Məhkəmə qərarları › İş №e-2(007)-1759/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(007)-1759/2022

15.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1759/2022 15.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini təmin edərək, Cavabdeh Mənzil Tikinti Kooperativi ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli Akta uyğun olaraq 1200 (bir min iki yüz) manat məbləğində ödənilməmiş borc, 112 manat faiz yığımı, 45 manat məbləğində dövlət rüsumu və 150 (bir yüz əlli) manat məbləğində vəkil xərcinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 28 sentyabr 2015-ci il tarixdə AZ/B04/MR02/MN04/BRT/271015 №-li Müqavilə əsasında Cavabdeh MTK-dan 2 otaqlı mənzil almışdır. MTK-nın məsul əməkdaşları Vasif Atakişiyev və Fizulu Ağayevlə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli Akta uyğun olaraq mənzil üçün ödədiyi 30000 (otuz min) manat pulun 12500 (on iki min beş yüz) manatı nağd olaraq ona verildikdən sonra pulun qalan hissəsinin hər ay 3000 (üç min) manat olmaqla altı ay ərzində qaytarılması razılaşdırılmışdır. xx.xx.2021-ci il tarixədək ona həmin puldan 16300 (on altı min üç yüz) manat cədvəl və qəbzlər əsasında ödənilmiş, qalan 1200 (bir min iki yüz) manat müxtəlif əsassız bəhanələr gətirilməklə indiyədək ödənilməmiş qalmışdır. Cavabdeh MTK-nın göstərilən ünvanda yerləşən ofisinə gələrək məsul əməkdaşlara dəfələrlə şəxsən müraciət etmiş, həmçinin 09 mart 2022-ci il tarixdə həmin ünvana rəsmi olaraq Pretenziya göndərmişdir. Buna baxmayaraq MTK iki tərəfli razılaşmaları əsasında üzərinə götürdüyü öhdəliyi icra etməkdən boyun qaçırır. Cavabdeh MTK çoxmərtəbəli binaların tikintisi və satışı ilə məşğuldur, onun borcunu qaytarmadığı müddətdə də hazırladığı çoxsaylı mənzilləri sataraq qazanc əldə edərək faydalanmışdır. Ona görə də, sonuncu ödəniş tarixindən, yəni xx.xx.2021-ci il tarixdən məhkəmə qərarı çıxan tarixədək ona olan borcun faizini də tələb edir. https:WWW.cbar.az rəsmi internet məlumatına görə xx.xx.2022-ci il tarixdə bank uçot dərəcəsi 7,5% müəyyənləşdirildiyindən MTK ona 15 ay üçün 15X7,5 =112,5 manat pul ödəməlidir. Ona görə də hesab edir ki, iddia ərizəsi təmin edilərsə, ödənilmiş 50 manat məbləğində dövlət rüsumu, 150 manat vəkil xərci də onun xeyrinə tutulmalıdır. Yuxarıda göstərilən qanunvericilik normalarını əsas tutaraq hesab edir ki, Cavabdeh MTK-dan aralarında bağlanmış xx.xx.2019-cu il tarixli Akta uyğun olaraq 1200 (bir min iki yüz) manat məbləğində ödənilməmiş borc, 112 manat faiz yığımı,150 manat vəkil xərci və 45 manat dövlət rüsumu üçün ödənilmiş məbləğ onun xeyrinə tutulmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə qiyabi qətnamə çıxarılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh MTK məhkəmə iclaslarının vaxtı və yeri barədə dəfələrlə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin yazılı razılığı əsasında işə cavabdehin nümayəndəsinin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini mülki işin materialları ilə birlikdə araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 27 oktyabr 2015-ci il tarixli AZ/B04/MR02/MN04/BRT/271015 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə üzrə Cavabdeh MTK ümumi sahəsi 65,82 kv.m olan, 2 otaqdan ibarət mənzili İddiaçı satmağı, sonuncu isə bunun müqabilində ümumilikdə 36201 manat ödəməyi öhdəsinə götürmüşdür; - Atakişiyev Vasif, Ağayev Fizuli və İddiaçı iştirakı ilə tərtib edilmiş xx.xx.2019-cu il tarixli Aktdan görünür ki, mənzil satışa çıxarılmış və satılmış mənzildən 12500 manat həmin mənzilin sahibi olmuş İddiaçı verilmişdir. Yerdə qalan 17500 manat pul hər ayın axırında 3000 manat olmaq şərti ilə 6 ay müddətinə mənzilin sahibi olmuş İddiaçı veriləcək; - Cavabdeh MTK-nın xx.xx.2019-cu il tarixli 308 saylı Aktın surətindən görünür ki, İddiaçı satılmış mənzildən 3000 manat məbləğində pulu etibarnamə əsasında X1 verilmişdir. Qalıq ödəniləsi məbləğ 11500 manat təşkil edir; - AZ/B04/MR02/MN04/BRT/271015 saylı müqaviləsi üzrə ödəniş cədvəlinin surətindən görünür ki, İddiaçı 30000 manat ödənilməlidir. xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixinə kimi ümumilikdə 28800 manat ödəniş edilmiş, qalıq borc 1200 manatdır; - İddiaçı tərəfindən Cavabdeh MTK-ya ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziyadan görünür ki, İddiaçı Cavabdeh MTK-dan 1200 manat borcun ən qısa müddətdə ödənilməsini tələb edərək, pozulmuş hüquqlarının məhkəmədən kənar bərpasının təmin edilməsini xahiş etmişdir; - xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı hüquqi yardım göstərilməsi üçün 14 saylı Vəkil Bürosunun hesabına 150 manat ödəniş etmişdir; - Dövlət rüsumunun ödənilməsinə dair mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 44 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsi məhkəməyə gəlmədiyi, gəlməməsinin səbəbi barədə məlumat vermədiyi üçün işə qiyabi icraat qaydasında baxılmış, bu zaman yalnız iddiaçının təqdim etdiyi sübutlar tədqiq edilmiş və nəzərə alınmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 27 oktyabr 2015-ci il tarixli müqaviləyə əsasən Cavabdeh MTK ümumi sahəsi 65,82 kv.m olan, 2 otaqdan ibarət mənzili İddiaçı satmağı, sonuncu isə bunun müqabilində ümumilikdə 36201 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə iddiaçı tərəfindən ödənilmiş 30000 manatı qaytarmağı öhdəsinə götürsə də, hazırkı vaxtadək borcundan bir hissəsini, yəni 28800 manatını iddiaçıya qaytarmışdır. İddiaçı qalan məbləğin ödənilməsi məqsədi ilə məhkmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Qeyd olunanlarla müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh MTK arasında mülki hüquq və vəzifələri müəyyənləşdirən 27 oktyabr 2015-ci il tarixli müqavilə bağlanmış, müqavilənin şərtləri müəyyən edilmiş, tərəflər bununla üzərilərinə müvafiq öhdəliklər götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Hazırda baxılan mülki iş üzrə iddianın predmeti, qeyd edildiyi kimi, İddiaçı ilə Cavabdeh MTK arasında mülki hüquq və vəzifələri müəyyənləşdirən 27 oktyabr 2015-ci il tarixli müqavilə üzrə cavabdehin öz öhdəliklərini yerinə yetirməməsi ilə bağlıdır, iddiaçı mənzilin dəyərindən müəyyən hissənin dəyərini ödəsə də, həmin mənzilin sonradan digər şəxsə satılmasını müəyyən etmiş, pretenziya qaydasında müraciət etməsinə baxmayaraq cavabdeh bununla bağlı hər hansı hərəkəti yerinə yetirməmişdir. Belə olan halda, dəymiş zərərin ödənilməsini tələb etmək hüququ iddiaçıya imkan yaradır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, iddia əsaslı hesab olunaraq təmin edilməlidir. Hansı ki, müqaviləyə əsasən ümumilikdə 30000 manat məbləğində pul vəsaitinin iddiaçı tərəfindən cavabdehə ödənilməsi, cavabdeh tərəfindən isə həmin məbləğdən 28800 manatının iddiaçıya geri qaytarılması müəyyən edililir, o cümlədən cavabdeh tərəf məhkəmə iclaslarına gəlməmiş, iddiaçının irəli sürdüyü dəlillərə qarşı hər hansı etiraz və mülahizələrini təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Mənzil Tikinti Kooperativindən 1200 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddia təlbinin “112 manat faizin cavabdehdən tutulması” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin tələbinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün, yəni xx.xx.2021-ci il tarixdən başlamaqla 15 ay üçün 112 manat tələb etməkdə haqlıdır və iddia həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 241.4-ci maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Mənzil Tikinti Kooperativindən 1200 manat məbləğində ödənilməmiş borc, 112 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi ondan iddiaçının xeyrinə tutulmalı, artıq ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarıımalıdır. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı hüquqi yardım göstərilməsi üçün 14 saylı Vəkil Bürosunun hesabına 150 manat ödəmişdir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan vəkilə ödənilmiş 150 manat xidmət haqqı cavabdeh aid edilməli və onun əvəzi iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Mənzil Tikinti Kooperativindən 1200 manat məbləğində ödənilməmiş borc, 112 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, vəkilə ödənilmiş 150 manat məbləğində xidmət haqqının və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 33,12 manat tutularaq, İddiaçı ödənilsin. Artıq ödənilmiş 10,88 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar