Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2065/2025 11.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 50 saylı Notariat Ofisinə qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 və Bakı şəhəri Xətai rayon İcra Şöbəsi cəlb edilməklə “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı cavabdeh Bakı şəhəri 50 saylı Notariat Ofisinə qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 cəlb edilməklə “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 50 sayılı notariat ofisinin xüsusi notarisi X7 tərəfindən tərtib və təsdiq edilmiş 16 yanvar 2025-ci il tarixli, 8İ-418 reyestr nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 15 mart 2024-cü il tarixində X5 ilə onun arasında formal borc müqaviləsi imzalanmışdır. Həmin müqavilə əsasında 16 yanvar 2025-ci il tarixində Bakı şəhəri 50 sayılı notariat ofisi tərəfindən icra qeydi çıxarılmışdır. Həmin icra qeydinə əsasən, 24 dekabr 2024-cü il tarixədək olan müddət üçün vaxtında ödənilməmiş 27.000 manatın ondan tutulmasına dair qərar qəbul edilmişdir. Lakin ilkin müqavilə formal olsa belə, o, Bayram Məmmədova əlavə olaraq 6140 manat ödəniş etmişdir. Ancaq o, bunu notariat ofisinə müraciətində bildirməmişdir. Həmin ödənişin 1240 azn hissəsi nağd qaydada geri qalan hissəsi isə, 12 dekabr 2023-cü il və 14 dekabr 2023cü il tarixlərində kart vasitəsilə ödənilmişdir. Faktiki olaraq notariat ofisinə müraciət zamanı 27.000 manat deyil, 20.860 manat tələb edilməli idi. Bundan başqa ümumiyyətlə ilkin əqd etibarsızdır, çünki aralarında borc münasibəti mövcud deyildir. Novruz Bayramov tərəfindən bu günə qədər ona heç bir bildiriş göndərilməmişdir. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 iddia ərizəsinə etiraz verərək bildirmişdir ki, X5 və İddiaçı arasında xx.xx.2024-cü il tarixində “Borc müqaviləsi” bağlanmışdır. Həmin borc müqaviləsinin 1-ci maddəsinə əsasən “Borcverən” X5 “Borcalan” İddiaçı 55.000 (əlli beş min) ABŞ dollarının manatla məzənnəsini təşkil edən 93500 (doxsan üç min beş yüz manat) və 94605 manat (doxsan dörd min altı yüz beş manat), ümumilikdə 188105 (yüz səksən səkkiz min yüz beş manat) məbləğində borc pul vermişdir. Müqavilənin şərtinə uyğun olaraq iddiaçı X5 188105 manat (yüz səksən səkkiz min yüz beş manat) məbləğində pulu Notariusun depozit hesabına köçürmüşdür və cavabdeh həmin məbləğdə pulu müqavilənin şərtinə uyğun olaraq Notariusun depozit hesabında mədaxil etmişdir. Müqavilənin 2-ci maddəsinə əsasən İddiaçı borcu xx.xx.2024cü il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixədək hər gün 150 (bir yüz əlli) manat, xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixinədək hər gün 200 (iki yüz) manat, xx.xx.2024-cü il tarixdən başlayaraq 7 (yeddi) ay müddətində hər ay 8000 (səkkiz min) manat, səkkizinci ay 7105 ( yeddi min bir yüz beş) manat və xx.xx.2024-cü il tarixdən başlayaraq 11 (on bir) ay ərzində hər ay 5 000 (beş min) ABŞ dollarının manatla məzənnəsini ödəmək şərti ilə X3 qaytarmalı idi. İddiaçı tərəfindən 2024-cü ilin noyabr ayından etibarən Borc Müqaviləsinin şərtləri pozulmuş, ödənişlər vaxtı-vaxtında həyata keçirilməmişdir. Bu səbəbdən 16 yanvar 2025-ci il tarixində Bakı şəhəri 50 saylı notariat ofisinin xüsusi notariusu X7 tərəfindən hissəvi icra qeydi verilmiş və müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixinədək olan müddət üçün ödənilməmiş 27000 manat 00 qəpik (iyirmi yeddi min manat sıfır qəpik) tutulsun. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 6140 manat məbləğində pul əvvəlcədən ödənilmişdir və sanki elə təəssürat yaratmışdır ki, guya onun ümumilikdə 27000 manat borcu olmuş, həmin borcun da 6140 manatını icra qeydindən əvvəl ödəmişdir. Lakin notarial qaydada təsdiq edilmiş Borc müqaviləsindən də göründüyü kimi ümumi borcun məbləği 188105 AZN (yüz səksən səkkiz min yüz beş manat) olmuşdur. 16 yanvar 2025-ci il tarixində Bakı şəhəri 50 saylı notariat ofisinin xüsusi notariusu X7 tərəfindən verilən icra qeydi isə hissəvi xarakter daşıyır. Azərbaycan Respublikası “Notariat haqqında” Qanunun 76-cı maddəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. İddia ərizəsində qeyd edilir ki,"... həmin borcdan 6140 manat ödənilmişdir. Bu ödənişin 1240 manatı nağd qaydada, qalan məbləğ isə tələbkarın kart hesabına köçürülmüşdür. xx.xx.2023-cü il tarixli ödənişlərin qəbzləri də şikayətə əlavə olunur...”. İddiaçı tərəfindən göstərilən bu arqument də tamamilə əsassızdır. Belə ki, İddiaçı tərəfindən Bayram Məmmədova ümumiyyətlə nağd pul verilməmişdir, 188105 manat borcun ödənilməsi istiqamətində edilmiş bütün ödənişlərlə bağlı qəbzlər “WhatsApp” yazışma tətbiqi üzərindən X3 göndərilmişdir. İlk ödəniş xx.xx.2024-cü il tarixində həyata keçirilmişdir, həmin qəbz də onlarda mövcuddur. Həmçinin iddia ərizəsində hansı məqsədlə xx.xx.2023, xx.xx.2023-cü il tarixli qəbzlərin olduğunu və onlara istinad edilməsi aydın deyildir. Çünki borc müqaviləsinin tarixi xx.xx.2024-cü ildir. X5 tərəfindən məhz həmin tarixdə İddiaçı notariusun depozit hesabına köçürülməsi yolu ilə borc pul vermişdir. Bu halda xx.xx.2023, xx.xx.2023-cü il tarixli qəbzlərin ümumiyyətlə hal-hazırkı iş üzrə hər hansı sübut əhəmiyyəti mövcud deyildir. Bu baxımdan hesab edir ki, həmin qəbzlər sübutlar siyahısından çıxarılmalı və mötəbər sübut kimi qəbul edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia ərizəsində qeyd olunur ki, "... bundan başqa şəxslə mənim aralarında ümumiyyətlə borc münasibəti olmamışdır. Həmin əqd etibarsızdır...”. Notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli Borc müqaviləsi İddiaçı və X5 arasında borc münasibətlərinin olmasını təsdiq edir. Belə ki, X5 və İddiaçı arasında xx.xx.2024-cü il tarixində “Borc müqaviləsi” bağlanmışdır. Həmin borc müqaviləsinin 1-ci maddəsinə əsasən “Borcverən” X5 “Borcalan” İddiaçı 55.000 (əlli beş min) ABŞ dollarının manatla məzənnəsini təşkil edən 93500 (doxsan üç min beş yüz manat) və 94605 manat (doxsan dörd min altı yüz beş manat), ümumilikdə 188 105 (yüz səksən səkkiz min yüz beş manat) məbləğində borc pul vermişdir. Müqavilənin şərtinə uyğun olaraq iddiaçı X5 188105 manat (yüz səksən səkkiz min yüz beş manat) məbləğində pulu Notariusun depozit hesabına köçürmüşdür və cavabdeh həmin məbləğdə pulu müqavilənin şərtinə uyğun olaraq Notariusun depozit hesabında mədaxil etmişdir. Müqavilənin 2-ci maddəsinə əsasən İddiaçı borcu xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixədək hər gün 150 (bir yüz əlli) manat, xx.xx.2024-cü il tarixdən başlayaraq 31,08.2024-cü il tarixinədək hər gün 200 (iki yüz) manat, xx.xx.2024-cü il tarixdən başlayaraq 7 (yeddi) ay müddətində hər ay 8000 (səkkiz min) manat, səkkizinci ay 7105 ( yeddi min bir yüz beş) manat və xx.xx.2024-cü il tarixdən başlayaraq 11 ( on bir) ay ərzində hər ay 5 000 ( beş min) ABŞ dollarının manatla məzənnəsini ödəmək şərti ilə X3 qaytarmalıdır. Bu baxımdan borclu tərəfindən bu faktın əsassız olaraq təkzib edilməsi həmin münasibətlərin mövcud olmaması anlamına gəlmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Göründüyü kimi qanunvericiliyin tələbinə uyğun olaraq müqavilə yazılı formada bağlanmış və notarial qaydada təsdiq edilmişdir. Həmin müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı X3 hissə-hissə ödənişlər icra etmiş, 2024-cü ilin noyabr ayından sonra ödənişlərin məbləği müqavilənin şərtinə uyğun olaraq artdıqdan sonra ödənişlərdən yayınmışdır. Belə olan halda borc münasibətinin olmadığını və müqavilənin etibarsız olmasını irəli sürən qeyd edən şəxs nə üçün xx.xx.2024-cü il tarixdən 2024-cü ilin noyabr ayına qədər müqavilə üzrə ödənişlər etmişdir? Qeyd olunanları nəzərə alaraq İddiaçı tərəfindən irəli sürülmüş iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai rayon İcra Şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 etirazın məzmununa uyğun izahat verərək bildirdi ki, iddiaçının iddia ərizəsi tamamilə əsassızdır, icra qeydinin ləğv edilməsini istəmir. Belə ki, iddiaçı ilə aralarında borc müqaviləsi vardır. Müqavilədə göstərilir ki, müqavilə Bakı şəhəri 50 saylı Notariat Ofisində xx.xx.2024-cü il tarixində bağlanmışdır. İddiaçının bildirməsinə görə tərəfindən borc məbləğindən ödəniş edilmişdir. Əgər ödəniş olsa idi, bu müqavilədə nəzərə alınardı. O, notariusun depozit hesabına pul da köçürmüşdür. İddiaçı 27000 manat borcdan iki dəfə 3000 manat olmaqla, cəmi 6000 manat İcra Şöbəsinin balansına köçürüb. İcra şöbəsi isə pulu onun hesabına köçürmüşdür. Borc müqaviləsində hissəvi ödəniş qrafiki nəzərdə tutulub. 2024-cü ilin sentyabr ayına kimi məbləğlər az olduğuna görə iddiaçı ödənişi ödəmiş, 2024-cü ilin sentyabr ayından dekabr ayına kimi isə ödənişdən yayınmışdır. 2024-cü ilin dekabr ayının 24-də ünvanına borcun ödənilməsinin gecikdirilməsinə görə bildiriş göndərilmiş, 2025-ci ilin yanvar ayında icra qeydi verilmiş və icra qeydi Bakı şəhər Xətai rayon İcra Şöbəsinə göndərilmişdir. İddiaçı Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə yaxınlaşıb icra qeydinə görə 27000 manat borcu olmadığını, 2023-də ödəniş etdiyini bildirir. İddiaçı icra qeydinə görə vaxt qazanmaq istəyir, ödəniş etməməsi üçün vaxtı uzadır. O, həmçinin qeyd etdi ki, Emil ilə 2023-cü ildə alış-verişi olmuş, o vaxt onun iddiaçıya, iddiaçının da ona verəcəyi bitmişdir. 2024-cü ilin mart ayının 3-də o, iddiaçıya notarial qaydada, notariusun depozitinə pul köçürmək yolu ilə pul vermiş, ona da dövlət tərəfindən sənəd verilmişdir. O, məhkəməyə qəbzləri təqdim etmişdir, iddiaçı tərəf qəbzləri götürüb eyniləşdirsin, 2024-cü ildən bəri qəbz varsa təqdim etsinlər. Ona əlbəəl pul verilməmişdir. O, pulu Emilin qardaşına yox, Emilə vermişdir. O, Emilə 2024-cü ildə borc pul vermiş, bu vəsaitin əvvəlki biznes fəaliyyəti ilə əlaqəsi olmamışdır. O, Emilə ondan borc pul istəyəndə həmişə borc vermişdir. Ümumiyyətlə borcu verəndən sonra Emili görməmişdir. Borc müqaviləsindən qabaq Emil ilə arasında şifahi razılaşma olmuş, Emil də həmin pul üzrə ödəniş edib onu bitirmiş, iddiaçı tərəfin təqdim etdiyi qəbzlər əvvəlki borca aiddir. Bundan əlavə o, iddiaçı tərəfin məhkəmə iclasının taxirə salınması barədə ərizəsinə etiraz etdiyini, qarşı tərəfin qərəzli olaraq vaxtı uzatmasını bildirərək ona görə də işin mahiyyəti üzrə baxılıb yekunlaşdırılmasını xahiş etdi Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş iddiaçı, digər cavabdeh və üçüncü şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsi məhkəmə iclasına gəlməmiş, iddiaçının vəkili-nümayəndəsi elektron qaydada ərizə verərək 11 sentyabr 2025-ci il tarixində, saat 12:15-də Nəsimi Rayon Məhkəməsində e-2(006)-3078/2025 saylı iş üzrə məhkəmə iclasında iştirak etməli olmasını, buna görə də, həmin tarixə, saat 11:50-yə təyin edilmiş məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini qeyd edərək məhkəmə iclasının təxir edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin ərizəsinə qiymət verərək bildirir ki, iddiaçının vəkili-nümayəndəsi tərəfindən xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə də müraciət edilərək məhkəmə hazırlıq iclaslarının təxirə salınması xahiş edilmiş, iddiaçı tərəfin xahişi nəzərə alınaraq məhkəmə hazırlıq iclasları təxirə salınmışdır. Beləliklə, məhkəmə hesab edir ki, mülki iş üzrə məhkəmə baxış iclasının təxirə salınması işin lüzumsuz uzanmasına və digər tərəflərin hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxaracağından, iş üzrə araşdırılmalı yeni hallar olmadığından vəsatət təmin edilməyərək mülki işə baxılıb iş üzrə yekun məhkəmə qərarı qəbul edilməlidir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, tərəflərindən müqavilənin etibarsızlığına dair iddia qaldırılmamış, sadəcə bu məsələ iddia ərizəsində məlumat xarakterli nəzərə çatdırılmışdır. Bayram bəy iddiaçıya borc vəsaiti verməmiş, onun təmsil etdiyi şəxslə biznes fəaliyəti olmuşdur və hazırda olan məbləğ də onunla bağlıdır, sadəcə bunu borc müqaviləsi altında pərdələyiblər. Tərəflər arasında təxminən 2018-2019-cu illərdən uzun müddət birlikdə fəaliyyət göstəriblər ki, tərəflər arasında olan məbləğ ümumi məbləğ olub, tərəfə ödənilməli məbləğ nə idisə həmin məbləği qeyd ediblər ki, aralarında mübahisə qalmasın. Lakin münasibətlər korlandığı üçün Bayram bəy bunu notarial qaydada rəsmiləşdirmək istəyib. İddiaçıya borc verilməyib, əvvəllər ödənilən pullar bunun tərkib hissəsidir. İddiaçı 6140 manatlıq hissəni ödədiyinə görə artıq belə düşünüb ki, bunun ziddiyəti yoxdur, həmin hissəni onsuz da ödənişdən çıxacaq. İddiaçı tərəf isə Bayram bəyə 6140 manat ödəniş etmiş, 1240 manat nağd vermiş, qalanı isə “M10” tətbiqi ilə ödənilmişdir. Onlar tərəfindən ödənilməli olan hazırki məbləğ isə 20860 manatdır. Həmin məbləği qəbul edir və ödəməyə razıdırlar. Bayram bəy icra qeydində olan məbləği indi də Bakı şəhəri Xətai Rayon Məhkəməsində hakim Aynur Abdullayevanın icraatında olan mülki iş üzrə İddiaçı tələb edir. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə X5 arasında bağlanmış 15 mart 2024-cü il tarixli borc müqaviləsinə əsasən borcverən X5 borclu İddiaçı 55000 ABŞ dollarının manatla məzənnəsini təşkil edən (dolların manatla məzənnəsi 1 dollar= 1.70 manat) 93500 manat və 94605 manat, ümumilikdə 188105 manat məbləğində pul borc vermiş, borc alan İddiaçı isə borcu xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixədək hər gün 150 manat, xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixədək hər gün 200 manat, xx.xx.2024-cü il tarixdən başlayaraq 7 ay müddətinə hər ay 8000 manat, səkkizinci ay 7105 manat və xx.xx.2024cü il tarixdən başlayaraq 11 ay ərzində hər ay 5000 ABŞ dollarının manatla məzənnəsini ödəmək şərti ilə qaytarmağı öhdəsinə götürmüşdür. X2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 xx.xx.2024-cü il tarixdə İddiaçı icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən məlumat ilə 2024-cü ilin noyabr, dekabr ayları üçün ödənilməmiş 27000 manat məbləğində borc 20 gün müddətinə ödənilmədiyi halda notarius tərəfindən icra qeydi aparılacağını bildirmiş və iş materiallarına əlavə edilmiş qaimədən görünür ki, həmin bildiriş iddiaçıya rəsmi qaydada xx.xx.2024-cü il tarixdə göndərilmişdir. Bundan sonra X5 xx.xx.2025-ci il tarixdə notarial qaydada ərizə verərək bildirmişdir ki, 15 mart 2024-cü il tarixdə Bakı şəhəri 50 saylı Notariat Ofisində rəsmiləşdirilmiş kredit müqaviləsi əsasında İddiaçı 188105 manat məbləğində borc pul vermiş, həmin müqavilə üzrə İddiaçı müqavilə üzrə öhdəliklərinin icra vaxtının xx.xx.2024cü il tarixdə başa çatdığına baxmayaraq həmin pul məbləğinin bir hissəsi borclu tərəfindən ona qaytarılmamışdır. Ona görə də icra qeydinin verilməsini xahiş etmiş və Bakı şəhəri 50 saylı notariat ofisi tərəfindən verilmiş 16 yanvar 2025-ci il tarixli, 8İ-418 nömrəli icra qeydinə əsasən X2 xeyrinə İddiaçı xx.xx.2024-cü il tarixədək olan müddət üçün vaxtında ödənilməmiş 27000 manat və tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla cəmi, 28525 manat pulun tutulması müəyyən edilmişdir. X5 xx.xx.2025-ci il tarixdə ərizə verərək İddiaçı ona 27025 manat pul ödəməli olmasını, borcun hissə-hissə ödənilməsini istəmədiyini bildirmişdir. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə X3 hər ay borcundan 3000 manat ödəyə biləcəyini, X2 bu məbləğlə razı olmadığını, belə olan təqdirdə icra qeydindən məhkəməyə şikayət verəcəyini, onun bu qaydada ödəməyinə şərait yaradılmasını bildirmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, işdə iştirak edən şəxslərin izahatını dinləyib araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə predmetini təşkil edən icra qeydinin verilməsinə əsas X5 ilə borclu İddiaçı arasında bağlanılmış 15 mart 2024-cü il tarixli borc müqaviləsi olmuşdur. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 saylı qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndinə əsasən notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda qeyd olunur ki, pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydinin aparılması üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli təqdim olunur. Həmin siyahının qeyd hissəsində qeyd edilmişdir ki, tələbkar bu Siyahı ilə müəyyən edilmiş sənədlərlə icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) bu Siyahı ilə müəyyən edilmiş icra qeydinin aparılması üçün digər sənədlərə əlavə olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, İddiaçı ilə X5 arasında 15 mart 2024-cü il tarixdə borc müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X1 Emil Vaqif oğlu oğluna ümumilikdə 188105 manat pulu borc vermiş, borclu həmin pulu qaytarmağı öhdəsinə götürmüşdür. Borclu tərəfindən həmin məbləğdən 27000 manat ödənilməmiş qalmışdır. xx.xx.2024-cü il tarixdə X5 tərəfindən iddiaçıya borcun ödənilməsi, əks təqdirdə icra qeydinin aparılacağı barədə bildiriş göndərilmişdir. xx.xx.2025-ci il tarixdə İddiaçı ilə X5 arasında bağlanmış borc müqaviləsinə əsasən icra qeydi aparılmışdır. Hazırda iddiaçı İcra Qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının iddia tələbinin əsası kimi göstərdiyi hal, icra qeydinin aparılacağı barədə bildirişin ona çatdırılmamasından və məbləğin artıq hesablanılmasından ibarətdir. Lakin iş materiallarında olan xx.xx.2024-cü il tarixli bildiriş və həmin bildirişin göndərildiyini təsdiq edən qaimə ilə müəyyən edilir ki, icra qeydinin aparıldığı xx.xx.2025-ci il tarixdən 23 gün qabaq bildiriş tərtib edilərək iddiaçıya göndərilmişdir. Həmçinin, iddiaçı icra şöbəsinə müaciət edərək borc məbləğindən 300 manat hissə-hisə ödəyəcəyini bildirmişdir. Göründüyü kimi bildirişin çatdırılması, icra qeydinin aparılması zamanı hər hansı qanun pozuntusuna yol verilməmişdir. Bundan əlavə məhkəmə borc məbləğinin icra qeydində artıq qeyd edilməsi, tərəfindən 6140 manat ödəniş edildiyini, ondan 20.860 manat tələb edilməli olması dəlili ilə bağlı qeyd edir ki, X5 və İddiaçı arasında 15 mart 2024-cü il tarixdə borc müqaviləsi bağlanılmış və xx.xx.2025-ci il tarixdə də icra qeydi aparılmışdır. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş ödəniş qəbzləri isə xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixləri əhatə edir. Göründüyü kimi həmin ödənişlər borc müqaviləsindən öncə ödənilmiş, həmin ödənişlərin hazırki icra qeydinin verilməsinə əsas olmuş borc müqaviləsi üzrə olması isə iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, icra qeydi qanunvericiliyin tələblərinə uyğun olaraq verilmişdir, onun ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Məhkəmə həmçinin iddiaçının “iddiaçı və 3-cü şəxsin arasında bağlanılmış ilkin əqdin etibarsız olması, aralarında borc münasibətinin mövcud olmaması, Bayram Məmmədovun iddiaçıya borc vəsaiti verməməsi, şəxslər arasında olan biznes fəaliyəti ilə bağlı məbləğin borc müqaviləsi altında pərdələnməsi” dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən qeyd olunan borc müqaviləsi daha öncə mübahisələndirilməmiş, iddia ərizəsində və məhkəmə iclasında onun nümayəndəsi tərəfindən verilmiş izahatda iddia tələbində qeyd olunan hallarla bağlı sübutlar təqdim edilməmiş, məhkəmə iclasında iddiaçı tərəf tərəfindən 27000 manat vəsait tutulması müəyyən edilən icra qeydi üzrə 20860 manat məbləği ödəməyi qəbul etdikləri bildirilmişdir. Buna görə də məhkəmə hesab edir ki, həmin dəlillər əsassız hesab edilməlidir. Bütün bunlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri 50 saylı Notariat Ofisinə qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 və Bakı şəhəri Xətai rayon İcra Şöbəsi cəlb edilməklə “icra qeydinin ləğv edilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə xərcləri: Məhkəmə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsini nəzərə alaraq qeyd edir ki, iddia tələbi rədd edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona aid edilməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdeh Bakı şəhəri 50 saylı Notariat Ofisinə qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 və Bakı şəhəri Xətai rayon İcra Şöbəsi cəlb edilməklə “Bakı şəhəri 50 sayılı notariat ofisinin xüsusi notarisi X7 tərəfindən tərtib və təsdiq edilmiş 16 yanvar 2025-ci il tarixli, 8İ-418 reyestr nömrəli icra qeydinin ləğv edilməsi” barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri qismində ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-2065/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2065/2025
11.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver