. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin ərizəsi əsasında işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmiş və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 26 iyul 2024-cü il tarixli qərardadına əsasən, işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır.

İş materialları:

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2517/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, e-2(007)-2726/2022 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, e-2(007)-2726/2022 nömrəli qətnaməsi qismən- kirayə haqqının ödənilməsi tələbi ilə bağlı hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, kirayə haqqının ödənilməsi hissəsində iddia qismən təmin edilmiş, 5100 manat məbləğində pul vəsaiti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı1 ödənilməsi, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4008/2023 nömrəli xx.xx.2023-cü il tarixli Qərarı ilə iddiaçı Əsədova (Davudova) Rəvanə İskəndər qızı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2517/2023 nömrəli, 30 may 2023-cü il tarixli qətnaməsi qismən- mənəvi zərərin təmin olunmaması hissəsində ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1005/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı1 apellyasiya şikayəti təmin edilmiş, Nizami Rayon Məhkəməsinin 2(007)-2726/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən, iddia tələbinin mənəvi zərərin təmin olunmaması hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, həmin hissədə iddia tələbi qismən təmin edilmiş, mənəvi zərərin əvəzi kimi cavabdeh "xxxx" MMC-dən 4500 (dörd min beş yüz) manat pul vəsaiti alınaraq İddiaçı1 verilməsi, mənəvi zərərə dair qalan hissədə iddia təmin edilməmiş, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 159,71 (bir yüz əlli doqquz manat yetmiş bir qəpik) manat dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən alınaraq İddiaçı1 verilməsi qət edilmişdir.

15. İddiaçı1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlandığı pretenziya məktubundan görünür ki, İddiaçı1 və "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin predmeti olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 15-ci mərtəbə, ümumi sahəsi 90,4 kv.m olan, 2 otaqdan ibarət 66 №-li mənzil cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı1 təhvil verilənədək hər ay 550 manat kirayə haqqı və 8000 manat məbləğində pulun İddiaçı1 3 gün müddətində ödənilməsi təklif edilmişdir. Əks halda müvafiq iddia ilə məhkəməyə müraciət olunacaqdır.

16. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********96-05101-093053 reyestr nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 33 saylı evin, 84 saylı mənzili İddiaçı1 xüsusi mülkiyyətindədir. Mənzil iddiaçının adına 28 iyul 2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır.

17. "xxxx" MMC ilə İddiaçı1 arasında bağlanmış 23 avqust 2016-cı il tarixli müqaviləyə əsasən "xxxx" MMC ünvan 6 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan 5 mərtəbəli, 92 mənzilli yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada "xxxx"nin söküntüsü nəzərdə tutulmuş binada mülkiyyətində olan mənzilin həmin mərtəbə səviyyəsində faktiki yaşayış sahəsinə 25% əlavə etməklə 90.25 kv metr təmirli mənzili "xxxx"nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin: 1.2-ci bəndinə əsasən, mülkiyyətçi bu müqaviləyə əsasən mülkiyyətində olan mənzilin söküntüsü üçün MMC-yə təhvil verməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. 2.1.2-ci bəndinə əsasən, yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədilə 2 otaqlı mənzil üçün aylıq 300 manat kirayə tələb etmək mülkiyyətçinin hüququdur. 2.2.5-ci bəndinə əsasən, yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 16 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən mülkiyyətçiyə mənzili təmir edib təhvil verməyi MMC öhdəsinə götürmüşdür.

18. "xxxx" MMC ilə İddiaçı1 arasında bağlanmış 22 avqust 2019-cu il tarixli müqaviləyə əsasən ünvan 7 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1ci blok, 15-ci mərtəbə, ümumi sahəsi 90.4 kv.m olan, 66 nömrəli izolə olunmuş 2 otaqdan ibarət olub təmirli bir pay kimi verir.

19. “ReHouse” daşınmaz əmlak agentliyi vasitəçiliyi ilə İddiaçı2zadə və mənzilin mülkiyyətçisi Kamal Şairbəyzadə arasında bağlanmış 10 saylı, xx.xx.2020-ci il tarixli kirayə müqaviləsinin surətindən görünür ki, ünvan 8 ünvanında yerləşən 3 otaqlı, 17-ci mərtəbədə yerləşən 14 saylı mənzil kirayəyə verilmişdir. Aylıq kirayə haqqı 550 manat təşkil edir.

20. Müayinə sənədlərindən görünür ki, İddiaçı1 səhhətində problemlər yaranmışdır.

21. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı1 məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir.

İşin faktiki halları:

22. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" MMC ilə İddiaçı1 arasında bağlanmış 23 avqust 2016-cı il tarixli müqaviləyə əsasən "xxxx" MMC ünvan 6 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan 5 mərtəbəli, 92 mənzilli yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada "xxxx"nin söküntüsü nəzərdə tutulmuş binada mülkiyyətində olan mənzilin həmin mərtəbə səviyyəsində faktiki yaşayış sahəsinə 25% əlavə etməklə 90.25 kv metr təmirli mənzili "xxxx"nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən MMC tərəfindən yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədilə 2 otaqlı mənzil üçün mülkiyyətçiyə aylıq 300 manat kirayə haqqı ödənilməli idi. MMC yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 16 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən mülkiyyətçiyə mənzili təmir edib təhvil verməyi öhdəsinə götürmüşdür. Bununla da müəyyən olunur ki, iddiaçı qeyd olunan müqavilə üzrə öz öhdəliklərini tam şəkildə yerinə yetirsə də, cavabdeh öz öhdəliklərinə əməl etməmişdir. Hazırda iddiaçılar “ReHouse” daşınmaz əmlak agentliyi vasitəçiliyi ilə İddiaçı2zadə və mənzilin mülkiyyətçisi Kamal Şairbəyzadə arasında bağlanmış xx.xx.2020-ci il tarixli kirayə müqaviləsi əsasında kirayədə qalırlar.

Tətbiq edilən hüquq:

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 675-ci maddəsinə əsassən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

24. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarı:

Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. 25 Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndi:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

26. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 4 nömrəli qərarının 6-cı bəndi:

İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir.

Məhkəmənin mövqeyi:

27. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır.

29. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsi məhkəməyə gəlmədiyi, gəlməməsinin səbəbi barədə məlumat vermədiyi üçün işə qiyabi icraat qaydasında baxılmış, bu zaman yalnız iddiaçının təqdim etdiyi sübutlar tədqiq edilmiş və nəzərə alınmışdır.

30. Qeyd olunanlarla müəyyən edildi ki, İddiaçı1 ilə cavabdeh "xxxx" MMC arasında mülki hüquq və vəzifələri müəyyənləşdirən 23 avqust 2016-cı il tarixli müqavilə bağlanmış, müqavilənin şərtləri müəyyən edilmiş, tərəflər bununla üzərlərinə müvafiq öhdəliklər götürmüşlər.

31. Hazırda baxılan mülki iş üzrə iddianın predmeti İddiaçı1 və "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin predmeti olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 15ci mərtəbə, ümumi sahəsi 90,4 kv.m olan, 2 otaqdan ibarət 66 nömrəli mənzil cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı1 təhvil verilənədək hər ay 550 manat kirayə haqqının ödənilməsi təşkil edir.

32. Göründüyü kimi tərəflər arasında bağlanmış 23 avqust 2016-cı il tarixli müqaviləyə əsasən müqavilədə qeyd olunan mənzil təhvil verilənədək hər ay 300 manat kirayə haqqı verilməsi nəzərdə tutulmuşdur. Lakin “ReHouse” daşınmaz əmlak agentliyi vasitəçiliyi ilə İddiaçı2zadə və mənzilin mülkiyyətçisi Kamal Şairbəyzadə arasında bağlanmış 10 saylı, xx.xx.2020-ci il tarixli kirayə müqaviləsinə əsasən hər ay 500 manat kirayə haqqı nəzərdə tutulmuşdur. Məlum olduğu kimi 2016-cı ildən 2020-ci ilədək orta bazar qiymətləri qalxmışdır, odur ki, kirayə haqqı da təbii olaraq qalxıb. Beləliklə, iddia tələbi bu hissədə təmin edilməlidir.

33. İddia tələbinin bu hissəsi eyni zamanda qanuni qüvvəyə minmiş qətnamələrdə də təsbit olunub Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4008/2023 nömrəli xx.xx.2023-cü il tarixli Qərarının 70-ci bəndindən görünür ki, ...“baxılan işin məhkəmələr tərəfindən müəyyən edilən hallarına görə cavabdeh 2016-cı ildə iddiaçı ilə bağladığı müqavilə əsasında onun uzun illər yaşadığı binada yerləşən və mülkiyyətində olan mənzili sökərək, 16 ay müddətində həmin binanın yerində inşa ediləcək yeni binada onu mənzillə təmin etməyi, həmçinin yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə kirayə haqqı qismində hər ay 300 manat məbləğdə kompensasiya ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda iddiaçı sökülən mənzildən əlavə yeni tikilən binada ayrıca mənzilə dair də cavabdehlə müqavilə bağlamış və ona pul ödəmişdir. Cavabdeh bir müddət kirayə pulunu ödəsə də, sonradan həmin vəsaiti ödəməkdən əsassız imtina etmiş və mənzilləri təhvil verməklə bağlı müqavilə öhdəliklərini hal-hazıradək yerinə yetirməmişdir”...

34. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2517/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinin 26-cı və 27-ci bəndinə əsasən ...“tərəflər arasında bağlanmış ilkin, yəni 03 avqust 2016-cı il tarixli müqavilə üzrə iddiaçıya hər ay 300 manat kirayə haqqının ödənilməsi nəzərdə tutulsa da, sonradan yəni 22 avqust 2019cu il tarixli müqavilə üzrə cəmiyyət tərəfindən binanın tikintisi başa çatdırıldıqdan sonra iddiaçıya mənzil veriləcəyi ilə bağlı tərəflər razılağa gəlmiş və bu müqavilə ilə rəsmiləşdirilmişdir. Göründüyü kimi, iddiaçının hazırki iddianın faktiki əsası kimi istinad etdiyi 03 avqust 2016-cı il tarixli müqavilə hazırda qüvvədədir. Mənzil təhvil verilmədiyindən müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Bu müqavilə üzrə öhdəliklərə xitam verilməsi əsasları mövcud deyil, tərəflər arasındakı sonrakı müqavilədə də bu müqavilə üzrə öhdəliklərə xitam verilməsi barədə hər hansı razılaşma olmamışdır.”...

35. Odur ki, hazırda müqavilədə qeyd olunan İddiaçı1 və "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin predmeti olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 15ci mərtəbə, ümumi sahəsi 90,4 kv.m olan, 2 otaqdan ibarət 66 nömrəli mənzil cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı1 təhvil verilənədək hər ay 550 manat kirayə haqqı tutularaq iddiaçılara ödənilməlidir.

36. Məhkəmə iddia tələbinin “cavabdehdən 8000 manat məbləğində mənəvi ziyan tutularaq iddiaçılara ödənilməsi” hissəsinə münasibətdə bildirir ki, iddia bu hissədə də təmin olunmalıdır.

37. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4008/2023 nömrəli xx.xx.2023-cü il tarixli Qərarının 72-ci bəndindən görünür ki, ...“halbuki işin məhkəmələr tərəfindən müəyyən edilmiş sadalanan halları əsasında iddiaçının cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi və fiziki iztirablara, mənfi psixoloji reaksiyaya məruz qaldığı aşkardır. Mövcud vəziyyətdə birinci və apellyasiya instansiyası məhkəməsinin iddiaçının cavabdehin hərəkətləri nəticəsində mənəvi zərərə məruz qaldığını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyi (tələbini əsaslandıra bilmədiyi) əsası ilə həmin tələbin təmin olunmaması yuxarıda istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun deyil”.

38. Göründüyü kimi qeyd edilən hallar işin mübahisəsiz hallarıdır və sübuta ehtiyacı yoxdur. İddiaçıya bu müddət ərzində mənəvi zərər vurulmuş və o, sarsıntı, iztirab, sıxıntı keçirmişdir.

Məhkəmə baxışının hədləri:

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. 244-cü maddəsinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır.

Məhkəmə xərcləri:

40. iddia tələbi təmin edildiyindən və iddiaçılar tələb etmədiyindən məhkəmə xərcləri iddiaçılara aid edilməlidir.

Nəticə:

41. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı1 və "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin predmeti olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 15ci mərtəbə, ümumi sahəsi 90,4 kv.m olan, 2 otaqdan ibarət 66 nömrəli mənzil cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı1 təhvil verilənədək hər ay 550 manat kirayə haqqı və 8000 manat məbləğində mənəvi ziyan tutularaq iddiaçılara ödənilməlidir.

42. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddia tələbi təmin edilsin. İddiaçı1 və "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin predmeti olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 15-ci mərtəbə, ümumi sahəsi 90,4 kv.m olan, 2 otaqdan ibarət 66 №-li mənzil cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı1 təhvil verilənədək hər ay 550 manat kirayə haqqı və 8000 manat məbləğində mənəvi ziyan tutularaq iddiaçılara ödənilsin. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar