Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2211/2023 15.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin yaxşılaşdırılması üçün çəkilmiş xərclərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin yaxşılaşdırılması üçün çəkilmiş xərclərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12822 manatın tutularaq İddiaçı ödənilməsini və 141,27 manat məbləğində tərəfindən ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixinə kimi Bakı şəhəri 46 saylı notariat ofisində icarə müqaviləsi bağlanılmışdır. O, icarə müqaviləsinə əsasən ümumilikdə 35 kv.m sahəsi olan obyekti icarəyə götürmüşdür. Sonra həmin qeyri-yaşayış sahəsi cavabdehin razılığı ilə onun öz hesabına 50 kv.m kimi uzadılmışdır. Həmin qeyri-yaşayış sahəsi ünvan 1 ünvanında yerləşir. O, qeyri-yaşayış sahəsini icarəyə götürərkən tamamilə boş, avadanlıqsız və yararsız vəziyyətində götürmüşdür. İcarə müqaviləsinə əsasən aylıq icarə haqqı 500 manat müəyyən olunmuş və uzun müddət icarə haqqının dəyişməyəcəyinə dair onlar arasında şifahi razılaşma olmuşdur. Aylıq icarə haqqından başqa əlavə olaraq hər ay 100 manat kommunal xərcləridə onun tərəfindən ödənilir. Qeyri-yaşayış sahəsini icarəyə götürdükdən sonra icarəyə verənin (cavabdehin) razılığı ilə həmin qeyri-yaşayış sahəsini iki ay ərzində onun hesabına tam təmir etmiş və yararlı vəziyyətə gətirmişdir. Qeyriyaşayış sahəsi təmirdən sonra onun tərəfindən tam təchiz olunmuşdur. Təmir zamanı qeyri-yaşayış sahəsi tam yararlı vəziyyətinə gətirmək üçün ümumilikdə 12822 manat pul tərəfindən xərclənmişdir. İcarə müqaviləsinin müddəti bitdikdən sonra cavabdeh ona icarə haqqının 1000 manata kimi qaldırmaq istədiyini bildirmişdir. Lakin uzun müddət icarə haqqının dəyişməyəcəyinə dair onlar arasında şifahi razılaşma olmuşdur. Bu halda o başqa obyekt tapıb ora xərc qoymalı olacaqdır. Cavabdeh tərəfindən icarə haqqını dərhal qaldırdığına görə, ona böyük ziyan dəymişdir. Belə olan halda, obyektin təmirinə və avadanlıqlarına onun tərəfindən çəkilmiş xərclər cavabdehdən tələb edilməlidir. Yəni təmirə və avadanlıqa xərclənilmiş 12822 manat vəsait cavabdehdən tutulmalıdır. Aşağıda sadalanlar onun çəkdiyi xərclərinə aiddir: plastik darvaza (jaluzli)-1460 manat, santexnika- 308 manat, 250 metr kabel (dördlük)-450 manat, 200 metr kabel (altılıq)-150 manat, dam örtüyü–790 manat, kafel-metlax yapışdırıcısı–286 manat, dikt–577 manat, germetika–205 manat, mismar-şurup-186 manat, şnur-100 manat, qara emulsiya (panda)-226, sement- 1124 manat, tikinti materialları-254 manat, gips-102 manat, astar-116 manat, emulsiya-31 manat, digərçəkilmiş xərclər-615 manat, yerdə dəmir döşəməsi-250 manat, arxa divarın suvaq edilməsi-250, atsep daşları-125, setka-80 manat, skoblar-22, rozetkalar-205 manat, pinoplast-140 manat, boru-64 manat, daş kubik-340, profil-36 manat, kanalizasiya-150 manat, elektrika-800 manat, svarka-20 manat, plastik qapı-300 manat, ustalara çəkilmiş xərclər-3060 manat. Eyni zamanda obyektin təyinatı üzrə istifadəsi üçün o, öz hesabına müxtəlif əşyaları almışdır. Lakin cavabdeh icarə müqaviləsi bitdikdən sonra ona məxsus olan əşyaları qeyri-yaşayış sahəsində qalacağını və əşyaların geri qaytarmayacağını bildirmişdir. Bununla bağlı o, xx.xx.2023-cü il tarixdə Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami rayon Polis İdarəsi 23-cü Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. 23-cü Polis Bölməsi ərizəyə cavab olaraq bildirmişdir ki, müraciət mülki xarakterli olduğundan məhkəmə orqanlarına müraciət etmək hüququ vardır. Aşağıda sadalanlar onun şəxsi əşyalarına aiddir: Stol, stul, elektrik lampalar, kameralar, monitor, internet üçün modem, alətlər dəsti, kompressor, tozsoran, stilaj, rəflər, avtomobil üçün quruducu, cilalama aparatı, vedrə, cilalama pastası üçün bankalar. Hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 etirazla məhkəməyə müraciə edərək qeyd etmişdir ki, iddia ərizəsində qeyd olunduğu kimi icarəyə götürülmüş obyektin sahəsi 35 kv.metr olmamışdır. Belə ki, tərəflər arasında bağlanmış 13 iyul 2021-ci il tarixli icarə müqaviləsinin 1-ci bəndində qeyd olunduğu kimi, “icarəyə verən" ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 150,34 kv.m olan əmlakın 60 kv.metr sahəsini icarəyə vermişdir. İddiaçının qeyri-yaşayış sahəsini icarəyə götürdükdən sonra icarəyə verənin (cavabdehin) razılığı ilə həmin qeyri-yaşayış sahəsini iki ay ərzində İddiaçı hesabına tam təmir etməsi və yararlı vəziyyətə gətirməsi, qeyri-yaşayış sahəsinin təmirdən sonra iddiaçı tərəfindən tam təchiz olunması barədə fikrinə gəlincə isə qeyd olunur ki, həmin icarə müqaviləsinin 8ci bəndinə əsasən "İcarəçi" "icarəyə verən"in razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz. Lakin, iddia ərizəsinin məzmunundan belə nəticəyə gəlinir ki, guya "İcarəçi" “icarəyə verən"in razılığı əsasında təmir-tikinti işləri aparmışdır, İddiaçının məhkəməyə təqdim etdiyi qaimə fakturalardan görünür ki, həmin sənədlər müqavilə bağlandığı tarixdən əvvəlki dövrlərə aiddir. Yəni, icarə müqaviləsi bağlandıqdan sonra "İcarəçi" tərəfindən qeyri-yaşayış sahəsində hər-hansı təmir-tikinti işlərinin aparılmaması bir daha təsdiq olunur. Əgər həqiqətən də "İcarəçi" tərəfindən hər hansı təmir-tikinti işlərinin aparılmasına zərurət yaranardısa, onda tərəflər qarşılıqlı razılıq əsasında İcarə müqaviləsinə əlavə dəyişiklik edərdilər. Hansı kı, ilkin icarə müqaviləsinın müddətinin uzadılması tərəflərin qarşılıqlı razılığı əsasında notariat qaydasında rəsmiləşdirilmişdir. O da qeyd olunur ki. "İcarəçi" tərəfindən fəaliyyəti dövründə qeyriyaşayış sahəsində istifadə etdiyi əşya və avadanlıqları, hətta qeyri-yaşayış sahəsində olan bütün işıqlandırma sistemini icarə müqaviləsinin müddəti bitdiyi gündən bir gün əvvəl sökərək özü ilə aparmışdır. Göründüyü kimi iddia tələbi tamamilə qanunsuz və əsassızdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, icarə obyektini iddiaçı tərəfindən 12822 manat xərc çəkilmiş və buna dair qəbzlər məhkəməyə təqdim edilmişdir. “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cı madəsinə əsasən əgər icarə müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, icarəyə götürülmüş ərazidə icarəyəverənin razılığı ilə icarəçinin vəsaiti hesabına tikilmiş, aparılması mümkün olmayan binalar və qurğular icarəçiyə məxsusdur. Müqavilənin müddəti qurtardıqda və ya müqavilə pozulduqda icarəyəverən həmin binaların və qurğuların bazar dəyərini icarəçiyə ödəməlidir. Təmir işləri görülən vaxt tərəflər arasında sifahi razılıq olmuşdur. Mülki Məcəlləsinin 329.4-cü maddəsinə əsasən susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. Cavabdeh obyektin təmir edilməsinə susmaqla razılıq vermişdir. İcarə müqaviləsi həm şifahi, həm də yazılı bağlanıla bilər. İddiaçı 2020-ci ildən obyekti tam yararsız vəziyyətdə icarəyə götürmüş, 3 ay müddətində 300 manat icarə haqqını ödəmək barədə cavabdehlə şifahi olaraq razılığa gəlmişlər. İddiaçı istər obyekti subicarəyə versin və ya verməsin, istərsə də qanunsuz icarəyə verilsin, bunun iddia tələbinə aidiyyəti yoxdur. O halda cavabdeh polisə müraciət edə bilərdi. İddiaçının sübut etməyə çalışdığı məsələ təmir xərcləridir, kosmetik təmir işlərinin aparıldığı müəyyən olundu, bunu cavabdeh tərəf də qəbul edir. Obyektdə aparılan təmir işlərinin hamısı icazə ilə olub. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul eməyib, iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, 2020-ci ildə mübahisəli qaraj başqa şəxsin icarəsində idi və icarə obyektinə görə 350 manat icarə haqqı ödəyirdi. Həmin ərəfədə obyekti icarəyə götürmüş şəxs obyektdən çıxacağına görə onlar başqa icarəçi axtarırdılar. İddiaçı 2020-ci ilin aprel ayında yaxınlaşaraq obyekti icarəyə götürmək istədiyini və may ayından işə başlamaq istədiyini bildirdi. Onlar da obyekti iddiaçıya icarəyə verdilər. Sonra iddiaçı yaxşı tanışlarının olduğunu, bahalı avtomobillərin qaraja gətiriləcəyini iddia edərək qarajı kosmetik təmir etmək istədiyini bildirdi. O, iddiaçıya belə təmir üçün imkanı olmadığını, qarajı kosmetik təmir etmək istəyirsə, gələcəkdə bunun üçün ondan pul tələb etməməsini bildirdi. İddiaçı isə bahalı avtomobillərin belə bir obyektə girə bilməyəcəyini, təmiri sırf özünə görə etmək istədiyini bildirdi. O isə iddiaçıya kömək olaraq 3 ay icarə haqqını almayacağımı, növbəti aylardan isə 350 manat icarə haqqı alacağını bildirdi. İddiaçı təklifi ilə razılaşaraq kosmetik təmir işlərinə başladı. 3 ayın tamamından sonra isə iddiaçı yaşadıqları evə gələrək obyektin təmirinə pul xərclədiyini, lakin obyekti işlədə bilməyəcəyini, obyekti subicarəyəyə vermək istədiyini bildirdi. Onlar da iddiaçıya obyekti subicarəyə verməsinə razılıq verdilər. Ondan sonra iddiaçı subicarəçi taparaq obyekti 1500 manata 7 ay deyil, 10 ay müddətinə subicarəyə verib. Subicarəçi gedəndən sonra iddiaçı obyekti özünün işlətmək istədiyini bildirdi və onlar yenə də buna razılıq verdilər. Lakin sonra iddiaçının obyektlərinə dair notarial qaydada başqa bir şəxslə müqavilə bağladığını bildilər. O, iddiaçıdan məlumatları olmadan nəyə görə başqa bir müqavilə bağladığını soruşdu. İddiaçı isə müqavilə bağladığı şəxslərin anası və qardaşı olduğunu bildirdi. 2021-ci ildən onlar iddiaçı ilə müqavilə ilə işləməyə başladılar. İddiaçı ilə 1 il müddətində aylıq 500 manat icarə haqqı ödəməklə müqavilə bağladılar, 2022-ci ildə yenidən 1 illik müqavilə bağladılar. 2023-cü ilin iyul ayında əvvəlki müqavilə müddəti bitəndə o, iddiaçıya icarə haqqını 700 manata artıracağını dedi. İddiaçı isə obyektə 500 manatdan artıq pul verməyəcəyini, ya da buraları dağıdacağını bildirdi. 2 gün keçdikdən sonra iddiaçı polisə müraciət edir, əşyalarının hamısını obyektdən götürür və daha sonra məhkəməyə müraciət edir. Obyektin kosmetik təmir işləri iddiaçı tərəfindən aparılıb. İcarə obyekti subicarədə olduğu vaxt, yəni 2021-ci ildə müqavilə bağlanana qədər iddiaçı onlara 400 manat icarə haqqı ödəyirdi, obyekt subicarəyə veriləndən sonra iddiaçı başqa bir müqavilə də bağlamışdı, o müqavilədən onların məlumatı olmamışdır. 2020-ci ildə aralarında yazılı müqavilə olmayıb. O, obyekti iddiaçıya icarəyə verəndə ora sadə bir qaraj olub və istifadəyə yararlı olub. O, qarajı iddiaçıdan əvvəl 300 manata başqa şəxsə icarəyə vermişdir. Əvvəlki icarədar çilingərlik işi ilə məşğul idi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 etirazın dəlillərinə uyğun izahat verərək iddiann təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, məhkməyə təqdim edilmiş qəbzlərlə iddia öz təsdiqini tapmır. Həmin qəbzlərin bəzilərində tarix göstərilməmişdir. Ola bilsin ki, başqa bir yerdə görülmüş işlərə dair qəbzlər məhkəməyə təqdim edilmişdir. Lakin onların iddiaçı tərəfindən icarə obyektinin təmir etdirilməsinə və bununla bağlı xərclər çəkmələrinə etirazları yoxdur. Sadəcə müqavilə şərtlərində obyektini təmiri xərclərinin ödənilməsi ilə bağlı hərhansı bir şərt olmamışdır. İcarə müqaviləsinin şərtləri tərəflər arasında razılaşdırılmış və notarial qaydada təsdiq edilmişdir. 2022-ci ildə isə icarə müqaviləsinə dəyişiklik edilmiş, lakin iddiaçı tərəf həmin vaxta təmir və təmir xərcləri ilə bağlı məsələni müqavilədə şərtlərinə daxil edilməsini tələb etməməmişdir. İddiaçı obyekti icarəyə götürmüş və müəyyən təmir işləri görüb, lakin cavabdeh tərəfindən bununla bağlı hər hansı bir istəyi, razılığı və ya etirazı olmamışdır. İddiaçı özü üçün müəyyən təmir işləri görmüşdür. Cavabdeh tərəf iddiaçını xəbərdar edib ki, təmir işləri görülsə belə onlar sonradan görülmüş işlərin dəyərini qaytara bilməz. Cavabdeh obyektin təmir edilməsini istəməyib, obyekt iddiaçının istifadəsinə verilməmişdən əvvəl də başqa şəxsə icarəyə verilmişdi. Cavabdeh təmir xərcləri ilə bağlı nə yazılı, nə də ki, şifahi öhdəlik götürməmişdir. İddiaçı “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cı madəsinə istinad etsə də, məhkəməyə təqdim edilmiş qəbzlər icarə müqaviləsindən əvvələ aiddir, həmin vaxt tərəflər arasında müqavilə münasibətləri olmamışdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib iddianın təmin edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, tələb etdiyi 12800 manat məbləğə avadanlığın dəyəri aid deyil. Həmin məbləğə apardığı təmir işləri ilə bağlı çəkdiyi xərclər, yəni materiallar, usta, fəhlə, qapı, daş, sement, metlax, elektrik yuvası (razetka), kabellər, dam örtüyü, taxta (dikt), diktlərin izoliyasiyası, nəzarət sayğacları və damların kənarına qoyula boru (navalça) və s. sərf etdiyi vəsaitlər aiddir. Qaraj köhnə idi, sahibi isə cavabdeh idi. 2020-ci ildə qarajı təmir edəcəyi və uzun müddət həmin obyektdə işləyəcəyi ilə bağlı cavabdehin oğlu ilə şifahi olaraq razılığa gəlmişlər. Hər şey razılaşma yolu ilə, obyektin içərisinə daş, beton tökülməsi və digər işlərin hamısı cavabdeh tərəfin icazəsi ilə olmuşdur. Obyekti tikəndən sonra 300 manat aylıq ödəniş olacağı ilə bağlı razılığa gəlmişlər. O, 2 ay tam şəkildə obyekti təmir edəndən sonra iyun ayında obyekti başqa şəxsə icarəyəyə vermək üçün icarədar axtardı. Onunla şərik olan şəxs Rusiya Federasiyasına çıxıb getmişdir. O, obyekti təmir etmək üçün icarəçidən razılıq almışdır. Onlar ilk 4 ay ərzində 300 manat icarə haqqının ödənilməsi ilə bağlı razılaşmışlar. O, cavabdehlə obyekti təmir edəcəyi və 10 il ərzində iş quracağı barədə razılaşmışdır. Təmir işləri ilə bağlı cavabdehlə şifahi razılaşmaları olub, amma rəsmiləşdirmə olmayıb. Obyekti subicarəyə verməyi ilə bağlı mülkiyyətçinin məlumatı var idi. Obyekti 1500 manat məbləğinə başqa şəxsə subicarəyə vermişdir. Amma həmin şəxs ona 1000-1300 manat məbləğ ödəyirdi. İcarə obyekti 7 ay subicarədə olub. Cavabdeh obyekti 10 il müddətinə icarəyə vermək barədə şifahi razılaşsa da, həmin müddətə müqavilə bağlamırdı. İkinci müqavilədə də müddəti bir il artırdılar. O, subicarədən 1300 manat pul götürəndə, cavabdehə 400 manat məbləğində icarə haqqı verirdi. O, obyekti 1500 manat məbləğinə subicarəyə verməyi ilə bağlı cavabdehə məlumat vermişdir. Hətta bu prosesdə cavabdeh özü də iştirak edib. Qarajın uzunluğunu təxminən 18-19 metr artırmışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İcarə verən Cavabdeh ilə icarəçi İddiaçı arasında xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, “İcarəyə verən" Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2018-ci il tarixdə Cavabdeh verilmiş **********89-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əssən tam mülkiyyət hüququ üzrə ona məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 150,34 kv.m olan əmlakın 60 kv.m sahəsini icarəyə verir. İcarə müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilir. İcarəyə verilən sahənin istifadəsinə görə "İcarəyə götürən" İddiaçı "İcarəyə verən" Cavabdeh aylıq 500 manat icarə haqqı ödəyir. "İcarəçi” icarəyə götürdüyü əmlakı ikinci əldən icarəyə verə bilməz. Müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. "İcarəçi" "İcarəyə verən"in razılığı olmadan icatəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz. Tərəflərin razılığına əsasən "İcarəçi" hər ay aylıq icarə haqqından qanunib müəyyən edilmiş məbləğdə vergi ödəyir. İcarə obyektində texniki təhlükəsizlik qaydalarına əmal olunması vəzifələri "icarəçi" tərəfindən həyata keçirilir. Kommunal xidmətlərdən (elektrik, qaz, su, istilik, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqqları "İcarəçi" tərəfindən ödənilir. - İcarə verən Cavabdeh ilə icarəçi İddiaçı arasında xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə dəyişiklik edilməsinə dair müqavilənin surətindən görünür ki, tərəflər xx.xx.2021-ci il tarixdə reyestrdə 3M/504 nömrə ilə qeyd edilmiş icra müqaviləsinə dəyişiklik etməklə, icra müqaviləsinin 3-cü bəndində göstərilmiş müddəti xx.xx.2023-cü il tarixinədək uzatmışlar. - İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubunun surətindən görünür ki, İddiaçı obyektin abadlaşdırılması üçün tərəfindən çəkilmiş 12822 manat pulun ödənilməsini xahiş etmiş, əks təqdirdə Cavabdeh çəkilən xərclərin əvəzinin ödənilməsi baədə məhkəməyə müraciət olunacağı baədə xəbərdar olunmuşdur. - Məhkəmə iddiaçı tərəfindən qaimələrin və fotoşəkillərin surətləri təqdim edilmişdir. - Dövlət rüsumu haqqında məlumatdan görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə 141,27 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2021-ci il tarixli icarə müqaviləsi ilə icarəyə verən Cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2018-ci il tarixdə ona verilmiş **********89-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əssən tam mülkiyyət hüququ üzrə ona məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 150,34 kv.m olan əmlakın 60 kv.m sahəsini İddiaçı xx.xx.2022-ci il tarixədək icarə vermiş, icarəçi İddiaçı isə Cavabdeh aylıq 500 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra icra müqaviləsinin müddəti xx.xx.2023cü il tarixinədək uzaldılmışdır. Hazırda iddiaçı icarə obyektinin təmirinə çəkilmiş xərclərin, yəni 12822 manat pulun və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması ilə bağlı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinə münasibətdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələbləri tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Məhkəmə qeyd edir ki, yuxarıda da göstərildiyi kimi icra müqaviləsinin qüvvədə olma müddəti xx.xx.2023-ci il tarixinədək göstərilmişdir. Yəni hazırda qeyd edilən icarə müqavilələrinin qüvvədə olma müddəti bitmiş və müqavilə qüvvədən düşmüşdür. “İcarə haqqında” Azərbaycan Respublikasinin Qanununun 7-ci maddəsinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. İcarə müqaviləsində aşağıdakılar nəzərdə tutulur: icarəyə verilən əmlakın tərkibi və dəyəri, icarə haqqının məbləği, icarənin müddətləri, əmlakın ikinci əldən icarəyə verilməsi (icarəyə götürülmüş əmlakın icarəyə verilməsi) imkanına münasibət, icarəyə götürülmüş əmlakı tam bərpa və təmir etmək sahəsində tərəflərin vəzifə bölgüsü, icarəyəverənin icarəçiyə əmlakı müqavilə şərtlərinə uyğun vəziyyətdə vermək vəzifəsi, icarəçinin əmlakdan müqavilə şərtlərinə uyğun surətdə istifadə etmək, icarə haqqını ödəmək. və müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyəverənə qaytarmaq vəzifəsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 1094-cü maddəsinə əsasən əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında ilk əvvəl sifahi, xx.xx.2021-ci il tarixdən isə yazılı müqavilə bağlanmışdır. İddiaçı icarə haqqı kimi əvvəl 300, daha sonra isə 400 manat icarə haqqı ödədiyini, cavabdeh tərəf isə 350 manat icarə haqı ödənildiyini qeyd etmişdir. Belə ki, hazırda icarə obyektinin iddiaçı tərəfindən təmir edilməsi işin mübahisələndirilməyən halıdır və cavabdeh tərəf də bunu təsdiq etmişdir. Lakin cavabdeh obyektin təmir edilməsi nəticəsində çəkilmiş xərclə bağlı hər hansı bir öhdəlik götürmədiyini və iddiaçı tərəfindən öz istəyi ilə obyektə təmir işlərinin aparıldığını, daha sonra isə obyekti 10 ay müddətinə subicarəyə verdiyini, sonradan iddiaçı tərəfindən istifadə olunduğu qeyd etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin 8-ci bəndinə əsasən icarəçi icarə verənin razılığı olmadan icrayə götürülən sahədə təmir-tikinti işləri aparıla bilməz. MM-in: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən sifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 329.4-cü maddəsinə əsasən susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. Hazırda cavabdeh tərəfin obyektdə təmir işləri götülməsinə etiraz etməməsi ilə görülən işlərə razılıq verməsi müəyyən edilir. Həmçinin, əmlakın iddiaçı tərəfindən subicarəyə verildiyi müəyyən edilmişdir ki, cavabdeh tərəf buna etiraz etməmişdir. Belə ki, iddiaçı əmlakı icarəyə verdikdən sonra 1000-1300 manat icarə haqqı aldığını və bundan 400 manat iddiaçıya ödədiyini, cavabdehlə aralarında olan şifahi razılaşmaya əsasən obyekti uzun müddətə icarəyə götürdüyünü qeyd etmişdir. Belə ki, tərəflər arasında mövcud olan münasibətlər xx.xx.2021-ci il tarixdən yazılı qaydada bağlanmış müqavilə ilə tənzimlənmiş, buna kimi isə obyektin icarəyə verilməsi ilə bağlı münasibətlər tərəflər arasında şifahi razılaşma ilə müəyyən edilmişdir. Həmin razılaşmaya əsasən cavabdehin mülkiyyətində olan obyekti iddiaçıya icarəyə verilməsi, iddiaçı tərəfindən obyektdə təmir işlərinin aparılması, cavabdehin isə buna etirazının olmaması müəyyən edilsə də, görüləcək işlərinin dəyərinin müqavilə münasinətləri pozulandan sonra iddiaçıya ödənilməsi ilə bağlı cavabdeh tərəfindən iddiaçı qarşısından hər hansı bir öhdəlik götürməsi müəyyən edilməmişdir. Belə ki, iddiaçı ehtimal etmişdir ki, obyetdən uzun müddət istifadə edəcək və bu səbəbdən əmlakı təmir etmiş, bundan sonra isə bir müddət obyekti başqa şəxslə icarəyə verməklə (daha yüksək icarə haqqı ilə), özü həmin əmlakdan icarədar kimi gəlir götürmüş, daha sonra isə əmlakdan özü istifadə etmiş, lakin müqavilə müddəti bitdikdən sonra icarə haqqı ilə bağlı razılaşma əldə edilmədiyindən tərəflər arasında müqavilə münasibətləri pozulmuşdur. Obyektin təmir edilməsi tərəflər arasında olan yazılı müqavilənin bağlanmasından əvvəlki dövrdə olduğu müəyyən edilir. Lakin tərəf arasında münasibətlər rəsmiləşdirilən zaman təmir xərcləri ilə bağlı hər hansı müddəa müəyyən edilməmişdir. Həmçinin, məhkəməyə sübut kimi təqdim edilmiş qaimə fakturalar (tarix göstərilən və göstərilməyən) ilə obyektin təmirinə 12822 manat məbləğində xərc çəkilməsi müəyyən edilmir. MM-in: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında sifahi müqavilə münasibətləri olduğu vaxt və ya ondan sonra iddiaçı tərəfindən obyektdə aparılmış təmir xərclərinin ödənilməsi ilə bağlı hər hansı bir öhdəlik götürmədiyindən və belə bir öhdəliyin götürüldüyü məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən iddia tələbi əsaslı hesab edilə bilməz və bu səbəbdən də təmin edilməməlidir. MPM-in: 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin yaxşılaşdırılması üçün çəkilmiş xərclərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməldir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin yaxşılaşdırılması üçün çəkilmiş xərclərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-2211/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2211/2023
15.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver