Məhkəmə qərarları › İş №e-2(007)-202/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-202/2025

07.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-202/2025 07.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Bakı Şəhəri 50 saylı Notariat Ofisinə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “mənzilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin mənzilin üzərində mülkiyyət hüququnun tanınması” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Bakı Şəhəri 50 saylı Notariat Ofisinə qarşı “mənzilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin mənzilin üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:

1. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Bakı Şəhəri 50 saylı Notariat Ofisinə qarşı “mənzilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin mənzilin üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh3 Abbasqulu oğlunun aralarında 06 avqust 2022-ci il tarixdə Bakı Şəhəri 50 saylı Notariat Ofisində Bakı şəhəri, Suraxanı rayonu, İlqar Musayev küçəsi, 3 saylı evin 64 saylı mənzilinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin mənzilin üzərində onun mülkiyyət hüququnun müəyyən edilməsini, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 cinayət məsuliyyətinə cəlb edilmələri barədə xüsusi qərardad qəbul edərək prokurora göndərilməsini xahiş etmişdir.

2. İddiaçı vəkili və nümayəndəsi Vəkil Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh3 Abbasqulu oğlunun ata adının Ağaqulu kimi oxunmasını xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxx 1938-ci ildə Şəki şəhərində anadan olmuş, 86 yaşı var. Cavabdeh1 anası Cavabdeh2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, aralarındakı razılaşmaya əsasən onun tənha və köməksiz vəziyyətindən istifadə edərək, Bakı şəhəri, Suraxanı rayonu, İlqar Musayev küçəsi, 3 saylı evin 64 saylı mənzili almaq adı ilə onu Bakı Şəhəri 50 saylı Notariat Ofisinə gətirmiş, orada həmin mənzili almağı barədə alqı-satqı müqaviləsini imzalatmış, belə qənaətə gəlmişlər ki, həmin mənzil 121100 manata qiymətləndirilir, o, mənzili satan Cavabdeh3 90000 manat ödəyib, sonra isə hər ay qalan 31100 manatı ödəmək üçün 6 il müddətində hər ay 458 manat ödəməlidir. Onlar müqaviləni imzaladılar, o, 90000 manatı ödədi və həmin mənzilə köçdü. Kiçik nəvəsi – X15 Bakıda yox idi, Bakı şəhərinə qayıtdıqda məlum oldu ki, aldığı mənzil tanışı Cavabdeh2 oğlu – digər Cavabdeh1 adına rəsmiləşdirilib. Onlar, yəni o, nəvəsi Turan, vəkili Vəkil, mənzili satan Cavabdeh3 06 fevral 2023-cü ildə 50 saylı Notariat Ofisinin notariusu Kənan Rəhmanovun ofisinə gəldilər ki, anlaşılmazlığı aradan qaldırsınlar. Notarius K.Rəhmanovun xidməti otağında sonuncu bildirdi ki, Cavabdeh2 oğlu Qəzənfər tərəfindən verilmiş etibarnamə var, buna görə də bu anlaşılmazlığı aradan qaldırmaq mümkündür. Lakin, Cavabdeh2 bu sözləri eşitdikdə bildirdi ki, onda etibarnamə yoxdur və dərhal notariusun ofisini tərk etdi. Bildirir ki, 06 avqust 2022-ci il tarixdə Bakı Şəhəri 50 saylı Notariat Ofisində mərhum qızı X8 məxsus olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 10 saylı evin 77 saylı mənzilini X3 67000 manata satdı. Elə həmin gün tanışı Cavabdeh2 təkidi ilə Bakı şəhəri, Suraxanı rayonu, İlqar Musayev küçəsi, 3 saylı evin 64 saylı mənzilini 121100 manata aldı. Qızının mənzilinin satışından əldə etdiyi 67000 manatın üstünə uzun illər topladığı 23000 manatı və özündə olan, uzun illər saxladığı qızıl-zinət əşyalarını sataraq, 90000 manat ödədi. Vəkilinin sorğusuna Bakı şəhəri 24 saylı notariat ofisinin notariusu Z.Nəcəfli 14 may 2024cü il tarixli, 310 saylı məktubu ilə bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh1 Cavabdeh2 adına etibarnamə vermiş, həmin etibarnamə Cavabdeh2 xx.xx.2023-cü il tarixli ərizəsi əsasında ləğv edilmişdir. 03 fevral 2023-cü il tarixdə onun Cavabdeh2 ilə telefon danışığı olub, o, bildirmiş ki, gedib notariusda mənzilin alqı-satqı müqaviləsini onun adına rəsmiləşdirsinlər. Cavabdeh2 1001 bəhanə gətirərək, notariusun yanına getməkdən yayınmaq istəmiş və onun onlara 60000 AZN borcu olduğu barədə bir kəlmə də deməmiş, səhərisi isə Cavabdeh1 anası olan Cavabdeh2 etibarnamə verdiyi 24 saylı notariat ofisinə getmiş və etibarnaməni ləğv etdirmişdir. Cavabden Cavabdeh2 ilə telefon danışığının diskini məhkəmə iclasında təqdim edəcəkdir. Bununla Cavabdeh2 oğlu ilə özünün cinayət fikirlərini gizlətməyə çalışmışdır. Bundan sonra, 01 mart 2023-cü il tarixdə o, vəkili Vəkillə Bakı şəhəri Nizami rayonu prokuroru P.İbayevin qəbulunda oldular, prokuror şikayətini təhqiqatçıya həvalə etdi, 3 nəfər təhqiqatçı dəyişəndən sonra şikayəti tapşırıldı Bakı Şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqi, polis polkovnik-leytenantı Əflatun Səlimova və iki aydan artıq müddət keçdikdən sonra sonuncunun 29 noyabr 2023-cü il tarixli qərarı ilə yoxlama materialı üzrə qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməldə cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, ona pul tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. Bu nəticəyə istintaq orqanı 9 aylıq araşdırmadan sonra gəlmişdir. Müstəntiq Ə.Səlimovun bu qərarından məhkəmə nəzarəti qaydasında Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verdi. Məhkəmənin 26 dekabr 2023-cü il tarixli, 6(007)-52/2023 saylı qərarı ilə Bakı Şəhəri Nizami RPİ İŞ-nin müstəntiqi, polis polkovnik leytenantı Əflatun Səlimov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş və həmin material üzrə araşdırma aparılmasının davam etdirilməsi qərara alınmışdır. Maraqlısı odur ki, məhkəmə iclasında iştirak edən müstəntiq Ə.Səlimov qərar hakim tərəfindən elan edilənə qədər – bu material üzrə ayrı qərar qəbul olunmayacaq, - bəyanatı vermişdir. Material yenə də həmin müstəntiq Ə.Səlimovun icraatına verildi və sonuncu bir müddət həmin materialı süründürdü, sonra çoxsaylı şikayətləri və etirazları əsasında 3 aydan artıq müddət Bakı şəhəri Nizami rayon prokurorunun müavini Günay Məmmədlinin icraatında qaldıqdan sonra müstəntiq Ə.Səlimovun 03 may 2024-cü il tarixli qərarı ilə əməldə cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş və ona izah edilmişdir ki, pul tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ var. Çox maraqlıdır ki, müstəntiqin qərarından görünür ki, məhkəmə onun birinci qərarını xx.xx.2023-cü il tarixdə ləğv etdikdən sonra xx.xx.2024-cü il tarixdə müstəntiq Ə.Səlimovun icraatına verilmiş, material dərhal Nizami rayon prokurorluğuna göndərilmiş, material ona xx.xx.2024-cü il tarixdə qaytarılmış və o, 10 gün müddətində məhkəmənin göstərişlərinə əməl edərək, əlavə araşdırma apararaq, xx.xx.2024-cü il tarixdə sözünün üstündə duraraq, yenə də cinayət işinin başlanmasını rədd etmişdir. Məhkəmə iclas protokoluna bənzər xx.xx.2024cü il tarixli qərarda heç bir hüquqi əsas gətirilmədən qanunsuz qərar qəbul edilmişdir. Bakı şəhəri Nizami rayon prokurorluğuna müraciətindən 9 ay keçdikdən sonra əsassız və qanunsuz qərar ala bildi, məhkəmə müstəntiqin əsassız qərarını ləğv etdikdən sonra isə yenə də 5 ay müddət qəsdən uzadıldı. Müstəntiq qərarında əsas onu göstərir ki, onun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 60000 AZN borcu olub. Əgər bu cavabdehlərin elə bir məbləğdə vəsaitləri olsa idi özlərinə mənzil alardılar, kirayədə yaşamazdılar. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinin tələblərinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Müstəntiq Ə.Səlimovun məntiqi ilə isə ana-bala, yəni cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun onlara borcunun olması faktını təsdiq etmələri kifayət edir. Cavabdeh1 və anası Cavabdeh2 bu əməliyyatı əvvəlcədən fikirləşib, onu belə bəlaya salmışlar. Buna görə də onların hər ikisinin cinayət məsuliyyətinə cəlb edərək, haqqədalətin bərpa edilməsini və aldığı mənzilin öz adına rəsmiləşdirilməsini qanuni hesab edir.

Cavabdehin etirazı və ərizəsi:

4. Cavabdeh1 etiraz edərək bildirmişdir ki, İddiaçı 29 iyul 2024-cü il tarixində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək 06 avqust 2022-ci ildə 50 saylı Notariat Ofisində bağlanmış alqı-satqı müqaviləsinin (ünvan 1 ünvanında yerləşən 64 saylı mənzillə bağlı) etibarsız hesab edilməsi, eyni zamanda, xüsusi qərardad çıxarılaraq prokurora göndərilməsi barədə mülki qaydada ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd olunanlarla bağlı bildirmək istərdi ki, 06 avqust 2022-ci ildə 50 saylı Notariat Ofisində bağlanmış ilkin müqavilə, hər iki tərəfin, yəni, satıcı Cavabdeh3 və alıcı Cavabdeh1 iradə ifadəsi nəzərə alınmaqla bağlanmış və notarial qaydada rəsmiləşdirilmişdir. Müqavilənin bağlanması zamanı notariat ofisində bütün proseslərdə İddiaçı da şəxsən iştirak etmişdir. Qeyd etmək lazımdır ki, İddiaçı ilə cavabdehlər, X6, Cavabdeh1 təxminən 1995-ci ildən etibarən Bakı şəhəri, Həsən Seyidbəyli küçəsində qonşuluq münasibətlərində olmuş, daha sonra qonşuluq münasibətləri dostluq münasibətlərinə çevrilmişdir. Xüsusilə, ötən illər ərzində iddiaçının qızı mərhum Nəbiyeva Kəmalə ilə cavabdeh Hüseynova Natəvan arasında xüsusi dostluq münasibətləri yaranmışdır. Dostluq münasibətlərini nəzərə alaraq Şəki və Zaqatala şəhərlərində yerləşən evlərin tikinti və təmiri üçün Nəbiyeva Kəmalə onlardan fasilələrlə borc pul istəmiş və beləliklə, evlərin təmir və tikintisini başa çatdırmışdır. Təəssüflər olsun ki, 2021-ci il oktyabr ayında Covid-19 xəstəliyi ilə mübarizə aparan Nəbiyeva Kəmalə gözlənilmədən vəfat etmişdir. Mərhumla onların aralarında olan borc münasibətləri barədə təbii olaraq, iddiaçının xəbəri var idi və həmin borcun əvəzi olaraq, Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli 30 ünvanında yerləşən ona məxsus evin 50%-nin vəsiyyətnamə üzrə o, Cavabdeh1 verilməsi barədə razılığa gəldilər, digər 50% qanun üzrə vərəsəlik qaydasında iddiaçının nəvəsi Kazımov Cavidə məxsusdur. Eyni zamanda iddiaçı xahiş etdi ki, mənzilin digər 50% payı ilə bağlı nəvəsi, məhdud fəaliyyət qabiliyyətli X14 gələcəkdə qardaş kimi köməklik göstərsin. 17 iyun 2022-ci ildə İddiaçı tərəfindən Cavabdeh1 vəsiyyətnamə verilmiş və iddiaçıya Azərbaycan Respublikası Mülki Məcəllənin 1166-1178, 1193-cü maddələrinin məzmunu notariat ofisinin əməkdaşı tərəfindən ətraflı şəkildə izah edilmişdir. (İddiaçı tərəfindən verilən Vəsiyyətnamə əlavə olunur). Məlumdur ki, notariat ofislərində vəsiyyətnamə tərtib olunarkən qanunvericiliyin sərt tələblərinə uyğun olaraq, iddiaçının öz şəxsi yazısı ilə tərtib olunur. Qeyd olunmalıdır ki, mərhum Nəbiyeva Kəmalənin vəfatından dərhal sonra İddiaçı tərəflərindən hər zaman qayğı göstərilmiş, onunla övlad/nəvə münasibətində olmuşlar. Həmçinin ona sənədləşmə işlərində dəstək verilmiş, buna misal olaraq, Şəki və Zaqatalada yerləşən Nəbiyeva Kəmaləyə məxsus mənzillərin qanun üzrə vərəsəlik qaydasında iddiaçıya keçməsi üçün bütün sənədləşmələrin hazırlanmasında ona hüquqi və mənəvi dəstək verilmiş, eyni zamanda iddiaçının özü ilə bərabər Şəki və Zaqatalada bütün sənədləşmə işlərində onunla bərabər cavabdeh X6 bir neçə gün iştirak etmişdir. Bütün bu işlər görülərkən İddiaçı tərəfindən cavabdeh X4 notarial qaydada təsdiqlənmiş 03 dekabr 2021-ci il tarixli banklarda təmsilçiliklə bağlı etibarnamə və 09 dekabr 2021-ci il tarixli Baş etibarnamə verilmişdir. (Hər iki etibarnamə əlavə olunur). İddiaçını aldatmaq niyyəti olsa idi, düşünür ki, etibarnamələrdən istifadə edib Şəki və Zaqatalada yerləşən ona məxsus evlərlə, həmçinin elə 06 avqust tarixli müqavilənin bağlanması üçün müxtəlif əməliyyatlar həyata keçirilə bilərdi. 06 avqust 2022-ci il tarixli bağlanmış müqavilə ilə bağlı: onların Bakı ş., Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi İlqar Musayev küçəsində, cavabdehin isə Bakı ş., Səbail rayonu H.Seyidbəyli küçəsində yaşamaqlarını, arada uzun məsafəni, onların hər gün cavabdehə məişət problemləri zamanı yardım etməyinin çətinliyini nəzərə alaraq, iddiaçı özü onların yaxınlığında yaşamaq arzusunu ifadə etmişdir. Lakin onların yaşadığı ərazidə evlərin bahalı olmağından şikayət etmişdir. Onlar isə öz növbələrində, ona münasib evin alınması zamanı maddi kömək edə biləcəklərini, lakin aralarında olan əvvəlki borcu nəzərə alaraq evin Cavabdeh1 adına rəsmiləşdirilməsini, rəsmiləşdirildikdən dərhal sonra Səbail rayonu, Həsən Seyidbəyli küçəsində yerləşən mənzillə bağlı vəsiyyətnamənin ləğv edilməsinin hər iki tərəf üçün məntiqli olmağı barədə təklif irəli sürmüşdür. İddiaçıya bildirilmişdir ki, vəsiyyətnamənin istənilən zaman ləğvi qanunvericiliklə mümkün olduğundan onlara olan borc öhdəliyinin yerinə yetirilməməsi ehtimalı mövcuddur. Bu baxımdan evin onun adına rəsmiləşdirilməsi, iddiaçının onlara yaxın yaşaması və qayğı görməsi hər 2 tərəf üçün olduqca münasibdir. Belə ki, iddiaçının Amerika və İtaliyada yaşayan qız nəvələrinin olduğunu nəzərə alaraq, onların gələcəkdə vəsiyyətnamə üzrə ona çatacaq əmlaka münasibətdə iddia irəli sürmələri olduqca məntiqli idi. İddiaçı isə öz növbəsində, onların təklifi ilə razılaşmış, eyni zamanda bildirmişdir ki, istənilən halda Bakı ş., Səbail rayonu, Həsən Seyidbəyli küçəsində yerləşən mənzillə bağlı verilən vəsiyyətnaməni ləğv etməyəcək, çünki, ona ondan başqa dayaq olacaq heç kimsə yoxdur. Razılaşma ilə bağlı onu da bildirir ki, İddiaçı həmin evdə yaşadığı müddətdə aylıq kredit borcunu, yəni, təxminən 6 illik müddətdə 457,16 manat özü verməyi öhdəsinə götürmüş, lakin kredit ödənildikdən sonra həmin pulun yəni, təxminən 30000 manat hissə-hissə nəvəsi, məhdud fəaliyyət qabiliyyətli Kazımov Cavidə gələcəkdə ödəməyi, ona mənəvi dayaq olmağı məndən xahiş etmişdir. Təbii ki, hal-hazırda iddiaçı ilə münasibətlər kəskin pisləşsə belə, onun nəvəsi Kazımov Cavidin anası ilə olan keçmiş münasibətləri nəzərə alaraq, İddiaçı mənzildən istifadə etdiyi və kredit öhdəliyini icra etdiyi bütün müddət üçün onun tərəfindən ödənilmiş pul gələcəkdə hissə-hissə Kazımov Cavidə ödəniləcəkdir. Qeyd edir ki, mənzil onun adına rəsmiləşdirilməmişdən bir neçə gün öncə də iddiaçı “Whatsapp” sosial şəbəkəsi vasitəsilə 8 dəqiqə 56 saniyəlik səs yazısını cavabdeh X4 göndərmiş (Səs yazısı məhkəməyə təqdim olunacaq) və həmin səs yazısında da bildirir ki, “evi təhvil verəcəm oğluna, açarları götürər, nə istəsə eləyər, istəsə kirayə verər, bütün evlərlə bağlı idarəetmələr sizlikdir”. ünvan 3 ünvanında yerləşən evin alqı-satqısı ilə bağlı o, İddiaçı, ilkin müqavilə üzrə satıcı Cavabdeh3 50 saylı Notariat Ofisinin rəhbəri Kənan Rəhmanovun xidməti otağına yaxınlaşaraq müqavilə bağlamaq istəyini bildirmiş və o, Cavabdeh1lə Cavabdeh3 arasında ilkin müqavilə bağlanmışdır. Beləliklə, İddiaçı ilə o, əllərində olan pulları cəmləşdirmiş və 89000 AZN notariat ofisinin depozit hesabına onun adından ödəniş etmişlər. Bütün bu proseslərdə İddiaçı özü şəxsən iştirak etmişdir. Ən pis halda, həmin gün onun iddiaçının iddia etdiyi kimi, onu aldatdığını və iddiaçının əslində onun deyil, öz adına müqavilə bağlamaq istəyi olduğu fərz edilsə, iddiaçının müqavilə bağlandığı gün 84 yaşında olduğunu və alınan mənzilin ipoteka ilə yüklü olduğunu nəzərə alan notarius onunla müqavilə bağlanmanın mümkünsüz olduğunu onun diqqətinə çatdıracaqdı. Əgər tərəflər və notarius arasındakı ilkin danışıqlardan sonra iddiaçını aldatmaq niyyəti olsaydı, məlumdur ki, buna notarius və ya digər tərəf, yəni, satıcı etiraz edərdi. Ona görə də iddiaçının aldadıldığını iddia etməsi olduqca absurddur. İddiaçının verdiyi vəsiyyətnaməni, eyni zamanda onun həmin evdən istifadə edəcəyini, qeydiyyatda olmasının vacibliyini nəzərə alaraq, ilkin alqı-satqı müqaviləsi bağlanan mənzillə bağlı iddiaçıya satıcı tərəfindən etibarnamə verilməsi əvvəlcədən tərəflər, notarius tərəfindən razılaşdırılmışdı. Mübahisələrin yaranması anı iddiaçının qız nəvəsi X10 Azərbaycana gəlməsi və eyni dövrdə cavabdeh Hüseynova Natəvanın ağır xəstələnməsi və əməliyyat olunması tarixinə təsadüf edir (17 noyabr tarixli Epikriz əlavə olunur). Natəvan Hüseynova 17 noyabr 2022-ci ildə, yəni, mənzil alındıqdan 3 ay sonra ağır əməliyyat olunmuşdur. Həmin tarixlərdə, İddiaçı cavabdeh Natəvan Hüseynovanın yaşadığı evə baş çəkərək ona bildirmişdir ki, Natəvan Hüseynova artıq xəstədir, iddiaçının ona ehtiyacı yoxdur, nəvəsi Turan Nəbiyeva yaxınlarda gəlib onu ziyarət edəcək və onun qayğısına qalacaq. Elə həmin dövrlərdə İddiaçı Natəvan Hüseynovaya verdiyi etibarnamələri, Cavabdeh1 adına verdiyi vəsiyyətnaməni ləğv etdirmişdir. Burada bir vacib məqamı da qeyd etmək lazımdır ki, İddiaçı evə köçdükdən sonra (08 avqust 2022-ci il) ilk 3 ay üçün kredit borcu məhz Cavabdeh1 tərəfindən ödənilmişdir (Qəbzlər əlavə olunur-aylıq 457.16 AZN Cavabdeh1 məxsus “Unibank” hesablarından ödənilmişdir). İddiaçının polis orqanına yazdığı ərizədə, guya, evə köçdükdən 3 gün sonra Hüseynova Natəvanın onunla kobud rəftarı və dərhal əməliyyat olunması iddiası da bu kontekstdə doğruluğunu tapmır. Səs yazısı və Natəvan Hüseynovaya verilmiş etibarnamənin Cavabdeh1 tərəfindən ləğvi barədə iddiaya cavab: İddiaçı bildirir ki, Natəvan Hüseynova ona səs yazısında evin iddiaçının adına rəsmiləşdirilməsi ilə bağlı “nə lazımdırsa edərik” bildirmiş və daha sonra etibarnamə Cavabdeh1 tərəfindən ləğv edilmişdir. Qeyd edir ki, qeyd olunan məsələ Cavabdeh1 Yunanıstanda olduğu müddətdə baş vermişdir, hansı ki, həmin müddətdə o, Yunanıstanda əmək müqaviləsi üzrə beynəlxalq şirkətdə çalışırdı. İddiaçının anasına zəng etməsi barədə xəbər tutduqda ona bildirdi ki, “notariat ofisinə getsin, mənim adıma verilən və daha sonra ləğv olunan vəsiyyətnaməni notariusun yanında tərəflərə təqdim etsin və aramızdakı borc öhdəliyinə uyğun olaraq evin iddiaçının adına rəsmiləşdirilməsinin mümkün olmaması tərəfin diqqətinə çatdırılsın”. Etibarnamənin ləğvi proseduru da notariat ofisində iddiaçının özü, vəkili, nəvəsi və digər şəxslərin olmasını və anasının tək olduğunu nəzərə alaraq, müxtəlif təzyiqlər qarşısında onun adından hər hansı sənəd imzalanmasının qarşısını almaq və gələcəkdə yarana biləcək mümkün problemlərin aradan qaldırılması məqsədi daşımışdır ki, burada hər hansı cinayət əməlindən söhbət belə gedə bilməz. İstənilən halda anası Hüseynova Natəvana verilən etibarnamə ləğv olunmuş olsa belə, evin yenidən iddiaçının adına rəsmiləşdirilməsi səlahiyyəti onda qalacaqdı və qalır, başqa sözlə, Cavabdeh1 tərəfindən anası X4 verilən etibarnaməni istənilən vaxt ləğv etdirmək onun təbii hüququdur. Lakin əlbəttə ki, bunun baş verməsi üçün notariat ofisində də bildirildiyi kimi, iddiaçının daha öncəki borc öhdəliyini icra etməsi, qeyd olunan mənzilin alınması üçün tərəfindən çəkilən bütün xərclər onlara qaytarılmalıdır. Və ya yuxarıda da qeyd olunduğu kimi, iddiaçının mərhum qızı və nəvəsi ilə münasibətləri nəzərə alaraq, iddiaçının həmin mənzildən istifadə etdiyi və Cavabdeh1 məxsus kredit öhdəliyini icra etdiyi müddət üçün icra etdiyi bütün ödənişlərin (dəqiqləşmə: 08 avqust 2022-dən mənzil iddiaçının istifadəsindədir, lakin 15 noyabr 2022-ci ildən etibarən ödənişlər iddiaçı tərəfindən həyata keçirilib, burada həmin ödənişlər nəzərdə tutulur) edilsə belə, gələcəkdə nəvəsi Kazımov Cavidə ödənilməsi mümkündür. İddiaçının təqdim etdiyi İş materiallarından da görünür ki, iddiaçı 01 mart 2023-cü il tarixindən etibarən polisprokurorluq orqanlarına ərizə ilə müraciət etmişdir. Həmçinin 03 fevral 2023-cü il tarixində notariusa müraciət edərək müqavilənin onun adına rəsmiləşdirilməsi üçün müraciət etmişdir. Yəni, iddiaçı, həmin tarixdən etibarən əqdin etibarsız sayılması qənaətinə gəlmişdir. Buna görə də, kəsici müddət 03 fevral 2024-cü il tarixinə qədər qüvvədə olmalı idi. Buna görə də, istənilən halda iddiaçı kəsici müddəti ötürdüyündən, müqavilənin etibarsızlığı ilə bağlı iddia hüququnu “a priori” itirmiş sayılır. İddiaçının digər iddiası ilə bağlı zəruri sübutlar notarial qaydada təsdiq olunmuş 3(üç) etibarnamə, 1(bir) vəsiyyətnamə, səs yazıları, qəbzlər, notarial qaydada təsdiq olunmuş 1(müqavilə) müvafiq ərizə ilə polis orqanına təqdim olunmuş və polis orqanı tərəfindən sübutlar araşdırılaraq cinayət işinin başlanmasının rədd olunması barədə 03 may 2024-cü ildə qərar qəbul olunmuş və tərəflərə bu barədə yazılı qaydada məlumat verilmişdir. Eyni zamanda həmin sübutlar məhkəməyə də təqdim olunur.

5. Cavabdeh1 ərizə verərək bildirmişdir ki, İddiaçı 16 iyul 2024-cü il tarixində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək 06 avqust 2022-ci ildə 50 saylı Notariat Ofisində bağlanmış alqı-satqı müqaviləsinin (ünvan 1 ünvanında yerləşən 64 saylı mənzillə bağlı) etibarsız hesab edilməsi, eyni zamanda, xüsusi qərardad çıxarılaraq prokurora göndərilməsi barədə mülki qaydada ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçının səlahiyyətli nümayəndəsinin, iddia ərizəsində də qeyd etdiyi kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Müqavilənin icrasına başlanıldığı gün müqavilə üzrə ödənişin həyata keçirildiyi gün, yəni 06 avqust 2022-ci il hesab olunduğundan, qanunvericiliyin tələblərini nəzərə alaraq, iddiaçının iddia qaldırmaq hüququ (iddia müddətinin ötürüldüyünü nəzərə alsaq) məhz 06 avqust 2023-cü il tarixinə qədər nəzərdə tutulur. İddiaçının nümayəndəsi iddia ərizəsində göstərir ki, “İstintaq orqanı məsələnin araşdırılmasını 1 ildən artıq müddətdə həyata keçirdiyinə görə iddia müddətinin ötürülməsi üzrlü hesab edilməlidir”. Qeyd olunmalıdır ki, qeyd olunan məsələ ilə bağlı iddiaçının istintaq orqanına müraciət etməsi onun iş istintaq orqanında araşdırılarkən məhkəməyə mülki qaydada iddia ərizəsi ilə müraciətini istisna etmirdi. Buna görə də iddiaçının kəsici müddəti ötürməsi üzrlü hesab oluna bilməz. İddiaçının təqdim etdiyi iş materiallarından da görünür ki, iddiaçı 01 mart 2023-cü il tarixindən etibarən polis-prokurorluq orqanlarına ərizə ilə müraciət etmişdir. Həmçinin 03 fevral 2023-cü il tarixində notariusa müraciət edərək müqavilənin onun adına rəsmiləşdirilməsi üçün müraciət etmişdir. Yəni, iddiaçı, həmin tarixdən etibarən əqdin etibarsız sayılması qənaətinə gəlmişdir. Buna görə də, kəsici müddət 03 fevral 2024-cü il tarixinə qədər qüvvədə olmalı idi. İddiaçının digər iddiası ilə bağlı zəruri sübutlar notarial qaydada təsdiq olunmuş 3 (üç) etibarnamə, 1 (bir) vəsiyyətnamə, səs yazıları, qəbzlər, notarial qaydada təsdiq olunmuş 1 (müqavilə) müvafiq ərizə ilə polis orqanına təqdim olunmuş və polis orqanı tərəfindən sübutlar araşdırılaraq cinayət işinin başlanmasının rədd olunması barədə 03 may 2024-cü ildə qərar qəbul olunmuş və tərəflərə bu barədə yazılı qaydada məlumat verilmişdir. Tərəflərin izahatları:

6. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və bildirdi ki, Cavabdeh1 anası Cavabdeh2 ilə qabaqcadan birləşərək, aralarındakı razılaşmaya əsasən onun tənha, yaşlı və köməksiz vəziyyətindən istifadə etmişlər. Bakı şəhəri, Suraxanı rayonu, İlqar Musayev küçəsi, 3 saylı evin 64 saylı mənzili almaq üçün onu Bakı şəhəri 50 saylı Notariat Ofisinə gətirmişlər, orada həmin mənzili almağı barədə alqı-satqı müqaviləsini bağlanıb, həmin mənzili 121100 manata o, mənzili satan Cavabdeh3 Abbasqulu oğlundan alıb. 90000 manat ödəyib, qalan 31100 manatı isə 6 il müddətində hər ay 458 manat olmaqla ödəməlidir. Onlar müqaviləni imzaladılar və o, 90000 manatı Cavabdeh3 ödəyib həmin mənzilə köçdü. Kiçik nəvəsi X15 Bakıda yox idi. Bakı şəhərinə qayıtdıqda məlum oldu ki, aldığı mənzil tanışı Cavabdeh2 oğlu digər Cavabdeh1 adına rəsmiləşdirilib. O, nəvəsi Turan və vəkili Vəkil, mənzili satan Cavabdeh3 06 fevral 2023-cü ildə 50 saylı Notariat Ofisinin notariusu Kənan Rəhmanovun ofisinə gəldilər ki, anlaşılmazlığı aradan qaldırsınlar. Notarius K.Rəhmanovun xidməti otağında Kənan Rəhmanov bildirdi ki, Cavabdeh2 oğlu Cavabdeh1 tərəfindən verilmiş etibarnamə var, buna görə də bu anlaşılmazlığı aradan qaldırmaq mümkündür. Lakin, Cavabdeh2 bu sözləri eşitdikdə bildirdi ki, onda etibarnamə yoxdur və dərhal notariusun ofisini tərk etdi. Dəfələrlə Nətavana evin onun adına rəsmiləşdirilməsini deyəndə bu gün sabah deyib vaxt uzadırdı qayatarmaq istəmirdi. Ona görə iddia tələbinin təmin edilməsini xahiş etdi.

7. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və bildirdi ki, Cavabdeh1 və Cavabdeh3 Abbasqulu oğlunun aralarında 06 avqust 2022-ci il tarixdə Bakı şəhəri 50 saylı Notariat Ofisində Bakı şəhəri, Suraxanı rayonu, İlqar Musayev küçəsi, 3 saylı evin 64 saylı mənzilinin alqı-satqı müqaviləsi etibarsız hesab edilsin və həmin mənzilin üzərində İddiaçı mülkiyyət hüququ müəyyən edilsin. Belə ki, cavabdehlər ana-bala iddiaçının yaşından və kimsəsiz olmasından istifadə edib onu aldadıblar. Kimsə qohumu olmayan adama ev verməz. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 cinayət məsuliyyətinə cəlb edilmələri barədə xüsusi qərardad qəbul edərək, prokurora göndərilməsini xahiş etdi.

8. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirdi ki, iddia tələbini qəbul etmirlər. Müqavilə bağlanan zaman Kənan Rəhmanova yaxınlaşıb müqavilənin bütün şərtlərini danışmışlar. Məmduhə xanım 64000 manat ödəyib. Onların arasında borc münasibətləri var idi. Evə ödədiyi ilkin ödəniş onlara olan borcu idi. Yəni onun pulu ilə onlar heç nə almamışlar. Məmduhə xanım ona H.Seyidbəyli küçəsində yerləşən mənzilə vəsiyyətnamə verib. O, özü də deyirdi ki, Nətavan ona kömək edib. O, onun qızı Kəmalə rəhmətə gedəndən sonra onun borclarının silinməsi barədə kömək etmişdir. O, həmin vaxt Azərbaycanda işləyirdi. Məmduhə xanım Zaqatalada və Şəkidə özünə ev tikdirirdi. Heç nəvələrinin xəbəri belə yox idi. Onların işlərini o, həll edirdi. O demişdi ki, H.Seyidbəylidə olan evi ona verir. Onun qızı Kəmalə 2021-ci ildə rəhmətə gedib. Borcu Kəmalə xanıma vermişdir. Onlara borcu var idi. İlk 3 ayın ödənişini onun kartı ilə, onun hesabı ilə ödəyiblər. “Unibank” hesabı ilə ödəmə olub. O, ev onlara məxsusdur. Sadəcə olaraq, Məmduhə xanım onlara olan borcunu qaytarmışdır. Müqavilənin etibarsızlığı ilə bağlı iddia müddəti 1 ildir. Məmduhə xanımın illər üzrə onlarda yığılıb qalan borcu var idi. O vaxt sadəcə olaraq, borc müqaviləsi şifahi bağlandığı üçün onu rəsmiləşdirə bilməmişdilər. O, bir çox işlərinin həllini ona tapşırırdı. Nəticə etibarilə ona ev vəsiyyət etmişdir. Nəvələri o zaman heç Məmduhə xanımın yanında yox idi. Onun köməyinə o çatırdı.

9. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh3 bildirmişdir ki, iddianı qəbul edir. Mənzil ona məxsus idi. Mənzili şirkətdən almışdı. Mənzili Məmduhə xanıma satdığını bilirdi, ona 89000 manat pulu Məmduhə xanım verdi. Kassaya yaxınlaşdılar. Sonra alqısatqı bağlanandan sonra pulu götürdü. Cavabdeh1 və anası bildirdi ki, Məmduhə yaşlı qadındır. Ona ipoteka verməyəcəklər. Ona görə Qəzənfərin adına rəsmiləşdirdildi. İpotekaya müəyyən qədər məbləğ qalmışdı. Məmduhə xanım həmin qalan məbləği ipotekaya ödəməli idi. Pulu dəqiq Məmduhə xanım ona verib. İş materialları:

10. Bakı Şəhəri 24 saylı Notariat Ofisinin 14 may 2024-cü il tarixli, 310 nömrəli məktubunun surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh1 anası Cavabdeh2 adına verdiyi etibarnamə xx.xx.2023-cü il tarixdə Cavabdeh2 tərəfindən imtina olunmuşdur.

11. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 03 may 2024-cü il tarixli qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

12. Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış 06 avqust 2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 Bakı şəhəri, Suraxanı rayonu, İlqar Musayev küçəsi, 3 saylı evin 64 saylı mənzili 121100 manata Cavabdeh1 satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanması barədə razılığa gəlmişlər.

13. "xxxx" ASC ilə Cavabdeh3 arasında 15 aprel 2019-cu il tarixdə kredit xətti müqaviləsi bağlanmışdır.

14. 17 iyun 2022-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli 30 ünvanında yerləşən mənzili Cavabdeh1 vəsiyyət etmişdir.

15. AR-İİ seriyalı 539257 nömrəlin 03 dekabr 2021-ci il tarixli və AR-İİ seriyalı 513892 nömrəli 09 dekabr 2021-ci il tarixli etibarnamələrin surətindən görünür ki, İddiaçı Cavabdeh2 etibarnamə vermişdir.

16. AR-İİ seriyalı 712865 nömrəli 06 avqust 2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh3 İddiaçı etibarnamə vermişdir.

17. 06 avqust 2022-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsindən görünür ki, İddiaçı və X16 Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 10 saylı evin, 77 saylı mənzilini 67000 manata X1.

18. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüququ Şəxsi tərəfindən verilmiş **********77-05101-093079 reyestr nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 10 saylı evin, 77 saylı mənzilinin ½ hissəsi İddiaçı, ½ hissəsi isə X11 xüsusi mülkiyyətindədir.

İşin faktiki halları:

19. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı və nəvəsi X16 vərəsəlik qaydasında onlara keçən Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 10 saylı evin, 77 saylı mənzilini 67000 manata X2. Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış 06 avqust 2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 Bakı şəhəri, Suraxanı rayonu, İlqar Musayev küçəsi, 3 saylı evin 64 saylı mənzili 121100 manata Cavabdeh1 satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanması barədə razılığa gəlmişlər. İddiaçı tərəfindən mənzilə görə Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 10 saylı evin, 77 saylı mənzilin satışından əldə olunmuş 67000 manatın çatışmayan hissəsini də əlavə edərək Cavabdeh3 89000 manat ödəniş etmişdir. Mənzilin dəyərinin qalan hissəsini isə hər ay 457,16 manat İddiaçı hal-hazıradək ödəyir. İddiaçı 03 dekabr 2021-ci il və 09 dekabr 2021-ci il tarixlərdə Cavabdeh2 etibarnamə vermişdir. Hazırda iddiaçı Cavabdeh1 və Cavabdeh3 Abbasqulu oğlunun aralarında 06 avqust 2022-ci il tarixdə Bakı Şəhəri 50 saylı Notariat Ofisində Bakı şəhəri, Suraxanı rayonu, İlqar Musayev küçəsi, 3 saylı evin 64 saylı mənzilinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin mənzilin üzərində onun mülkiyyət hüququnun müəyyən edilməsini, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 cinayət məsuliyyətinə cəlb edilmələri barədə xüsusi qərardad qəbul edərək prokurora göndərilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq:

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.

21. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarı:

Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur.

22. “T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 01 dekabr 2020-ci il tarixli qərarı:

Göstərilmişdir ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Bu baxımdan mülki dövriyyənin sabitliyinin və davamlılığının təmin edilməsi üçün məhkəmələr tərəfindən mövcud sübutlar əsasında müqavilə üzrə tərəflərin gerçək hüquqi niyyətlərinin və iradə ifadələrinin müəyyən edilməsi, qanunvericiliyə uyğun olaraq onlara hüquqi qüvvə verilməsi, vicdanlılıq prinsipinə əsasən borclunun vəzifələrinin icrasının təmin edilməsi, pozulmuş öhdəliklərə görə məsuliyyətin müəyyən edilməsi hüquqi nəticə əldə edilməsi üçün vacibdir.

23. “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli Qərarı”

Formalaşdırılmış hüquqi mövqe ondan ibarət olmuşdur ki, “əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr, N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarları). Əhəmiyyətsiz əqd arzuolunan hüquqi nəticəyə səbəb olmadığından predmetini fərdi müəyyən əşya təşkil etdiyi halda, həmin əşyanın geri qaytarılması ilə bağlı irəli sürüləcək iddia hər hansı müddətlə məhdudlaşmır. Belə ki, fərdi müəyyən əşya hüquqi əsas olmadan qarşı tərəfin sahibliyinə keçdiyinə görə, qarşı tərəf həmin əşya üzərində mülkiyyət və s. əşya hüquqları əldə etmir. Ona görə də mülkiyyətçi özünün mülkiyyət hüququna istinad edərək qanunsuz sahib olan müqavilənin qarşı tərəfindən müddətsiz olaraq öz əşyasını Mülki Məcəllənin 157.2 və 157.5-ci maddələrinə əsaslanmaqla istəyə bilər”.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı:

Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Yuxarıda vurğulandığı kimi, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Beləliklə, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir.

25. Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” 2023-cü il 15 fevral tarixli Qərarları: İddia və kəsici müddətlərin mahiyyəti və fərqləndirici xüsusiyyətləri ilə bağlı ifadə etdiyi hüquqi mövqeyinə əsasən, tələb hüququna xas olan iddia müddətindən fərqli olaraq kəsici müddət əqdi mübahisələndirmək hüququna və iddialara aiddir. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olduğu halda, kəsici müddət subyektiv hüququn mövcudluğu ilə şərtlənir, həmin müddətin bitməsi hüququn özünün xitamı ilə nəticələnir. İddia müddətinin axımı dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. İddia müddəti konkret borclunun konkret tələb üzrə müdafiə vasitələrindən biridir (bu səbəbdən də cavabdehin ərizəsi ilə tətbiq edilir), kəsici müddət isə üçüncü şəxslərin və ümumiyyətlə mülki dövriyyənin maraqları naminə müəyyən edilir (bu səbəbdən də məhkəmənin öz təşəbbüsü ilə (ex officio) tətbiq edilir.

Məhkəmənin mövqeyi:

26. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir.

27. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir.

28. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, göründüyü kimi xx.xx.2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmışdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb müqavilə azadlığı prinsipindən irəli gəlir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçını Bakı şəhəri, Suraxanı rayonu, İlqar Musayev küçəsi, 3 saylı evin 64 saylı mənzili almağa heç kəs məcbur etməmişdir. O, öz iradəsi ilə mənzilin pulunu Cavabdeh3 vermişdir. Hətta Cavabdeh3 gələcəkdə alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün iddiaçıya etibarnamə verilmişdir. Sadəcə iddiaçının yaş həddi ona imkan verməmşdir ki, o, ipoteka ilə mənzili öz adına alsın. Qanunvericiliyin tələbinə əsasən kreditin son ödəniş tarixinə borcalanın və ya birgə borcalanın yaşı qanunvericiliklə müəyyən olunmuş pensiya yaş həddindən çox olmamalıdır. Bu səbəbdən Cavabdeh1 ilə Cavabdeh3 arasında ilkin alqı-satqı müqaviləsi bağlanmışdır.

29. Bundan əlavə məhkəmə iddia müddəti ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Göründüyü kimi Mülki Məcəllənin 354.2-ci maddəsinin dispozisiyasında əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu vaxtdan qanunvericinin müəyyən etdiyi bir illik müddət ötürülmüş hesab edilir. Hazırki halda iddiaçı xx.xx.2022-ci il tarixdə bağlanmış ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Halbu ki, iş materiallarından görünür ki, iddiaçı 03 fevral 2023-cü il tarixdə notariusa müraciət edərək müqavilənin onun adına rəsmiləşdirilməsini xahiş etmişdir. Həmçinin 03 may 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, İddiaçı 01 mart 2023-cü il tarixində Nizami rayon prokurorluğuna ərizə ilə müraciət etmişdir.

30. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, idiaçı 03 fevral 2023-cü il tarixdən hüquqlarının pozulduğunu bilirdi və Mülki Məcəllənin 354.2-ci maddəsinin tələbinə riayət etmədən müəyyən olunmuş 1 illik müddəti ötürməklə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir.

Məhkəmə baxışının hədləri:

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmə xərcləri:

32. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Nəticə:

33. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Bakı Şəhəri 50 saylı Notariat Ofisinə qarşı “mənzilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin mənzilin üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiası rədd edilməlidir.

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Bakı Şəhəri 50 saylı Notariat Ofisinə qarşı “mənzilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin mənzilin üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar