Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2235/2023 25.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9144 manat pul məbləğinin tutularaq İddiaçı Firuddin oğluna ödənilməsinə dair Bakı şəhəri 22 saylı Notariat Kontoru tərəfindən 3M-01/17 reyestrli xx.xx.2015-ci il tarixli icra qeydinin 1 il ərzində icra edilmədiyini nəzərər alaraq, 9144 manatın hər il üçün 5 faizi, yəni 457,2 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Qarabağ müharibəsinin qazisidir. Könüllü olaraq ikinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif olunub. Müharibədə hərbi partlayış travması alıb. Cavabdeh 9144 manat pul məbləğinin tutularaq ona ödənilməsinə dair Bakı şəhəri 22 saylı Notariat Kontoru tərəfindən 3M-01/17 reyestrli xx.xx.2015-ci il tarixli icra qeydi verilib. Həmin icra qeydi hazırda Abşeron rayon İcra Şöbəsinin icraatındadır. Lakin Cavabdeh 6 il idi ki, borcunu ödəmirdi. Tərəfindən iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət olunaraq, Cavabdeh 9144 manat pul məbləğinin tutularaq ona ödənilməsinə dair Bakı şəhəri 22 saylı Notariat Kontoru tərəfindən 3M-01/17 reyestrli xx.xx.2015-ci il tarixli icra qeydinin 6 il ərzində icra edilmədiyini nəzərə alaraq, 9144 manatın hər il üçün 5 faizi, yəni 457,2 manat olmaqla, 6 il üçün ümumilikdə 2743,2 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş edib. Abşeron Rayon Məhkəməsinin 2(012)-3610/2021 saylı xx.xx.2021-ci il tarixli qiyabi qətnaməsi ilə iddia tələbi təmin olunmuş, Cavabdeh 9144 manat pul məbləğinin tutularaq ona ödənilməsinə dair Bakı şəhəri 22 saylı Notariat Kontoru tərəfindən 3M01/17 reyestrli xx.xx.2015-ci il tarixli icra qeydinin 6 il ərzində icra edilmədiyi üçün, 9144 manatın hər il üçün 5 faizi, yəni 457,2 manat olmaqla, 6 il üçün ümumilikdə 2743,2 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq ona ödənilməsi qət edilib. Qətnamə üzrə verilmiş icra vərəqəsi də 1 il ərzində Cavabdeh tərəfindən icra edilmədiyindən, tərəfindən yenidən Abşeron Rayon Məhkəməsinə müraciət olunaraq, Bakı şəhəri 22 saylı Notariat Kontoru tərəfindən 3M- 01/17 reyestrli xx.xx.2015-ci il tarixli icra qeydinin 1 il ərzində icra edilmədiyini nəzərə alaraq, 9144 manatın hər il üçün 5 faizi, yəni 457,2 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Abşeron Rayon Məhkəməsinin e-2(012)-3887/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiası qismən təmin olunmuş, Cavabdeh Bakı şəhəri 22 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 3-M-1-17 reyestr nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, ödənilməmiş 8944 (səkkiz min doqquz yüz qırx dörd) manat pul vəsaitinin ödənilmədiyi xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət üçün 5 (beş) faiz olaraq, yəni, 447,2 (dörd yüz qırx yeddi manat iyirmi qəpik) manat pul vəsaiti alınaraq ona ödənilməsi qət edilmişdir. Hazırda həmin qətnamə üzrə verilmiş icra vərəqəsi də artıq 1 ildir ki, Abşeron rayon İcra Şöbəsinin icraatındadır. Lakin Cavabdeh yenədə borcunu ödəməkdən yayınır, icranın çağırışlarına məhəl qoymur, əksinə məhkəmə aktlarından əsassız şikayətlər verməklə vaxt uzatmağa çalışır. Artıq icra şöbəsi tərəfindən Cavabdeh barəsində axtarış elan olunub. Qeyd etdiyi kimi, artıq 1 ildir ki, Cavabdeh borcunu ödəməkdən yayınır və bu hal onun yenidən məhkəməyə müraciət edərək, gecikdirilmiş borcun ödənilməməsi üçün 1 il üçün bank uçot dərəcəsəinə uyğun 5 faizi tələb etmək hüququmu yaradır. Bildirir ki, Cavabdeh 04 aprel 2023-cü il tarixdən, yəni məhkəmə prosesindən 1 gün qabaq ünvan 1 ünvanına qeydiyyata düşmüşdür. Bununla bağlı sənədləri qoşmada təqdim edir. Məhkəmə iclasında İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, 01 iyul 2022-ci il tarixdən 01 iyul 2023-cü il tarixinədək 9144 manat məbləğində pulun 1 ili üçün 457,2 manat faiz borcunun cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə iclasınının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək bildirdi ki, Abşeron Rayon Məhkəməsinin qətnaməsinə əsasən cavabdeh tərəfindən iddiaçıya 200 manat ödəniş edildiyi müəyyən olunur. Təqdim etdiyi qəbzlərdən də göründüyü kimi cavabdeh iddiaçıya 04 noyabr 2023-cü il tarixdə 445 manat, 07 noyabr 2023-cü il tarixdə 300 manat, 15 noyabr 2023-cü il tarixdə 500 manat və 16 noyabr 2023cü il tarixdə 1000 manat pul ödəyib. Bundan sonra da ödənişlər edilib, cəmi 1800 manat borc qalıb. İddiaçı 9144 manat əsas borcun hər il üçün 5 faizinin cavabdehdən alınmasını tələb etsə də, həmin pulun cavabdehdən alınması üçün hər hansı bir əsas yoxdur. Çünki icra sənədi icra şöbəsində icraatda olmayıb ki, qanunsuz saxlamadan söhbət getsin. İddiaçı tərəfindən hər hansı bir formada cavabdehdən pul tələb olunmayıb. Əsas borcla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi yoxdur, notariusun icra qeydi var. Borclunun icra şöbəsinə dəvət olunması ilə bağlı SMS bildiriş göndərilməsi “İcra haqqında” qanunda tənzimlənmir. İcra sənədi üzrə tələbin könüllü icrası barədə borcluya qeydiyyatda olduğu ünvana bildiriş göndərilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri 22 saylı Notariat Kontoru tərəfindən təsdiq olunmuş 3-M-1-17 reyestr nömrəli, borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, borc verən borc alana 9144 manat pulu borc verməyi, borc alan isə həmin krediti hər ay 381 manat olmaqla xx.xx.2017-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. - Bakı şəhəri 22 saylı notariat kontorunun xx.xx.2015-ci il tarixli, 7E-2640 nömrəli icra qeydinin surətindən görünür ki, Cavabdeh 9144 manat pul və 10 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. - Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-3610/2021 saylı qiyabi qətnaməsindən görünür ki, iddia ərizəsi təmin edilərək, Cavabdeh 9144 manat pul məbləğinin tutularaq İddiaçı ödənilməsinə dair Bakı şəhəri 22 saylı Notariat Kontoru tərəfindən 3M-01/17 reyestrli xx.xx.2015-ci il tarixli icra qeydinin 6 il ərzində icra edilmədiyi üçün, 9144 manatın hər il üçün 5 faizi, yəni 457.2 manat olmaqla, 6 il üçün ümumilikdə 2743,2 manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. - Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-3887/2022 saylı qətnaməsindən görünür ki, iddia ərizəsi qismən təmin edilərək, Cavabdeh Bakı şəhəri 22 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 3-M-1-17 reyestr nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, ödənilməmiş 8944 (səkkiz min doqquz yüz qırx dörd) manat pul vəsaitinin ödənilmədiyi xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət üçün 5 (beş) faiz olaraq, yəni, 447,2 (dörd yüz qırx yeddi manat iyirmi qəpik) manat pul vəsaitinin alınaraq İddiaçı xeyrinə tutulması, Cavabdeh dövlət rüsumuna görə 30 (otuz) manatın alınaraq dövlət nəfinə ödənilməsi qət edilmişdir. -Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş 88 saylı formadan görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, üzvi mənşəli şəxsiyyət pozğunluğu, postkontuzion sindrom qoyulmuş, üzvi mənşəli şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalarla, kəkələmə (hıqqana-hıqqana danışmaq), göz qapağı və gözyuvasıyanı nahiyyənin digər səthi travmaları, OU-travmadan sonrakı vəziyyət, sadə miopik astiqmatizm, sağ əlin qayığabənzər sümüyünün odlu silah yaralanmasından sonrakı sınığının qalıq əlamətləri, onurğanın osteoxondrozu, onurğanın boyun və bel-oma nahiyyəsinin osteoxondrozu, L4-L5 fəqərəarası məsafənin daralması diaqnozu qoyulmuş və yüngül işlərdə işləyə bilər. -"xxxx" ASC tərəfindən verilmiş ödəniş qəbzlərinin surətindən görünür ki, Cavabdeh Bakı şəhəri Nizami Rayon İcra və Probasiya Şöbəsinə məxsus “məhkəmə icraçılarının depozit hesabına” xx.xx.2023-cü il tarixdə 444 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat ödəniş etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Cavabdeh tərəfindən icra qeydi üzrə 2015-ci ildən hazırki müddətə qədər borcunu tam qaytarmadığından, bank uçot dərəcəsinə görə faizin ödənilməsini tələb edir. Lakin bununla belə, cavabdeh borcundan hazırkı iddia verilənədək 200 manat, məhkəmə araşdırması zamanı isə iş materiallarına əlavə edilmiş qəbzlərə əsasən 2244 ödəniş etmişdir. Həmçinin, cavabdehin nümayəndəsi və vəkili hazırda icra sənədi üzrə cəmi 1800 manat borcun qaldığını bildirmişdir. İcra qeydi Abşeron rayon İcra şöbəsinin icraatında olmuş, daha sonra ərazi aidiyyəti üzrə Nizami rayon icra şöbəsinə göndərilmiş, icra məmuru X1 tərəfindən icra tədbirləri həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, tərəflər arasında borc münasibətlərindən irəli gələn mübahisə yaranmış, belə ki, İddiaçı xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, cavabdehə 9144 manat pul vəsaitini borc şəklində vermiş, borcalan isə həmin pul vəsaitini hər ay 381 manat olmaqla, xx.xx.2017-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin müqavilə üzrə müəyyən edilmiş müddət keçməsinə baxmayaraq, cavabdeh öhdəliyini icra etməyərək həmin pul vəsaitini iddiaçıya geri qaytarmamış, nəticədə, iddiaçı borc məbləği olaraq 9144 manatın ödənilmədiyi hər il üçün 5 faiz məbləğində pul vəsaitinin tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2021-ci il tarixli qətnaməsi qəbul edilmişdir. Belə ki, həmin qətnaməyə əsasən, cavabdehdən iddiaçının xeyrinə hər il üçün ödənilməmiş 457,2 manat pul vəsaitinin tutulması qət edilmişdir. Lakin buna baxmayaraq, xx.xx.2015-ci il tarixli icra qeydi borclucavabdeh tərəfindən təkrarən icra edilmədiyindən iddiaçı həmin qətnamənin çıxarıldığı tarixdən 1 il müddət üçün cavabdeh tərəfindən ödənilməmiş 5 faiz bank uçot dərəcəsi olaraq pul vəsaitinin cavabdehdən tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh Bakı şəhəri 22 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 3- M-1-17 reyestr nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, ödənilməmiş 8944 manat pul vəsaitinin ödənilmədiyi xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət üçün 5 faiz olaraq, yəni, 447,2 manat pul vəsaitinin alınaraq iddiaçının xeyrinə tutulmuşdur. Hazırda iddiaçı xx.xx.2015-ci il tarixli icra qeydi cavabdeh tərəfindən təkrarən icra edilmədiyindən 01 iyul 2022-ci il tarixdən 01 iyul 2023-cü il tarixinədək 9144 manat məbləğində pulun 1 ili üçün 457,2 manat faiz borcunun cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 334.1-ci maddəsinə əsasən, əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. 739.1. maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar, tərəflərin izahatları əsasında müəyyən olunmuşdur ki, xx.xx.2015-ci il tarixli icra qeydi üzrə cavabdehdən iddiaçının xeyrinə ödənilməli olan 9144 manat borcdan iddia verilənədək 200 manat, məhkəmə araşdırması zamanı isə iş materiallarına əlavə edilmiş qəbzlərə əsasən 2244 ödəniş ödənilmiş (cavabdehin nümayəndəsi və vəkili hazırda icra sənədi üzrə cəmi 1800 manat borcun qaldığını bildirmişdir), lakin cavabdeh tərəfindən borc məbləği tam şəkildə ödənilmədiyindən iddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət üçün illik 5 faiz olmaqla (9144 x 5 / 100= 457,2) 457,2 manat pul vəsaitinin tutulmasını məhkəmədən xahiş etmişdir. Mülki Məcəllənin: 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Qanunun tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, Cavabdeh Bakı şəhəri 22 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 3-M-1-17 reyestr nömrəli, xx.xx.2015-ci il tarixli icra qeydi üzrə ödənilməli olan borc məbləğini tam şəkildə ödəmədiyindən, başqa sözlə, borc məbləğinin ödənilməsini gecikdirdiyindən iddiaçının ödənilməmiş pul vəsaitindən cavabdeh faydalandığı üçün həmin vəsait üzrə faizlərin ödənilməsinin bank uçot dərəcəsinə uyğun olaraq məhkəmə qaydasında tələb etmək hüququ yaranmışdır. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması^və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsi”nə dair 24 dekabr 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Mülki Məcəllənin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə qanunvericiliyin tələblərini və Plenum qərarının mövqeyini tədqiq edib iddiaçının iddia tələbinə münasibət bildirərək qeyd edir ki, cavabdehin kredit müqaviləsi üzrə öhdəliyini vaxtında icra etməyərək gecikdirməsi borclunun iddiaçı qarşısında gecikdirilmiş vaxt üçün illik beş faiz ödəmək öhdəliyini yaratmışdır. Məhkəmə 9144 manat pul borcundan məhkəmə araşdırması zamanı ödənişlər etməsinə baxmayaraq xx.xx.2022ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətə borcundan cəmi 200 manat ödəniş edildiyi müəyyən edilmişdir. Qeyd edilənləri və hakimin işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarması barədə MPM-in 218.3-cü maddəsinin tələbini nəzərə alaraq, 8944 manat pul vəsaitinə görə illik 5 faiz bank uçot dərəcəsinin tutulmasını sadə riyazi üsulla hesablayaraq, (8944 x 5 faiz/100=447,2) 447,2 manat faiz məbləğini hesablamışdır. Bu səbəbdən də, iddia ərizəsi qismən təmin edilməli, cavabdehdən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətə illik 5 faiz hesablanmaqla ödənilməmiş 447,2 manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Bundan başqa, məhkəmə araşdırması zamanı cavabdeh tərəf xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixlərində icra sənədinin icra şöbəsinin icraatında olmamasına və iddiaçının icra qeydi üzrə tutulmalı olan məbləğin tələb edilməməsinə istinad edərək, iddianın təmin edilməsinə etiraz etmişdir. Lakin məhkəmə qeyd edir ki, Həmin icra sənədi xx.xx.2015-ci il tarixdə Abşeron rayon icra şöbəsinin icra məmuru İlyas Həsənov icraatına daxil olmuş və tərəfindən həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Abşeron rayon icra şöbəsinin xx.xx.2017-ci il tarixli qərarı ilə icra sənədi üzrə tələbi təmin etmək mümkün olmadığından icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. Bundan sonra Abşeron rayon icra şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmış və icra işi xx.xx.2023-cü il tarixdə ərazi adiyyəti üzrə icra edilməsi üçün Nizami rayon icra şöbəsinə göndərilmişdir. Hazırda icra sənədi Nizami rayon icra şöbəsinin icraatındadır. Yəni cavabdeh tərəfin qeyd etdiyi hallar iş üzrə tamamailə təsdiqini tapmasa belə məhkəmə nəzərə çatdırır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İcra sənədinin icra şöbəsinin icraatında olmaması (xx.xx.2022xx.xx.2022-ci il tarixlərdə) cavabdehin icra qeydi üzrə iddiaçıya verilməli olan pul vəsaitinin ödənilməsindən azad etmir. Beləliklə, məhkəmə işin faktiki hallarına yuxarıda gəldiyi nəticələrə uyğun hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh 3-M-1-17 reyestr nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə Bakı şəhəri 22 saylı notariat kontorunun xx.xx.2015-ci il tarixli 7E-2640 nömrəli icra sənədinə əsasən, ödənilməmiş 8944 manat pul vəsaitinin ödənilmədiyi xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət üçün 5 (beş) faiz olaraq, yəni, 447,2 manat pul vəsaiti alınaraq İddiaçı xeyrinə tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobil AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunduğu kimi, iddiaçı müharibə veteranıdır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3-M-1-17 reyestr nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə Bakı şəhəri 22 saylı notariat kontorunun xx.xx.2015-ci il tarixli 7E-2640 nömrəli icra sənədinə əsasən, ödənilməmiş 8944 manat pul vəsaitinin ödənilmədiyi xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət üçün 5 (beş) faiz olaraq, yəni, 447,2 manat pul vəsaiti alınaraq İddiaçı xeyrinə tutulsun. Cavabdeh dövlət rüsumuna görə 30 (otuz) manat alınaraq dövlət büdcəsinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-2235/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2235/2023
25.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver