Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-201/2024 28.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsivəkili Vəkil1, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 23 saylı notariat ofisi cəlb olunmaqla, “əqdin etibarsız hesab edilməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 23 saylı notariat ofisi cəlb olunmaqla, “əqdin etibarsız hesab edilməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizələri ilə məhkəməyə müraciət etmişlər. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu ildə Bakı şəhəri 3 saylı Notariat Ofisində Bakı şəhəri, Yasamal rayonu, X16 küçəsi, 18N ünvanda yerləşən və X3 məxsus 15 kv.m qeyri yaşayış sahəsinə onunla X2 nümayəndəsi X10 arasında icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icarə haqqı olaraq 150 manat razılaşmışlar. O, icarəyə götürülən sahədə gül salonu işlədirdi. Ara-sıra gülləri və digər malları götürdüyü sahibkarlara borcu yaranırdı. Bir gün X10 dükana gələrək borcluları ilə maraqlanmış, ona kömək edəcəyini bildirmişdir. O, günlərin bir günü icarəyə verənin adından 50 000 (əlli min) manat məbləğində pul vəsaiti ilə gəlmiş, ona borcluları çağırmağı tapşırmış, borclu olduğu şəxslərə o, özü əlbəəl pul vermişdir. Toplam olaraq o, borclulara 35000 (otuz beş min) manat pul vermişdir. Qalan 15000 manat pulu da öz cibinə qoymuşdur. Ona bildirmişdir ki, verdiyi pulu günlük 200 manat faiz olaraq verməlidir. Onun narazı olduğunu görüb günlük-135 manat verməyə məcbur etmişdir. Dediyinə görə X10 özü X1 işləyir. 1 il ərzində icarəyə verənin nümayəndəsi kimi həmin şəxsin Kapital Bankdakı hesabına 75.000 (yetmiş beş min) manat pul ödəmişdir. 1 il tamam olduqdan sonra o, ondan 50.000 (əlli min) manat pul istəmişdir. Vermədiyinə görə 15 günə yaxın mağazanı qıfıllamışdır. Mağazanın içərisində 30-35 min manatlıq gülləri məhv olmuşdur. Məcbur qalaraq həmin adamdan polisə şikayət etmişdir. Daha sonra o, ona hədə-qorxu gəlmiş, ərizəni polisdən geri götürməyə məcbur etmişdir. Hətta o, qazi dostları ilə birlikdə onun işlədiyi vergi idarəsinə şikayətə getmişdir. Daha sonra iddiaçının nümayəndəsi X10 onun parkda görüşmüş, "ona ağıllı olmağı, onun dediyi Cavabdeh ilə Bakı şəhəri 23 saylı notariat ofisinə getməli olduğunu, yeni icarə müqaviləsi bağlamalı olduğunu bildirmişdir. Həmin vaxta kimi o, Cavabdeh tanımamışdır. X10 ona şəxsiyyət vəsiqəsini götürüb notariat ofisinə getməyini bildirilmişdir. O, notariusa gəldikdə ona sənədlərin hazır olduğu, ancaq onlara imza atmalı olduğu bildirilmişdir. Ora gedəndə ona ancaq 2025-ci ilə kimi yeni icarə müqaviləsinin bağlanmalı olduğu bildirilmiş, ona kredit müqaviləsi barədə heç bir şey deyilməmişdir. İmzaladıqdan sonra ona notariusun işçisi birinin kredit müqaviləsi, o birinin isə icarə müqaviləsi olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixli kredit müqaviləsində göstərilən məbləğdən, onun Bakı şəhəri 23 saylı notariat ofisində depoizitə qoyulmasından, götürülməsindən onun heç bir xəbəri və iştirakı olmamışdır. Onun şəxsiyyət vəsiqəsi onlarda qalmış, kassa əməliyyatlarında iştirak etməmişdir. X10 və Cavabdeh özləri kassaya 50.000 manat pul qoyub özləri də götürmüşlər. Sonrakı ayda iddiaçının nümayəndəsi kimi özünü ona təqdim edən həmin Cavabdeh ondan 50.000 manat borcun yarandığını və onu geri istəmişdir. O, bu şəxslərin ona qarşı qeyri-qanuni hərəkətləri ilə əlaqədar məcbur olub Yasamal rayon Polis İdarəsinin 27-ci və 28-ci Polis Bölmələrinə və Yasamal rayon Prokurorluğuna şikayət etmişdir. Əlavə olaraq bildirir ki, X2 cavabdeh qismində ona qarşı “pul və əmlak” tələbinə dair ilkin, onun X3 və X7 qarşı “icarə müqaviləsinin etibarsız hesab olunması və pulun tutulmasına dair” qarşılıqlı iddia ərizəsinə xx.xx.2023-cü il tarixdə Bakı Kommersiya Məhkəməsinin hakimi Nərmin Əhmədovanın sədrliyi ilə baxılmış, ilkin iddianın təmin, qarşılıqlı iddianın isə təmin edilməməsi barədə qərar qəbul edilmiş və o, həmin qərardan apellyasiya şikayəti verəcək. Kredit müqaviləsinin bağlanmasında ona Dövlət Vergi Xidmətində işləyən X10 ilə yanaşı, həm də Dövlət Vergi Xidmətində işləyən X11 da hədə-qorxu gələrək təzyiq göstərmişdir. Bu iş Bakı Kommersiya Məhkəməsinin icraatında olarkən onun şikayət ərizələri ilə əlaqədar Yasamal rayon Prokurorluğuna sorğu verilmiş və Yasamal rayon Prokurorluğu tərəfindən şikayəti ilə əlaqədar toplanmış sənədlər Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Yasamal rayon Prokurorluğunda izahatı alınan, Dövlət Vergi Xidmətində işləyən X8 aşağıdakı suallar verilmiş və o, həmin sualları cavablandırmışdır. Sual: İddiaçı tərəfindən araşdırmaya təqdim edilmiş, X10 və X11 ilə bağlı səs yazıları olan CD diskləri olan l-ci səs yazısından görünür ki, danışan şəxs X4 "mən dünən Çevik polisə zəng vurum dedim ki, gəlsinlər səni soxsunlar içəri, o biri oğlan dedi ki, tələsmə hələ, yəni Eldənizin dərisini soyub, adın dəyişib Nəsimi qoyaram” ifadələrini işlədir. Həmin səs yazıları Sizə təqdim olunur. İfadələri işlədən şəxsin kim olması barədə nə deyə bilərsiniz? Cavab: Bəli həmin səs yazısındakı danışıq mənə məxsusdur. Həmin vaxt Eldənizə əsəbi olduğum üçün onun barəsində qeyri etik ifadələr işlətmişəm. Onun üzərinə birbaşa yox, başqa şəxs vasitəsi ilə demişəm. Bu sadəcə sözdən ibarət olmuş, ona qarşı real qanunsuz hərəkətlər olmamışdır. Sual: İddiaçı tərəfindən araşdırmaya təqdim edilmiş, X10 və X11 ilə bağlı səs yazıları ilə bağlı səs yazıları olan CD diskində olan 1-ci səs yazısından gorünür ki, danışan şəxs "Eldəniz kişidi bəyəm- onu butulka üstünə otuzdurmasaq sabah hamını aldadacaq" ifadələrini işlədir. Həmin səs yazıları sizə təqdim olunur. İfadələri işlədən şəxsin kim olması barədə nə deyə bilərsiniz? Cavab: Bəli həmin səs yazısındakı danışıq mənə məxsusdur. Həmin vaxt Eldənizə əsəbi olduğum üçün onun barəsində qeyri etik ifadələr işlətmişəm. Onun üzünə birbaşa yox, başqa şəxs vasitəsi ilə demişəm. Bu sadəcə sözdən ibarət olmuş, ona qarşı real qanunsuz hərəkətlər olmamışdır. Bütün ona qarşı qeyri-etik ifadələrim Eldəniz qohumuma qarşı elədiyi hərəkətlərin, onun icarəcisi kimi incitməyimin nəticələridir. Göstərdiklərinə əsasən, Cavabdeh ilə xx.xx.2022-ci ildə Bakı şəhər 3 saylı Notariat Ofisində bağlanmış və 3M-1029 № ilə qeyd edilmiş kredit müqaviləsi aldatma və hədə-qorxu gəlməklə, təzyiq altında bağlandığından həmin kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 23 saylı Notariat Ofisinə qarşı "əqdin etibarsız hesab edilməsi" tələbinə qarşı bildirir ki, Bakı şəhər 23 saylı Notariat Ofisində heç bir aldatma və hədə-qorxu olmadan bağlanmış xx.xx.2022-ci il tarixli, 3M-1029 №-li kredit müqaviləsinə əsasən, borc alan İddiaçı (budan sonra qarşılıqlı iddia üzrə cavabdeh) xx.xx.2021-ci il tarixdə borc verən Cavabdeh (Bundan sonra qarşılıqlı iddia üzrə iddiaçı) 50000 (əlli min) manat məbləğində pul borc almışdır. Həmin müqaviləyə əsasən qarşılıqlı iddia üzrə cavabdeh krediti xx.xx.2023-cü il tarixədək qarşılıqlı iddia üzrə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. İlkin iddia isə kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmaq üçün qaldırılmışdır. Borcun ödənilməsi ilə əlaqədar xəbərdarlıq edilməsinə baxmayaraq, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən, kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirilməmiş, müqavilə ilə müəyyən olunmuş müddətlər daxilində kredit geri qaytarılmamışdır. Hazırda qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixədək 50000 (əlli min) manat qarşılıqlı iddia üzrə iddiaçıya qaytarmalı olduğu halda qaytarılmamışdır. Buna görə də hesab edir ki, Bakı şəhər 23 saylı Notariat Ofisində bağlanmış qarşılıqlı iddia üzrə cavabdehlə aralarında xx.xx.2022-ci il tarixli, 3M- 1029 №-li kredit müqaviləsi müqavilə üzrə qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən borc aldığı 50000 (əlli min) manat ona qaytarıılmalıdır. Qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən Bakı şəhər 23 saylı Notariat Ofisində bağlanmış xx.xx.2022-ci il tarixli, 3M-1029 №-li kredit müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı ilkin iddia tələbi ilə məhkəməyə müraciət edilməsi onun borcunu qaytarmaq niyyətinin olmadığını göstərir. Yuxarıda da qeyd edildiyi kimi qarşılıqlı iddia üzrə cavabdeh öz öhdəliklərini icra etməmişdir. Qarşılıqlı iddia üzrə cavabdehin bu hərəktələri nəticəsində öhdəliyinin icrasını gecikdirmişdir. Buna görə də qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən gecikdirilmiş pul məbləğindən qarşılıqlı iddia üzrə iddiaçıya faizlər ödəməlidir. Borc alan kreditini xx.xx.2023-cü il tarixədək 50000 (əlli min) manatı qarşılıqlı iddia üzrə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixədək 50000 (əlli min) manat ödənilməmişdir. Buna görə də gecikmiş günlərin sayı xx.xx.2023-cü il tarixədək iddianın verildiyi günə kimi hesablanmalıdır. Bu qaydada cavabdeh tərəfindən öhdəliyin icrası ümümilikdə 30 gün gecikdirilmişdir. Gecikdirilmiş günlərə görə cavabdeh iddiaçıya gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin faiz dərəcəsinə uyğun olaraq cavabdeh tərəfindən öhdəliyin icrasının gecikdirilməsinə görə 205,35 manat (50000*((5%/365)*30)%= 205,35) məbləğində faiz ödənilməlidir. Göstərilənlərə əsasən, Bakı şəhər 23 saylı Notariat Ofisində bağlanmış qarşılıqlı iddia üzrə cavabdehlə aralarında xx.xx.2022-ci il tarixli, 3M-1029 №-li kredit müqaviləsi müqavilə üzrə borc məbləği 50000 (əlli min) manat, pul məbləğinin ödənilməsinin gecikdirilməsi faizi 205,35 manat və ödənilmiş dövlət rüsumu 240,7 manat, ümumilikdə 50445,95 (əlli min dörd yüz qırx beş manat doxsan beş qəpik) manatın qarşılıqlı iddia üzrə cavabdehdən alınıb qarşılıqlı iddia üzrə iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia müdafiə edib, qarşılıqlı iddianı qəbul etməyərək, iddiasında göstərdikləri ilə eyni məzmunlu izahat vermiş, əlavə olaraq məhkəmə iclaslarında verdiyi izahatlarında göstərmişdir ki, o, heç vaxt Varşabova Gülşəni görməmişdir. Notariusda müqaviləyə qol çəkən zaman kredit müqaviləsinə qol çəkdiyini və pulu özünün götürməli olduğunu bilmiş və buna görə də özü çəkiliş aparmışdır. Lakin, pulu o, götürməmişdir, çünki həmin vaxt o, hədə-qorxu altında müqaviləyə qol çəkmişdir. O, icarəyə işlətdiyi mağazaya görə 50000 manat borc götürmüş, əvəzində 75000 manat qaytarmış, lakin icarədar ona demişdir ki, əlavə faiz kimi 50.000 manat da verməlidir. Hazırkı kredit müqaviləsi həmin məqsədlə bağlanmışdır. Onu kredit müqaviləsi bağlanmamışdan 1 gün əvvəl gecə zəng edib ölümlə hədələmişlər. İlkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia müdafiə edib, qarşılıqlı iddianı qəbul etməyərək, ilkin iddianın dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş və əlavə olaraq izahatında göstərmişdir ki, Eldəniz həqiqətən də 50.000 manat pulu borc kimi götürmüş olsaydı, hüquq-mühafizə orqanlarına aldadılmağı ilə bağlı müraciətlər etməzdi. Məhkəmənin nəzərinə çatdırır ki, Baş Prokurorluğa da bütün bunlarla bağlı müraciətlər olunmuş və məsələ xüsusi nəzarətə götürülmüşdür. O cümlədən, prokurorluqda aparılmış araşdırma zamanı verilmiş izahatlar da qərarda əksini tapmışdır, bununla bağlı sübutlarını da məhkəməyə təqdim etmişlər. Həmin izahatlarda Ramil də deyir ki, o, Atayev Eyvazı tanıyır, obyektin yiyəsi o, olmayıb. Sadəcə olaraq, “oyun oynanılıb” və kredit müqaviləsi bağlanılıb. Belə ki, Eldəniz pulun götürülməsində iştirak etməyib. Digər yandan, nəzərə alınmalıdır ki, qarşı tərəf necə ola bilər ki, tanımadığı bir adama 50.000 manat borc versin? Necə olur ki, həmin şəxs həm də Gülşən adlı şəxsin adından icarə müqaviləsi bağlayır? İzahatlar iş materiallarında mövcuddur və məhkəməyə təqdim edilmişdir. Həmçinin, nəzərə alınmasını da xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsində icarə müqaviləsi ilə bağlı işə baxılmış və həmin qətnamədən də şikayət verilməyib. Orada da müqavilənin məbləği ilə bağlı qeyd olunur ki, Eldəniz aldadılaraq müqaviləyə qol çəkdirilib. Məcmu halında isə göstərilənlərə belə qiymət vermək olar ki, düzdür ilkin olaraq iradəvi surətdə müqavilə bağlanması kimi görünsə də, hesab edir ki, işin axınını və müqavilənin bağlanılmasına səbəb olan, Eldənizi həmin müqaviləni imzalamağa vadar edən halları nəzərə almaq lazımdır. Bundan başqa, qarşı tərəf müqavilənin bağlanılmasından 1 il 1 ay keçdikdən sonra məhkəmədə iddia qaldırır və bunun özü də inandırıcı deyil. Bütün sübutlar, hüquq-mühafizə orqanlarında verilmiş izahatlar məhkəməyə təqdim edilmişdir. Göstərilənləri nəzərə alaraq, ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddianı müdafiə edib, ilkin iddianı qəbul etməyərək, əlavə olaraq izahatında göstərmişdir ki, Bakı şəhər 23 saylı Notariat Ofisində heç bir aldatma və hədə-qorxu olmadan bağlanmış xx.xx.2022-ci il tarixli, 3M-1029 №-li kredit müqaviləsinə əsasən, borc alan- İddiaçı xx.xx.2021-ci il tarixdə borc verən- Cavabdeh 50000 (əlli min) manat məbləğində pul borc almışdır. Həmin müqaviləyə əsasən qarşılıqlı iddia üzrə cavabdeh krediti xx.xx.2023-cü il tarixədək qarşılıqlı iddia üzrə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. İlkin iddia isə kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmaq üçün qaldırılmışdır. İlkin iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2022-ci ildə Bakı şəhər 23 saylı Notariat Ofisində bağlanmış və 3M-1029 № ilə qeyd edilmiş kredit müqaviləsi aldatma və hədə-qorxu gəlməklə, təzyiq altında bağlandığından qeyd etdiyi maddi normaların tələblərinə əsasən hesab edir ki, etibarsız hesab edilməlidir. Lakin məhkəməyə təqdim edilmiş sübutlarda və məhkəmənin hazırlıq və baxış iclaslarında ilkin iddia üzrə iddiaçının verdiyi izahatlarda bu hal öz əksini tapmamışdır. Əksinə ilkin iddiaçı tərəfindən müxtəlif hüquq mühafizə orqanlarına ünvanladığı ərizə və həmin orqanlara verdiyi izahatlar, məhkəmələrə təqdim etdiyi iddia ərizələri və verdiyi izahatlarda bir-birinə zidd, uyğun gəlməyən fikirlər öz əksini tapmışdır: 1) Əvvəla məhkəmənin diqqətinə ilkin iddia üzrə iddiaçı tərəfindən hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinə verilmiş xx.xx.2023-cü il tarixli iddia ərizəsindən aşağıdakı hissəni çatdırır: “...Daha sonra iddiaçının nümayəndəsi X10 mənimlə parkda görüşmüş, "mənə ağıllı olmağı, onun dediyi Cavabdeh ilə Bakı şəhəri 23 saylı notariat ofisinə getməli olduğumu, yeni icarə müqaviləsi bağlamalı olduğumu bildirmişdir. Həmin vaxta kimi mən Cavabdeh tanımamışam. X10 mənə şəxsiyyət vəsiqəmi götürüb notariat ofisinə getməyimi bildirilmişdir. Mən notariusa gəldikdə mənə sənədlərin hazır olduğu, ancaq onlara imza atmalı olduğum bildirilmişdir. Ora gedəndə mənə ancaq 2025-ci ilə kimi yeni icarə müqaviləsinin bağlanmalı olduğu bildirilmiş, mənə kredit müqaviləsi barədə heç bir şey deyilməmişdir. İmzaladıqdan sonra mənə notariusun işçisi birinin kredit müqaviləsi,o birinin isə icarə müqaviləsi olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixli kredit müqaviləsində göstərilən məbləğdən, onun Bakı şəhəri 23 saylı notariat ofisində depozitə qoyulmasından, götürülməsindən mənim heç bir xəbərim və iştirakım olmamışdır. Mənim şəxsiyyət vəsiqəm onlarda qalmış, kassa əməliyyatlarında iştirak etməmişəm. X10 və Cavabdeh özləri kassaya 50.000 manat pul qoyub özləri də götürmüşlər. Sonrakı ayda iddiaçının nümayəndəsi kimi özünü mənə təqdim edən həmin Cavabdeh məndən 50.000 manat borcun yarandığını və onu geri istəmişdir. Mən bu şəxslərin mənə qarşı qeyri-qanuni hərəkətləri ilə əlaqədar məcbur olub Yasamal rayon Polis İdarəsinin 27-ci və 28-ci Polis Bölmələrinə və Yasamal rayon Prokurorluğuna şikayət etmişəm...”. 2) Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsindən məhkəməyə göndərilmiş ilkin iddia üzrə iddiaçı tərəfindən bölməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən çıxarış: “...hədə qorxu altında, ölümlə hədələyərək məcburi Yasamal rayonu ərazisində yerləşən 23 saylı notariat kontoruna apararaq 50000 AZN kredit müqaviləsinə qol çəkdirərək, həmin depozitə yerləşdirərək, özləri həmin pulu Cavabdeh (tanımadığım şəxsin) adına müqavilə bağlatdıraraq pulu özləri tərəfindən sayıb notariusun içində bankdan özləri götürmüşlər...”. 3) 28-ci Polis Bölməsinə verilmiş izahatdan çıxarış: “...Eyni mənim savadsızlığımdan istifadə edərək, həmin vaxt hər ay 5000 AZN ödəməklə icarə müqaviləsinə qol çəkdirmişlər...”. 4) Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsindən məhkəməyə göndərilmiş materiallarda olan ilkin iddia üzrə iddiaçı tərəfindən Bakı Kommersiya Məhkəməsinə məhkəməsinə verilmiş xx.xx.2023-cü il tarixli qarşılıqlı iddia ərizəsindən çıxarış: “...Bundan sonra iddiaçının nümayəndəsi X10 onunla parkda görüşmüş, onun dediyi Cavabdeh ilə 23 saylı notariat ofisinə getməli olduğunu, yeni icarə müqaviləsi bağlamalı olduğunu bildirmişdir. Həmin vaxta kimi o, Cavabdeh tanımamışdır. X10 ona şəxsiyyət vəsiqəsini götürüb notariat ofisinə getməyini bildirilmişdir. O notariusa gəldikdə sənədlərin hazır olduğu, ancaq imza atmalı olduğu bildirilmişdir. Ora gedəndə ona ancaq 2025-ci ilə kimi yeni icarə müqaviləsinin bağlanmalı olduğu bildirilmiş, ona kredit müqaviləsi barədə heç bir şey deyilməmişdir. İmzaladıqdan sonra notariusun işçisi birinin kredit müqaviləsi, o birinin isə icarə müqaviləsi olduğunu bildirmişdir. Avqust ayında ona bildirilmişdir ki, icarə haqqı hər ay 5000 manat təşkil edəcəkdir. Onun nömrəsinə kart göndərilmiş, hər ay 1000 manat icarə haqqı göndərmişdir. Sonrakı ayda iddiaçının nümayəndəsi kimi özünü təqdim edən Cavabdeh ondan 50 000 manat borcun yarandığını bildirmiş və onu geri istəmişdir. Bu şəxslərin ona qarşı qeyriqanuni hərəkətləri ilə əlaqədar məcbur olub polis idarəsinə şikayət etmişdir...”. 5) Yasamal rayon Prokurorluğunun 08 iyul 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında öz əksini tapmış ilkin iddia üzrə iddiaçının izahatından çıxarış: “...Yasamal rayon ərazisində yerləşən parka çağırmış və hədə qorxu gələrək onların ona Notariat kontorunda kredit müqaviləsinə imza çəkməyə məcbur etmişlər. 10 avqust 2022-ci il tarixdə 14:00 radələrində Eyvaz, Taleh və Ramin adlı şəxslər onu Yasamal rayon ərazisində yerləşən “Jarden Flavers” mağazasına gəlib ünvan 2 ünvanda yerləşən 23 saylı Notariat kontoruna aparmış və notariusun qarşında hədə qorxu gələrək kredit müqaviləsinə qol çəkməyi tələb etmiş, qol çəkmədiyi halda gül mağazasının açılmayacağını bildirmişlər. 23 saylı notarius kontorunda onlarla birlikdə gələn əvvəllər tanımadığı Ramin adlı şəxs kredit müqaviləsini təqdim etmiş və 50000 manat depozitə pul qoyub kredit müqaviləsinə notariusda məcburi qol çəkdirərək 50 000 manat pulu isə onlar tərəfindən öz aralarında əvvəlcədən planlaşdırılmış şəkildə Eyvaz Atayev kassa aparatında depozitə oyulmuş pulu götürdükdə sonra gül mağazasını işlətməsinə icazə verəcəyini demişdir...”. 6) Yasamal rayon Prokurorluğunun 08 iyul 2023cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından çıxarış: “...Bundan başqa, araşdırma zamanı İddiaçı izahatlarında X10 və X11 tərəfindən hədə qorxuya məruz qalması, zorla notariat kontoruna aparılaraq müqavilə bağlanması, dələduzluq yolu ilə külli miqdarda pulunun ələ keçirilməsi ilə bağlı göstərdiyi xüsusatlarda da dələduzluq və başqa hər hansı cinayətin ləkibi müəyyən edilməmişdir. Odur ki, X10 və X5 əməllərində Azərbaycan Respublikası CM-nin 308 və ya başqa hər hansı cinayətin tərkib əlamətləri olmadğından İddiaçı şikayəti əsasında toplanmış toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilməlidir...”. İş materiallarında öz əksini tapmış bu ərizə və izahatlardan da göründüyü kimi, ilkin iddia üzrə iddiaçı tərəfindən bir birinə zidd hallar göstərilmiş, bir halda kredit müqaviləsindən xəbəri olmadığını imzalayandan sonra bu barədə xəbərdar ediliyini, digər halda isə ona hədə qorxu gəlinərək kredit müqaviləsinə qol çəkdirildiyini bildirmişdir. Eyni ziddiyətli izahatlar məhkəmənin hazırlıq və baxış iclarında verilmişdir. Odur ki, ilkin iddia üzrə iddiaçının kredit müqaviləsinin etibarsızlığı ilə bağlı dəlilləri formal mülahizə olmaqla, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən hər hansısa hədə qorxu, təzyiq və ya aldatma həyəta keçirildiyi heç bir mötəbər sübutla öz təsdiqini tapmır. İlkin iddia üzrə iddianın rədd edilməsini, qarşılıqlı iddia üzrə iddianın təmin edilməsini xahiş etmişdir. İlkin iddia üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 23 saylı notariat ofisi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia rədd, qarşılıqlı iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh (Borc verən) ilə İddiaçı (Borc alan) arasında 10 avqust 2022-ci il tarixdə bağlanaraq, Bakı şəhəri 23 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş və reyestrdə 3M-1029 nömrə ilə qeyd edilmiş “Kredit müqaviləsi”ndən görünür ki, tərəflər öz aralarında aşağıdakı məzmunda müqavilə bağlamışlar: “1. “Borc verən” “Borc alan”a 50000 manat 00 qəpik məbləğində pul borc verir. 2. “Borc alan” krediti xx.xx.2023 tarixinədək “Borc verən”ə qaytarmağı öhdəsinə götürür. 3. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər. 4. Kredit müqaviləsindən irəli gələn öhdəliklər onun yarandığı yer üzrə icra edilməlidir. 5. “Borc alan” kredit müqaviləsini ləğv edilməsinə dair bildiriş vermədən krediti qaytara bilər. 6. “Borc verən” müqavilə üzrə öhdəliyin icrasının tamamilə qəbulunu borc sənədinin üzərində etdiyi qeydlə təsdiq etməlidir. 7. Ödəniş müddətinin keçirilməsi haqqında kreditorun borcluya yazılı bildiriş göndərməsindən qanunla müəyyən edilmiş müddətdən sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. 8. “Borc alan” müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və ya faizləri ödəmədikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. 9. Tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur....” - xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. - Bakı şəhəri Yasamal rayon prokurorluğunun müstəntiqinin 08 iyul 2023-cü il tarixli qərarından görünür ki, İddiaçı Dövlət Vergi Xidməti yanında Bakı Lokal Gəlirlər Baş İdarəsinin Vergi öhdəliklərinə nəzarət idarəsinin rəisi vəzifəsində işləyən X10 və Dövlət Vergi Xidməti yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Əməliyyat İdarəsinin Operativ Nəzarət şöbəsinin 1-ci bölməsinin böyük dövlət vergi müfəttişi vəzifəsində işləyən X11 tərəfindən qanunsuz hərəkətlərə məruz qalaraq icarəyə götürdüyü mağazaya görə külli miqdarda pulunun onlar tərəfindən alınması, onlar tərəfindən mağazanın qanunsuz olaraq bağlanılması nəticəsində ona külli miqdarda maddi ziyan dəyməsi, Taleh Süleymanov və Eyvaz Atayev tərəfindən ona qarşı hədə qorxu gəlinməsi ilə bağlı müraciəti əsasında toplanmış 257-C-23 saylı material üzrə, X10 və X5 əməllərində CM-nin 308 və ya başqa hər hansı cinayət tərkib əlamətləri olmadığından cinayət işinin başlanılması CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(103)-883/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı X2 cavabdeh İddiaçı qarşı “pul və əmlak” tələbinə dair ilk, İddiaçı cavabdehlər X9 və X7 qarşı “icarə müqaviləsinin etibarsız hesab olunması və pulun tutulması” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1773/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı X9 və cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri ilə bağlı, X9 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən- icarə haqqı borcunun tutulması hissəsində dəyişdirilməsi, X9 ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən 1433 manat icarə haqqı borcu, icarə obyektinin qaytarılmasının gecikdirildiyi müddət üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2023cü il tarixədək hesablanmaqla 6300 manat icarə haqqı borcunun cavabdeh İddiaçı tutularaq iddiaçı X3 ödənilməsi, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə ilkin və qarşılıqlı iddia tələblərinin mahiyyətini nəzərə alaraq, ilkin və qarşılıqlı iddia tələblərinə birlikdə hüquqi qiymət verilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri 23 saylı notariat ofisində təsdiqlənmiş 10 avqust 2022-ci il tarixli müqaviləyə əsasən İddiaçı Cavabdeh 50000 manat məbləğində borcunun yarandığını təsdiq etmiş, həmin məbləğdə borc pulu xx.xx.2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin İddiaçı müqavilə üzrə öhdəçiliyinə əməl etməmiş, müqavilə üzrə borc məbləğini qaytarmamışdır. Bununla qarşılıqlı iddia üzrə iddiaçının məhkəməyə müraciət etməsi üçün əsaslar yaranmışdır. Məhkəmə qeyd edir ki, iddia tələbinə baxılarkən qarşılıqlı iddia üzrə iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olub-olmaması, yəni tərəflər arasında pulun borc verilməsi ilə bağlı mülki-hüquqi münasibətlərin yaranması, şifahi və ya yazılı borc müqaviləsinin mövcudluğu, borcun qaytarılması müddətinin başa çatması və tələb hüququnun yaranması, həmin hallar mövcud olduqda cavabdehin etirazları nəzərə alınmaqla iddianın əsaslı olub-olmaması, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən iddianın müvafiq iddia müddəti ərzində qaldırılması və işin diqqətəlayiq digər halları müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki qanunvericiliyə görə, məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsi ümumi formada müəyyən edilmişdir. Buraya, hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan mülki məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Yuxarıda istinad edilən notariat qaydada təsdiq edilmiş 10 avqust 2022-ci il tarixli müqavilədən görünür ki, İddiaçı Cavabdeh 50000 manat məbləğində borc almış, tərəflər notariat qaydada müqavilə bağlamış və borc alan borc verənə həmin məbləğdə borcunu 10 avqust 2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin qarşılıqlı iddia üzrə cavabdeh borcunu qaytarmadığı və bunun üçün real hərəkətlər etmədiyi üçün qarşılıqlı iddia üzrə iddiaçının məhkəməyə müraciət etməsi üçün əsaslar yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə ilk öncə olaraq qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Yəni müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir və insanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Qeyd edilənlərlə müəyyən edildi ki, borcun verilməsi barədə tərəflər arasında olan 10 avqust 2022-ci il tarixli müqavilə (əqd) yazılı (notarial) qaydada bağlanmışdır, həmin müqavilə (əqd), müqavilə tərəfləri sayılan Cavabdeh və İddiaçı özləri tərəfindən imzalanmışdır, müqavilə Bakı şəhəri 23 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmişdir. Bu zaman müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmiş, notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir. Borc alan İddiaçı müqaviləni imzaladıqdan sonra, imzasının qarşısında soyadını öz xətti ilə yazmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır; Məhkəmə iclasında müəyyən olundu ki, 10 avqust 2022-ci il tarixli kredit müqaviləsi əsasında İddiaçı Cavabdeh 50000 manat borc aldığını təsdiq etmiş, tərəflər arasında bununla bağlı mülki-hüquqi münasibətlər yaranmış, onlar arasında notariat qaydada təsdiq edilmiş müqavilə mövcud olmuşdur, bununla qarşılıqlı iddia üzrə iddiaçının tələb hüququ yaranmışdır, bu zaman iddia müddəti ötürülməmişdir. Burada nəzərə alınmalıdır ki, qarşılıqlı iddia üzrə cavabdehin borcu qaytarmaq üçün götürdüyü öhdəlik müddəti başa çatmışdır, istər borc öhdəliyinin yaranmasından, müqavilənin 10 avqust 2022-ci il tarixdə bağlanmasından ötən müddət ərzində, istərsə də müqavilənin müddətinin bitdiyi 10 avqust 2023-cü il tarixindən sonra borclu, borcu və ya onun müəyyən hissəsini ödəmək üçün real hərəkət etməmişdir. İşin faktiki halları ilə müəyyən edilir ki, istinad olunan müqavilə əsasında qarşılıqlı iddia üzrə iddiaçının qarşılıqlı iddia üzrə cavabdehə qarşı hazırkı halda borcun geri tələb edilməsi ilə bağlı müvafiq tələb (subyektiv) hüququ mövcuddur. Bu yerdə, ilkin iddia üzrə İddiaçı iddia tələbinə münasibətdə isə qeyd edilməlidir ki, ilkin iddia üzrə iddiaçının “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinin əsasını təşkil edən hal- sözügedən müqavilənin aldatma və hədə-qorxu gəlməklə, təzyiq altında bağlanılması və həmin səbəbdən müqavilənin ləğv edilməsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 339.1-ci maddəsinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3-ci maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 339.4-ci maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. 339.5-ci maddəsinə əsasən əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. 339.6-ci maddəsinə əsasən bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Qanunvericiliyin mənasından da göründüyü kimi, zorakılıq və ya hədə təsiri altında bağlanmış əqd o halda etibarsızlığa səbəb olur ki, şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə olsun, məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məhkəmə araşdırması zamanı İddiaçı yaşı, cinsi və digər mühim amillar nəzərə alınmışdır və qeyd olunmalıdır ki, sonuncunun göstərdiyi arqumentlər hazırkı mübahisə predmeti olan kredit müqaviləsinin etibarsızlığına dəlalət edə biləcək mötəbər sübut qismində qəbul edilib qiymətləndirilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu da qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı iddia tələbində qeyd etdiklərinin hər hansı bir qanuni əsası yoxdur, ilkin iddia üzrə iddiaçı iddia tələbini əsaslı edə biləcək hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Əksinə, məhkəmə iclasları zamanı ona verilmi suallara cavab olaraq İddiaçı ziddiyyətli cavablar vermiş, bu halın özü də iddia tələbinin əsaslılığına şübhə yaratmışdır. Belə ki, xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında ilkin iddia üzrə İddiaçı, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkilinin verdiyi suala cavabında bildirmişdir ki, notariusda müqaviləyə qol çəkən zaman kredit müqaviləsinə qol çəkdiyini və pulu özünün götürməli olduğunu bilmiş və buna görə də özü çəkiliş aparmışdır. Lakin, pulu o, götürməmişdir, çünki həmin vaxt o, hədə-qorxu altında müqaviləyə qol çəkmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında isə ilkin iddia üzrə iddiaçı izahatında göstərmişdir ki, o, icarəyə işlətdiyi mağazaya görə 50000 manat borc götürmüş, 75000 manat əvəzində qaytarmış, lakin icarədar ona demişdir ki, əlavə faiz kimi 50.000 manat da verməlidir. Hazırkı kredit müqaviləsi həmin məqsədlə bağlanmışdır. Onu kredit müqaviləsi bağlanmamışdan 1 gün əvvəl gecə zəng edib ölümlə hədələmişlər. Məhkəməyə təqdim edilmiş iddia ərizəsində və ilkin iddia üzrə iddiaçının ilk izahatında isə o, sonradan imzaladığı müqavilənin kredit müqaviləsi olduğunu bildiyini qeyd etməklə, fərqli və ziddiyyətli izahatlar vermişdir. Bundan başqa, hədələnməsi barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat veribverməməsi barədə suala əvvəlcə kredit müqaviləsinin bağlandığı gün zəng edib məlumat verdiyini, daha sonra 15-20 gün müddət sonra məlumat verdiyini qeyd etməklə bir daha ziddiyyətli cavablar vermiş, həmçinin izahatında ona 1 gün əvvəl zəng olunaraq hədələndiyini və növbəti gün müqaviləyə qol çəkməli olması barədə məcbur edildiyini qeyd etmiş, hansı səbəbdən hədələndiyi an polis orqanına müraciət etməməsi və növbəti gün qeyd olunan müqaviləyə imza çəkməsi barədə verilmiş suala da əsaslı cavab verə bilməmişdir. İlkin iddia üzrə iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi icarə müqavilələri, hüquqmühafizə orqanlarına müraciətlərlə bağlı isə qeyd edilməlidir ki, həmin dəlillər ilkin iddia üzrə iddianı əsaslı edə biləcək dəlil kimi qəbul edilə bilməz, o cümlədən ilkin iddia üzrə iddiaçının bağladığı icarə müqaviləsi ilə bağlı mübahisə üzrə ayrıca məhkəmə qətnaməsi mövcuddur və hazırkı iddianın predmetinin kredit müqaviləsinin etibarsızlığı olması nəzərə alınmaqla, iddia ilə bağlı hər hansı bağlılığı yoxdur. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qəbul etdiyi 18 mart 2019-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 23 saylı notariat ofisi cəlb olunmaqla, “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməli, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası təmin edilməli, Bakı şəhəri 23 saylı notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli, 3M-1029 nömrəli kredit müqaviləsi üzrə 50.000 manat, pul məbləğinin gecikdirilməsinə görə illik 5 faizlə hesablanmış 205.35 manat və ödənilmiş dövlət rüsumu 240.7 manat pul vəsaiti İddiaçı alınaraq, Cavabdeh ödənilməli və ilkin iddia üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəm QƏT ETDİ İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 23 saylı notariat ofisi cəlb olunmaqla, “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası təmin edilsin. Bakı şəhəri 23 saylı notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli, 3M-1029 nömrəli kredit müqaviləsi üzrə 50.000 manat, pul məbləğinin gecikdirilməsinə görə illik 5 faizlə hesablanmış 205.35 manat və ödənilmiş dövlət rüsumu 240.7 manat pul vəsaiti İddiaçı alınaraq, Cavabdeh ödənilsin. İlkin iddia üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №e-2(007)-201/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-201/2024
28.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver